Məhkəmə qərarları › İş №2-1(112)-1804/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1804/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1804/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2021-ci ilin mənfəət vergisi üzrə 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində İddiaçı MMCyə 74.659,80 manat vergi məbləği hesablanmışdır. Həmin qərarla kameral olaraq hesablanmış mənfəət vergisi məbləği əsassız olaraq hesablanmışdır. Sözügedən qərar qanunsuz çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ona ünvanlanmış uyğunsuzluq məktubuna iddiaçı tərəfindən aşağıdakı kimi cavab təqdim edilmişdir: Vergi orqanının 8 iyul 2022-ci il tarixli **********076300 nömrəli məktubuna əsasən təqdim edilmiş cavab məktubunda da qeyd edildiyi kimi, göstərilənlər MMC tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, vergi orqanının göstərdiyi fərq mal-material hesabatları ilə aşkar edilməmişdir. Göndərilən məktubda qeyd edilən məbləğ bütün il ərzində idxal bəyannamələri əsas götürülərək müəyyən edilmişdirsə də, bunun açıqlamasının MMC-yə təqdim edilməsini vergi orqanından xahiş olunur. MMC qanunvericiliyə uyğun olaraq malların uçotunu aparılmışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 14, 20, 24, 71, 72, 89-cu maddələrinə, Vergi Məcəlləsinin 3.8, 15, 37, 53, 62, 64, 94-cü maddələrinə, İPM-in 2, 8, 32, 35, 45, 46, 74-cü maddələrinə əsaslanaraq, cavabdehin 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, Baş İdarə iddia tələbi ilə razılaşmır və hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 670.992,61 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 8 iyul 2022-ci il tarixli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il MV bəyannaməsi üzrə 74.659,8 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 6.621.638,81 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 5.950.646,19 manat dəyərində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Yəni, vergi ödəyicisi yük gömrük bəyannaməsinə əsasən 5.950.646,19 manat dəyərində mal-material idxal etmiş, 527.915,7 manat dəyərində elektron-qaimə əsasında mal-material almışdır. 2021-ci il mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən 2020-ci ilin sonuna mal qalığı 112.676,9 manat dəyərində olmuşdur. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il tarixli mənfəət vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin xərcinin 6.964.267,63 manat olması müəyyən edilmiş, 373.299 manat xərc sənədlərlə təsdiqini tapmamış, xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim etməmiş və qeyri-rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1, 23.1, 24, 36, 37, 108, 134 – 136, 139, 162-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 may 2019-cu il tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş «Kameral vergi yoxlamasının aparılmasına dair Qaydalar»ın 8.1-ci bəndinə görə: - (8.1.1) Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - (8.1.2) Gəlir vergisinin bəyannaməsini verməli olan şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. İPM-in 1.2-ci maddəsinə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, iş üzrə məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur: 1) 2021-ci il üzrə müəssisə tərəfindən çəkilən xərclərin uçotu material hesabatlarında öz əksini tapmışdır? 2) 2021-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərin düzgünlüyü müəyyən olunurmu? 3) 2021-ci il üzrə mənfəət vergisi nə qədər müyyən edilir? 4) 2021-ci il Mənfəət vergisi üzrə vergiyə cəlb edilən gəlir məbləği 7.113.010.06 manat və xərc məbləği 7.039.983.52 manat müəyyən olunurmu? 5) 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində göstərilən material xərcləri elektron qaimə və gömrük bəyannamələri ilə öz təsdiqini tapmışdırmı? 6) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********699000 nömrəli 21 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə mənfəət vergisi üzrə hesablamalar düzgün aparılmışdır? 7) Əgər **********699000 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı ilə göstərilən vergilər düzgün hesablanmamışdırsa, 2021-ci il üzrə İddiaçı MMC-nin mənfəət vergisi üzrə tutulan vergilər nə qədər təşkil edir? 8) Gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci sənədlərlə öz təsdiqini tapırmı? 9) Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 10) Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? 11) Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir? 12) Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? 13) Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması İddiaçı MMC-nin tətbiq etdiyi müvafiq olaraq kassa və ya hesablama metodunun tələblərinə uyğundur? 14) Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 31 mart 2023-cü il tarixli 9/357 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: - (1 – 7-ci sullar üzrə) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2021-ci il üzrə aparılmış əməliyyatlar görə 25.514,24 manat (36.413,80 – 10.899,56 manat (vergi .ödəyicisi tərəfindən bəyan edilmiş)) məbləğində əlavə mənfəət vergisi hesablandı. 2021-ci il üzrə müəssisə tərəfindən çəkilən xərclərin uçotunun material hesabatlarında öz əksini tam tapmadığı müəyyən edildi. O cümlədən, 2021-ci il üzrə tərtib olunmuş material hesabatında e-qaimə və idxal ilə alınmış malların dəyərinin ümumilikdə 6.718.715,64 manat olduğu göstərilsə də, iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC-nin 2021-ci il üzrə aldığı və idxal etdiyi malların cəmi 6.564.811,89 manat (e-qaimə əsasında – 527.915,70 manat, faktura dəyərinə əsasən idxal – 5.950.646,19 manat, idxal zamanı rüsum və vergilər – 86.250,00 manat) müəyyən edilir. Göstərilənlərə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********699000 nömrəli 21 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə hesablanmış mənfəət vergisi düzgün hesablanmamışdır; - (8 – 14-cü suallar üzrə) Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri və s.) mövcuddur. Həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə, qeyd edilir ki. həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iş üzrə ekspert rəyi ilə bağlı yazılı mülahizəsində aşağıdakılar bildirilir: - Baş İdarə 31 mart 2023-cü il tarixli 9/357 saylı ekspert rəyi ilə razılaşmır. Belə ki, Ekspert rəyinə nəzər yetirdikdə gpörünür ki, ekspert sadəcə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki dəlilləri verdiyi rəydə qeyd etməklə kifayətlənmişdir. Ekspert vergi ödəyicisinin bəyannamə məlumatlarını təsdiqləməsinə baxmayaraq, bu nəticəyə hansı hesablamalar və sənədlər əsasında gəldiyini qeyd etməmiş, heç bir araşdırma aparmamışdır. Halbuki, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 6.621.638,81 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 595.0646,19 manat dəyərində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanası vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Yəni, vergi ödəyicisi YGB-ə əsasən 5.950.646,19 manat dəyərində mal-material idxal etmiş, 527.915,7 manat dəyərində elektron-qaimə əsasında mal-material almışdır. 2021-ci il mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən 2020-ci ilin sonuna mal qalığı 112.676,9 manat dəyərində olmuşdur. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021ci il tarixli mənfəət vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin xərcinin 6.964.267,63 manat olması müəyyən edilmiş, 373.299 manat xərc sənədlərlə təsdiqini tapmamış, xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. İş üzrə ümumiyyətlə, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi əsaslı olmamışdır. Göründüyü kimi, ekspert qarşısında qoyulan suallar da hüquqi məsələ ilə bağlı olduğundan ekspert suallara cavab verməkdə çətinlik çəkmiş, həmçinin hər hansı araşdırma aparmadan formal mülahizələrə əsaslanaraq rəy vermişdir. Belə ki, hazırkı mübahisəyə hakim tərəfindən hüquqi qiymət verilməli idi. Göstərilənlərə və İPM-in 58.7-ci maddəsinə, MMP-in 76.1-ci maddəsinə, Vergi Məcəlləsinin 16.1, 108, 134 – 136, 139, 162-ci maddələrinə əsaslanaraq, 31 mart 2023-cü il tarixli 9/357 saylı ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsi məhkəmədən xahiş olunur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmənin qənaəti belədir ki, iş üzrə alınmış 31 mart 2023-cü il tarixli 9/357 saylı ekspert rəyi formal şəkildə əsaslandırılmış, vergi ödəyicisi kimi iddaçının təqdim etdiyi bəyannamə üzrə göstəricilər sadalanmış, hansı səbəbdən son nəticə əldə olunması tam açıqlanmamışdır. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Lakin bununla yanaşı məhkəmə cavabdeh tərəfindən kameral vergi yoxlaması üzrə aparılmış inzibati icraatda yol verilmiş digər pozuntuya diqqəti çəkir. Belə ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 60 iş günü müddətində keçirilməsini nəzərdə tutur, mənfəət vergisi üzrə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir. Hazırkı işin hallarına görə isə, 2022-ci ilin mart ayının 31-dən sonrakı dövrdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin dövr üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya 2022-ci ilin mart ayının 31-dən 60 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş müddət ötürülməklə (pozulmaqla) keçirmişdir. Bununla da, 21 iyul 2022-ci il tarixli həmin qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdeh inzibati orqanın kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğlərinin hesablanması barədə 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 58.2ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar