Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18086/2025 03.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinə qarşı “müharibə veteranı statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildən 1995-ci ilə qədər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. Xidmət dövründə X6 Nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması məqsədilə aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu hal X6 Nazirliyinin 21 fevral 2001-ci il tarixli 10/10 nömrəli arayışında öz əksini tapmışdır. İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X9 İdarəsinə “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi üçün müraciət etmişdir. Həmin müraciətə cavab olaraq xx.xx.2025-ci il tarixində verilmiş cavab 21 sentyabr 2025-ci il tarixində ona çatdırılmışdır. Cavabda qeyd edilmişdir ki, xx.xx.2001ci il tarixli 10/10 nömrəli arayışda göstərilən məlumatlar təqdim olunmuş arxiv sənədləri əsasında təsdiqini tapmamış, habelə ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən arxiv məlumatları müəyyən edilməmişdir. Həmin dövrdə onunla birlikdə xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmiş polis əməkdaşları – X3 və X4 bu faktları təsdiq edə bilərlər. Həmçinin adı çəkilən şəxslərlə eyni əmrlə döyüş əməliyyatlarında iştirak etmişdir. X6 Nazirliyinin xx.xx.2001-ci il tarixli arayışını əsas götürərək İddiaçı Daxili İşlər Nazirliyinin X9 İdarəsinə müraciət etmiş və ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən ona əsassız olaraq imtina cavabı verilmişdir. Bu imtina nə Azərbaycan Respublikasının qanunlarına, nə də beynəlxalq hüququn prinsiplərinə uyğun gəlir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı eyni məzmunlu müraciəti üzrə əvvəllər araşdırma aparılaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar olunmadığından ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatları bölgəsinə xidməti vəzifələrin icrası üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, vətəndaş İddiaçı əvvəllər də eyni məzmunlu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-4392/2023 nömrəli Qərarı ilə iddia təmin edilməmiş və sözügedən qərar qanuni qüvvəyə minmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
10. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4392/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə eyni tərəflər (hazırkı cavabdehlə tabeçilik əlaqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) arasında eyni predmetlə bağlı iddia tələbinə məhkəmə tərəfindən baxılaraq iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmişdir.
11. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə qüvvəyə minmiş yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İddia mümkün sayılmadığından üçüncü şəxsin cəlb edilməsi məsələsinə zərurət qalmadı.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva