Məhkəmə qərarları › İş №2-1(112)-1800/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1800/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1800/2021 05.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) birdəfəlik kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidməti vəzifəsinin icrası zamanı həlak olmuş polis əməkdaşı X3 ailəsinə aylıq təminat xərclərinin 70 misli miqdarında (yəni 504x70=35.280 manat məbləğində) birdəfəlik kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 rayonu Polis Şöbəsinin sahə inspektoru vəzifəsində xidməti vəzifəsini yerinə yetirərkən, Neftçala rayonunda cinayətkarlar onun xidməti tapançasını ələ keçirmək məqsədi ilə onu 25.01.1997-ci il tarixdə ov silahından açılan atəş nəticəsində qətlə yetirmişdirlər. Bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət etsə də, hazırkı vaxtadək hər hansı kompensasiya ödənilməmişdir. Həyat yoldaşı hazırda polis inspektoru vəzifəsində işləsəydi, hər ay 568 (beş yüz altmış səkkiz) manat əmək haqqı ala bilərdi. Ona görə də, cavabdeh onun ailəsinə ərzaq payı çıxılmaqla 504 (beş yüz dörd) manat məbləğin 70 (yetmiş) misli miqdarında (yəni 504 x 70 = 35.280 (otuz beş min iki yüz səksən) manat məbləğində) birdəfəlik ompensasiya ödəməlidir. Hazırda qüvvədə olan qanunvericiliyə - “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən, xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına onların orta əmək haqqı məbləğinin 70 (yetmiş) misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Həmçinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 saylı Qərarının 2-ci bəndinə əsasən, xi dməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Belə ki, göstərilən kompensasiyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin müraciəti təmin olunmadığı üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilən Qərarla iddiası təmin olunmadığı üçün göstərilən məhkəmənin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Lakin Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilən Qərarla şikayəti yenə də təmin olunmamışdır. Yuxarıda qeyd olunan iş üzrə hər 2 (iki) məhkəmə instansiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı həyat yoldaşı X6 1997-ci ildə vəfat etmiş və həmin dövrdə polis əməkdaşının vəfat etməsi ilə əlaqədar ailə üzvlərinə kompensasiya ödənilməsi ilə bağlı qanunvericilik aktı mövcud olmamışdır. Nəticədə məhkəmələr belə qənaətə gəlmişlər ki, göstərilən mübahisə ilə bağlı sonradan qəbul edilmiş qanun və qərarlar dərc edildikləri vaxtdan qüvvəyə mindiyindən, habelə həmin qanunvericilik aktlarında onların əvvəlki dövrə də tətbiq edilməsi göstərilmədiyindən iddiaçının kompensasiya almaq hüququ yaranmamışdır. Başqa sözlə, sonradan qəbul edilmiş qanun həmin qanun qüvvəyə mindiyi vaxtdan sonra hüquq münasibətlərinə tətbiq olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi qanunun geriyə qüvvəsi ilə bağlı məsələləri tənzimləyir ki, hazırkı mübahisə üzrə qanunun geriyə qüvvəsinin tətbiqi halı mövcud deyildir. ” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə və Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 saylı Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların iddiaçının həyat yoldaşının ölümündən 3 il sonra qəbul edildiyini əsas gətirərək kompensasiyanın ödənilməsindən imtina etmişlər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilən 09.02.2016-cı il tarixli Qərara əsasən kassasiya şikayətim qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qərar ləğv olunmuşdur. Həmin qərara əsasən, Ali Məhkəmə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməli olduğunu əsas tutaraq onun iddiasını kompensasiyanın ödənilməsinə cavabdehlik daşımayan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı qaldırıldığından mümkün saymamışdır. Yuxarıda qeyd olunan ilk iddia tələbini irəli sürərkən məhkəməyə həyat yoldaşının xidməti vəzifəsini verinə yetirərkən cinayətkarlar tərəfindən qətlə yetirilməsi (18.12.2014-cü il tarixli, R-56 saylı “Arayış”ın əslini) və onun əmək haqqı barədə (18.12.2014-cü il tarixli, R- 56 saylı “Arayış’Mn əslini) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Neftçala rayon Polis Şöbəsi tərəfindən verilmiş arayışların əsllərini təqdim etdiyindən göstərilən sənədlərin surətlərini hazırkı iddia ərizəsinə əlavə edir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmiş, sonuncu tərəfindən müraciət təmin edilməmişdir.... . Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Neftçala Rayonu Polis Şöbəsinin sahə inspektoru işləmiş həyat yoldaşı X3 25.01.1997-ci il tarixdə cinayətkarlar tərəfindən ov silahından açılan atəş nəticəsində qətlə yetirilməsi ilə əlaqədar ailəsinə aylıq təminat xərclərinin 70 (yetmiş) misli miqdarında - 35.280 manat (yəni 504 x 70= 35.280) məbləğində birdəfəlik kompensasiyanın ödənilməsi məqsədilə pulun Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən cahesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı cinayətkarların hərəkətləri ilə əlaqədar kompensasiyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Bildirirlər ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.” Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Həmçinin “Dövlət büdcəsi” geniş anlayışdır, belə ki, Daxili İşlər Nazirliyi də dövlət büdcəsindən maliyyələşdirilir, belə olan halda Maliyyə Nazirliyinin cavabdeh kimi iştirak etməsi əsassızıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”sinin 1.5-ci bəndində nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təchizatı Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilməsi qeyd olunur. Digər tərəfdən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidai-istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Həmçinin qeyd edirlər ki, iddiaçının ərizəsində qeyd etdiyi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli Qanunu və “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 saylı Qərarı mərhum polis əməkdaşı Rzayev Yaşarın həlak olduğu ildən sonra, yəni 1997-ci ildən sonra qəbul edilmişdir. Göründüyü kimi sözügedən qanun və qərar onlar qəbul edilənə qədər mövcud olmuş münasibətlərə tətbiq edilə bilməz. Digər tərəfdən “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Lakin göründüyü kimi mərhum Rzayev Yaşarın dövlət tərəfindən sığortalanması həyata keçirilməmişdir. Həmçinin Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında hərbi qulluqçuların icbari sığorta məbləğinin artırılması ilə bağlı qanunun geriyə qüvvəsinə dair qeyd olunur ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş «hüquqi vəziyyətini yaxşılaşdıran» hal kimi qəbul oluna bilməz. Göründüyü kimi burada geriyə qüvvə nəzərdə tutulmur. Eyni zamanda İddiaçı kompensasiyanı mərhum həyat yoldaşı Y. Rzayevin işlədiyi vaxtla deyil, indiki vaxtla həmin vəzifədə olan şəxslərə ödənilən əmək haqqı məbləğində ödənilməsini tələb edir ki, bu da əsassızdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan ölüm haqqında AZ-İ № 688723 saylı şəhadətnamənin notarial təsdiqlənmiş surətlərindən, Neftçala RPŞ-nin 18.12.2014-cü il tarixli, R-56 saylı arayışından, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyası tərəfindən çıxarılmış 10.06.1997-ci il tarixli hökmün təsdiq edilmiş surətindən müəyyən olur ki, iddiaçının mərhum həyat yoldaşı X6 polis baş leytenantı olaraq Neftçala RPŞ-nin sahə inspektoru vəzifəsində xidmət etmiş və 25.01.1997-ci il tarixdə xidməti vəzifəsinin icrası zamanı, xidmət etdiyi ərazidə cinayətkarlar tərəfindən ov silahından açılan atəş nəticəsində qətlə yetirilmişdir. Neftçala RPŞ-nin əməkdaşları tərəfindən aparılmış axtarışlar nəticəsində X5 qətlə yetirmiş cinayətkarlar tapılaraq həbs edilmişlər. Məhkəmənin hökmü ilə cinayətkar X1 ölüm cəzasına məhkum olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və İddiaçı ünvanlanmış 19.08.2020-ci il tarixli, 11/05- 143-4069 saylı məktubdan görünür ki, iddiaçının həyat yoldaşı, DİN-in sabiq əməkdaşı X3 ölümü ilə bağlı onun ailəsinə sığorta haqqının və kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı müraciətə baxılmış və müraciətdə göstərilənlərin araşdırılması məqsədilə müraciət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı mövcud iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1782/2015 saylı 04 may 2015-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardad narazı qalan İddiaçı apelyasiya şikayəti verərək apelyasiya şikayətinin təmin edilməsi, qərarın 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1782/2015 saylı 04 may 2015-ci il tarixli Qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin inzibati-İqtisadi kollegiyasının 2-1(103)-1446/2015 saylı 01 oktyabr 2015-ci il tarixli Qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1782/2015 saylı 04 may 2015-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-211/2016 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin inzibati-İqtisadi kollegiyasının 2-1(103)-1446/2015 saylı 01 oktyabr 2015-ci il tarixli Qərarı ləğv olunmuş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 211/2016 saylı Qərarına əsasən məhkəmənin mövqeyi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tələbə cavab verməli olmayan inzibati orqan olması əsası ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi hazırkı iddia üzrə iddiaçı xidməti vəzifəsinin icrası zamanı həlak olmuş polis əməkdaşı X3 ailəsinə aylıq təminat xərclərinin 70 misli miqdarında (yəni 504x70=35.280 manat məbləğində) birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasını tələb etməkdədir. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşının öldüyü vaxt qüvvədə olmuş “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 06 sentyabr 1994-cü il tarixli Qanunun 41-ci maddəsinin 1-ci hissəsinə əsasən özündə dövlət və xidmət sirlərini əks etdirən normativ-hüquqi aktlar istisna olmaqla, bütün normativ-hüquqi aktlar yalnız rəsmi dərc olduqdan sonra qüvvəyə minir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan respublikasının 05.10.1999-cu il tarixli 705-İQ saylı Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 saylı Qərarından müəyyən edilir ki, xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş DİN polis əməkdaşına və ya onun ailəsinə təminat xərclərinin 70 misli miqdarında birdəfəlik kompensasiya ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı 1997-ci ildə vəfat etmiş və həmin dövrdə polis əməkdaşının vəfat etməsi ilə əlaqədar ailə üzvlərinə kompensasiya ödənilməsi ilə bağlı qanunvericilik aktı mövcud olmadığından, iddiaçının belə bir hüququ yaranmamışdır. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Konsitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüqüqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı müddəasına istinad etməklə mövcud iddia tələbinin təmin edilməli olmasına dair arqumentinə münasibət bildirərək qeyd edir ki, hazırkı mübahisə ilə bağlı sonradan qəbul edilmiş qanun və qərarlar dərc edildikləri vaxtdan qüvvəyə mindiyinə, habelə həmin qanunvericilik aktlarında onların əvvəlki dövrə də tətbiq edilməsi göstərilmədiyindən iddiaçının kompensasiya almaq hüququ yaranmamışdır. Belə ki, sonradan qəbul edilmiş qanun həmin qanun qüvvəyə mindiyi vaxtdan sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur. Beləliklə məhkəmə Azərbaycan Respublikası Konsitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin mövcud münasibətlərə tətbiqi halının mövcud olmadığı qənaətindədir. Eyni zamanda məhkəmə qeyd edir ki, mərhum X3 dövlət tərəfindən sığortalanması həyata keçirilməmişdir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarına əsasən hərbi qulluqçuların icbari sığorta məbləğinin artırılması ilə bağlı qanunun geriyə qüvvəsinə dair qeyd olunur ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan da birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş «hüquqi vəziyyətini yaxşılaşdıran» hal kimi qəbul oluna bilməz. Odur ki, məhkəmə iddiaçının mərhum həyat yoldaşının 1997-ci ildə vəfat etməsini nəzərə alaraq hesab edir ki, iddiaçının vəfat etdiyi vaxt mövcud olmayan qanuna istinad etməklə kompensasiyanın tələb edilməsi yolverilməz olduğundan iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar