Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1809/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı» adı və vəsiqəsi verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı il təvəllüdlü olmaqla 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun müalicə-profilaktika fakültəsini bitirmişdir. İnstitutda oxuduğu dövrdə hərbi hazırlıq kursu keçdiyindən ona ehtiyatda olan "leytenant" hərbi rütbəsi verilmişdir. Bununla belə ali təhsilini başa vurduqdan sonra həkim kimi əmək fəaliyyəti ilə məşğul olmaq üçün Zaqatala rayonuna göndərilmişdir. Erməni işğalçılarının hücumu nəticəsində həkim personalına ehtiyac yarandığından, 1993-cü ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrinə əsasən 11 iyul 1993-cü ildən Goran poliqonunda yerləşən N saylı hərbi hissənin tank taburunda tibb xidməti rəisi vəzifəsində xidmətə başlamışdır. Xidmət etdiyi tank taboru 1993-cü ilin oktyabr ayında Füzuli rayonundakı döyüş bölgəsində dislokasiya olunmuş Müdafiə nazirliyinin N saylı döyüşən hərbi hissəsinin tərkibinə verilmişdir. Tank taboru N saylı hərbi hissənin tərkibinə verildikdən sonra döyüş əməliyyatlarında iştirak etmiş və tibb xidməti rəisi kimi döyüşlərin tibbi təminatını yerinə yetirmişdir. Ermənilərlə atəşkəs imzalandıqdan sonra xx.xx.1995-ci ildə Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Döyüş bölgələrində döyüşən hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparıldığı vaxtlar üzərinə düşən vəzifələri yerinə yetirsə də, bu günə qədər "Müharibə veteranı" adına layiq görülməmişdir. Bu barədə sonuncu dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə etdiyi müraciətə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinaya səbəb kimi guya onun hərbi xidmətinin əmrlərlə tam təsdiqlənmədiyi göstərilir. Xidmətinin hansı hissədə təsdiqləndiyini isə verilmiş cavabdan müəyyən etmək olmur. İddiaçı hesab edir ki, verilmiş cavab müraciətlərə baxılması qaydalarının tələblərinə zidd olmaqla yanaşı, hüquqlarının pozulmasına yönəlik cavabdır. İddiaçı qeyd edir ki, iddia ərizəsinə əlavə etdiyi sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də təqdim etmiş, lakin, Müdafiə Nazirliyi 2023-cü ilin tək arxiv arayışı ilə kifayətlənmiş, xidmət dövrlərini əks etdirən, özünün əvvəllər verdiyi hüquqverici sənədlərə münasibət bildirməmiş, verilmiş cavab tam və obyektiv əsaslandırılmamışdır. İddiaçı hesab edir ki, ona münasibətdə Müdafiə Nazirliyi qeyri-obyektiv olmuş, müraciətinə baxılmasına səhlənkar yanaşmış, nəticədə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə istinad edilərək bildirilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1709 nömrəli arxiv məktubundan göründüyü kimi, iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir...İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbin təmin edilməsi barədə qərar edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmiş, aidiyyət qaydalarına uyğun təqdim edilmiş, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Odur ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya verilmiş 06 iyun 2023-cü il tarixli, 4/3-5285 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü i tarixli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən 16N nömrəli və N nömrəli hərbi hissələrdə hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi imtan edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü il, noyabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və 1993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin təsdiq etdiyi N nömrəli hərbi hissə tərəfindən iddiaçıya verilmiş xx.xx.1993-cü il tarixli 145 nömrəli arayışın surətindən görünür ki, arayış leytenant İddiaçı ondan ötəri verilmişdir ki, o həqiqətən 15 iyul 1993-cü il tarixindən N nömrəli hərbi hissənin tank taborunda müddətsiz hərbi toplanışdadır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar İdarəsi tərəfindən verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, ehtiyatda olan tibbi xidmət leytenantı İddiaçı xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissədə hərbi xidmət keçmək üçün təminata götürülmüş və tibb xidmətinin rəisi təyin olunmuşdur. Əsas: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisinin əmri. -İddiaçıya məxsus ГЗ 049011 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissənin, 021N nömrəli Əmrinə əsasən tank taborunda tibb xidməti rəisi kimi xidmət keçmişdir. Əsas: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisinin xx.xx.1993-cü il tarixli, 0215 nömrəli əmri. xx.xx.1996-cı il tarixdə Əzizbəyov RHK-da uçota götürülmüşdür. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü ehtiyatda olan tibb xidməti leytenantı İddiaçı həqqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Silahlı qüvvələrində “zabit” qismində ximət keçmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 18-ci maddənin “ğ” bəndinə əsasən (ailə vəziyyətinə görə) xidmətdən ehtiyata tərxis olunub. Müvafiq sorğu ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən yuxarıda qeyd olunan arayışın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən təsdiq edilmiş Əzizbəyov rayon Hərbi Komissarlığının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 26/2- 3705 nömrəli məktubda aşağıdakılar göstərilmişdir: “Bildiririk ki, Füzuli rayonunun Mahmudlu döyüş bölgəsinə gəlmiş leytenant İddiaçı N saylı hərbi hissə komandirinin N oktyabr 1993-cü il tarixli İİİ №li əmrilə hissəyə qəbul edilmiş və adı 02 noyabr 1993-cü il tarixli 144 №-li əmrində şəxsi heyətin siyahısında qeyd edilmişdir.” -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 01416 nömrəli şəxsi heyət üzrə Əmrinin təsdiq olunmuş surətindən görünür ki, tibb xidməti leytenantı İddiaçı 16N nömrəli hərbi hissə ləğv olunması ilə əlaqədar “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 18-ci maddənin “ğ” bəndinə əsasən (ailə vəziyyətinə görə) həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. -Məhkəmənin sorğusuna cavab olaraq AR Müdafiə Nazirliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli məktubda bildirilmişdir ki, N №li hərbi hissə komandirinin iyul-oktyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin 1993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, N №li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №li hərbi hissənin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. -Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 fevral 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normaların məzmunundan aydın olur ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Məhkəmə qanunvericiliyin göstərilən tələblərini hazırkı mübahisəyə tətbiq edərək və cavabdehin iddiaçının hərbi xidmətinin və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatların olmaması barədə imtina dəlilləri ilə razılaşmayaraq hesab edir ki, sadalanan iş materialları ilə iddiaçının həm hərbi biletindəki qeydlərlə, həm də hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır. Belə ki, AR Müdafiə Nazirliyinin Kadrlar idarəsinin arayışından göründüyü kimi, ehtiyatda olan tibbi xidmət leytenantı İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisinin əmri üzrə xx.xx.1993-cü il tarixdə əvvəlcə N nömrəli hərbi hissədə hərbi xidmət keçmək üçün təminata götürülərək tibb xidmətinin rəisi təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli arayışdan göründüyü kimi, sonradan Füzuli rayonunun Mahmudlu döyüş bölgəsindəki N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə həmin hərbi hissəyə qəbul edilərək adı xx.xx.1993-cü il tarixli 14N nömrəli əmrdə şəxsi heyət siyahısında qeyd edilmiş, beləliklə də, döyüş əməliyyatları aparan həmin hərbi hissənin tərkibində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 01416 nömrəli şəxsi heyət üzrə əmri ilə 16N nömrəli hərbi hissənin ləğv olunması ilə əlaqədar ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göstərilənlərə əsasən, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübuta yetirildiyindən iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunazidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1809/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1809/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver