Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1804/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «ödənilmiş əlavə dəyər vergisinin qaytarılması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «ödənilmiş əlavə dəyər vergisinin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 19 iyun 2023-cü il tarixli, **********019900 nömrəli qərarı ilə İddiaçı 12 iyun 2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarımasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı 1 oktyabr 2020-ci il tarixli M/186 saylı "xxxx" əsasında satıcı MİDA MMC-dən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3, mənzil 1 (Yeni qaydalarla AZ 1089, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili "xxxx" ASC-dən kredit götürərək nağdsız ödəniş qaydasında ƏDV ilə birlikdə 49.633 manat ödəməklə almışdır. Yaxın ərəfədə iddiaçıya məlum olmuşdur ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. İddiaçı da bu hüquqdan istifadə etmək qərarına gəlmiş və dərhal ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmış, elektron kabinet vasitəsilə müraciətini və sənədləri portala göndərmişdir. Cavabdehə müraciət olunmuş, lakin müraciətə baxılsa da, ƏDV-nin geri qaytarılmasından imtina olunması barədə 19 iyun 2023-cü il tarixli əsassız qərar qəbul edilmişdir. Cavabdehin qərarında qeyd edilmişdir ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət etdikdə ƏDV-nin qaytarılmasına yol verilmir. İddiaçı həmin Qaydanın müddəalarında nəzərdə tutulmuş imtiyazlardan (hüquqlardan) bu günədək istifadə etməmişdir. Göstərilənlərə əsaslanaraq, cavabdehin 19 iyun 2023-cü il tarixli **********019900 nömrəli qərarının ləğv edilməsi və 1 oktyabr 2020-ci il tarixli M/186 saylı müqavilə əsasında satıcı MİDA MMCdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3, mənzil 1 (Yeni qaydalarla AZ 1089, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili "xxxx" ASC-dən kredit götürərək nağdsız ödəniş qaydasında ƏDV ilə birlikdə 49.633 manat ödəməklə almağı ilə bağlı ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi cahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı 12 iyun 2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən 12 iyun 2023-cü il tarixli elektron ərizəyə 1 oktyabr 2020-ci il tarixli müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.m və qeyri-yaşayış sahəsinin 500 kv.m-dən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. İddiaçının vergi orqanına təqdim etdiyi 1 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (M/186) və 2 oktyabr 2020-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə 2 oktyabr 2020-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi, portalın 21 noyabr 2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödənişin 2 oktyabr 2022-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin alınması zamanı ödənilmiş ƏDV-nin nəzərdə tutulan hissəsinin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilməmiş, müddət ötürüldükdən sonra yəni, 12 iyun 2023-cü il tarixdə müraciət edilmişdir. Qaydaların keçid müddəalarına əsasən aşağıdakılar müəyyən edilmişdir: 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1.ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2 bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Göstərilənlərə və İPM-in 2, 8, 48-ci maddələrinə əsaslanaraq, iddiaçı X2 iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğyun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin (etirazının) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 1.1-ci bəndinə əsasən Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydanın 1.3-cü maddəsinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Həmin Qaydanın 1.4-cü maddəsinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 1.6-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Həmin Qaydanın 2-ci maddəsinə əsasən bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Həmin Qaydanın 2.0.8-ci maddəsinə əsasən portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; Həmin Qaydanın 5.1-ci maddəsinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: (5.1.1) yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; (5.1.2) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. Həmin Qaydanın 5.2-ci bəndinə görə bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: (5.2.1) elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; (5.2.2) ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Həmin Qaydanın 5.3-cü bəndinə görə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Həmin Qaydanın 5.6-cı bəndinə görə operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Həmin Qaydanın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: (6.1.1) ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; (6.1.2) bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından da göründüyü kimi istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş, bu iddiaçı mənzilin ödənişini 2 oktyabr 2020-ci il tarixdə ödəmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə 12 iyun 2023-cü il tarixdə müraciət etmişdir. Adıçəkilən Qaydaların tələbindən də müəyyən edildiyi kimi yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, cavabdehin də bildirdiyi kimi, müraciət edilməsi ilə bağlı portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir ki, bu səbəbdən də 90 günlük müraciət müddət portalın istifadəyə verildiyi vaxtdan hesablanmalıdır. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin müraciət iddiaçı tərəfindən 12 iyun 2023-cü il tarixdə, yəni portalın istifadəyə verildiyi vaxtdan da 90 günlük müddət bitdikdən sonra edilmişdir ki, məhkəmə hesab edir ki, konkret qanunvericiliyin tələblərinə uyğun olaraq da müddətin göstərilən formada ötürülməsi müraciətin təminindən imtina üçün əsasdır. Məhkəmə iddiaçının üzürlü səbəb kimi göstərdiyi hala, yəni iddiaçının sözügedən Qaydalardan gec məlumatlı olması ilə bağlı bildirir ki, bu hal hər hansı obyektiv və üzrlü səbəb olmamışdır. Məhkəmə də qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, ƏDVnin geri qaytarılması ilə bağlı qanunvericilik normalarının bilinməməsinin “onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəb” olub-olmaması barədə qiymətləndirmə aparılması zəruridir və bununla bağlı aşağıdakılar qeyd edilməlidir. Hər nə qədər hazırkı işin faktiki halları ilə bağlı olmasa da, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-ci hissəsində, müəyyən edilmişdir ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstition normanın tətbiqi ilə bağlıdır ki, mülki, inzibati xəta, intizam və ya cinayət olmasından asılı olmayaraq məsuliyyət müəyyən hərəkət və hərəkətsizliyin qanunauyğun olmamamasının şəxs tərəfindən bilinməməsi məsuliyyətin istisna əsası qismində çıxış etmir. Eyni zamanda, oxşar xarakterli, məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərinin yaranması zamanı da qanunvericiliyin bilinməməsi həmin şəxsin xeyrinə şərh edilməyən hal kimi müəyyən edilmişdir. Bu zaman, ümumiyyətlə qanunvericilik terminin anlayışı qanunvericiliyin əsasını təşkil edən qanunvericilik aktlarını özündə ehtiva etmişdir ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.2-ci maddəsindən də görünür ki, qanunvericilik aktları – Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə hüquqi akt dedikdə normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi aktlar başa düşülür. Qanunvericilik sisteminin əsasını normativ hüquqi akt dedikdə isə tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd hesab edilir. Qanunun 2.1-ci maddəsinə görə isə normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir ki, Konstitusiyanın adıçəkilən maddəsindən də müəyyən edilir ki, qanun normativ hüquqi aktdır. Həmin Qanunun 85.1-ci maddəsinə görə qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 88.1-ci maddəsinə əsasən normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. Həmin Qanunun 88.2-ci maddəsinə əsasən normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, normativ hüquq aktlar, eləcə də qanunlar rəsmi dərc edildiyi vaxtdan müəyyən istisnalarla qüvvəyə minir. Qüvvəyə minmə isə özündə onu ehtiva edir ki, həmin qanunun tələbləri Azərbaycan Respublikasının bütün ərazisində müəyyən istisnalar olmaqla məcburi qüvvəyə malikdir. Qanunun dərc edilməsindən sonra onun hüquqi qüvvəyə minməsinin asılı edilməsində isə məntiq onunla bağlıdır ki, dərc materialları ünvanlanan şəxslər qanunun müddəalarından məlumatlı olsunlar. Təbii haldır ki, rəsmi məlumatlandırma olmadan hər hansı qanunun müddəasının şəxslərə münasibətdə tətbiqindən söhbət gedə bilməz ki, qanunun qüvvəyə minməsi ilə isə ona münasibətdə yaranan hüquq münasibətlərində əhəmiyyətli prinsipin mövcudluğu nəzərə alınmalıdır. Belə ki, istər məsuliyyət müəyyən edən hüquq münasibətlərində (misal cinayət, inzibati xəta və s), istərsə də məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərində qanunvericiliyin bilinməməsi oxşar mahiyyət daşıyır. Hər iki hüquq münasibəti üçün isə oxşar cəhət ondan ibarətdir ki, qanunvericiliyin tələblərinin bilinməməsi vəziyyəti bilməyən şəxsin xeyrinə dəyişməyən hal müəyyən edilir. Necə ki, cinayət qanunu qüvvədə olduğu vaxtdan şəxs müəyyən əməllərin cinayət olmadığını bilməsə belə həmin əməli törədir və cinayət məsuliyyəti daşıyırsa, eləcə də həmin hal mülki hüquq münasibətləri üçün də keçərlidir. Eyni zamanda, inzibati icraatın əsasını təşkil edən publik hüquq münasibətlərinin tərəflərinə münasibətdə də qanunun tələblərini bilməmə oxşar xarakter daşıyır. Hazırkı iş üzrə iddianın təmin edilməməsini məhkəmə də məhz, qanunvericiliyin tələbinin bilinməməsinin “şəxsin iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb” qismində qiymətləndirilməli olmaması qənaətindədir. Beləliklə Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunimüvafiq olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «ödənilmiş əlavə dəyər vergisinin qaytarılması» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «ödənilmiş əlavə dəyər vergisinin qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1804/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1804/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver