Məhkəmə qərarları › İş №2-1(112)-1808/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1808/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1808/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı “işlə təmin olunma” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan, iddia tələbinə dəqiqləşmə verərək, onun işlə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən inzibati-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbinin dəqiqləşdirilməsinin zərurəti barədə məktub göndərilmiş, lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş, növbəti iclas xx.xx.2020-ci il tarixə təxirə alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri C.Kəngərli və N.Həsənov iddia tələbinə etiraz edərək, əlavə olaraq bildirmişdirlər ki, İddiaçı Tariyel oğlu Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə “işlə təmin edilməsinə dair” müraciətlər ünvanlamışdır. Vətəndaşın həmin müraciətləri, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ünvanlanmış 2019-cu il 14 avqust tarixli müraciəti nəzərə alınaraq, o, x xxxxxxxx 2019-cu il tarixində Xidmətdə keçiriləcək müsabiqə barədə məlumatlandırılmış və onun müsabiqədə iştirakı təmin edilmişdir. Müsabiqənin birinci mərhələsi olan test imtahanı yekunlaşdıqdan sonra İddiaçı zəruri kçid balından (keçid balı 60%) aşağı bal toplaması (nəticə 49%) müəyyən edilmiş və bu haqda ona Xidmətin x xxxxxxxx 2019-cu il tarixli H-528 (X) nömrəli məktubu ilə məlumat verilmişdir. Lakin iddiaçı öz mülahizələrinə görə mərhələdən uğurla keçdiyini, bir neçə düzgün cavabının nəzərə alınmadığını bildirmişdir. Suallara onun və İnsan resurslarının idarə edilməsi və ictimaiyyətlə əlaqədar şöbəsinin əməkdaşlarının iştirakı ilə yenidən baxış keçirilərkən test kartı üzrə 1 sualda (4-cü sual) texniki səhv olduğu müəyyənləşdirilmiş və iddiaçının cavabı düzgün cavab kimi nəzərə alınaraq müsabiqə nəticəsi 53% hesab edilmişdir. Lakin bu nəticənin də müsabiqənin ikinci mərhələsinə keçid üçün yetərli olmadığı barədə İddiaçı məlumat verilmişdir. Sualların mütəxəssislər tərəfindən hazırlandığı İddiaçı nəzərinə çatdırılaraq son nəticə ona elan olunmuşdur. Bundan sonra, şəxs bir sıra dövlət orqanlarına müsabiqə ballarının düzgün hesablanmadığı barədə ardıcıl müraciətlər etmiş, bu müraciətlər araşdırılaraq test nəticələri özünə təqdim edilməklə cavablandırılmışdır. Bundan əlavə İddiaçı xx.xx.2019-cu il tarixində Xidmətin rəhbərliyi tərəfindən qəbul edilmiş, ona test imtahanı və topladığı bal barədə bir daha izahat verilmişdir. Qəbul zamanı vətəndaş Xidmətin mövqeyi ilə razılaşdığını, əks halda müraciətlərini davam etdirəcəyini bildirmişdir. Qeyd edilənlərdə əlavə, iddiaçı iddia ərizəsinin 3-cü səhifəsində imtahandan keçdiyi 8 nömrəli testin 2-ci və 11-ci suallarının səhv olması barədə əsassız arqumetlər irəli sürür. İddiaçı 2-ci sualda yükün razılaşdırılmış və ya razılaşdırılmamış olması ilə bağlı məqamın qeyd edilməməsini əsas gətirərək, həmin sualın səhv hesab edilməklə xeyrinə hesablanmalı olduğunu qeyd edir. Halbuki, həmin sualda ümumi müddət soruşulur və düzgün cavabın verilməsi üçün razılaşma ilə bağlı məqamı aydınlaşdırmağa ehtiyac yoxdur. 11-ci sualda isə iddiaçı Şimal-Cənub dəhlizinə daxil olan ölkələrin coğrafi ardıcıllığının səhv yazıldığına əsaslansa da, sualda Şimal-Cənub dəhlizinə daxil olan ölkələr soruşulmaqla, cavabda məntiqi ardıcıllığın göstərilməsi ilə bağlı hər hansı tələbin olmaması məqamını diqqətdən qaçırmışdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndələri iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan: - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İddiaçı Tariyel oğluna ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Tariyel oğlunun müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sahə üzrə təhsili (Şirvan Dövlət Humanitar Kolleci, Yol hərəkətlərinin təşkili ixtitası) mövcudluğunu nəzərə alaraq, iddiaçı təkrarən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeli qurumlarında işə qəbulla bağlı x xxxxxxxx 2019-cu il tarixində Xidmətdə keçirilmiş müsabiqədə iştirak etmiş, lakin müsabiqənin nəticəsi tələb olunan 60 % keçid balından aşağı -49% olduğu üçün müsahibə mərhələsinə keçməmişdir. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İddiaçı Tariyel oğluna ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki,iddiaçının müraciətinə və qəbul günündə də qeyd etdiyi kimi müsabiqənin birinci mərhələsinin nəticələrinə dair ünvanına rəsmi məlumat göndərildikdən sonra bəzi sualların cavabları ilə bağlı mübahisəli məqamların olduğunu bildirmiş və aidiyyəti struktur bölmənin əməkdaşları ilə birgə suallara iddiaçının iştirakı ilə baxılmışdır. Bu zaman, test kartı üzrə 1 sualda ( 4-cü sual) texniki səhv olduğu müəyyənləşdirilmiş və cavabının düzgün olduğu nəzərə alınaraq müsabiqə nəticəsi 49 faizdən 53 faizə dəyişdirilmişdir. Müsabiqənin 2-ci mərhələsinə keçid üçün 53 faiz nəticəsinin kifayət etmədiyi barədə iddiaçı məlumatlandırılmışdır. Lakin, iddiaçı dəfələrlə Xidmətə müraciət edərək test kartı üzrə 2,6,9,11 və 12-ci sualların düzgün cavabları ilə bağlı izahatlar verilməsini tələb etmişdir. Çoxsaylı müraciətlərini nəzərə alaraq iddiaçının mübahisələndirdiyi sualların doğru cavabları və mənbələri məktuba əlavə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, ilkin yoxlama zamanı test kartı üzrə 24 və 25 –ci suallara (açıq suallar) yarımçıq və qeyri –dəqiq cavab yazmağına baxmayaraq, iki sual üzrə toplam 5 bal da müsabiqə nəticəsinə əlavə olunur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, Ə/Ü-45 saylı əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində qurumlara işə qəbul prosesinin şəffaflıq, obyektivlik və bərabərlik prinsiplərinə riayət olunmaqla həyata keçirilməsini təmin etmək məqsədilə xidmətin tabeliyindəki qurumlara işə qəbul prosesi müsabiqə əsasında həyata keçirilməsi və müsabiqənin 2 mərhələdən (test və müsahibə) ibarət olunması əmr edilmişdir. Test imtahanları üzrə 60 % uğurlu nəticə göstərən namizədin müsahibə mərhələsinə keçməsi məqsədəuyğun hesab edilmişdir. (1; 1.1 və 1.4-cü bəndlər) İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə işə götürülməsini tələb edir və bu halı onunla əsaslandırır ki, onun müsabiqə zamanı keçirilmiş test imtahan nəticələrinə düzgün qiymət verilməmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı Tariyel oğlu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, Ə/Ü-45 saylı əmri əsasında keçirilmiş müsabiqədə iştirak etmiş və test imtahanları üzrə yalnız 60 % uğurlu nəticə göstərən namizədin müsahibə mərhələsinə keçməsindən məlumatlı olmuşdur. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçının iddia ərizəsində göstərilmiş iddia tələbi, yəni iddiaçının işlə təmin olunmasına dair iddiası, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçıya məhkəmə iclaslarında, hətta məhkəmə icraatı zamanı göndərilmiş hüquqi yardım məktublarında, iddia tələbinin dəqiqləşdirilməsinə zərurət olduğunu, iddianın dəqiqləşdirilməsi istiqamətində iddiaçının imtahan nəticələrini mübahisələndirmək hüququna malik olduğu bildirilmiş, lakin iddiaçı ümumiyyətlə iddia tələbini dəqiqləşdirməmişdir. Namizədlərin işə müsahibə yolu ilə qəbulla bağlı Məhkəmə bildirir ki, bu hal “Dövlət qulluğu haqqında” Qanunun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 1-ci maddəsinə görə, bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.5-ci bəndinə əsasən, bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinin1-ci, 4-cü və 7-ci bəndlərinə əsasən, yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Şərh olunan maddə göndərici xarakter daşıyaraq, müsabiqə yolu ilə tutulan vəzifələrin dairəsini tam müəyyən etmir. Yerinə yetirilən işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün müsabiqənin elan olunması işəgötürənin mülahizəsindən aslıdır. Müsabiqə yolu ilə tutulan vəzifələrin siyahısı konkret müəssisənin (idarənin, təşkilatın) kollektiv müqaviləsi və digər lokal normativ akt ilə nəzərdə tutula bilər. Əgər keçirilmiş müsabiqənin nəticələri maraqlı işçini qane etməzsə, o, müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində cavabdehin yerləşdiyi yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. AR ƏM-in 288-ci maddəsinə əsasən, müsabiqə komissiyasının qərarının qanuni və ədalətli olub-olmamasının araşdırılması fərdi əmək mübahisəsidir və o, bilavasitə məhkəmənin səlahiyyətinə aiddir. İşə baxan məhkəmə müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə işçisinin iddiasını təmin edərək onun nəticələrinin ləğv edilməsi haqqında müvafiq qətnamə çıxarır. Bu halda məhkəmə qətnaməsində göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə hökmən yenidən keçirilməlidir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin 5.1-ci bəndinə əsasən, Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 5.5.6-cı bəndinə əsasən, Nazirliyin Aparatının işçilərini, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (rəhbərləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən qurumlar istisna olmaqla) rəhbərlərini, rəhbərlərinin müavinlərini və digər rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edilmsini, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini görülməsi Nazirin fəaliyyətinə daxildir. Göründüyü kimi, qüvvədə olan normativ hüquqi aktlara görə, namizədlərin işə qəbulu, işəgötürən öz arzusu ilə elan etdiyi müsabiqə yolu ilə həyata keçirilə bilər. Bu zaman namizədlərin müsabiqə nəticələri nəzərə alınır və işəgötürən tərəfindən elan edilən şərtlərə uyğun olub-olmadığı yoxlanılır. Müsabiqə nəticələrindən narazı qalan namizəd isə müvafiq olaraq, nəticələri mübahisələndirmək hüququna malik olur. Məhkəmə hesab edir ki, İddiaçı Tariyel oğlunun hazırki iddia tələbi İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğun olmasa da, iddiaçı müvafiq olaraq imtahan nəticələrini mübahisələndirmək hüququna malik olmuşdur. Lakin, həmin nəticələrin mübahisələndirilməsi belə hazırki məhkəmənin səlahiyyətində aid deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə dövlət qulluqçusu ilə inzibati orqan arasında yaranmış mübahisə kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə məcmu halda qiymət verərək Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı “işlə təmin olunma” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, İddiaçı Tariyel oğlu “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini rəhbər tutaraq, elektron informasiya sistemində elektron ərizəni dolduraraq, işaxtaran kimi qeydiyyata alına bilər. Bu zaman, avtomatlaşdırılmış informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında, ona elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi isə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin səlahiyyətindədir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə qarşı “işlə təmin olunma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar