Məhkəmə qərarları › İş №2-1(112)-1807/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1807/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1807/2024 08.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərliklə hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi hərbi xidmət keçmiş və döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İddiaçı dəfələrlə Müdafiə Nazirliyinə və xidmət keçdiyi N nömrəli hərbi hissənin tabe olduğu N nömrəli hərbi hissəyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq N nömrəli hərbi hissədən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının Azərbaycan Respublikasının Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı ərizəyə N nömrəli hərbi hissədə baxıldığı, Vətən müharibəsində iştirak etməsi, xidmət etdiyi hərbi hissədə araşdırılacağı və müharibədə iştirakı təsdiq olunduğu halda barəsində toplanmış məlumatların baxılması üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndəriləcəyi bildirilsə də, həmin vaxtdan 1 ildən çox keçdiyinə baxmayaraq iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. O, xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə AR Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş, lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. İddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İddiaçı hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim etmişdir. Etirazda iddianın mahiyyətinə münasibət bildirilməyərək qeyd edilmişdir ki, iddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. İPM-in 35.1-ci və 47.2-ci maddələrinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbin təmin edilməsi barədə qərar edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə xx.xx.2023-cü il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etmiş, lakin 35 gün ərzində cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia irəli sürmüşdür. Həmçinin iş materiallarında olan AR Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən N nömrəli hərbi hissənin komandirinə, surəti isə iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda vətəndaş X5 tərəfindən İddiaçı barəsində Müdafiə Nazirliyinə unvanlanmış müraciətə Nazirliyin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası” tərəfindən baxıldığı bildirilərək iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair İddiaçı xidməti barədə zəruri məlumat və arayışların Komissiyaya göndərilməsi xahiş edilmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericilikdə inzibati icraatın aparılması müddətləri göstərilmişdir. İddiaçının ona müharibə veteranı statusu və vəsiqəsi verilməsi tələbi ilə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi, hazırkı iddianın isə məhkəmənin hazırkı iddia ilə bağlı qərarının isə xx.xx.2024-cü il tarixdə qəbul edildiyi nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh tərəfindən inzibati icraatın aparılmasının son müddəti olan 90 gün ərzində inzibati akt qəbul edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi imtina kimi qiymətləndirilməlidir. İPM-in 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mahiyyətcə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi üzrə səfərbərlik tapşırığına cəlb olunmuşdur. -AO ******* №li hərbi biletin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin heyətinə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş, xx.xx.2021-ci il tarixdə AR Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı arayışı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N yanvar 2021-ci il tarixli, 1284 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. -N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli fəxri fərmandan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı üzərinə düşən vəzifəsini laiqincə yerinə yetirdiyinə və nümunəvi xidmət etdiyinə görə təltif edilmişdir. -N saylı hərbi hissənin komandiri tərəfindən AR Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə” arayış-məlumatdan görünür ki, "xxxx" MMC-nin işçisi İddiaçı xx.xx.2020-ci il tarixdən (308 nömrəli Əmr), xx.xx.2020-ci il tarixədək (əmr nömrə 375) SHXÇDMX-nin Binəqədi rayon idarəsi tərəfindən N nömrəli hərbi hissəyə ezam edilmişdir. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində N saylı hərbi hissənin heyətində döyüş əməliyyatlarında sürücü kimi fəaliyyət göstərərək maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissəsi tərəfindən AR Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim etmək üçün verilmiş 16 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən 10.11 2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən 10.11 2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı N nömrəli hərbi hissədən ezamiyətdən “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayonuna geri qayıtmışdır. -N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 308 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin işçisi vətəndaş İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 25 oltyabr 2020-ci il tarixdən ezamiyyədən gəlmiş hesab edilmişdir. Əsas: xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsi. -N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 375 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, xidməti zərurətlə əlaqədar ezamiyyətə gəlmiş aşağıda adları çəkilən işçilərin ezamiyyət müddəti başa çatdığı üçün 31 dekabr 2020-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayonu, 1. İddiaçı, Əsas: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayonu üzrə 568, 570, 567, 571, 572, 569, 573, 592 nömrəli arayışlar. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam şəkildə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasənamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 2-ci hissəsindən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normaların məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun və bu məlumatlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiqlənsin. Məhkəmə qanunvericiliyin göstərilən tələblərini hazırkı mübahisəyə tətbiq edərək hesab edir ki, iş materialları ilə iddiaçının mülki şəxs kimi ezam olunduğu N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğundan və iddiaçının həmin hərbi hissəyə döyüş əməliyyatlarının aparıldığı ərazilərə (Cəbrayıl Füzuli, Xocavənd rayonları istiqamətində) sürücü kimi döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam edilməsi onun hərbi biletindəki məlumatlar, N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrləri, habelə həmin hərbi hissənin N yanvar 2021-ci il tarixli, 1284 nömrəli arayışı ilə təsdiqləndiyindən cavabdehin imtinası əsaslı olmamışdır. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu və onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübuta yetirildiyindən iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunazidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar