Məhkəmə qərarları › İş №2-1(112)-1805/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1805/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1805/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi və birinci dərəcə əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı qismində X7 Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Komissiyasının üçüncü dərəcə (orqanizmin funksiyalarının pozulması faizi 60%) əlillik qrupu ləğv edilərək birinci (orqanizmin funksiyalarının pozulması faizi 81- 100°%) dərəcə qrup əlilliyinin təyin edilməsi və ödəniləcək vəsaitin həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin üçüncü dərəcə (orqanizmin funksiyalarının pozulması faizi 60%) əlillik dərəcəsinin dəyişdirilərək birinci (orqanizmin funksiyalarının pozulması faizi 81-100%) dərəcə əlillik dərəcəsinin təyin edilməsi və ödəniləcək vəsaitin həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı X7 əsl olan İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi “üçüncü dərəcə (orqanizmin funksiyalarının pozulması faizi 60%) əlillik dərəcəsinin dəyişdirilərək birinci (orqanizmin funksiyalarının pozulması faizi 81/100%) dərəcə əlillik dərəcəsinin təyin edilməsi və ödəniləcək vəsaitin həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il doğum tarixli psixi qüsurlu İddiaçı ARm ƏƏSMN-in tabeliyində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixindən əlillik səbəbi ümumi xəstəlik olmaqla “orta dərəcəli əqli gerilik, orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə” kənar şəxslərin himayəsinə ehtiyacı var (İQ-39 Diaqnoz), əmək qabilliyyətsiz qeyd, edilməlklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti' isə müddətsiz” kimi qiymətləndirilərək üçüncü dərəcə (orqanizmin funksiyalarının pozulması faizi 60%) əlillik təyin edilmişdir. Bununla razılaşmayaraq əlilik təyinatının düzgün aparılmamasına görə cavabdehə müraciət edib yenidən obyektiv müayinə və baxış keçirərək ədalətli qərar qəbul edilməsini xahiş etsə də, cavabdeh ƏƏSMN-in tabeliyində Tibbi Sosial Ekspert Komissiyasına əlilik dərəcəsinin dəyişdirilərək qanunvericilikdə nəzərdə tutulmuş birinci qrup təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (bundan sonra isimin müvafiq hallarında meyar adlandırılacaq) 7.2.2-ci yarımbəndinə müvafiq olaraq üçüncü dərəcə əliliyin müəyyən olunmasına əsas verdiyindən İddiaçı dair xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır qeyd etməklə münasibət bildirilmişdir. Belə ki, artıq 20 yaşı olan qızım demək olar ki, öz hərəkətlərinin mənasını dərk etmir, bəzən isə ona edilənlərə qeyri-adekvat cavab verir. Hazırda isə o, demək olar ki, heç bir iş görmək iqtidarında deyildir. Həmçinin heç bir ünsiyyət forması qura bilməməsi, affektiv pozuntular, suisid (özünü öldürmə), hallüsinasiya (qarabasma), avtonom həyat eləcədə minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşaması qeyri-mümkündür. Adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşaması, cari fərdi gündəlik zəruri tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacının olması mütləqdir, Beləliklə özünəxidmət, verbal əlaqə, qeyri-verbal davranış, sadə gündəlik gigyenik vəzifələri yerinə yetirə bilməməsi, daimi qayğıya ehtiyacının olmasına eləcədə əsəb kontrol probleminə və- sosial təhlükəli davranış ağırlığına görə hesab edirəm ki, qızıma təyin edilmiş əlilik dərəcəsi dəyişdirilərək birinci qrup (orqanizmin funksiyalarının pozulması faizi 81-100%) əlilik dərəcəsi təyin edilməlidir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin H00045437GNK nömrəli göndərişi əsasında xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlaqədar müddətsiz əlillik müəyyən edilmişdir. Qərardan narazı qaldığınız üçün, müraciətiniz əsasında xx.xx.2023-cü il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası tərəfindən qəbul edilmişsiniz. Keçirilən qəbulda, aparılmış obyektiv müayinənin nəticəsi və H00045437GNK nömrəli göndərişdə qeyd olunmuş diaqnoz (orta dərəcəli əqli gerilik, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. İQ-39) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2-ci yarımbəndinə müvafiq olaraq üçüncü dərəcə əlilliyin müəyyən olunmasına əsas verdiyindən İddiaçı dair xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır.

6. Cavabdeh qurum tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının övladı İddiaçı əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik, Orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ- 39; Meyar: Psixi və davranış pozuntuları => Əqli gerilik => Orta dərəcəli əqli gerilik => Orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması" səbəbi ilə (orqanizmin funksiyalarının 60 % pozulması) müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri’nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

7. TSEK-Müayinələr: - xx.xx.2015-ci il tarixində anadangəlmə hidrosefaliya diaqnozun mətni ilə iki il müddətinə digər: anadangəlmə hidrosefaliya meyarı təyin edilmişdir. - xx.xx.2017-ci il tarixində anadangəlmə hidrosefaliya diaqnozun mətni ilə 3.1 uşaqların sağlamlıq imkanlarının məhdudluğu. 3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00- Q99) meyarı təyin edilmişdir. - xx.xx.2020-ci il tarixində Q03 anadangəlmə hidrosefaliya daxil edilib: yenidoğulmuşun hidrosefaliyası çıxarılıb: arnold-kiari sindromu (Q07.0), piqment kseroderması. Yüngül dərəcəli əqli gerilik diaqnozun mətni ilə 3.1 uşaqların sağlamlıq imkanlarının məhdudluğu. 3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00-Q99) meyarı təyin edilmişdir - xx.xx.2022-ci il tarixində orta dərəcəli əqli gerilik, orta kəmağıllıq, imbesilik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ-39 psixi və davranış pozuntuları. əqli gerilik. Orta dərəcəli əqli gerilik. Orta dərəcəli əqli gerilik İQ 35- 49: adi şərtlərlə təhsil al və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması meyarı təyin edilmişdir

8. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu mayinəyə dair məlumata əsasən İddiaçı Nurşravan qızına orta dərəvə əqli gerilik, orta kəmağıllılıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var İQ-30 diaqnozu ilə xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

9. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı Nurşravan qızına 7.2.2. psixi və davranış pozuntuları. əqli gerilik. Orta dərəcəli əqli gerilik. Orta dərəcəli əqli gerilik İQQ 35-49. Adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşaması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması meyarı ilə xx.xx.2022 tarixindən müddətsiz orqanizmin funksiylarının pozulması faizi 60% müəyyən edilmişdir.

10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarizli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dəyişdirilməsi dair iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmişdir.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı 2 nömrəli X3 H00045437GNK nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir.

12. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı şəhər sakini xx.xx.2004-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) - əlillik müddəti tamamlandıqdan sonra yenidən rəsmiləşdirilmiş göndərişlə müraciəti əsasında əlillik təyinatı aparılmış, lakin qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilərək əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirildi. Əlilik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək rəsmiləşdirilmiş göndərişi əsasında “Anadangəlmə hidrosefaliya” diaqnozu ilə 2 il müddətinə təkrar SİMU, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək rəsmiləşdirilmiş göndərişi əsasında “Anadangəlmə hidrosefaliya” diaqnozu ilə 3 il müddətinə təkrar SİMU, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək rəsmiləşdirilmiş göndərişi əsasında “Anadangəlmə hidrosefaliya. Piqment kserodermiya. Yüngül əqli gerilik” diaqnozu ilə 3 il müddətinə təkrar SİMU və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın F71 XBT kodu ilə 7.2.2 bəndinə müvafiq olaraq, 60% orqanizm funksiyalarının pozulması, ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyinatı aparılmışdır. Qərardan narazı vətəndaş məhkəməyə müraciət etmiş və xx.xx.2023-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da əyani müayinəyə dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, müayinəyə gətirilərkən vətəndaşın verdiyi anamnestik məlumatlara görə, şikayətləri inkişafın geriliyi, aktiv hərəkətlərin məhdudluğu, yeriyə bilməməsi başının böyüklüyü olmuş, fizioloji tələbatlarını yerinə yetirən zaman kənar şəxsin köməyinə ehtiyacı olmasını bildirmişdir. Psixiatr müayinəsinin nəticəsinə əsasən, müayinə zamanı bələdliyi zamana görə zəif, məkana və özünə görə fonda saxlanılmış, zahirən gərgin, səliqəsiz, ünsiyyətə çətinliklə daxil olmuş, suallara qısa məzmunlu cavablar vermiş, hesablama edə bilməmiş, yaşıtlarından geri qalmışdır. DTSERA-da cərrah müayinəsinin nəticəsində isə, sol pəncənin valqus deformasiyası, əməliyyatdan sonrakı vəziyyət, sol dizin valqus deformasiyası, nisbi qısalıq və nəzərəçarpan atrofiya izlənilməmiş, həkətlər tam həcmli, pəncənin müayinə zamanı qüsürlu vəziyyətdə olmadığı müəyyən edilmişdir. Sənədlər sırasında xx.xx.2013-xx.xx.2013-cü il tarixli X8 247 nömrəli epikrizində diaqnoz “Anadagəlmə hidrosefaliya; aşağı ətrafların mülayim parezi, hər iki ayaq pəncəsinin valqus deformasiyası, inkişaf etaplarının ləngiməsi”, xx.xx.2015-xx.xx.2015-ci il tarixli X8 523 nömrəli epikrizində diaqnoz “Anadagəlmə hidrosefaliya; aşağı ətrafların mülayim parezi, hər iki ayaq pəncəsinin valqus deformasiyası, inkişaf etaplarının ləngiməsi” və xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2 saylı X2 5889\22 nömrəli ambulator kitabçanın çıxarışında diaqnoz “Orta kəmağıllılıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. USİ-nin qalıq əlamətləri. İQ=39” şəklində göstərilmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 65% (altmış beş faiz) pozulması barədə qərar qəbul edilmişdir.

13. İddiaçının nümayəndəsi (vəkili) daha sonra ərizə təqdim edərək iddia tələbinin “İddiaçı təyin edilmiş ikinci dərəcə (orqanizmin funksiyalarının pozulması faizi 60%) əlilliyin dəyişdirilərək birinci (orqanizmin funksiyalarının pozulması faizi 81/100%) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.

14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “İddiaçı təyin edilmiş ikinci dərəcə (orqanizmin funksiyalarının pozulması faizi 60%) əlilliyin dəyişdirilərək birinci (orqanizmin funksiyalarının pozulması faizi 81-100%) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” dəyişdirilmişdir.

15. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilən Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 33046 nömrəli Rəyində qeyd edilmişdir ki, İddiaçı Orta dərəcəli kəmağıllıq (imbesillik dərəcəsində oliqofreniya) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi inkişaf etməməsi, Bakı şəhər X9, Bakı şəhər 2 saylı X4 müalicələrdə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, davranış pozuntularının biruzə verməsi, evdə aqressiv hərəkətlərə yol verməsi, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, “Orta dərəcəli əqli gerilik. Orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu ilə ona müddətsiz İİİ qrup əlillik təyin edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: verilən sualları əsasən dərk etməməsi, yerinə düşməyə qısa cavablar verməsi, nəzərə çarpan əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2004-cü il təvəllüdlü İddiaçı psixi vəziyyəti necədir? Cavab: İddiaçı Orta dərəcəli kəmağıllıq (imbesillik dərəcəsində oliqofreniya) müəyyən edilir. 2-ci sual: İddiaçı öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə edə bilirmi? 3-cü sual: Onun fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar mövcuddurmu? 2-ci və 3-cü suallara cavab: İddiaçı öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də İddiaçı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İddiaçı onda müəyyən edilən Orta dərəcəli kəmağıllıq (imbesillik dərəcəsində oliqofreniya) ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-332/2024 nömrəli Qətnaməsi ilə ərizə qismən təmin edilmişdir. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Ərizə qalan hissədə təmin edilməmişdir.

17. Şuşa Rayon İcra Hakimiyyəti Başçısının 40 nömrəli, xx.xx.2024-cü il tarixli Sərəncamından Çıxarışa əsasən vətəndaş İbrahimova Günel qurban qızı övladı İddiaçı üzərində qəyyum təyin edilmişdir.

18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

22. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

23. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

24. Hazırki iddia məcburetməyə dair iddiadır.

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

26. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və İİİ dərəcə əlillik təyin edilmişdir, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

27. İddiaçı xx.xx.2023-cü il tarixdə yuxarı inzibati orqana şikayət vermiş, xx.xx.2023-cü il tarixdə iddiaçıya verilmiş cavabda şikayətinin təmin olunmadığı bildirilmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

28. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

31. Məhkəmə ilk növbədə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçıya: - xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək rəsmiləşdirilmiş göndərişi əsasında “Anadangəlmə hidrosefaliya” diaqnozu ilə 2 il müddətinə təkrar SİMU; - xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək rəsmiləşdirilmiş göndərişi əsasında “Anadangəlmə hidrosefaliya” diaqnozu ilə 3 il müddətinə təkrar SİMU; - xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək rəsmiləşdirilmiş göndərişi əsasında “Anadangəlmə hidrosefaliya. Piqment kserodermiya. Yüngül əqli gerilik” diaqnozu ilə 3 il müddətinə təkrar SİMU; - xx.xx.2022-ci il tarixində orta dərəcəli əqli gerilik, orta kəmağıllıq, imbesilik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ-39 psixi və davranış pozuntuları. əqli gerilik. Orta dərəcəli əqli gerilik. Orta dərəcəli əqli gerilik İQ 35- 49: adi şərtlərlə təhsil al və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması meyarı ilə müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının 60% pozulması) təyinatı aparılmışdır. - Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən müddətsiz orqanizmin funksiyalarının 65% (altmış beş faiz) pozulması barədə qərar qəbul edilmişdir.

32. Dəqiqləşdirilmiş iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ona təyin edilmiş ikinci dərəcə (orqanizmin funksiyalarının pozulması faizi 65%) əlilliyin dəyişdirilərək birinci (orqanizmin funksiyalarının pozulması faizi 81/100%) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, xx.xx.2023-cü il tarixində əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirilmişdir. Ekspertiza zamanı istinad olunan sənədlər sırasında xx.xx.2013-xx.xx.2013-cü il tarixli X8 247 nömrəli epikrizində diaqnoz “Anadagəlmə hidrosefaliya; aşağı ətrafların mülayim parezi, hər iki ayaq pəncəsinin valqus deformasiyası, inkişaf etaplarının ləngiməsi”, xx.xx.2015xx.xx.2015-ci il tarixli X8 523 nömrəli epikrizində diaqnoz “Anadagəlmə hidrosefaliya; aşağı ətrafların mülayim parezi, hər iki ayaq pəncəsinin valqus deformasiyası, inkişaf etaplarının ləngiməsi” və xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2 saylı X2 5889\22 nömrəli ambulator kitabçanın çıxarışında diaqnoz “Orta kəmağıllılıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. USİ-nin qalıq əlamətləri. İQ=39” şəklində göstərilmişdir.

33. Digər tərəfdən məhkəmə müəyyən edir ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilən Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 33046 nömrəli Rəyində qeyd edilmişdir ki, “İddiaçı Orta dərəcəli kəmağıllıq (imbesillik dərəcəsində oliqofreniya) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi inkişaf etməməsi, Bakı şəhər X9, Bakı şəhər 2 saylı X4 müalicələrdə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, davranış pozuntularının biruzə verməsi, evdə aqressiv hərəkətlərə yol verməsi, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, “Orta dərəcəli əqli gerilik. Orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu ilə ona müddətsiz İİİ qrup əlillik təyin edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: verilən sualları əsasən dərk etməməsi, yerinə düşməyə qısa cavablar verməsi, nəzərə çarpan əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir”.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarından: yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik 7.2.1. təzahürlər, nadir epileptiform paroksizmlər, 35-60 Müddətsiz somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və 7.2.2. qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq 65-80 Müddətsiz çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması ağır dərəcəli əqli gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik 7.2.3. 85-90 Müddətsiz vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması dərin əqli gerilik İQ <20: heç bir ünsiyyət formasını, minimal şəxsi 7.2.4. gigiyenanı yerinə yetirə bilməməsi və daimi 95-100 Müddətsiz müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyri- mümkünlüyü

35. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən İddiaçı müəyyən edilmiş diaqnoz (Orta kəmağıllılıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Kənar şəxslərin himayəsinə ehtiyacı var. USİ-nin qalıq əlamətləri. İQ=39) İİ dərəcə əlilliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.2.2-ci bəndi) təyin edilməsi üçün əsas verir.

36. İddiaçıda qeyd edilən diaqnoz (orta dərəcəli əqli gerilik) iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və qəyyum təyini üçün əsas olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiqlənmişdir. Orqanizmin funksiyalarının 85% və daha çox pozuntusu isə (İ dərəcə əlillik) ağır dərəcəli əqli gerilik İQ 20-34 və ya dərin əqli gerilik İQ <20 diaqnozuna əsasən təyin edilir. İddiaçının xəstəliyinə uyğun (orta dərəcəli əqli gerilik) diaqnoza əsasən ona məhkəmə qərardadı əsasən İİ dərəcə əlillik təyinatı aparılmışdır.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.

38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar