Məhkəmə qərarları › İş №2-1(112)-1806/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1806/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1806/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi və əlilliyə görə müavinət verilməsinin (2021ci ilin oktyabr ayından nəzərə alınmaqla) müddətsiz olaraq bərpa edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdeh qismində göstərilməklə İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması və İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz müəyyən edildikdən sonra əlilliyə görə əmək pensiyasının ödənilməsinin müddətsiz olaraq bərpa edilməsi və 1 oktyabr 2021-ci il tarixdən hesablanmaqla ödənişlərin dayandırıldığı dövr üzrə əlilliyə görə əmək pensiyasının birdəfəlik qaydada ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(112)-10930/2022 №-li qərardadla icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi və əlilliyə görə əmək pensiyasının ödənilməsinin müddətsiz olaraq bərpa edilməsi tələbləri üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi barədə iddia tələbi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının ödənilməsinin müddətsiz olaraq bərpa edilməsi barədə iddia tələbi üzrə icraatların ayrılması qərara alınmışdır. Belə ki, İPM-in 56.2-ci maddəsinə əsasən, məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır (maddə 56.2). Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir (maddə 56.3). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-xx.xx.2006-cı il tarixləri ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir rütbəsində xidmət etmişdir. 2004-2006-cı illərdə müxtəlif vaxtlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Klinik Hospitalında müalicə olunmuşdur. 2006-cı ilin fevral ayında ordu sıralarından tərxis olunmuşdur. 2006-cı ildə Tibbi-Sosial Ekspert Komissiyasının (“TSEK”) müvafiq qərarına əsasən, nevrastaniya diaqnozu ilə mənə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin dövrdən başlayaraq əlilliyə görə müavinət almışdır. Bununla yanaşı bildirir ki, 2006- 2016-cı illərdə, yəni ardıcıl 10 il ərzində TSEK- də müvafiq qaydada təkrar müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı bildirir ki, 2006-cı ildə ona təyin edilmiş ikinci dərəcəli əlillik 2016-cı ildən etibarən müddətsiz müəyyən edilməlidir. Lakin 2021-ci ilin oktyabr ayından etibarən, iddiaçıya əlilliyə görə müavinət ödənilməsi heç bir xəbərdarlıq edilmədən və əsaslandırılmadan dayandırılmışdır. 2022-ci ilin may ayında X2 əldə etdiyi çıxarışdan məlum olmuşdur ki, sonuncu dəfə xx.xx.2016-cı ildə keçdiyi tibbi müayinədən sonra mənə növbəti müayinə tarixi kimi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İddiaçı bildirir ki, 2016-cı ildə sonuncu dəfə tibbi müayinədən keçərkən ona 5 il sonra növbəti dəfə müayinədən keçməli olduğum barədə heç bir məlumat verilməmişdir. İddiaçı ona müddətsiz əlilliyin təyin edilməsi və əlilliyə görə müavinətin ödənilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, cavab olaraq, ünvanına Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən **********7 nömrəli, xx.xx.2022-ci il tarixli və X3 Fondundan **********7 nömrəli xx.xx.2022-ci il tarixli məktublar göndərilmişdir. Lakin təəssüf ki, hər iki inzibati orqan tələbi yerinə yetirməmişdir və əsassız cavablar vermişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə cavabdeh qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə Şabran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: simpato-adrenal xarakteli vegetativ damar krizləri ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şabran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G99 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8* - Digər...; Diaqnozun mətni: simpato-adrenal sistemin çatmamazlığı ilə gedən NSD OU mürəkkəb miopik astiqmatizm.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şabran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.0 - Nevrasteniya; Diaqnozun mətni: Nevrasteniya; Meyar: 2.2, İkinci dərəcə əlillik => DİGƏR: Nevrasteniya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.0 - Nevrasteniya; Diaqnozun mətni Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Nevrasteniya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2016c tarixdə olmuş və ona eletron təyinatla 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti cavabdehə daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Hal-hazırda iddiaçıya yeni göndərişlə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməs Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin tərəfindən iddiaçının müraciəti əsasında verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılmış və ikinci dərəcə əlilliyin sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadıldığı, növbəti müayinə tarixi xx.xx.2021-ci il, sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə yeni göndəriş (Forma-088) daxil olmadığı, bununla əlaqədar, iddiaçının Dövlət tibb müəssisəsinin göndərişi əsasında müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırıldığı sənədlər üzərindən iştirakı olmadan qiymətləndiriləcəkdir. -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən əldə edilən məlumatlara əsasən xx.xx.2021-ci il tarixdə 3 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilən şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunun Qazbabalı kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G90 - Vegetativ sinir sisteminin pozğunluqları => G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunlu...; Diaqnozun mətni: simpato-adrenal xarakteli vegetativ damar krizləri ilə; İlkin Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik təyin edilmişdir. -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və X1 Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G99 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8* - Digər...; Diaqnozun mətni: simpato-adrenal sistemin çatmamazlığı ilə gedən NSD OU mürəkkəb miopik astiqmatizm.; Təkrar, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.0 - Nevrasteniya; Diaqnozun mətni: Nevrasteniya; Meyar: 2.2, İkinci dərəcə əlillik => DİGƏR: Nevrasteniya” səbəbi ilə bir il müddətinə əiillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.0 - Nevrasteniya; Diaqnozun mətni Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Nevrasteniya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. -"xxxx" ASC tərəfindən verilən 19 iyul 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək pensiya ödənişləri edilmişdir. Müvafiq sorğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya AR DSMF-in Dəvəçi rayon şöbəsi tərəfindən ilk dəfə xx.xx.2006-cı il tarixdən ikinci dərəcəli əlilliyə görə pensiya təyin edilmiş, sonradan vaxtaşırı olaraq uzadılmış, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə bir il müddətinə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. Hazırkı iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi - İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasından ibarətdir. İddiaçı tələbi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə yeni göndəriş (Forma- 088) daxil olmadığı, bununla əlaqədar, iddiaçının Dövlət tibb müəssisəsinin göndərişi əsasında müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırıldığı sənədlər üzərindən iştirakı olmadan qiymətləndiriləcəyini bildirərək müraciətini təmin etməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-ci maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. -4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. -4.3-ci maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -1.4-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.6-cı maddəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.https://e-qanun.az/framework/44232 -2.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №li Fərmanının: -6.1-ci maddəsinə əsasən birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; İddiaçının əlilliyinin qiymətləndirildiyi və onun hazırkı tələblə cavabdehə müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: -1-ci bəndinə əsasən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. -6.1-ci bəndinə əsasən, Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya 22 fevral 2006-cı il tarixdən başlayaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin əlillik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edildiyi günədək, yəni 30 sentyabr 2015-ci il tarixədək hər dəfə bir il müddətinə olmaqla artırılmışdır. Həmin tarixdən sonra isə 30 sentyabr 2021-ci il tarixədək istinad edilən Əsasnamənin şərtlərinə uyğun olaraq iddiaçının ikinci əlillik müddəti 5 (beş) il müddətinə uzadılmışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq iddiaçının ikinci dərəcəli əlilliyi mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya məxsus bəhs edilən sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin imtinasının dəlili əsaslı sayıla bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə 10 ildən artıq mövcud olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddia təmin edilməli və xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar