Məhkəmə qərarları › İş №2-1(112)-18/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “istifadədə olan torpaq sahəsində hasarlanma işlərinin aparılmasına törədilən maneələrin qadağan edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Xəzər RİH) qarşı “istifadədə olan torpaq sahəsində hasarlanma işlərinin aparılmasına törədilən maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsinin hasara alınması və tikinti işlərinə maneə yaradılmasının Xəzər RİH-yə qadağan olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH-nin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneə yaradılmasının Xəzər RİH-yə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov RİH-nin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş Nuru Həsən oğluna torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsini təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, orada müvafiq tikililərin aparılması məqsədi ilə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi ilə bağlı İddiaçı ilə Əzizbəyov RİH arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Hal-hazırda da həmin qeyd olunan torpaq sahəsi İddiaçı icarəsində və istifadəsindədir. Həmin istifadəsiz və antisanitariya vəziyyətdə olan torpaq sahəsində təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün onun həmin torpaq sahəsində qanunvericiliyin və Əzizbəyov RİH-nin 552 saylı xx.xx.2011-ci il tarixli sərəncamının tələblərinə uyğun olaraq hasara alınmış və yardımçı tikililərin aparılması məqsədi ilə o, mal-material almış və həmin torpaq sahəsinə aparmışdır. Bunun üçün o, külli miqdarda vəsait sərf etmişdir. Qeyd olunan torpaq sahəsini hasara almaq istədikdə Xəzər RİH-nin əməkdaşları heç bir rəsmi sənəd təqdim etmədən, qanunsuz və əsassız olaraq işlərin görülməsinin qarşısını almış, tikinti işlərinin aparılmasının qarşısını almışdırlar. Qeyd olunan qanunsuz hərəkətlərdən sonra tərəflərindən istifadəsində olan həmin torpaq sahəsi üzərində təmizlik və abadlaşdırma işlərinin aparılması, eləcə də həmin ərazinin hasara alınması üçün tikinti işlərinə hər hansı qadağanın olub-olmaması, işlərin dayandırılmasına səbəb olan qanuni sənədin olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan Xəzər RİH Başçısının 1-ci müavini Elşən Qurbanovun imzası ilə təqdim olunmuş xx.xx.2019-cu il tarixli, №1498 95M saylı məktubla tikinti işlərinin aparılmasının qarşısının alınması qəbul olunmuş və bu torpaq sahəsinə icarə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və həmin ərazidə inşa ediləcək tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırıldıqdan sonra müqavilədə qeyd olunmuş təyinatı üzrə tikinti işlərinin aparılmasının məqsədəmüvafiq sayılması qeyd olunmuşdur. Hesab edir ki, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1,5 ha torpaq sahəsinin hasara alınması və tikinti işlərinə maneə yaradılmasının Xəzər RİH-yə qadağan olunması barədə qərar qəbul olunmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xəzər RİH tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair xx.xx.2019-cu il tarixli 1892 №li yazılı etirazda göstərilmişdir ki, İddiaçı iddia tələbinə etiraz edərək bildirirlər ki, iddia tələbi ümumilikdə əsassızdır. İddiaçı iddia tələbində tikinti işlərinə maneə yaradılmasını cavabdeh Xəzər RİH-yə qadağan olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sözügedən torpaq sahəsində hansı tikinti işlərinin aparılması qeyd edilməmişdir. İddia tələbi qeyri müəyyəndir. İcarəyə verilmiş torpaq sahəsinin hasarlanması müqavilə öhdəliklərinə görə müqavilə iştirakçılarına xüsusi mənfi nəticələr yaradılmasını nəzərdə tuta bilməz. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzrərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçı tərəfindən Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə icarə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinin məzmunundan görünür ki, torpaq sahələrinin hasarlanması və mərzlənməsi torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.3-cü maddəsinə görə torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımı qaydada istifadə etməyə borcludur. İddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulmuş öhdəlik, yəni icarə haqqını iddiaçı tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, yerli icra hakimiyyətləri orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti yerli səvəyyədə ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək Yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aiddir. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadə müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli, xx.xx.2018ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. İddiaçı Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə dair icarə hüququnu qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldıqdan və həmin ərazidə inşa ediləcək tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırıldıqdan sonra müqavilədə qeyd olunmuş təyinatı üzrə tikinti işləri aparıla bilər. Daha sonra cavabdeh Xəzər RİH tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair xx.xx.2019-cu il tarixli 2256 №li yazılı etirazda göstərilmişdir ki, İddiaçı Zirə qəsəbəsi ərazisində yerləşən 1.5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədilə hasarlama işlərinin aparılmasına maneə yaradılmasının Cavabdehnə qadağan olunmasını qeyri mümkün hesab edirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Lakin İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin dövlət qeydiyyatına alınması və orada tikniti işlərinə razılıq verilməsi barədə aidiyəti dövlət orqanlarına müraciət etməmişdir. Xəzər RİHB-nın xx.xx.2011-ci il tarixli, 552 nömrəli sərəncamı və icarə müqaviləsi ilə həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ əldə etmir. Bundan başqa İddiaçı 2011-ci ildən bugünədək torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə etməsi və həmin torpaq sahəsində tikinti işlərinə başlaması üçün sənədləşmə işləri aparmamışdır. İcarə müqaviləsində qeyd olunan istirahət obyektinin (qeyri-yaşayış sahəsinin) tikintisinə (hasarlanmasına) qanunvericiliyə görə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektira Komitəsindən tikintiyə və istismara icazə alınmaqla yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzrərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçı tərəfindən Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə icarə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 176-cı maddəsinin məzmunundan görünür ki, torpaq sahələrinin hasarlanması və mərzlənməsi torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarına daxildir. Daha sonra yenidən Xəzər RİH tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020ci il tarixli etiraza əlavədə göstərilmişdir ki, sözügedən torpaq sahəsi Xəzər RİHB-nın xx.xx.2011-ci il tarixli 552 saylı Sərəncamına əsasən iddiaçı ilə bağlanmış 11 noyabr 2011ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəsinə verilmişdir. Sərəncamda göstərilir ki, İddiaçı ərizə ilə RİH-ə müraciət edərək Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1.5 ha torpaq sahəsinin abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsini, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsini xahiş etmişdir. Sərəncamın 1-ci bəndinə əsasən vətəndaş İddiaçı Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1.5 ha torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi, 2-ci bəndində İddiaçı ilə icarə müqaviləsi bağlanması, 3-cü bəndində İddiaçı qeyd olunan sahəsini və onun ətrafını abadlaşdıraraq aidiyyəti üzrə istifadəsini təmin etməsi qərara alınmışdır. İcarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü torpaq sahəsindəki istirahət obyektini genişləndirmək məqsədilə köməkçi tikililər apara bilər. Müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi fəaliyyət göstərməsi məqsədilə icarəyə götürdüyü torpaq sahəsində müvafiq tikinti işləri apara bilər. Göründüyü kimi müqavilədə və sərəncamda nəzərdə tutulan tikniti işləri müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə götürülmüş torpaq sahəsindəki istirahət obyektinin genişləndirməsi məqsədilə köməkçi tikililərin aparılması ilə məhdudlaşır. Müqavilənin 2.4cü bəndində nəzərdə tutulan müvafiq tikinit işləri də 2.2-ci bənddə nəzərdə tutulan tikinti işlərini ehtiva edir. İddiaçının iddia tələbində irəli sürdüyü tələblər - 1.5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirməsi məqsədi ilə hasarlanma işlərinin aparılması Xəzər RİHB-nın xx.xx.2011-ci il tarixli 552 saylı Sərəncamında və iddiaçı ilə bağlanmış 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsində nəzərdə tutulmamışdır. Bununla bağlı tərəflər arasında heç bir razılşama olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İşin halları: İş materiallarında olan Xəzər RİH-nin “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” 552 №li 11 noyabr 2011-ci il tarixli sərəncamının arxiv çıxarışından müəyyən olunur ki, qeyd olunan sərəncamla vətəndaş İddiaçı Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. Sərəncamla Rayon İH Başçısı Aparatının “Rayon Təsərrüfatı” şöbəsinə tapşırılmışdır ki, vətəndaş İddiaçı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanmasını təmin etsin. Sərəncamla həmçinin İddiaçı tapşırılmışdır ki, qeyd olunan sahəni və onun ətrafını abadlaşdıraraq aidiyyatı üzrə istifadəsini təmin etsin. “İcarəyəverən” Xəzər RİH ilə “İcarəçi” İddiaçı arasında imzalanmış 11 noyabr 2011ci il tarixli icarə müqaviləsindən (arxiv çıxarışı) görünür ki, “İcarəyəverən” Xəzər RİHB-nın 11 noyabr 2011-ci il tarixli 552 saylı sərəncamı əsasında Zirə qəsəbəsində yerləşən, istifadəsiz 1,5 ha boş sahəni “İcarəçi”yə təmiz sahəyə çevrilərək, orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə vermişdir (bənd 1.1). “İcarəyəverən” müqavilə imzalandıqdan sonra icarəyə verilən torpaq sahəsini “İcarəçi”yə verir (bənd 2.1). “İcarəçi” icarəyə götürdüyü torpaq sahəsindəki istirahət obyektini genişləndirmək məqsədilə köməkçi tikililər apara bilər (bənd 2.2). “İcarəçi” verilən torpaq sahəsində bu müqavilədə göstərilən məqsədlər üçün istifadə edir (bənd 2.3). “İcarəçi” fəaliyyət göstərməsi məqsədilə icarəyə götürdüyü torpaq sahəsində müvafiq tikinti işləri apara bilər. Hazırki müqavilə 11 noyabr 2011-ci il tarixdən 11 noyabr 2110-cu il tarixinə qədər müddətə bağlanmışdır (bənd 5.1). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki: - İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(112)-2049/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə olmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2- 1(103)-819/2021 nömrəli qərardı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli 2-1(102)-1499/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2-1(103)-819/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(112)-158/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xəzər RİHB-nın 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(103)-1556/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-158/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(103)-1556/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Maddə 12. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51. 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 65. 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65.8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 66. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı icarə hüququ əsasında istifadəsində olan torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə aparılan hasarlanma işlərinə törədilən maneələrin qadağan olunmasına yönəlmişdir. Cavabdehin imtinasının əsası kimi iddiaçı tərəfindən Zirə qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə dair icarə hüququnun qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi iddiaçının qanuni əsaslarla istifadəsində olan mübahisəli torpaq sahəsində hasarlanma işlərinin aparılması hüququ qanunvericilikdə təsbit olunmuşdur və bu işlərin aparılmasına maneələr törədən cavabdeh orqanın hərəkətləri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbrinə uyğun olmamışdır. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunu: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Qanunvericilik inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası (hərəkətləri) qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdır, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız əhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” Sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin digər torpaq sahələrindən təcrid edilməsi və gələcəkdə sənədləşdirilməsi məqsədi ilə hasarlanma işlərinin aparılmasına maneələrin yaradılması cavabdeh Bakı şəhəri Cavabdehnə qadağan edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar