Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1803/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı qanuni nümayəndəsi xx.xx.1995-ci ildən xx.xx.2019-cu il tarixinə qədər İddiaçı İİ qrup əlil kimi verilməli olan sosial müavinətin düzgün hesablanaraq həmin müddətlər üçün ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci ildən xx.xx.2019-cu il tarixinə qədər İddiaçı İİ qrup əlil kimi verilməli olan sosial müavinətin düzgün hesablanaraq həmin müddətlər üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmiş və Qanuni nümayəndə İddiaçı qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. 1995-ci ildən ruhi xəstə kimi qeydiyyatda olmaqla “Debillik dərəcəsində kəmağıllılıq davranış pozuntuları” tibbi diaqnozu ilə 2-ci qrup əlildir. İddiaçı xəstəliyi ilə bağlı fəaliyyət qabiliyyətsiz olduğuna görə Səbail rayon İcra Hakimiyyətinin qəyyumluq idarəsi tərəfindən himayəyə götürülməklə hazırda atası Qanuni nümayəndə himayəsindədir. İddiaçının pensiya müavinəti alması ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilmiş xx.xx.2021-ci il tarixli 214302 10500 №-li cavab məktubuna görə X2 əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2782003AABVP saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin məktubda göstərilən məsələ ilə bağlı Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi məsləhət görülmüşdür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli 214302 41939 №-li məktubuna görə İddiaçı xx.xx.2019-cu il tarixdən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İddiaçı qıznın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışın surətindən Bakı şəhər X7 dispanserinin ambulator stasionar xəstənin tibb kartasından 640/95 saylı xx.xx.1995-ci il tarixli çıxarışından onun 2-ci qrup əlil olması göstərilir. İddiaçı xx.xx.1997-ci ildə müalicəyə daxil olmasi və xx.xx.1997 -ci il tarixində müalicədən çıxması barədə rəsmi sənədlə təsdiqlənir. 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 05 mart 2008-ci il tarixli SER TSE-01 №263162 saylı arayışı ilə də onun uşaqlıqdan əmək qabiliyyətsiz olmaqla 2-ci qrup əlil olması göstərilir. xx.xx.2008-ci tarixli 650/95 saylı TSEK-ə Göndəriş vərəqəsi uzrə xəstəlik tarixində onun 2-ci qrup əlil olması göstərilir. Bakı Səhiyyə idarəsi X8 15 oktyabr 2011 -ci il tarixli x /t 16318 saylı epikrizin surətində onun xəstəliyi ilə bağlı 2ci qrup əlillik dərəcəsi təsdiqlənir. Bakı Səhiyyə İdarəsi X8 19 oktyabr 2011-ci il tarixli x/t 16318 saylı epikrizin surətindən onun xəstəliyinin təsdiqlənməsinə baxmayaraq həmin müddətlərdə göstərilən 2-ci qrup əlillik dərəcəsinə görə həmin pensiya müavinətini ala bilməmişdir. AR Səhiyyə Nazirliyinin 1 saylı psixatriya xəstəxanasından verilmiş Ambulator stasionar xəstənin tibbi kartasından 69621/12 saylı çıxarışda da xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixə qədər stasionar müalicədə olması və 2-ci qrup əlil olması göstərilir.” 1 saylı Psixatriya xəstəxanasından verilmiş Ambulator stasionar xəstənin tibbi kartasından çıxarışda da xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixə qədər stasionar müalicədə olmaqla 2-ci qrup əlil olması təsdiqlənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Stasionar (Ambulator) kitabçasının TQŞ 027 saylı çıxarışının arxiv surətindən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək stasionar müalicədə olması təsdiqlənir. Nəhayət Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin xx.xx.2019-cu il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən sonra onun 2-ci qrup əlil olması bir daha təsdiqlənmişdir. Lakin, uzun müddətlər etdiyi şikayətlərə baxmayaraq 2-ci qrup əlil olan iddiaçının həmin buraxılmış müddətlərə görə qanunla nəzərdə tutulan 2ci qrup əlillər üçün nəzərdə tutulan müavinəti deyil, 3-cu qrup üçün nəzərdə tutulmuş sosial müavinət alınmışdır. İddiaçı 2019-cu ilin dekabr ayından İİ qrup əlil kimi 130 manat sosial müavinət alır. Lakin 2019-cu ilin dekabr ayına qədər ona İİİ qrup əlil kimi 47 manat sosial müavinət verilmişdir. Göründüyü kimi ona verilməli olan pensiya məbləği də düzgün hesablanmayaraq ödənməmişdir. O, faktiki olaraq 1995-ci ildən İİ qrup əlildir. Dəfələrlə rayon sosial müdafiə fonduna və Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmiş olsa da, bunların heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə Bakı şəhər Səbail rayon Dövlət Sosial Müdafiə Fonduna etdiyi müraciətə Azərbaycan Respublikasıı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 saylı məktubla cavab verilərək göstərilmişdir ki, İddiaçı İİ qrup əlilyə görə sosial müavinət verildiyi üçün sənədləri icra olunmadan geri qaytarılır. İddiaçıya 16 yaşına çatanadək 2-qrup əlil olmasına və buna görə 1995-ci ildən 2-ci qrup əlil kimi sosial müavinət verilməli olduğu halda ona 3-cu qrup əlil kimi sosial müavinət verilməsinə baxmayaraq xx.xx.2019-cu ildən 2-ci qrup əlil kimi sosial müvinət alması təmin olunmuşdur. Lakin, faktiki olaraq həmin xəstəlikdən 1995-ci ildən əzab çəkir. Bu tibbi sənədlərlədə təsdiqlənsə də bu tələb xx.xx.2019-cu ildə öz təsdiqini tapmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iş materiallarına əsasən İddiaçı ümumi səbəbdən 2-ci dərəcə əlilliyi 18 noyabr 2019-cu il tarixdən müəyyən edildiyi üçün ona qanunvericiliyə uyğun olaraq 2-ci dərəcə əlilliyə görə müavinət həmin tarixdən təyin edilmişdir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. İddiaçı X2 1997-ci tarixdən 2-ci qrup əlil olmasını və Bakı şəhər X9 dispanserinin tibbi kartasının çıxarışından, xx.xx.2008-ci il tarixli 640 saylı TSEK-ə göndəriş vərəqəsi üzrə xəstəlik vərəqəsi, Bakı Səhiyyə İdarəsi X8 xx.xx.2011 -ci il tarixli x/t 16318 saylı sənədin surətindən və digər sənədlərdə bunu təsdiqlədiyini iddia edilir. Lakin məhkəməyə sübut qismində təqdim edilən çıxarışların heç biri vətəndaşın əlilliyini təsdiq edən sənədlər deyildir. Əlillik müayinə aktları əsasında DTSERA (TSEK) tərəfindən təyin edilir və yalnız DTSERA (TSEK) tərəfindən verilən arayışlar əlilliyi sübut edən sənəd qismində qəbul edilə bilər. TSEK-in verdiyi sənəddə isə vətəndaşın 3-cü qrup əlil olması göstərilmiş və buna əsasən 1997-ci ildən 2019-cu il tarixədək 3-cü qrup əlil kimi müavinət ödənilmişdir. 2019-cu ildə TSEK-in verdiyi yeni sənədə əsasən vətəndaşın 2-ci qrup əlil olması göstərilmiş və ona 2-ci qrup əlil kimi müavinət ödənilməsinə başlanılmışdır. TSEK tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçı 1995-ci ildən tibbi nəzarətə götürülmüş, son qeyd olunan xx.xx.2019-cü il tarixli göndəriş əsasında həyata keçirilən müayinəyə əsasən ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın əlillik qrupunda dəyişiklik olunması əsası ilə ödənilən müavinətin məbləği də dəyişdirilmişdir. Həmçinin etiraza əlavəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş 784410 №-li DTSERA (TSEK) Müayinə aktından çıxarışda iddiaçının ilk dəfə xx.xx.2004-cü il tarixdə İİİ qrup əlil olması qeyd olunmuşdur. Həmçinin 039382 №-li və 263162 №-li DTSERA (TSEK) Müayinə aktından çıxarışda xx.xx.2006-cı il tarixdə və xx.xx.2007-ci il tarixdə iddiaçının İİ qrup əlil olması qeyd edilmiş və buna uyğun olaraq müvafiq müavinət ödənilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının qanuni nümayəndəsi və iddiaçının vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: DSMF Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2023cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlər: Sosial müavinətin dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2013-cü il tarixli sərəncamına əsasən İddiaçı üçüncü qrup əlilliyə görə ömürlük 43 manat müvainət verilməsi qərara alınmışdır. Sosial müavinətin dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2011-ci il tarixli sərəncamına əsasən İddiaçı üçüncü qrup əlilliyə görə ömürlük 38,5 manat müvainət verilməsi qərara alınmışdır. ƏƏSMN Nəsimi rayon şöbəsinin pensiya və müavinət təyin edən komissiyasının 244 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 35 manat müvainət verilməsi qərara alınmışdır. Müavinətin miqdarının dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2010-cu il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 35 manat müvainət verilməsi qərara alınmışdır. Müavinətin miqdarının dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2008-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 30 manat müvainət verilməsi qərara alınmışdır. Pensiya məbləğinin dəyişdirilməsi və ödənişlərin davam etdirilməsi barədə Nəsimi rayon şöbəsinin xx.xx.2008-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 20 manat müvainət verilməsi qərara alınmışdır. TSE-01 seriyalı, 412859 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə müayinə edilmiş və ona müddətsiz üçüncü qrup əlillik təyin edilmişdir. TSE-01 seriyalı, 263162 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə müayinə edilmiş və ona xx.xx.2008-ci il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. Pensiya məbləğinin dəyişdirilməsi və ödənişlərin davam etdirilməsi barədə Nəsimi rayon şöbəsinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək ikinci qrup əlilliyə görə ömürlük 20 manat müvainət verilməsi qərara alınmışdır. TSE-01 seriyalı, 039382 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə müayinə edilmiş və ona xx.xx.2007-ci il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. ƏƏSMN Nəsimi rayon şöbəsinin pensiya və müavinət təyin edən komissiyasının qərarına əsasən İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarədək üçüncü qrup əlilliyə görə 65000 manat müvainət verilməsi qərara alınmışdır. TSE-0 seriyalı, 784410 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə müayinə edilmiş və ona xx.xx.2005-ci il tarixədək üçüncü qrup əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən üçüncü dərəcəli müddətsiz əlillik, xx.xx.2019-cu il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyinatı aparılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya 18 noyabr 2019-cu il tarixdən 2-ci dərəcə əlillik təyin edilmiş və buna görə müvainət ödənilməyə başlamışdır. İddiaçının qanuni nümayəndəsi xx.xx.1995-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində də ikinci qrup əlilliyə görə müavinət ödənilməli olduğu halda 3-cü qrup əlilliyə görə ödənildiyini və buna görə fərq məbləğinin ödənilməli olduğunu iddia edir. Lakin cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə və xx.xx.2007-ci il tarixdə iddiaçının İİ qrup əlil olmasının qeyd edilməsini və buna uyğun olaraq müvafiq müavinət ödənildiyini, bu baxımdan müavinətin keçən dövrlə bağlı düzgün hesablandığı bildirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: ... 4.0.1.3. əlilliyə görə müavinət; ... 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; .... 7.0.3. Əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi iddiaçının ümumi səbəbdən 2-ci dərəcə əlilliyi 18 noyabr 2019-cu il tarixdən müəyyən edildiyi üçün ona qanunvericiliyə uyğun olaraq 2-ci dərəcə əlilliyə görə müavinət həmin tarixdən təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş 039382 №-li və 263162 №-li DTSERA (TSEK) Müayinə aktından çıxarışda xx.xx.2006-cı il tarixdə və xx.xx.2007-ci il tarixdə iddiaçının İİ qrup əlil olması qeyd edilmiş və buna uyğun olaraq müvafiq müavinət ödənilmişdir. İddia ərizəsində, iddiaçı X2 1997-ci tarixdən 2-ci qrup əlil olması və Bakı şəhər X9 dispanserinin tibbi kartasının çıxarışından, xx.xx.2008-ci il tarixli 640 saylı TSEK-ə göndəriş vərəqəsi üzrə xəstəlik vərəqəsi, Bakı Səhiyyə İdarəsi X8 xx.xx.2011 -ci il tarixli x/t 16318 saylı sənədin surətindən və digər sənədlərdə bunu təsdiqlədiyi bildirilsə də, onalrın heç biri şəxsin əlilliyini təsdiq edən sənədlər deyildir. Əlillik müayinə aktları əsasında DTSERA (TSEK) tərəfindən təyin edilir və yalnız DTSERA (TSEK) tərəfindən verilən arayışlar əlilliyi sübut edən sənəd qismində qəbul edilə bilər. TSEK-in verdiyi sənəddə isə (yuxarıda qeyd edilən 039382 №-li və 263162 №-li arayışları istisna olmaqla) vətəndaşın 3-cü qrup əlil olması göstərilmiş və buna əsasən 1997-ci ildən 2019-cu il tarixədək 3-cü qrup əlil kimi müavinət ödənilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, DSMF-in Nizamnaməsində əlilliyin müəyyən edilməsi sahəsində hər hansı vəzifəsi və səlahiyyəti müəyyən edilməmişdir və DTSERA (TSEK) tərəfindən verilən sənədlər əsasında müavinət təyin edə bilər və ödənişlər həyata keçirə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X4 (TSERAS) yaradılmışdır. Məhkəmə TSERAS-da olan məlumatlarla iddiaçının müavinət işində olan TSEK-də müayinə aktından çıxarışlar arasına uyğunsuzluğun (iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edildiyi halda TSERAS-da əks olunmaması) olması ehtimalını da araşdırmış və iddiaçıya 2019-cu ilədək müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi müəyyən edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “sosial müavinətin yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1803/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1803/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver