Məhkəmə qərarları › İş №2-1(112)-1807/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1807/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1807/2023 18.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 07 iyul 2022-ci il tarixli **********162900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) 13 may 2013-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, 16 mart 2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış, hal-hazırda əsas fəaliyyəti “qoyun və keçilərin yetişdirilməsi” kimi müəyyən edilmişdir. İddiaçı MMC (VÖEN: **********) ilə "xxxx" MMC (VÖEN: **********) arasında 20 mart 2021 ci il tarixli 3 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. 8 aprel 2021-ci il tarixdən 18 may 2021-ci ilə kimi İddiaçı MMC "xxxx" MMCdən satış üçün 465 500,09 AZN dəyərində quzu karkas və dana karkasın alışını həyata keçirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət növünün “boyaq maddələri və piqmentlərin istehsalı” olmasına baxmayaraq, fəaliyyət sahəsinə uyğun olmayan mallar (quzu və dana karkas) təqdim etdiyi əsas gətirilərək Cəmiyyət vergi orqanının xx.xx.2021-ci il tarixli **********910800 nömrəli qərarı ilə riskli vergi ödəyicisi qrupuna aid edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X2, eyni zamanda "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. İddiaçı MMC 2021-ci ilin mənfəət vergisi bəyannaməsində 872 602,50 AZN ümumi gəlirləri (çıxılmalardan sonra), 934 068,30 AZN ümumi gəlirdən çıxılan xərci (o cümlədən, 865 200,08 AZN malın dəyəri) qeyd etmiş, 2021-ci ili 61 465,80 AZN zərərlə başa vurmuşdur. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin 2U21-cı ıl ərzində ilə "xxxx" MMC ilə aparılmış 465 500,09 AZN məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yarandığı qeyd olunmuşdur. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 872 602,50 AZN məbləğin 218 781,09 AZN məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 61 465,80 AZN zərər məbləğinin azaldılaraq 30 863,06 AZN mənfəət vergisi hesablanması ilə əlaqədar 25 may 2022-ci il tarixli **********963100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və MMC-yə göndərilmişdir. 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vəsaitin azaldılması barədə İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müraciəti rədd edilmişdir. Vergi orqanının 25 may 2022-ci il tarixli **********963100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğvi ilə əlaqədar xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********278300 nömrəli), xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********971700/2 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********389600/3 nömrəli) müraciətlər edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli **********868800 nömrəli məktubla məlumat verilmişdir. Eyni zamanda araşdırmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixli **********214700 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin rəhbəri X4 araşdırmada iştirak etmişdir. R.Səfərov izahatında mal aldıqları dövrdə "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyiciləri qrupuna daxil edilmədiyini, malların sifarişlərlə əlaqədar olaraq alındığını, elektron qaiməfaktııranın isə "xxxx" MMC tərəfindən təqdim edildiyini, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanıldığını, 2021-ci ilin aprel-may ayları ərzində malların müəssisəyə təqdim edildiyini və malların dəyərinin ödənildiyini bildirirək, xərc kimi nəzərə alınmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı MMC-nin mal aldığı "xxxx" MMC-nin satılan malları rəsmi sənədləşdirməməsi onun məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə satılmış malların mənbəyinin göstərilə bilməməsi səbəbindən "xxxx" MMC tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da olmamasının əsas götürülməsi "xxxx" MMC üçün hər-hansı bir məsuliyyət doğura bilməz. İddiaçı MMC malları alarkən həmin malların haradan alınmasını yoxlamalı və ya araşdırmalı deyil, Cəmiyyət həmin malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq almış, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satmış və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün əməliyyatlar üzrə vergi əməliyyatlarını rəsmiləşdirmişdir. X8 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlərlə bağlı “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162900 nömrəli Qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X3 razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1807/2023 nömrəli qərardadı ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********963100 nömrəli qərarının ləğv edilməsi barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 2021-ci il ərzində aparılmış 465500,09 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi ödəyicisinə 6 aprel 2022-ci il tarixli **********682000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə zəruri cavab verilmədiyindən 25 may 2021-ci il tarixli **********963100 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 30863.06 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən 2021-ci il ərzində 968 079,31 manat dəyərində elektron qaimə- faktura əldə etməsi, bundan 465 500,09 manat hissəsində olan elektron qaimə-fakturalarn (quzu karkaz, dana karkaz.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) əldə etməsi, həmin vergi ödəyicisinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə- fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət növünün “boyaq maddələri və piqmentlərin istehsalı” olmasına baxmayaraq, fəaliyyət sahəsinə uyğun olmayan mallar (quzu və dana karkaz) təqdim edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarfın 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMCnin, riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********910800 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 13.2.81. əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Əlavə olaraq bildiririk ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********278300 nömrəli inzibati şikayətinin araşdırılmasının nəticələrinə əsasən "İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********296100 nömrəli Qərar qəbul olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən "xxxx" MMC-nin (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********963100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi məbləği 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 30.863,06 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 30.863,06 manat, zərərin məbləği -61.465,80 manat təşkil edir. Qərarın qəbul edilməsinə əsas kimi 218781,09 manat riskli qaimə üzrə xərc qeyd etdiyi nəzərə alınaraq əlavə vergi məbləği hesablanır. İnzibati icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********910800 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir, "18.01 - 18.05.21-ci il tarixində ""xxxx"" MMC-nin E- QAİMƏ üzrə satışında 740,2 m.m. (ƏDV-siz) dəyərində ""generator, dana, quzu, işçi geyimi və s."" təqdim edildiyi, lakin vergi ödəyicisinin həmin malların idxalı və E-qaimə üzrə alışı müəyyən edilməmişdir.""xxxx"" MMC-nin qeydiyyata alınmış obyekti yoxdur. Əmək müfəttişliyinin hesabatına əsasən işçisi yoxdur. Bunu nəzərə alaraq, əldə olunmamış malların və göstərilən xidmətlərin satışı riskli hesab edilir. " Nəticədə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Dövlət Vergi Xidmətinin **********162900 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********963100 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inzibati orqanın inzibati şikayətin təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli qərarından sonra xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının vergi orqanının qərarından yuxarı vergi orqanına inzibati şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi qismində dövlət qeydiyyatına, xx.xx.2021-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyətinin qoyun və keçilərin yetişdirilməsi olmuşdur. İddiaçı 2021-ci il üçün mənəfəət vergisi bəyannaməsində 872 602,50 manat ümumi gəlirlər (çıxılmalardan sonra) 934 068,30 manat ümumi gəlirdən çıxılan xərc ( o cümlədən 865 200,08 manat malın dəyəri) göstərilərək 61 465,80 manat zərər bəyan etmişdir. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 872 602,50 manat məbləğin 218 781,09 manat məbləğində olan hissəsini qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edərək bu halı da əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamış və 61 465,80 manat zərər məbləği azaltmış, 30 863,06 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, cavabehin mövqeyinə görə iddiaçı 2021-ci il ərzində 968 079,31 manat dəyərində elektron qaimə-faktura əldə etmiş, bundan 465 500,09 manat hissəsində olan elektron qaimə-fakturaları (quzu karkaz, dana karkaz.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) əldə etsə də həmin qaimə- fakturalarda qeyd olunan malların "xxxx" MMC-nin elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən əldə etdiyi müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əldə edilməsini təsdiq edən sənədlər olmadığından sonuncunun almadığı malı iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyat əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamış, nəticə etibarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla əlavə mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarına əlavə edilmiş satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı bu müqaviləyə və qanunvericiliyə uyğun olaraq elektron qimə-fakturalarda göstərilən malları alıcıya satmağı və təhvil verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə təqdim edilən malların dəyəri elektron qaimə fakturalarda göstərilir. İş materiallarına əlavə edilmiş iddiaçının "xxxx" MMC ilə apardığı riskli e-qaimələri aşağıdakılardan ibarət olmuşdur: xx.xx.2021-ci il EBAZ 778050, xx.xx.2021-ci il EBBA 661760,xx.xx.2021-ci il EBBA 46327, xx.xx.2021-ci il EBBA 289183, xx.xx.2021-ci il EBBA 771281, xx.xx.2021-ci il EBBA 796928, xx.xx.2021-ci il EBBA 486327, xx.xx.2021-ci il EBBA 104687, xx.xx.2021-ci il EBBA 132181, xx.xx.2021-ci il EBBA 610710. İş materillarından müəyyən olunur ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında elektron qaimə-faktura üzrə satışında 740245,6 manat (ƏDV-siz) dəyərində “generator, dana, quzu, işçi geyimi” və s təqdim edildiyi, lakin həmin malların elektron qaimə- faktura üzrə alışı və idxalı edildiyi baza məlumatlarında əks olunmamışdır. Eyni vergi ödəyicisinin qeydiyyata alınmış obyekti və əmək müfəttişliyinin hesabatına əsasən işçisi yoxdur. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC (VÖEN:**********) Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq olaraq Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixində **********910800 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin vergi ödəyicisi ilə apardığı əməliyyat xx.xx.2021-xx.xx.2021-ci il tarixlərə aid olmuş, həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği gəlirdən çıxılan xərcinə aid etmiş, və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının əməliyyat apardığı "xxxx" MMC-dən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlamaq kimi vəzifələri səlahiyyətləri mövcud deyil. Həmçinin iddiaçının əməliyyat apardığı MMC-dən ona təqdim olunan malı idxal zamanı və ya e-qaimə üzrə alışında olub-olmadığını yoxlamaq da məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatını şübhə altına almağa və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmağa əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatı əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatın əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Belə ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Əvvəla işdən görünür ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən Fortes-SSS MMCdən aldığı malları elektron qaimələr əsasında "xxxx" MMC-yə (VÖEN **********) 868 631,70 manat, "xxxx" MMC-yə (VÖEN 1********) 3970,30 manat məbləğində quzu və dana karkaz təqdim etmiş, cavabdeh həmin malların sözügedən müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə inzibati şikayətin təmin edilməməsi barədə qərarında da araşdırma zamanı 2021-ci il ərzində iddiaçının adıçəkilən müəssisələrə mal təqdim edildiyini aşkar etdiyini bilavasitə qeyd etmişdir. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması əsassız olmuşdur. Vergi orqanı iddiaçının Fortes-SSS MMC-dən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edəcəksə belə bu zaman mənfəət vergisini hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır. Belə ki, vergi orqanı Fortes-SSS MMC ilə apardığı əməliyyatlar üzrə 465 500,09 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pomuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 25 may 2022-ci il tarixli **********963100 nömrəli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 25 may 2022-ci il tarixli **********963100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar