Məhkəmə qərarları › İş №2-1(112)-1795/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1795/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1795/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 103,5 kv.m evin dövlət ehtiyacları üçün alınmasına görə cavabdeh tərəfindən ona (103,5 kv.m x 1500) 155,250 (bir yüz əlli beş min iki yüz əlli) manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili X1 izahatında bildirdi ki, iddiaçının ünvan 1 ünvanında 120 kv.m torpaq sahəsinin içində 103,5 kv.m-lik yaşayış evi var idi. Ev iddiaçıya valideynlərindən vərəsəlik qaydasında keçmişdir və iddiaçı qızının ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçının qızı 2017-ci ildə özünə mənzil aldığına görə köçmüşdür. İddiaçı da yaşlı və xəstə olduğu üçün qızının yeni aldığı mənzildə yaşamağa başlamışdır. Evin yerləşdiyi ərazi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün 2018-ci ildə sökülməyə başlanmışdır. İddiaçı həmin evdə yaşamadığı üçün xəbəri olmadan iddiaçının da evi sökülmüşdür. Evin sökülməsi nəticəsində iddiaçıya dəymiş kompensasiyanın ödənilməsi barədə iddiaçı cavabdehə müraciət etsə də, kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Dövlət ehtiyacları məqsədi ilə iddiaçının evinin sökülməsi nəticəsində Konstitusiya və digər qanunvericilik normaları ilə nəzərdə tutulmuş mülkiyyət hüquqları pozularaq iddiaçıya maddi zərər vurulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 572 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyriyaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması həyata keçirilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq bu işlərə cəlb edilmiş müstəqil qiymətlədirici şirkət olan "xxxx" MMC tərəfindən Cavabdeh və həmin ərazi üzrə Mənzil İstismar Sahəsinin işçilərinin iştirakı ilə inventarizasiya aparılan zaman ünvan 1 ünvanının mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ünvan 6 evə dair kompensasiya hesablanmamışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Cavabdehnə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1.200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Sizin paylı mülkiyyətinizdə olan Yasamal rayonu, Qədirli küçəsi, 77 saylı fərdi yaşayış evi qiymətləndirici şirkət "xxxx" MMC tərəfindən həyata keçirilən inventarlaşma zamanı mövcud olmadığından tələb etdiyiniz kompensasiya məbləğinin Sizə ödənilməsi ilə bağlı xahişinizin yerinə yetirilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 572 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması həyata keçirilmişdir. Həmin Qərarla alan orqan kimi müəyyən edilmiş Bakı şəhər Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Sorğunuzla əlaqədar qeyd edirik ki, yuxarıda adı çəkilən Qanunun tələblərinə uyğun olaraq bu işlərə cəlb edilmiş müstəqil qiymətlədirici şirkət olan "xxxx" MMC tərəfindən Cavabdeh və həmin ərazi üzrə Mənzil İstismar Sahəsinin işçilərinin iştirakı ilə inventarizasiya aparılan zaman ünvan 1 ünvanının mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ünvan 6 evə dair kompensasiya hesablanmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarla təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 evə dair xüsusi mülkiyyət hüququ (ümumi birgə) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Vətəndaş İddiaçı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət etmişdir. Qeyd olunan ərizənin icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman ünvan 6 ünvanda yerləşən mülkün söküldüyü müəyyən edilmişdir. Bu səbəbdən qeyd olunan daşınmaz əmlaka dair İddiaçı adına texniki pasport tərtib edilməmiş, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır. Məlumat üçün bildiririk ki, reyestr kitabında daşınmaz əmlakın sahəsi barədə hər hansı qeyd aparılmamışdır. Həmin məktuba əlavə edilmiş edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2018-ci il tarixli müayinə (baxış) aktından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, həmin fərdi yaşayış evinin söküldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 3.2-ci maddəsinə əsasən torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınmasına görə ona kompensasiya ödənilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Lakin Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC tərəfindən yaşayış sahələri qiymətləndirilərkən həyata keçirilən inventarlaşma zamanı mübahisələndirilən fərdi yaşayış evi mövcud olmadığından cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində bu işlərə cəlb edilmiş müstəqil qiymətlədirici şirkət "xxxx" MMC tərəfindən Cavabdeh və həmin ərazi üzrə Mənzil İstismar Sahəsinin işçilərinin iştirakı ilə inventarizasiya aparılan zaman həmin fərdi yaşayış evinin mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 6 evə dair xüsusi mülkiyyət hüququ (ümumi birgə) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət etmiş, qeyd olunan ərizənin icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2018-ci il tarixdə əmlaka texniki baxış keçirilən zaman ünvan 6 ünvanda yerləşən mülkün söküldüyü müəyyən edilmiş, bu səbəbdən qeyd olunan daşınmaz əmlaka dair İddiaçı adına texniki pasport tərtib edilməmiş, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır, reyestr kitabında daşınmaz əmlakın sahəsi barədə hər hansı qeyd aparılmamışdır. Göründüyü kimi, mübahisələndirilən ünvana xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki baxış keçirilərkən həmin ünvanda yerləşən evin söküldüyü müəyyən edilmişdir, iddiaçı xx.xx.2018-ci il tarixdə həmin ev üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əldə edərkən, belə bir yaşayış evi artıq mövcud olmamışdır. Eyni zamanda Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində müvafiq tədbirlər həyata keçirilərkən qiymətlədirici şirkət tərəfindən inventarizasiya aparılan zaman həmin ünvan mövcud olmamışdır. Belə olan halda iddiaçı cavabdeh tərəfindən mülkiyyət hüquqları pozularaq ona maddi ziyan vurulduğunu bildirsə də, onun mövcud olmayan yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiya hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar