Məhkəmə qərarları › İş №2-1(112)-1791/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1791/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1791/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasının əsassız hesab edilməsi və qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, qərarın ləğv edilməsi və ikinci qrup hərbi xidmət əlili kimi pensiya təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il tarixdə Qərbi Azərbaycanın Sisian rayonunda doğulmuşdur. 1994-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə aldığı və xx.xx.1998-ci il tarixdə Müdafiə Nazirliyi Hərbi Klinik Hospitalında ambulator müayinə olunduğu xəstəlik diaqnoz “sol böyrəyin daşı, xroniki pielonefrit xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Bununla bağlı 2013-cü il tarixdə hərbi xidmət dövründə alındığı 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Təyin edilmiş pensiya 2021-ci ilin noyabr ayından sonra dayandırılmış və yenidən müayinə olunmuşdur. Yenidən müayinə olunduqda 3-cü mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuş və müvafiq tibbi sənədlər Komissiyaya göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1.4-cü bəndinə əsasən xroniki böyrək çatışmazlığı əlilliyin təyin edilməsinə imkan verdiyi halda təyin edilməmişdir. Müayinə üzrə tibbi sənədlər əsasında hərbi xidmət dövründə 2-ci qrup üzrə əlilliyə görə pensiya təyin olunmalı olduğu halda cavabdeh orqan tərəfindən imtina edilmiş və mobil nömrəsinə xx.xx.2022-ci il tarixli mesaj göndərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasının əsassız hesab edilməsi və qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 37 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xroniki pielonefrit. Nefrogen hipertoniya. Anemiya. XBÇ İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20- N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xr pielonefrit. Nefrogen hipertoniya. Xr böyrək çatmamazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.Xroniki böyrək xəstəliyi V mərhələ.Xr.böyrək çatmamazlığı İİ mərhələ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.XBÇ İİ mərhələ." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 – Böyrək və sidik axarı daşları => N20.0 – Böyrək daşları; Diaqnozun mətni – Böyrək daşı xəstəliyi. Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. Xroniki böyrək xəstəliyi V mərhələ. Xr.böyrək çatışmazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Böyrək daşı xəstəliyi . Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. XBÇ İİ mərhələ” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X5nin 01 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2”: XİV sinif – sidik – cinsiyyət sisteminin xəstəlikləri => N-20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin – İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb : diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Tibbi-Sosial Ekspert Komissiyasının sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi- Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 04 saylı Mənzil İstismar Sahəsi tərəfindən İddiaçı təqdim olunmuş 61 saylı 25 iyul 2022-ci il tarixli arayışa əsasən, o, həqiqətən 04 saylı Mənzil İstismar Hissəsinin ərazisində yerləşən C.Hacıbəyli küçəsi 26 saylı ev ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********5 saylı 07 iyul 2022-ci il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 380 saylı qərar verilmişdir. Həmin Qərarda “Sol böyrəyin daşı. Xroniki pielonefrit.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi və “Sol gözün buynuz qişasının infeksiyalaşmış yad cismi. Sol əlin İİ dərəcəli elektrik yanığı. Yanıqdan sonrakı allergik reaksiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri bel nahiyəsində ağrılardan, iştahasızlıqdan, ürək bulanmadan, başgicəllənmədən, ümumi zəiflikdəndir. Obyektiv müayinədə düzgün bədən quruluşludur. Dəri və selikli qişaları təmiz, adi rəngdədir. Dərialtı piy təbəqəsi kafi inkişaf etmişdir. Sümük-əzələ sistemində gözlə görünən patalogiya yoxdur. Aşağı ətraflarda ödem və üz nahiyəsində pastozluq izlənilmir. SpO2-95%-dir. Tənəffüs aktında döş qəfəsinin hər iki yarısı bərabər səviyyədə inkişaf edir. Perkussiya zamanı ağciyərlərin üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Tənəffüs hərəkətlərin sayı dəqiqədə 18-dir. Nəbzi dolğundur, dəqiqədə 88 vurğudur. Ürək tonları aydındır. A/T 150/80 mm.c.st. Dili nəm, təmizdir. Palpasiyada qarnı yumşaq, ağrısızdır, qaraciyər və dalaq böyüməmişdir. Pasternatski simptomu zəif müsbətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli biokimyəvi laborator müayinədə kreatinin miqdarı -96 mkmol/l olmuşdur. Anamnestik məlumatlarda, obyektiv və laborator müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir (31-ci bənd). Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu” diaqnozu ilə qiymətləndirilmişdir. Əlillik altsistemdən çıxarışa əsasən iddiaçıya ilk dəfə əlillik xx.xx.2013-cü il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə X5 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası (səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) ilə əlilliyin təyinindən imtina edilmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçıya ilkin olaraq ikinci dərəcə əlillik xx.xx.2013-cü il tarixdə bir il müddətinə təyin edilmişdir, təkrar əlillik xx.xx.2014-cü il tarixdə 01 il müddətinə, xx.xx.2015-ci il tarixdə 01 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 05 il müddətinə təyin edilmişdir. X5 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına verilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndərişin №-si 2709003AADUS, tarixi xx.xx.2022-ci il) o, xx.xx.2013-cü il tarixdən X5 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1998-ci il tarixdən (xroniki) müəyyən edilmişdir. A) Əsas diaqnoz – N20.0 Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. B) Ağırlaşma – N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ XBÇ İİİ mərhələ. M42. Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu. C) Yanaşı xəstəliklər: 125.1 Ürəyin aterosklerotik xəstəliyi ÜİX. Aterosklerotik kardioskleroz. M42 Onurğanın osteoxondrozu, Onurğanın yayışlmış osteoxondrozu. Məhkəmənin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin T51/2023 saylı ekspert rəyi ilə müəyyən edilir ki, 1961-ci il təvəllüdlü İddiaçı tibbi sənədlərinə əsasən, o, hazırda “N20- Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. N18.3- Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mər. M42-onurğanın osteoxondrozu. Onurğanın yayılmış ostreoxondrozu, kökcük ağrı sindromu” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklərlə əlaqədar ehtiyac yarandığı hallarda, o, müalicəyə cəlb edilə bilər. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə, məhkəmə qeyd edir ki, Forma 88 arayışı və T51/2023 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6 – cı maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz – böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları; ağırlaşmaları – ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri) göstərilmişdir və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olması və Forma 88 arayışına və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçının göndərişdə qeyd edilən əsas diaqnozun (böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları) və ağırlaşmaları (Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən (sonuncu müayinə xx.xx.2022-ci il) də mövcud olmuş, lakin, buna baxmayaraq, (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi (orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi (orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar