Məhkəmə qərarları › İş №2-1(112)-1792/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1792/2023

09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1792/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı məhkəməyə müraciət edərək Semyon X5 Milli iqtisad Universiteti tərəfindən onun adına verilmiş 30 iyun 2018-ci il tarixli, B18 № 215337 saylı bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ixtisasın ekvivalentliliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X5 Milli iqtisad Universitetinin Maliyyə və Kredit ixtisası üzrə iqtisadiyyat və sahibkarlıq biliyi səviyyəsinə yiyiələnərək 4 il 10 ay müddətinə qiyabi formada təhsil alaraq 2018-ci ildə təhsilini başa vurub bakalavr dərəcəsi almışdır. Dövlət İmtahan Komissiyası tərəfindən ona Maliyyə və Kredit ixtisası üzrə bakalavr dərəcəsi və 30 iyun 2018-ci il tarixli, B18 № 215337 saylı diplom verilmişdir. Hər il qiyabi təhsil ilə bağlı tədris-imtahan zamanı Ukrayna Respublikasına gedərək imtahanlarda iştirak etmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən müvafiq qeydiyyatlar aparılmış və xarici pasportunda möhürlər vurulmuşdur. Lakin bu günə kimi diplomu Azərbaycan Respublikası tərəfindən tanınmamışdır. Ona görə də Azərbaycan Respublikasında ixtisasına uyğun işlə təmin olunmaqda problemlər yaşayır. Xarici Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliliyinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona cavab verilməmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 adına Xarkov Milli iqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A78C2353E352417 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Cavabdeh iddiaya dair yazılı etirazda bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını (2012/2013-cü tədris ili üzrə getməyib (hərbi xidmət), 2013/2014-cü tədris ili üzrə - getməyib (hərbi xidmət), 2014/2015-ci tədris ili üzrə -19 gün, 2015/2016-cı tədris ili üzrə - 7 gün, 2016/2017-ci tədris ili üzrə - 20 gün, 2017/2018-ci tədris ili üzrə - 25 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat onun elektron kabinetində yerləşdirilmişdir. İddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun olaraq tanınır. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Vİ hissəsinin 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifıkasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramr’nm 8.7.1 -ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalan”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qeyd olunan işin hallarından isə müəyyən olunur ki, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə dəfələrlə (2-1(102) - 43/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102) - 377/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)- 682/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarlar) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Ukrayna Təhsil Və Elm Nazirliyi Semyon X5 Milli İqtisad Universiteti tərəfindən verilmiş 22/82-39-53 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan - X2 xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq bildirilir ki, İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixli 538-C saylı əmrlə 6.030508 "Maliyyə və kredit" hazırlıq istiqaməti üzrə Semyon X5 Milli İqtisad Universitetinin qiyabi təhsil şöbəsinin tələbələri sırasına qəbul olunmuşdur. Hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq xx.xx.2013-cü il tarixli 467-C saylı əmrlə universitetin tələbələri sırasından xaric edilmişdir. xx.xx.2014-cü il tarixli 1689-C saylı əmrlə İddiaçı 6.030508 "Maliyyə və kredit" hazırlıq istiqaməti üzrə Semyon X5 Milli İqtisad Universitetinin qiyabi təhsil şöbəsinin 2-ci kursuna bərpa edilmişdir. 2012/2013-cü tədris ilinin payız sessiyasının nəticələri olan akademik arayışı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2014- cü il tarixli 663 saylı arayışını nəzərə alaraq qəbul komissiyası akademik fərqin tərtib edilməsi müddətinin müəyyən edilməsi ilə birgə tələbənin bərpa edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı tam həcmdə tədris yüklənməsini yerinə yetirmiş və 2018-ci ildə təhsilini bitirib B18 № 215337 bakalavr diplomunu əldə etmişdir. "Maliyyə və kredit" təhsil proqramı universitetin Elmi şurası tərəfindən təsdiq edilmişdir və təhsil dövründə qüvvədə olan təhsil standartlarına cavab verir. X4 adına Xarkov Milli iqtisad Universitetinin B18 seriyalı № 215337 nömrəli, xx.xx.2018-ci il tarixli Bakalavr diplomuna əsasən, iddiaçı 2018-ci ildə Semyon X5 Milli iqtisad Universitetini bitirmiş, “Maliyyə və kredit” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı “Ali təhsil barədə diploma Əlavə” dən görünür ki, iddiaçı proqramın rəsmi müddəti, kreditlərin sayı 4 oil 10 ay, qiyabi təhsil forması (240 ECTS krediti) müəyyən olunur. (3.2) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin X1 Sisteminin “İş yerinə dair” xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı "xxxx" ASC-də Kiçik və orta sahibkarlıqla iş departamenti Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsində müddətli (müddətinin qurtardığı tarix xx.xx.2023-cü il) əmək müqaviləsi ilə mütəxəssis vəzifəsinə təyin edilmişdir və hal-hazırda həmin vəzifədə çalışır. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlara əsasən iddiaçının ölkədən Ukrayna istiqamətində çıxışı və girişi müvafiq olaraq xx.xx.2014xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə müəyyən olunur. Məhkəmə iclasında izahat verən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin xx.xx.2020-ci il tarixli cavab məktubu qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən. 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Göründüyü kimi, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomunun tanınması və tanınmasından imtinanın şərtləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcminin kredit vahidləri ilə aparıldığı, iddiaçının təhsil müddəti kimi müəyyən edilmiş 04 il 10 ay müddətində iddiaçı məhkəmə sorğusun əsasən sərhədkeçınə haqqında məlumatdan yalnız 2014/2015-ci tədris ili üzrə -19 gün, 2015/2016-cı tədris ili üzrə - 7 gün, 2016/2017-ci tədris ili üzrə - 22 gün, 2017/2018-ci tədris ili üzrə - 27 gün müddətində olduğu müəyyən olunmuş, bununla da iddiaçının qeyd edilən illər ərzində auditoriya dərslərində iştirakının az olduğu öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda göstərilənlərlə iddiaçının Ukrayna Respublikasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur. Qiyabi təhsil alan xarici tələbələrin təlim prosesini optimallaşdırmaq məqsədilə təhsil müəssisəsi tərəfindən münasib qrafikin təşkilinin və ya fərqli qaydanın müəyyən edilməsinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, aparılan inzibati icraat zamanı cavabdeh qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3-cü bəndində göstərilən tələblərə riayət etməli, ekspertiza həmin bəndlərin tələblərinə uyğun -xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmalı; eləcə də nəzərə alınmalıdır ki, Qaydaların 3.7-ci bəndinə əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, bakalavr təhsilinin qanunvericiliklə müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Həmin şərtlərin ödənilməməsi mahiyyət və nəticə etibarı ilə diplom verilmiş şəxsin ixtisasa yiyələnməməsini ehtiva edir. Belə olan halda məhkəmənin mövqeyinə görə, İddiaçı X4 adına Xarkov Milli iqtisad Universitetinin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsil müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi B18 seriyalı № 215337 nömrəli, 30 iyun 2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar