Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1802/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «iddiaçıya təyin olunmuş əlilliyin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 60 yaşı tamam olmuşdur. 2002-ci ildən ağır hipertoniya xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkir. Bir neçə ildir Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər Polikilinikasında ürək və hipertoniyalı xəstə kimi uçotdadər. 7 iyun 2010-cu il tarixdə səhhətində çox ciddi pisləşmə yarandığından X10 müraciət etmiş və burada ürək angioqrafiyasından keçmişdir. Nəticə olaraq məlum olmuşdur ki, ürək çatışmazlığı və hipertoniya xəstəliyi səhhətində çox ciddi problemlər yaratmışdır. Belə ki, bütün tac damarlarda və köməkçi təchizat damarlarında 75, 80, 92 və s. faiz % daralmalar aşkar edilmişdir. Ürəyində yaranmış ağır problemlərlə əlaqədar 8 iyun 2010-cu il tarixdə X11 ürək əməliyyatı keçirmiş və ürəyində 5 – 6 şuntlama əməliyyatı aparılmışdır. Bundan bir müddət sonra səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ürək xəstəsi kimi uçotda olduğu Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər X4 Komissiyası tərəfindən forma- 88 göndərişi Binəqədi rayon Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmişdir. 23 oyabr 2010-cu il tarixdə Binəqədi rayon TSEK-dən tibbi müayinədən keçmiş və səhhətindəki agır problemlərə görə ona 2-ci qrup əlillik müəyyən edilmişdir. 2010-cu ildən 2015-ci ilədək hər il TSEK komissiyasından keçmiş və onun 2-ci qrup əlil olmağı təsdiqlənmişdir. 2015-ci ildə təkrar TSEK müayinəsindən keçmiş və onun əlilliyi daha 5 il müddətinə təsdiqlənmişdir və növbəti müayinə vaxtı 2020-ci ilin dekabr ayına təyin edilmişdir. Bu illərdə bir neçə dəfə xəstəxanalarda yatmış, fasiləsiz olaraq antisklerotik, antikoaqulyan, antihipertenziya, beta blokatorlar müalicəsi almışdır. 20 ildən çox müddətdir ki, fasiləsiz olaraq gündə 4 – 5 dərman içir, içdiyi dərmanlar onda mədə problemi də yaratmışdır, artıq mədəsi də ona ciddi ağrılar verir. Yaxşılaşmalar az müddətli olduğundan, dəfələrlə ETKİ və Ə.D.Məlikov adına 6 saylı BŞX-da stasionar müalicə almış, özəl klinikalarda müayinə və müalicələrdən keçmişdir. Daimi olaraq ürək nahiyəsində yandırıcı, basıcı, sol kürək, sol qola kəskin agrı və sancı verən ağrılardan, tənginəfəslikdən, boğulmalardan, ürək döyünmədən, tez yorulmadan əziyyət çəkir. Son illərdə 7 oktyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək X12 İnstitutunda və 11 noyabr 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixədək Ə.D.Məlikov adına 6 saylı BŞX-də statsionar müalicə almasına baxmayaraq, onun səhhətində hər-hansı yaxşılaşma olmamışdır. 2020-ci iliin dekabr ayında əlillik qrupunun müddəti bitdiyinə görə Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər X5 Komissiyası tərəfindən forma 88 göndərişi 29 dekabr 2020-ci il tarixdə TSEK-ə göndərilmişdir. TSEKdən imtina cavabı gəlmişdir və TSEK ona yenə xəstəxanada müalicə almağı məsləhət görmüşdür. Bundan sonra Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər Polikilinikasının göndərişi ilə X13 İnstitutuna stasionar müalicəyə göndərilmiş, lakin burada yer olmadığından, Polikilinika onu yenidən Ə.D.Məlikov adına 6 saylı BŞX-na göndərmiş və burada 18 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək müalicə almışdır. Onun səhhətində yaxşılaşma olmadığından, xəstəxanaların müvafiq epiqriz, xəstəlik tarixçələri, uzun illər ürək xəstəsi kimi uçotda olmağı həqiqi xəstə olmağına əsas verdiyi üçün Binəqədi rayonu 9 saylı şəhər X4 Komissiyası tərəfindən təkrar forma 88 göndərişi doldurularaq əlillik müddətinin uzadılması üçün 13 mart 2021-ci il tarixdə TSEK-ə göndərilmişdir. 4 aydan sonra imtina cavabı gəlmişdir və TSEK ona yenə də xəstəxanada yatmağı məsləhət görmüşdür. Bu cür tələb və tövsiyyə qanuna tamamilə ziddir. Bu hal isə, onun çox həyəcanlanmağına, səhhətinin daha da pisləşməsinə, sosial rifah halının və maddi vəziyyətinin çox çətinləşməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən hüquqları pozulur. Həqiqi xəstə olduğu üçün TSEK tərəfindən məsələyə qanun, məntiq, ədalət və insaf müstəvisində baxılmasına onun ehtiyacı var. Səhətində ciddi problemlərin olması, Binəqədi rayonu 9 saylı Şəhər Poliklinikasında olan şəxsi uçot vərəqəsində, xəstəxanalara göndərişlərdə, xəstəxanaların ona aid müəyyən etdikləri və təsdiqlədikləri xəstəlik tarixçələrində, X6 Komissiyası tərəfindən verilmiş çoxsaylı forma 88-də öz əksini tapmışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2010 – 2015-ci illərdə hər il, daha sonra 5 il müddətinə xəstəliyinin və əlillik dərəcəsinin təsdiqlənməsi, «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azerbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olmuşdur. Qeyd olunan Əsasnamədə və «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azerbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əlavələrdə əlilliyin müəyyənləşdirilib təsdiqlənməsi üçün əsas olan xəstəliklərin "xtb-10" təsnifat kodları göstərilmişdir. Bu əlavələrdəki xtb-10 kodlarına və xəstəxanaların ona aid müəyyən etdikləri və təsdiqlədikləri xəstəlik tarixçələrində, həmçinin Binəqədi rayonu 9 saylı Şəhər Poliklinikasının Həkim Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu forma 88-də öz əksini tapmış xtb-10 kodunu nəzərə aldıqda görünür ki, həqiqətən onun səhətindəki problemlər Tibbi Sosial Ekspert Komissiyası tərəfindəndə təsdiq olunmuş və bundan daha mühümi isə onun mövcud xəstəliyi «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azerbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əlavələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən TSEK-in bu halda Dövlətin qanunverici orqanlarının, Nazirlik və qurumlarının (Səhiyə Nazirliyi) qəbul etdiyi qərarları tanımaması və ya şübhə ilə yanaşması nəticəsində onun hüquqları artıq uzun müddətdir pozulur və bu hal sosial narazıçılıq yaradan amillərdəndir. Bu səbəbdən problemin ədalətli həlli naminə məhkəmə orqanlarına müraciət etmək məcburiyyəti yaranmışdır. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2-ci bəndində qeyd edilmişdir ki, ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də ikinci dərəcəli əlilliyin təyin olunması əsaslarından biri kimi 2.2.1-ci bənd göstərilmişdir. Həmin bəndə görə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-İ13.2,120-125,130- 131.9,133). «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 – 151-ci maddələrinə, İPM-in 2.1, 14.3, 45 – 47-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə ilkin iddia tələbi saxlanılmaqla cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi xahiş olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar qeyd olunur. - İddiaçı əlillik vəziyyətinə 9 saylı Şəhər Poliklinikasının 23 noyabr 2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hİpertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci – üçüncü dərəcəli çatışmazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 26 dekabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hİpertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2 : İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => 120.0 – Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hİpertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci – üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 29 dekabr 2020-ci il tarixli 0069003AACZM saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 – Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 – Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Sol mədəcik çatmamazlığı İİİ cü f/s Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, angioplastiakdan sonrakı vəziyyət (08.06.2010) Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibinin retnopatiyası Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ cü f/s Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertomiya xəstəliyi İİİ cü mərhələ Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, qida borusunun refleks xəstliyi.erozit qastrit bulvit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti az olduğuna görə ixtisaslaşdırılmış müalicə məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 13 mart 2021-ci il tarixli 0069003AAC41 saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ20.8 – Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenakardiyası İİİ f.s. Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonraki kardioskleroz. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ sonraki vəziyyət (08.06.2010). Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Ürək qan damar çatmamazlığı İİİ f.s. Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Eroziv qastrit,bulbit. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ. Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, Göz dibinin retinopatiyası. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Müalicə potensial səmərəliliyini və son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli olmamasını nəzərə alaraq stasionar şəraitdə əlavə müayinə və müalicə olunmasi qərarı verilir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesa b edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); - (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi hərəkətlərinə işdə olan sübutlar və tərəflərin dəlilləri məcmusunda qiymət verərək aşağıdakı xüsusatları qeyd edir: - iddiaçı X1 əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur; - mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə ona münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X1 ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X1 ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1802/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1802/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver