Məhkəmə qərarları › İş №2-1(112)-1805/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1805/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1805/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-129838/2024 saylı imtina məktubunun əsassız hesab edilməsi, xx.xx.1985-ci il tarixindən bu günə kimi olan dövrün güzəştli sosial sığorta staji hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən, 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-129838/2024 saylı imtina məktubunun əsassız hesab edilməsi, xx.xx.1985-ci il tarixindən bu günə kimi olan dövrün güzəştli sosial sığorta staji hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən, 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14.12. 1963-cü ildə anadan olmuş, 14. 12. 2023-cü il tarixinə 25 ildən çox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək birinci dəfə xx.xx.2024 -cü il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 19575/2024 saylı cavab məktubu ilə iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydas”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirdilər. Məktubda eyni zamanda bildirirdilər ki, qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. xx.xx.2024-cü il tarixində “X6” QSC-i tərəfindən verilmiş 12.02. 2024-cü il tarixli 07 saylı “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında əlavə etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təkrar müraciət etmişdir. Göstərilən arayışda işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətlərinin göstərilməsinə baxmayaraq Mərkəzi Filialın əməkdaşları tərəfindən heç bir araşdırma aparılmadan, vəzifəsinin arayışda qeyd edilən xüsusiyyətləri qarşılıqlı yoxlanılmadan 04.06. 2024-cü il tarixli 3-17-1/2-Ə-129838/2024 saylı məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Göründüyü kimi, İddiaçı işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda göstərilən sahələrə aid deyil. Bundan başqa, iddiaçının işlədiyi radiomontajçı və gəmi radioquraşdırıcısı vəzifələri sözügedən arayışda istinad edilmiş yuxarıda göstərilən çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, İddiaçı güzəştli iş stajının olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Azərbaycan X6” QSC İstehsalat Xidməti İdarəsinin 07 nömrəli xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X5 -xx.xx.1985-xx.xx.1986-cı illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasında 1-ci dərəcəli radiomontajçı kimi işə başlamış, xx.xx.1986-xx.xx.1986-ci illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki kamerasına 2-ci dərəcəli radiomontajçı keçirilmiş, xx.xx.1986-xx.xx.1986-ci illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasına 3-cü dərəcəli radiomontajçı keçirilmiş, xx.xx.1986-xx.xx.1987-ci illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasına 4-cü dərəcəli radiomontajçı keçirilmiş,Əmr № 219 xx.xx.1986-ci il Azərbaycan SSR-nin Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə)işdən azad edilmiş; xx.xx.1988-xx.xx.1988-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 3-cü dərəcəli radiomontajçı işə başlamış, xx.xx.1988-xx.xx.1989-cu illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 4-cü dərəcəli radiomontajçı keçirilmiş, xx.xx.1989-xx.xx.2014-cü illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 5-ci dərəcəli radiomontajçı keçirilmiş, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən ADXDG-nin və ARDNŞ XDND-nin yenidən təşkili yolu ilə "xxxx" QSC (Cəmiyyət) yaradılmış həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmiş, xx.xx.2014-xx.xx.2015-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6-ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2a maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-xx.xx.2022-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6-ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmiş (Əmr № 2436-k xx.xx.2022), xx.xx.2022-ci ildən hal-hazıra kimi Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6-ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsində işləyir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək texniki peşə məktəbində təhsil alıb, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Sovet Ordusunda qulluq edib, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək baza elektronaviqasiya kamerasının 1-ci dərəcəli radiomontajçı vəzifəsində işləyib, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək 4-cü dərəcəli Azərittifakın TKC-də yığmaçı işləmiş, xx.xx.1988-ci ildən Qaz ERN kamerasına radiomontajçı qəbul edilmiş, xx.xx.2014-cü ildə texniki xidmət kamerasına 6-cı dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsinə keçirilib və xx.xx.2015-ci ildə tutduğu vəzifədən azad edilib, xx.xx.2015-xx.xx.2022-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6-ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsində işləmiş, xx.xx.2022-ci ildə gəmi radioquraşdırıcısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda işləyir. “Azərbaycan X6” QSC X1 xx.xx.2025-ci il tarixli 13-3-1/3-9-71/2025 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Azərbaycan Dövlət Xəzər X3 Elektronaviqasiya kamerasında xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək və xx.xx.1988-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək radioquraşdırıcı vəzifəsində işləmişdir. İddiaçı güzəştli iş stajı 30 il 07 ay 05 gün təşkil edir. Qeyd edilən iş stajı və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 11.6-cı bəndinin (Qazanxana gəmi gövdəsi, gəmigayırma və gəmi təmiri işlər)"a" yarımbəndinə (gəmi elektrik radio quraşdırıcıları,gəmi elektrik quraşdırıcıları) uyğun göstərilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X6nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X4 yenidən təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 26 yanvar 2024-cü il tarixli, 3-17-1/2-Ə-19575/2024 saylı məktubuna əsasən iddiaçıya güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışı təqdim edildikdən sonra baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 iyun 2024-cü il tarixli, 3-17-1/2-Ə-129838/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, mərkəzi Filiala təqdim edilən “Azərbaycan X6” QSC-nin sizə dair 12 fevral 2024-cü il tarixli 07 nömrəli arayışında xx.xx.1985-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X8 Donanmasında Elektronaviqasiya avadanlıqlarına texniki xidmət kamerasında radiomontajçı və xx.xx.2014-cü il tarixindən bugünədək isə həmin müəssisədə gəmi radioquraşdırıcısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda göstərilən sahələrə aid deyil. Bundan başqa, işlədiyi radiomontajçı və gəmi radioquraşdırıcısı vəzifələri sözügedən arayışda istinad edilmiş yuxarıda göstərilən çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur.

Tətbiq edilən hüquq.

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.

9. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir): -11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri a) fəhlələr: -gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları

Məhkəmənin mövqeyi:

10. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

11. “Əmək Pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir:1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.

12. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir.

13. İnzibati iş üzrə mübahisəli hal ondan ibarətdir ki, iddiaçının güzəştli iş stajı yoxdur.

14. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20.-ci bəndinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

15. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının zərərli əmək şəraitində işləməsi halı mübahisələndirməsə də, iddiaçının güzəştli iş stajının olmadığını bildirir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi “Azərbaycan X6” QSC X2 tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssisədə işlədiyi, cavabdeh tərəfindən qəbul etməkdən imtina etdiyi gəmi elektrik radio quraşdırıcı vəzifəsində güzəştli stajının 12 il 06 ay şərtini ödəməsini təsdiq edir.

16. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi və güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir.

17. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.

18. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

19. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

20. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-129838/2024 saylı imtina məktubunun əsassız hesab edilməli və xx.xx.1985-ci il tarixindən bu günə kimi olan dövrün güzəştli sosial sığorta staji hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən, 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

21. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

23. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-129838/2024 saylı imtina məktubu əsassız hesab edilsin; İddiaçı xx.xx.1985-ci il tarixindən bu günə kimi olan dövrün güzəştli sosial sığorta staji hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən,s 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar