Məhkəmə qərarları › İş №2-1(112)-1793/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1793/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1793/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək, ondan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı ailə üzvlərilə birlikdə istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, 4/66 saylı evin 107 nömrəli 1 otaqlı mənzilində 8 nəfər ailə üzvü ilə birlikdə 1994-cü il tarixdən bu günədək (əri X2 2003-cü ildə vəfat etmişdir) birgə yaşayırlar. 1994-cü ildə iddiaçı, əri X2 və iki oğlu əvvəllər yaşadıqları Ağdam rayonunun Ətyeməzli kəndi işğal altında olduğundan həmin tarixdən Bakı ŞİH tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 4/66 saylı evin 107 nömrəli 1 otaqlı mənzilinə köçürülmüşlər və hazırda da bu ünvanda 8 nəfər ailə tərkibi ilə (iddiaçı, iki oğlu və onların ailələri) 28 ilə yaxın bir müddətdir ki, birgə yaşayırlar. Həmin müddətdən bu günədək evə dair bütün kommunal ödənişlər 2003-cü ilədək iddiaçının əri, 2003-cü ildən isə iddiaçı tərəfindən ödənilmişdir, hazırda da qaz, işıq və suya dair müqavilələr iddiaçının adına rəsmləşdirilmişdir. Hazırda iki nəvəsi məktəb şagirdidirlər. Yaşadığı mənzilin adına sənədləşdirilməsi və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün müxtəlif təşkilatlara müraciətləri olmuşdur. Həmin bina Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğu üçün mənzilə dair hər hansı hüquq təsdiqedici sənədlərin verilməsi və sosial kirayə müqaviləsinin bağlanması ilə əlaqədar Bakı ŞİH Mənzil Kommunal-Təsərrüfatı Departamentinə 4 iyul 2022-ci il tarixdə rəsmi müraciət ünvanlanmışdır. Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 19 iyul 2022-ci il tarixli S-25 saylı rəsmi cavab məktubu ilə sözügedən məsələyə imtina cavabı verilmişdir. Konstitusiyaya görə, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir və hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Göstərilənlərə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4, 48.1, 59.1-59.4, 85-ci maddələrinə, İPM-in 12.1, 14.3, 58.7, 68.2, 69.3-cü maddələrinə əsaslanaraq, iddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, 4/66 saylı evin 107 saylı mənzilinə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı X1 müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 saylı evin 107 saylı mənzilində Ağdam rayonundan məcburi köçkün kimi 8 nəfər ailə üzvü ilə birlikdə müvəqqəti olaraq məskunlaşmışdır. Qeyd edilən ünvanda yerləşən 107 saylı mənzil dövlət mənzil fonduna aid yaşayış sahəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992 – 1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi dayandırılmışdır. İddiaçının ünvan 2 saylı evin 107 saylı mənzilində uzun müddət yaşaması, mənzildən istifadəyə görə kommunal xidmət haqlarının ödənilməsi nəzərə alınaraq mənzilə kirayə müqaviləsinin onunla bağlanması barədə iddia ərizəsində iddiaçı tərəfindən göstərilən dəlillər tamamilə əsassız olmaqla mənzil qanunvericiıliyinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarlarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.2, 50, 51.1, 62.2-ci maddələrinə, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvəyyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli Fərmanının 1.3.8-ci bəndinə, Azərbaycan Respublikasının İPM-in 14.3, 47.2, 48.2, 68 və 69-cu maddələrinə əsaslanaraq, İPM-in 48.2, 68, 69-cu maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu il taruxdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidədövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 4-cü bəndində qeyd olunur ki "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992 – 1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, 4/66 saylı evin 107 saylı mənzilinə Ağdam rayonundan olan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdılr və daimi əsaslarla həmin mənzilin iddiaçıya və ailəsinə ayrılması barədə hər hansı akt, müqavilə mövcud deyil. Məhkəmə qeyd edir ki, İddiaçı həmin mənzilin daimi qanuni istifadəçisi olmadığından, onunla həmin mənzilə dair kirayə müqaviləsi bağlana bilməz. Həmçinin nəzərə alınmalıdır ki, məcburi köçkünlərin mənzil şəraiti ilə bağlı ayrıca aktlar qəbul olunmuşdur və müvafiq məsələlər Dövlət Proqramı ilə tənzimlənir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı hazırkı iddia tələbi əsaslı sayıla bilməz və cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin imtinası qanunsuz olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar