Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1796/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Məhsul” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 53 saylı 600 kv.metr bağ sahəsi barədə dövlət qeydiyyatı faktı müəyyən və bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini və “Məhsul” bağçılıq yoldaşlıq birliyi tərəfindən ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 53 saylı, 600 kv.metrlik bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin nəzdində olan “Məhsul” bağçılıq yoldaşlıq birliyinin 28 dekabr 1987-ci il tarixli müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə 24 nömrəli qərarından çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 53 saylı 600 kv.metr bağ sahəsi iddiaçıya və onun ailə üzvlərinə: arvadı X2 və qızı X1 verilmişdir. 22 sentyabr 1988-ci il tarixində əhalinin sifarişlərinə əsasən tikinti-təmir işlərinin aparılması üçün nümunəvi sifariş-müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən birmərtəbəli iki otaqlı ev tikilməyə nəzərdə tutulmuş və müqavilədə göstərilən pul məbləğin əsasında tikilmişdir. Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin nəzdində olan “Məhsul” bağçılıq yoldaşlıq birliyinin 53 nömrəli üzvlük biletində iddiaçı tərəfindən ödənilən üzvlük haqları qeyd olunmuşdur. İddiaçı tərəfindən bağ sahəsinə dair məlumat və sənəd sürətinin verilməsi barədə cavabdehə müraciət olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İddiaçının imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçının müraciəti Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 53 saylı bağ sahəsi barədə məlumat və sənəd surətlərinin verilməsi barədə olmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına “Məhsul” bağçılıq yoldaşlıq birliyi nəzdində Türkan bağ massivində yerləşən 53 saylı sahəsinə dair sənəd (üzvlük kitabçası və s.) arxiv qovluğunda aşkar edilməmişdir. İddiaçının müraciəti üzrə aparılmış bağ sahəsinə dair müayinə aktı aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq “Məhsul” bağçılıq yoldaşlığının üzvlərinin siyahısının, eləcə də bölgü sxeminin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan SSR X5 kompleksinin işçilərinin siyahısı kompleksin tərkibində olan İdarələrdə işləyən işçilərin adları qeyd edilməklə tərtib edilmişdir. İddiaçının adı Mühasibat uçotu və hesabatı İdarəsinin işçilərinin siyahısında 10cu sırada qeyd olunmuşdur. İddiaçı tərəfindən “Məhsul” bağçılıq yoldaşlığının üzvlük kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. Kitabçadan görünür ki, Azərbaycan SSR X5 kompleksinin 28 dekabr 1987-ci il tarixli qərarı ilə iddiaçı bağçılıq yoldaşlığın üzvü qəbul edilmiş və ona Abşeron rayonu, Türkan bağ massivində yerləşən 7-ci sırada sahəsi 600 kv.metr olan 53 nömrəli bağ ayrılmışdır. İddiaçı 1988-ci ildən başlayaraq 2005-ci il daxil olmaqla üzvlük haqqlarını ödəmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,06 ha olsa da, faktiki olaraq 0,0633 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb (darvazası yoxdur). Sahənin üzərində birmərtəbəli yaşayış evi (yararsız vəziyyətdə) və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 0,0633 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlir. Tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Göstərilən sahənin 22,0 kv.metr (0, 0022 ha) hissəsi **********68 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə idiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdeh iddiaya etirazında iddiaçının iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmədiyini bildirsə də, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubunun məzmunu ilə müəyyən edilir ki, həmin məktubla iddiaçının tələbinin təminindən imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, “Məhsul” bağçılıq yoldaşlığının üzvlük kitabçasına əsasən Azərbaycan SSR X5 kompleksinin 28 dekabr 1987-ci il tarixli qərarı ilə iddiaçı bağçılıq yoldaşlığın üzvü qəbul edilmiş və ona Abşeron rayonu, Türkan bağ massivində yerləşən 7ci sırada sahəsi 600 kv.metr olan 53 nömrəli bağ ayrılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının adı “Məhsul” bağçılıq yoldaşlığının üzvləri sırasında mövcuddur. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəldiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı ona ayrılmış bağ sahəsini faktiki istifadə edir və həmin bağ sahəsinə hər hansı digər şəxsin iddiası mövcud deyil. Bağ sahəsi hər hansı şəxsə ayrılmış bağ sahəsi ilə üst-üstə düşmür. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Məhsul” bağçılıq yoldaşlıq birliyi tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 53 saylı, 600 kv.metrlik bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1796/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1796/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver