Məhkəmə qərarları › İş №2-1(112)-1795/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1795/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1795/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Faramarzi Türkeşin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Faramarzi Türkeşin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Azərbaycan Tibb Universitetinin tələbisidir. Onun barəsində heç bir hüquqi əsas olmadan qərar qəbul edilərək ölkə ərazisindən iddiaçı çıxarılmışdır. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək cavabdehin iddiaçı barəsində qəbul etdiyi 15 iyul 2022-ci il tarixli 50 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin 15 iyul 2022-ci il tarixli Azərbaycan Respublikasında müvəqqi olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə Qərarı mübahisələndirir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçının müvəqqəti Azərbaycan Respublikasında olması ilə bağlı müddətin uzadılması haqında 12 aprel 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Müvafiq icra hakimiyyəti orqanı tərəfindən Xidmətə ünvanlanmış 05 iyul 2022-ci il tarixli məktubla əcnəbinin milli təhlükəsizliyə qarşı təhdid yaratmaqla miqrasiya qaydalarını pozduğu müəyyən edildiyindən, onun ölkə hüdudlarından kənara çıxarılması məsələsinə baxılmalıdır. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. Göründüyü kimi nəinki Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurma halı, həmçinin də milli təhlükəsizliyə zərər vurula biləcəyi halı da müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti, yox aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının məktubunu nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir. Hazırkı iş üzrə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən cavabdehə ünvanlanmış məktubda iddiaçının milli təhlükəsizliyə təhdid yaratması barədə mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Bu zaman aidiyyəti 05 iyul 2022-ci il tarixli məktubda məhkəmə iclasında tətqiq edilmiş,qərarın qəbulu zamanı həmin məktubun əsas götürülməsi barədə qərarın qəbuluna əsas olan digər hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olması və ailənin bütövlüyü baxımından ölkə ərazisindən kənarlaşmasının ailə münasibətlərinə ciddi təsir törətməsini qeyd etsə də, məhkəmə hesab edir ki, həmin halda özlüyündə hazırkı qərarın ləğvinin əsası qismində çıxış edə bilməz. Belə ki, milli təhlükəsizliyə ziyan vurma ehtimalının mövcudluğu özündə Azərbaycan Respublikasında yaşayan şəxslərin, o cümlədən ailələrin təhlükəsizliyini ehtiva edir. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar