Məhkəmə qərarları › İş №2-1(112)-1794/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1794/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1794/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “rəyin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X5 və X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “rəyin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə AR ƏƏSMN) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlığa götürmək istəyən şəxslərin (şəxsin) uçota alınmasının cavabdeh AR ƏƏSMN tərəfindən bərpa olunmaqla, xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun tərəflərindən övladlığa götürülməsinin onun mənafelərinə uyğunluğu barədə müsbət rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, oğulları xx.xx.1984-cü il təvəllüdlü Qulu-zadə Murad Nemətulla oğlu xx.xx.2015-ci il tarixdə Ədilova (Qulu-zadə) Dilarə Adil qızı ilə rəsmi nikaha daxil olub ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü İddiaçı2 Murad qızı və xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlu olmaqla iki övladları doğulmuşdur. Hikmət hələ ana bətnində olarkən oğlulları Murad xx.xx.2022-ci il tarixdə, övladını görmədən vəfat etmişdir. Baş vermiş ağır itki ailələrini sarsıtmış, Hikmət dünyaya gəldikdən sonra Murada olan istək və məhəbbətləri Hikmətə keçmişdir. Hikmət, oğlu Muradın yadigarı olduğundan, onu öz doğma övladları hesab etdiklərindən, işləyərək maddi və fiziki imkanları bir neçə oğul övladını böyütməyə imkan verdiyindən nəvələri Hikmətin övladığa götürülməsi barədə cavabdehə müraciət edilmişdir. Tələb olunan zəruri sənədlər toplanılaraq tərəfərindən təqdim olunmuş, cavabdehin xx.xx.2023-cü il tarixli cavabına əsasən “valideyn-namizədlər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafelərinə uyğun olmadığı səbəbindən keçmədiyi üçün Ailə Məcəlləsinin 119.10.2-ci maddəinə əsasən uçotdan çıxarıldığı, valideyn-namizədlər Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldıqları üçün Ailə Məcəlləsinin 119.11-ci maddəsinə uyğun olaraq 1 ildən sonra təkrar uçota alına bildiyini” qeyd edərək hərtərəfli araşdırma aparmadan müraciətlərindən qanunsuz olaraq imtina edilmişdir. İmtina edilərkən Hikmətin nəvələri olması, onun övladlığa götürlməsinə anasının razılığı, həyat şəraitləri, maddi, mənəvi və fiziki imkanlara malik olmağı, bütün bunların nəvələri Hikmətin mənafelərinə tam uyğun olması naməlum səbəblərdən nəzərə alınmamışdır. Bundan başqa cavabdeh övladlığa “götürmənin məqsədlərini uşağın mənafeləyinə uyğun olmadığını” qeyd edərək uyğunsuzluğun nədən ibarət olmasını ümumiyyətlə imtinasında əsaslandırmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddətləri və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar imtinada öz əksini tapmayaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan AR ƏƏSMN-nin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında (münasibəti) göstərmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1953-cü il təvəllüdlü Qulu-zadə X27 xx.xx.2023-cü il tarixində nəvəsinin övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığa götürən şəxs kimi uçota alınması üçün zəruri sənədləri təqdim etmişdirlər. xx.xx.2023-cü il tarixində övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə iddiaçılarla müsahibə aparılmışdır. Müsahibə zamanı övladlığa verilən uşaq xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun, bioloji anası Qulu-zadə Dilarə Adil qızı, bacısı Qulu-zadə Aidə Murad qızı ilə birlikdə babası İddiaçı1 və nənəsi İddiaçı2 ilə birgə eyni ünvanda yaşadığı və ona əsas qayğının hazırda faktiki olaraq bioloji anası tərəfindən göstərildiyi müəyyən edilmişdir. Uşağın bioloji atası Qulu-zadə Murad Nemətulla oğlu isə xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Habelə, müsahibə zamanı iddiaçılar bioloji atanın vəfatından sonra uşağın gələcəkdə məhz maddi cəhətdən sıxıntı çəkməməsi və ona bu istiqamətdə dəstək olmaq məqsədi ilə övladlığagötürmə ilə bağlı müraciət etdiklərini dəfələrlə qeyd etmişlər. İddiaçıların nəvələrini övladlığa götürmələrinin əsas səbəbi kimi qeyd etdiyi hallar həm valideyn-namizədlərin qiymətləndirilməsi sənədlərində, həm də valideyn - namizədlərin qiymətləndirilməsinin yekun hesabatında öz əksini tapmışdır (əlavə olunur). Həmçinin bioloji ana ilə aparılmış söhbət zamanı o da uşağın gələcəkdə maddi tələbatlarını ödəməkdə çətinlik çəkəcəyindən uşağı övladlığa verməyə razı olduğunu bildirmişdir. İddiaçı1 hazırda “X33” Qapalı Səhmdar Cəmiyyətində tornaçı kimi çalışaraq aylıq 1000 manat məbləğində əmək haqqı və yaşa görə 700 manat məbləğində pensiya, İddiaçı2 isə yaşa görə 300 manat məbləğində pensiya alır və bu səbəbdən iddiaçılar tərəfindən övladlığagötürmə müəyyən maddi (məsələn, pensiya yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilməklə formal övladlığagötürmə ilə nəticələnə bilər. İşin hallarından da göründüyü kimi, iddiaçıların öz nəvələrinə övladlığa götürməkdə məqsədləri övladlığagötürmə institutunun mahiyyətinə tamamilə zidd olmaqla formal xarakter daşıyır. Belə ki, onlar nəvələrini övladlığa götürmədən də istənilən vaxt ona maddi dəstək ola bilərlər. Hazırki vəziyyətdə övladlığa götürülmək istənilən uşağın valideyn qayğısı ilə əhatə olunduğunu, iddiaçıların pensiyaçı olduğunu və əsas məqsədlərinin övladlığa götürülmüş nəvələrinin gələcəkdə ailə başçısını itirməyə görə pensiya almaq olduğunu nəzərə alaraq Nazirlik tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə istinadən iddiaçılar uçotdan çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. “Uşaq hüquqları” haqqında 1998-ci il 19 may tarixli Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 32-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2009-cu il 29 oktyabr tarixli, 01/2009 nömrəli qərarının 24-cü bəndinə əsasən valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimləndiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyin qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlğıa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqan AR ƏƏSMN-nin nümayəndələri X14 və X6 məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Faktiki hallar və sübutlar: xx.xx.1984-cü il tarixdə verilmiş X-Ж seriyalı 323968 №-li, doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1984-cü il doğumlu X1 ata qrafasında X4, ana qrafasında isə X17 qeyd olunmuşdur. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 088531 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Quluzadə Murad Nemətulla oğlu ilə X18 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin noyabr ayının 11-ci günündə 1714 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Qulu-zadə soyadı verilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 252628 №-li, ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qulu-zadə Murad Nemətulla oğlu xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 06-cı ayının 16-cı günündə 642 № ilə qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 827458 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qulu-zadə Hikmət Murad oğlu xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2022-ci ilin dekabr ayının 26-cı günündə 8949 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Qulu-zadə Murad Nemətulla oğlu, anası qrafasında isə Qulu-zadə Dilarə Adil qızı qeyd olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin 3-16-5/4-13-10048/24 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 xx.xx.1975-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.1957-ci il təvəllüdlü X10 ilə bağlanmış nikahının pozulması xx.xx.1980-ci ildə adıçəkilən qurumda qeydə alınmışdır. İddiaçı1 xx.xx.1932-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.1953-cü il təvəllüdlü Quluzadə (Əkbərova) X28 ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.1984-cü ildə Murad Quluzadə, xx.xx.1986-cı ildə Vasif Quluzadə doğulmuşdur. Nikahın pozulması xx.xx.2022ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçı1 xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1985-ci il təvəllüdlü X15 ilə bağlanmış nikahının pozulması xx.xx.2023-cü ildə sonuncu qurumda dövlət qeydiyyatına alınmışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş: Valideyin-namizəd(lər) haqqında şəxsi məlumatlardan müəyyən olunur ki, övladlığ götürmək istəyənlər xx.xx.1983-cü ildə nikaha daxil olmuş xx.xx.1951-ci il təvəllüdlü X3 və xx.xx.1953-cü il təvəllüdlü X11r. Övladlığa götürülən şəxs isə nəvələridir. Evdə yaşayan uşaqlar barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü X19 və xx.xx.2022-ci il təvəllüdlü X12 yəni nəvələri ilə birlikdə yaşayırlar. Ailə ilə birgə yaşayan digər şəxslər haqqında məlumatdan müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X19 və xx.xx.2022-ci il təvəllüdlü X12 övladlğı götümək istəyən şəxslərlər birlikdə yaşayırlar. Qiymətləndirmə çərçivəsindən (Valideyin-namzəd(lər)in uşaqda önəm vergiyi xüsusiyyətlər) müəyyən olunur ki, valideyin- namizdələrin övladlığa götürmək istədikləri uşaq xx.xx.2022-ci il təvəllüdlü X7r. Uşaq sağlam uşaqdır, səhhətində heç bir problemlər yoxdur. Valideyin-namizəd(lər)in övladlığa götürmə motivasiyasına dair məlumatda qeyd olunmuşdur ki, müsahibə zamanı valideyin namizədlərin bildiridiyinə görə, övladlığa götürmənin əsas səbəbi bioloji atanın dünyasını dəyişdikdən sonra onların 2 azyaşlı övladlarına gələcəkdə bioloji ananın onlara savadsızlığı ucbatından lazımi qayğı göstərə bilməməsidir. Valideyin-namizdələr əsas səbəblərdən biri olaraq ananın təhsilinin olmaması, gələcəkdə bununla bağlı maddi çətinlik yaşayacaqlarını, uşaqlara baxa bilməyəcəyini göstərmişdir. Valideyin-namizəd(lər)in təhsili barədə məlumatdan müəyyən olunur ki, ana- Bakı Neft Texnikomu (orta-ixitsas), ata isə X8 (orta ixtisas) təhsil almışdır. Valideyin namizəd orta 1957-1969-cu illərdə Lənkəran şəhər Xolmili kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə rabitə Elektro Texnikomunun tornaçı ixtisasına yiyələnmişdir. Valideyin namizəd ana 1960-1970-ci illərdə Sabunçu rayon 81 №-li tam orta məktəbi bitirmişdir. 1978-ci ildə Bakı Neft Texnikomunun materiaların kəsməklə emalı ixtisası üzrə təhsil almışdır. Valideyin-namizdə(lər)in işi barədə məlumatdan müəyyən olunur ki, ana yaşa görə 300 manat məbləğində pensiya alır, ata 700 manat pensiya, 1000 manat məbləğində əmək haqqı cəmi 2000 manat məbləğində gəlir əldə edirlər. Ata işini sevdiyini, işinin ağır olmadığını, işində heç bir stres yaşamadığını qeyd etmişdir. Valideyin-namizd(lər)in sosial əhatəsi barədə sosial işçinin xüslasəsindən müəyyən olunur ki, valideyin-nazmizədlərin ətrafında qohum, qonşu, dost-tanışları var, münasibətləri yaxşıdır. Ünsiyyətçil ailədirlər. Valideyin-namizədlər asudə vaxtlarını ailəsi, nəvələri ilə birlikdə keçirməyə üstünlük verdiklərini bildirmişdirlər. Yaşadıqları ünvanda uşağın inkişafı ilə bağlı təhsil, dini inanclar, dövlət qurumlarının olmasından məlumatlıdırlar. Hər bir valideyinin digərinin xüsusiyyətlərini 1-dən 4-ə kimi qiymətləndirməsindən sosial işçinin xülasəsində qeyd olunmuşdur ki, valideyn-namizdələrin ailələri çox geniş mehriban ailə olmuşlar, böyüdükləri ailədə çox yaxşı tərbiyə almışdırlar. Ailədə qarşılıqlı şəkildə bir-birilərinə hörmət edilər. Ailədaxili problemlər yaranarkən qarşılıqlı, anayışlı şəkildə həll etməyə çalışırlar. Məsləhət lazım olduqda valideyin-namizdələr bir-biriləri ilə məsləhətləşirlər. Uşağa cəza vermək, onu tətbiq etməyin düzgün olmadığını bildirmişdirlər. Valideyin-namizəd(lər)in qiymətləndirilməsinin hesabatından- qiymətləndirmənin analiz sxemindən müəyyən olunur ki, bilavasitə valideyin-namizədlə işləyən sosial işçi tərəfindən keçirilmiş dəyərləndirmənin balı-yaxşı olaraq qiymətləndirilmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun iddiaçılar tərəfindən övladlığa götürülməsinin onların mənafelərinə uyğunluğu barədə müsbət rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması hissəsində mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 118.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydalarını müəyyən edir. 1.2. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin (bundan sonra – valideyn-namizəd) vahid uçotunun elektron qaydada aparılması, valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideynnamizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideyn-namizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, övladlığagötürmədən sonrakı monitorinqlərin aparılması, eləcə də övladlığagötürmənin ləğvinin tələb edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

2. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin uçotu: Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu Nazirlik aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparır: ( 2.1-ci bənd) 2.1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 2.1.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 2.1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.1.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 2.1.5. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi; 2.1.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 2.1.7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 2.1.8. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi; 2.1.8-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi; 2.1.9. kredit büroları. Bu Qaydanın 2.1.1–2.1.8-ci yarımbəndlərində qeyd edilən orqanların (qurumların) informasiya ehtiyatlarının və sistemlərinin altsistemə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir (2.2-ci bənd) Valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq altsistemə daxil edildiyi andan valideyn-namizəd uçota alınır (2.12-ci bənd). Valideyn-namizədin ərizəsində aşağıdakılar əks olunmalıdır (2.13-cü bənd): valideyn-namizədin özünün və ərinin/arvadının (olduqda), habelə ailə üzvlərinin hər birinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya faktiki yaşadığı ünvan, vətəndaşlığı (şəxsiyyətini təsdiq edən sənədə dair məlumatlar) (2.13.1-ci bənd); valideyn-namizədin və onun ərinin/arvadının (olduqda) uşağı övladlığa götürməyə dair razılığı 2.13.2-ci bənd); valideyn-namizədin və onun ərinin/arvadının (olduqda) özləri və ailə üzvləri barədə fərdi məlumatların, sağlamlığı və məhkumluğu barədə, habelə gəlirləri, xərcləri və öhdəlikləri barədə məlumatların Nazirlik tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə dair razılığı (2.13.3); valideyn-namizədin və onun ərinin/arvadının (olduqda), habelə ailə üzvlərinin övladlığa götürüləcək uşaqla eyni ünvanda yaşamağa dair razılığı (2.13.4); imza, tarix, əlaqə vasitələri (elektron poçt ünvanı, telefon (ev, iş, operatorun kodu göstərilməklə mobil telefonu), (2.13.5-ci bənd). Ailə Məcəlləsinin 122-ci maddəsinə uyğun olaraq, valideynləri olan uşaq övladlığa götürüldükdə, həmin uşağın valideynlərinin bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq razılığı da altsistemə daxil edilməlidir. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi zamanı Ailə Məcəlləsinin 123-cü və 124-cü maddələrinin tələblərinə riayət edilməlidir (2.14-cü bənd). Valideyn-namizəd övladlığa götürülən uşağın qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) və ya ögey atası (anası) olduqda, ərizədə, həmçinin bu barədə məlumat da öz əksini tapmalıdır (2.15-ci bənd). Bu Qaydanın 2.12-ci bəndində nəzərdə tutulan notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – Ədliyyə Nazirliyi) “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır ( 2.16-cı bənd). Valideyn-namizədin ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində altsistemə ötürülür (2.17-ci bənd). Valideyn-namizədin ərizəsi altsistemə ötürüldükdən sonra valideyn-namizəd və onun ailə üzvləri barədə aşağıdakı məlumatları Nazirlik bu Qaydanın 2.1-ci bəndində göstərilən orqanların (qurumların) informasiya sistemlərindən və ehtiyatlarından “Elektron hökumət” şlüzü üzərindən sorğu vasitəsilə əldə edir (2.18-ci bənd): Ailə Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı) (2.18.1-ci bənd) bu Qaydanın 3.2-ci bəndində göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sağlamlıq haqqında arayışı; (2.18.2-ci bənd), ailə vəziyyəti barədə məlumat, o cümlədən nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi (2.18.3-cü bənd); təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar (2.18.4-cü bənd); Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinin tələbləri çərçivəsində, əməkhaqqı və başqa gəlirləri barədə məlumat (o cümlədən son 12 aylıq dövr üçün bank hesabından çıxarış, mülkiyyətində olan daşınmaz əmlak və nəqliyyat vasitələri barədə məlumat) (2.18.5-ci bənd); Ailə Məcəlləsinin 120.1.6-cı maddəsində göstərilən cinayətlərlə bağlı məhkumluğunun olub-olmadığına dair məlumatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün tarixi, cəzanın növü, müddəti, habelə azadedilmə tarixi, azadedilmə üçün əsas) (2.18.6-cı bənd); aliment, kredit və digər maliyyə öhdəlikləri barədə məlumat (2.18.7-ci bənd); öz qohumunu (bacı, qardaş, nəvə, qardaşın və ya bacının övladı, valideynlərinin bacı və ya qardaşının övladları) övladlığa götürdükdə – qohumluq əlaqələrinin təsdiqi barədə sənəd (2.18.8-ci bənd); əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi üzrə məlumatlar (nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası) (2.18.9-cu bənd). Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladlığa götürmək istəyən şəxslər (şəxs) kimi uçota alınmasının bərpa edilməsi öhdəliyi cavabdeh ƏƏSMN-yə həvalə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladlığa götürmək istəyən şəxslər (şəxs) kimi uçota alınmasının bərpa edilməsi öhdəliyi cavabdeh ƏƏSMN tərəfindən həyata keçirildikdən sonra, xx.xx.2022-ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun iddiaçılar tərəfindən övladlığa götürülməsinin onların mənafelərinə uyğunluğu barədə rəyin verilməsi ilə bağlı yarana biləcək mübahisəyə məhkəmədə baxılması mümükn ola bilər. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə,

qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “rəyin verilməsi” tələbinə dair iddiasıxx.xx.2022ci il təvəllüdlü Qulu-zadə Hikmət Murad oğlunun iddiaçılar tərəfindən övladlığa götürülməsinin onların mənafelərinə uyğunluğu barədə müsbət rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar