Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17962/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X8 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küç.29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20 Yanvar şəhidi ailəsinin üzvü hesab edilməsi və ona şəhid ailəsinin üzvü vəsiqəsinin verilməsi vəzifəsnin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülki şəxs olmuş həyat yoldaşı X6 1990-cı ilin 20 yanvar faciəsi zamanı güllə yarası almış və bunun nəticəsində o, ömürlük yataq xəstəsi - 1 qrup əlil olmuşdur. Bakı şəhəri X16 yardım Stansiyası tərəfindən 13 fevral 1991-ci il tarixində təqdim edilmiş 19 saylı arayışa əsasən, X6 43 yaşında 20 yanvar 1990cı ildə az ağır kəllə beyin travması, təpə nahiyyəsinə toxunan odlu silah yaralanması, təpə alnı paylarının və sinusun hissəvi zədələnməsi, gicgah təpə sümüklərinin qəlpəli sınığı diaqnozu müəyyən edilmişdir. Bundan əlavə, həmin arayışa əsasən, X6 1990-cı ildə 20 Yanvar hadisəsi zamanı kəllənin təpə nahiyyəsində güllə yarası almışdır. Şöbədə əməliyyat olunmuş və orta kafi vəziyyətdə evə yazılmışdır. Yasamal rayonu yerli sosial müdafiə mərkəzi tərəfindən ona İ qrup əlil kimi pensiya təyin olunmuşdur. 14 iyun 2010-cu il tarixində Bakı şəhəri, 19 saylı şəhər poliklinikasının X6 barəsində verilmiş ambulator kartasından çıxarışa əsasən, X6 1997-cı il, 1998-ci il, 2000-ci il, 2001-ci il tarixlərində poliklinikaya müraciət etmiş və hər bir müraciəti odlu silah yaralanması ilə alınmış zədələrin müalicəsi məqsədilə olmuşdur və 2004-cü ildə beyin daxili davranış pozğunluğu insult beyin koması keçirmiş kəllə beyin travması nəticəsində vəfat etmişdir. Həyat yoldaşının başından odlu silah yarası almasını Azərbaycan Respublikası Neyrocərrahiyyə xəstəxanasının xx.xx.1990-ci il tarixli xəstənin stasionar kartından çıxarış da təsdiq edir. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2004-cü il 834 saylı sərəncamına əsasən, 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində ağır zərbə və işgəncələr nəticəsində 2004- cü ilin avqust ayının 23-də vəfat etmiş İ qrup ”20 Yanvar” əlili mərhum X1 ”20 Yanvar şəhidi” statusu verilməsi qərara alınmışdır. Mərhum həyat yoldaşı X6 20 yanvar 1990-cı il hadisələrində kəllə beyin travması diaqnozu ilə, həmin vaxtdan 2004-cü ilə kimi, yəni ölüm tarixinə qədər yalnız kəllə beyin travması nəticəsində aldığı yaralardan müalicə olunmuş və müalicələr fayda vermədiyindən 23 avqust 2004-cü il tarixində vəfat etmişdir. 1990-cı il yanvarın 20-dən 2004-cü il 23 avqust ayına qədər, yəni X6 İ qrup əlil kimi yataq xəstəsi olduğundan 14 il ərzində ona mən qulluq etmişdir. Bu müddət ərzində о həyat yoldaşı 19 saylı şəhər poliklinikasının sahə həkimi və digər həkimlərinin nəzarətində müayinə olunmuş və müvafiq müalicə almışdır. Bakı Şəhəri Kliniki Təcili yardım xəstəxanasının xx.xx.1991-ci il tarixli 19 saylı arayışında öz əksini tapmış mərhumun məhz 20 yanvar hadisəsi zamanı güllə yarası alması faktı da öz əksini tapmışdır. Bu illər ərazində o bir adi, sadə, savadsız, səhhəti psixi sarsıntılarla müşayiət olunan zavallı bir vətəndaş kimi, “20 Yanvar” şəhidinin həyat yoldaşı kimi bu günə kimi Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmanla nəzərdə tutulan güzəştlərdən istifadə etməmişdir. 14 il ağır yataq xəstəsinə qulluq etmişdir. Maddi durumu çox ağır olub. Pisixi sarsıntılar keçirmişdir. Mərhum həyat yoldaşı X6 20 yanvar 1990-cı ildə az ağır kəllə beyin travması, təpə nahiyyəsinə toxunan odlu silah yaralanması, təpə alın paylarının və sinusun hissəvi zədələnməsi, gicgah təpə sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Qüvvədə olan Yasamal rayonu İcra hakimiyyəti başçısının 834 nömrəli, 15 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən 1990-cı ilin qanlı “20 yanvar” hadisələrində başından aldığı güllə yarasından 2004-cü ilin avqust ayının 23-də vəfat etmiş 1-ci qrup 20 Yanvar əlili, mərhum X3 “20 Yanvar Şəhidi” statusunun verilməsi qərarı onun “20 Yanvar şəhidi”nin ailə üzvü hesab edilməyinə və qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə etməyinə əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli Fərmanı ilə həyat yoldaşına Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdir, (vəsiqə № 145) Respublika Prezidentinin bu fərmanı da həyat yoldaşının məhz 20 Yanvar hadisələri zamanı odlu silahdan yaralanmasını təsdiq edir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X6 1990-cı ilin 20 Yanvar faciəsi zamanı güllə yarası almış və əlillik statusu əldə etmişdir. Bundan sonra o 23 avqust 2004-cü il tarixində vəfat etmişdir. İddiaçı 20 il sonra şəhid ailəsi üzvü vəsiqəsi əldə etmək üçün Agentliyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, onun həyat yoldaşının ölüm səbəbi insult xəstəliyi, öldüyü yer isə Bakı şəhəri qeyd edilmişdir. Şəhid dedikdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs hesab olunur. Hazırkı halda isə iddiaçının həyat yoldaşı qeyd olunan səbəblərdən deyil insult xəstəliyindən həmçinin 20 Yanvar faciəsindən 13 il 8 ay sonra vəfat etmişdir. İddiaçının həyat yoldaşının uzun müddət sonra xəstəlikdən vəfat etməsi ilə şəxsin şəhid hesab olunması halları arasında heç bir səbəbli əlaqə olmadığından iddia tələbi təmin edilməməlidir. Agentliyin imtinası kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İş materiallarında olan Yasamal rayonu İcra Hakimiyyətinin 834 nömrəli, xx.xx.2004cü il tarixli Sərəncamına əsasən, 1990-cı ilin qanlı "20 Yanvar" hadisələrində ağır zərbə və işgəncələr nəticəsində 2004-cü ilin avqust ayının 23-də vəfat etmiş İ qrup "20 Yanvar" əlili mərhum X2 "20 Yanvar" şəhidi statusu verilməsi, Azərbaycan Dövlət Sosial X14 rayon şöbəsi qanuıı və normativ aktlarda nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadəsini təmin edilməsi və sərəncamın surəti xidməti istifadə üçün Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının içtinıai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinə, ADSMF-nun rayon şöbəsinə, "20 Yanvar" cəmiyyətinə və "20 Yanvar" fonduna göndərilməsi qərara alınmışdır. AZ-İ 113370 nömrəli, xx.xx.2004-cü il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə insult aterokardioskleroz xəstəliyi səbəbindən ölmüşdür. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı onun 20 Yanvar şəhidi ailəsinin üzvü hesab edilməsi və ona şəhid ailəsinin üzvü vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““20 Yanvar şəhidi” fəxri adı haqqında” Əsasnaməyə görə: -1. “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. -2. “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaldırılır. Vəsatət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların və ictimai təşkilatların müraciətinə uyğun olaraq qaldırıla bilər. -3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunmağa hüquq yarandıqdan və ya bu barədə müraciət edildikdən sonra 1 ay müddətində bütün zəruri sənədləri toplayaraq vəsatətlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. -4. “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. -5. “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada müvafiq vəsiqə şəhid ailəsi statusu almaq hüququ olan ailə üzvlərindən birinə təqdim olunur. -6. “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər. Sadalanan normalardan görünür ki, “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Bu məqsədlə vəsatət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların və ictimai təşkilatların müraciətinə əsasən qaldırıla bilər. İş materealları və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan iddiaçının vəfat etmiş həyat yoldaşı X4 Azərbaycan Respublikasının Prezidenti tərəfindən “20 Yanvar şəhidi” fəxri adı verilməsi müəyyən edilməmişdir. Məhkəmə iş matereallarında olan Yasamal rayonu İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli, 834 nörməli Sərəncam barəsində qeyd edir ki, Yasamal rayonu İcra Hakimiyyətinin “20 Yanvar şəhidi” fəxri adı vermək kimi səlahiyyəti olmadığından və bu səlahiyyət Azərbaycan Respublikasının Prezidentinə məxsus olduğundan, həmin Sərəncam etibarsız inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən: -Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Göründüyü kimi, iddiaçı hüquqi marağına nail olmağ üçün düzgün müdafiə vasitəsini seçməmişdir. Çünki iddiaçıya şəhid ailəsi üzvü statusu verilməsi ilk növbədə onun mərhum ərinə şəhid fəxri adı verilməlidir. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı hüquqi marağına nail olmağ üçün ilkin öncə mərhum həyət yoldaşı X2 “20 Yanvar şəhidi” fəxri adı verilməsi ilə bağlı vəsatətlə Azərbaycan Respublikasının Prezidentin Administrasiyasına müraciət olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli, müraciəti təmin olunduğu halda hazırki iddia ilə məhkəməyə müraciət edə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi statusunun verilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-17962/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17962/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver