Məhkəmə qərarları › İş №2-1(112)-1797/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1797/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1797/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun razılığı olmadan pensiyadan tutmanın aparıldığına görə araşdırma aparılaraq günahkar şəxslərin cəzəlandırılmasını və verilməyən ayların pensiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətini 1984-cü ilin sentyabr ayında Azərbaycan Dövləti Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinə işə qəbul olmuşdur. 2016-cı ilin yanvar ayının 26-da pensiya yaşı ilə əlaqədar Asan Xidmətə müraciət etmişdir. Asan xidmətin fəaliyyəti nəticəsində o, 2016-cı ildən 2021-ci ilin mart ayına qədər dövlət qulluğu pensiyası almışdır. 2021-ci ilin mart ayından ona verilən dövlət pensiyası kəsilmişdir. Səbəbini isə dəqiq aydınlaşdırmamışlar və ona rəsmi məlumat verməmişlər. İddiaçının fəaliyyət göstərdiyi Nazirlik 1989-cu ilin sonuna qədər fəaliyyət göstərmişdir. 1990-cı ilin yanvar ayının 15-də yeni idarə yaranması barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Avtomobil Yollarının Tikintisi və İstismarı Birliyi yaradılmış və Nazirliyin bütün işçiləri, o cümlədən iddiaçı özü köçürmə yolu ilə həmin idarəyə işə qəbul olunmuşdurlar. Bütün işçilər 1989-cu ilin sonuna qədər Nazirliyin işlərini görərək oradan əmək haqqı almışlar. 2021-ci ilin may ayının 19-da iddiaçıya yeni pensiya təyin edilmişdir - 319 manat. Pensiyanı təyin edən təşkilat Pensiya Qanununun 39.1-ci maddəsini pozaraq yeni təyin olunmuş pensiyadan 20%, yəni 65 manatı iddiaçının heç bir razılığı olmadan qeyri-qanuni tuturlar. Məhkəmənin 2-1(112)-9051/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-9051/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı “iddiaçının pensiyasından tutma barədə hərəkətlərin qanunsuz hesab edilməsi və bugünədək tutulmuş vəsaitin ona geri qaytarılması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-9051/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-9051/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində iştirakına xitam verilərək cavabdeh qismində cəlb edilmiş və iddia tələbi “xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və tutulmuş vəsaitin geri qaytarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsi” şəklində icraata qəbul edilmişdir. İddiaçı ərizəsinə əsasən məhkəmənin 2-1(112)-1797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və xx.xx.2021-ci il tarixdən başlayaraq aylıq əmək pensiyasından tutulmuş vəsaitin geri qaytarılması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya etirazında bildirilmişdir ki, İddiaçı Fondun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən 26 yanvar 2016-cı il tarixdə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Fondun Daxili nəzarət departamentinin Nərimanov rayon şöbəsində apardığı audit yoxlaması zamanı İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı halda (dövlət qulluğu stajı - 04 il 07 ay 20 gün) qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən ona təyin olunmuş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının ödənişi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə dövlət qulluqçusu kimi təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış və Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən sabiq dövlət qulluqçusu kimi əmək pensiyası hüququ olmadığı halda pensiya təyin edilməsi səbəbilə pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixə 25476,35 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Həmçinin təyin olunmuş yaşa görə əmək pensiyasının növü üzrə ötən dövrə 18159,15 manat fərq məbləği hesablanmış, nəticədə 7317,20 manat artıq ödəmə (25476,35 - 18159,15 = 7317,20) aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Flialı tərəfindən İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilərək xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 7317,20 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi barədə xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) dövlət qulluqçusu kimi pensiya təyin edilə bilər. Maddənin məzmunundan göründüyü kimi şəxsə sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməsi, qulluq stajına görə əmək pensiyasına əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi məqsədilə ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, ya da 18 oktyabr 1991-ci il tarixdən həmin Qanunun qüvvəyə mindiyi tarixədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Həmçinin həmin Qanunun 20.11.1 və 20.11.2-ci maddələrinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha çox qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin və 18 oktyabr 1991-ci il tarixdən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31 avqust 2003cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında qulluğu vəzifələrinin həmin Topluda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibi hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət quluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1 və 2-ci bəndlərinə əsasən aparılır. Yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndinə əsasən Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında iqtisadçı vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçı məxsus əmək kitabçasından göründüyü kimi Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyi Azərbaycan SSR Nazirlər Sovetinin 03 aprel 1989-cu il tarixli 150 nömrəli Qərarına əsasən ləğv edilmiş, İddiaçı tutduğu vəzifədən azad edilərək “Avtodor” Birliyinə aparıcı iqtisadçı vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 31 yanvar 2022-ci il tarixli məktubuna əsasən “Azərbaycan SSR Dövlət Tikinti Komitəsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 03 aprel 1989-cu il tarixli 150 nömrəli Qərarına 1 nömrəli Əlavə ilə X1 strukturu, 2 nömrəli Əlavə ilə Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin tabeliyində olan birliklər, təşkilatlar və idarələrin siyahısı təsdiq edilmişdir. “Avtodor” Birliyi həmin Qərara 2 nömrəli əlavədə - Komitənin tabeliyində olan birliklər, təşkilatlar və idarələrin sırasında göstərilmişdir. Qeyd edilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı üçün İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi (04 il 07 ay 20 gün) Maliyyə şöbəsi Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin aparatında mövcud olduğu halda həmin dövr dövlət qulluğu stajı kimi nəzərə alına bilər. Lakin “Avtodor” Birliyi Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin aparatında deyil, tabeliyində olan birliklər, təşkilatlar və idarələrin siyahısında nəzərdə tutulduğu üçün iddiaçının həmin birlikdə işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alına bilməz. Göründüyü kimi İddiaçı Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyində işlədiyi müddət dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan müddətdən az (04 il 07 ay 20 gün) təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “əmək pensiyasından tutulma barədə hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1953-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki, İddiaçı DSMF-nin Nərimanov rayon şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın dövlət qulluğunda iş stajı 5 ildən az olduğuna görə dayandırılması qərara alınmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubda bildirilmişdir ki, sizə Fondun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən 26 yanvar 2016-cı tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamentinin Nərimanov rayon şöbəsində apardığı audit yoxlaması zamanı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnuzun olmadığı təqdirdə (dövlət qulluğu stajınız cəmi 4 il 7 ay 20 gün) sizə qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişiniz xx.xx.2021-ci il tarixindən etibarən dayandırılmışdır. Məlumat üçün bildirilir ki, sizə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin ediləcəkdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Fondun Nərimanov rayon şöbəsi tərəfindən X3 26 yanvar 2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan audit yoxlaması nəticəsində İddiaçı sabiq dövlət qulluqçusu kimi pensiya hüququnun olmadığı aşkarlanmışdır və bununla əlaqədar adıçəkilən şəxsin pensiya ödənişi dayandırılmışdır. Buna görə də İddiaçı pensiya işinə aid sənədləri aidiyyəti üzrə sizə göndərilərək ona əmək pensiyasının təyin edilməsi xahiş edilir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı Behmud oğluna 319.26 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” qərarına əsasən İddiaçı Behmud oğluna xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 7317,20 manat məbləğin onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçı 4 saylı Bakı Dost Mərkəzi vasitəsilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək 2016-cı ildən dövlət qulluqçusu pensiyası aldığını, 2021-ci ilin mart ayında pensiyasının kəsildiyini, 2021-ci ilin may ayında ona yeni pensiya təyin olunduğunu, mart, aprel, may ayının pensiyasının verilmədiyini, təyin olunmuş pensiyadan cəmi 254 manat iyul ayı üçün köçürüldüyünü, pensiyadan tutulmasına etiraz etdiyini, komissiyanın təşkil edilərək onun iştirakı ilə bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardı. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********0 saylı xx.xx.2021-ci il tarixli məktubu nəzərə alınmaqla, xx.xx.1976-cı il tarixində tərtib olunmuş ИT-İ № ******* saylı əmək kitabçanızın və БE № 043670 saylı hərbi biletinizin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 26 il 2 ay 29 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabda qeydə alınmış 9911,19 manat pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2016-cı il tarixindən 202,99 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunan maddənin tələblərinə və ЖB № 028385 saylı diplomun surətinə əsasən pensiyanız xx.xx.2006-cı il tarixinədək 29 il 1 ay 16 gün sığorta stajı, pensiya təyin olunan tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz (VÖEN dondurulduğu tarix) xx.xx.2021-ci il tarixinədək fərdi hesabda qeydə alınmış 4478,64 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 246,57 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2019-cu ildən 253,97 manata, xx.xx.2020-ci ildən 296,13 manata, xx.xx.2021-ci il tarixindən 329,88 manata, xx.xx.2021-ci ildən 375,58 manata çatdırılmışdır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən sizə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası hüququnuz olmadığı halda pensiya təyin edilməsi səbəbilə pensiya ödənişinizin dayandırıldığı xx.xx.2021-ci il tarixinə 25476,35 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Həmçinin sizə təyin olunmuş yaşa görə əmək pensiyası növü üzrə ötən dövrə 18159,15 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən sizə artıq ödənilmiş məbləğ ötən dövr üzrə hesablanmış fərq məbləği (18159,15 manat) nəzərə alınmaqla 7317,20 manat təşkil edir ki, bu məbləğ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1, 67.2, və 67.6.3-cü maddələrinin tələblərinə uyğun olaraq aylıq əmək pensiyanızdan tutulmaqdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanaraq pensiyanın məbləği 375.58 manat müəyyən edilmişdir. İddiaçıya aid pensiya ödənişi alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş aylıq yaşa görə əmək pensiyasından xx.xx.2021-ci il tarixdən başlayaraq iyul, avqust ayları üçün 65.20 manat, sentyabr ayı üçün 65.17 manat, sonrakı hər ay üçün 61.49 manat məbləğində pul tutulur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, Fondun Daxili nəzarət və audit departamenti tərəfindən aparılan yoxlama nəticəsində iddiaçının tələb olunan 5 illik dövlət qulluqçusu olmadığı müəyyən olunmuş, ona təyin edilmiş dövlət qulluqçusu pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, bu barədə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiyanın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar qəbul etmişdir. Eyni zamanda iddiaçının yaşa görə əmək pensiyası hüququ yarandığından müvafiq pensiya təyinatı üçün iddiaçıya aid pensiya işi DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, DSMF SÖTMF-nin xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə 319.26 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra bu məbləğ DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə yenidən hesablanaraq pensiyanın məbləği 375.58 manata çatdırılmışdır. Eyni zamanda DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı Behmud oğluna xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək dövlət qulluqçusu kimi ödənilmiş 7317,20 manat məbləğində pensiya ödənişi artıq ödənilmiş pensiya hesab edilərək iddiaçıya ödənilən yaşa görə əmək pensiyasından tutulması qərara alınmışdır. Qeyd edilən artıq ödənilmiş hesab edilən məbləğ iyul 2021-ci il tarixdən başalayaraq iddiaçıya ödənilən aylıq yaşa görə əmək pensiyası məbləğindən tutulur. Hazırda iddiaçı onun aylıq pensiyasından tutulmaların aparılması haqqında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adıçəkilən xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının ləğv edilməsini və artıq ödəmə adı ilə aylıq pensiyasından tutulmuş məbləğlərin geri qaytarılmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh SÖTMF-nin artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Tutulmuş məbləğin geri qaytarılması barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda onun aylıq pensiyasından tutulmaların aparıldığını bildirmiş, qoşma olaraq sözügedən artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixli qərarı iddiaçıya göndərərək həmin qərardan şikayət etmə qaydasını izah etmişdir. Qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçıya qərar ən tezi xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş, iddiaçı isə xx.xx.2021-ci il tarixdə artıq hazırkı məhkəmədə iddia qaldırmış idi. Beləliklə, iddiaçı mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş üzrə materiallardan görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. İş üzrə məlumdur ki, iddiaçıdan tutulmalar iyul 2021-ci il tarixdən başlanıb, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda belə özü artıq ödəmə hesab etdiyi 7317,20 manat məbləğin aylıq pensiyadan tutulmaqda olduğunu bəyan etmişdir. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. İddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə mübahisələndirilən qərar qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, iddiaçı özü inzibati orqana müraciət edərək onun razılığı olmadan pensiyasından tutulmaların aparılmasından narazılığını bildirmiş, onun iştirakı ilə qeyd edilən məsələnin həllini inzibati orqandan bilavasitə tələb etmiş, cavabdeh orqan isə iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırmamış, dinlənilmə hüququ təmin etmədən, icraatı bilavasitə onun iştirakı olmadan apararaq barəsində əliverişsiz inzibati akt qəbul etmiş və həmin aktın bilavasitə icrasına başlamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən “artıq ödənilmiş əmək pensiyasının tutulması” haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar iddiaçıya münasibətdə əliverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalı və belə bir akt ləğv olunmaqla bərabər onun yaratmış olduğu hüquqi nəticələr də aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv olunmalı və iddiaçıya ödənilən yaşa görə əmək pensiyasından xx.xx.2021-ci il tarixdən başlayaraq tutulmuş vəsaitin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyasının tutulması” haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin. İddiaçı ödənilən yaşa görə əmək pensiyası məbləğindən xx.xx.2021-ci il tarixdən başlayaraq tutulmuş vəsaitin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar