Məhkəmə qərarları › İş №2-1(112)-18094/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18094/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18094/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “iddiaçının ev şəraitində 6-cı sinifdə (rus bölməsində) təhsil alması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş təhsil almaq hüququnun təmin edilməsi və ev şəraitində 6cı sinifdə (rus bölməsində) təhsil alması öhdəliyinin cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il təvəllüdlü İddiaçı uzun illərdi ki, "serebral iflic" xəstəliyindən əziyyət çəkir (hər iki ayağı və sol əli işləmir, yeriyə və normal otura bilmir). İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ikinci dərəcəli əlillik verilmişdir. 2023-cü ildən isə müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Aydın olduğu kimi İddiaçı səhhəti ilə bağlı Bakı şəhəri 219 saylı evdə təhsil tam orta məktəbində (rus bölməsində) təhsil almışdır. 2025-ci ilin avqust ayının iddiaçının anası Ülviyyə Rəsulova tərəfindən Bakı şəhəri 219 saylı evdə təhsil tam orta məktəbinə zəng olunaraq, həmin məktəbin bağlanması ilə əlaqədar olaraq övladına yaşadığı ərazi üzrə hansı məktəbdən müəllim ayrılacağı barədə soruşulan zaman İddiaçı yaşayış yeri üzrə arayış və əlillik barədə arayışın növbəti dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı Psixoloji-Tibbi- Pedoqoji Komissiyasına təqdim etməli olduğu bildirilmişdir. İddiaçı yaşayış yeri üzrə arayışı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müddətsiz ikinci dərəcəli əlillik verilməsinə dair sənədi 2 saylı Psixoloji-Tibbi-Pedoqoji Komissiyasına təqdim etmişdir. Komissiyanın əməkdaşı sənədləri aldıqdan sonra İddiaçı yenidən Komissiyanm müayinəsindən keçməli olduğunu bildirmişdir. Lakin iddiaçının daha öncədən müayinədən keçdiyi, artıq 6-cı sinifdə təhsil almalı olduğu və səhhətində heç bir dəyişiklik olmadığı, 2023-cü ildən isə "serebral iflic" diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik verildiyi bildirmişdir. Həmin əməkdaş iddiaçının təhsil almasına icazə verməyəcəyini bildirmişdir. Nəticədə səhhətində heç bir müsbət dəyişiklik olmadığı, habelə 2023-cü ildən müddətsiz 2 dərəcəli əlillik verildiyi və 2025-2026 təhsil ili başladığı halda İddiaçı bu günə kimi cavabdeh tərəfindən müvafiq məktəb və müəllimlərlə təmin olunmamışdır. Nəticədə artıq oktyabr ayı olmasına baxmayaraq İddiaçı ev şəraitində təhsil alması bu günə kimi təmin olunmamışdır. Bununla bağlı xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli eyni məzmunlu məktublarla AR Elm və Təhsil Nazirliyinə müraciət olunaraq "serebral iflic" xəstəliyindən əziyyət çəkən və 2023-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müddətsiz 2 dərəcəli əlillik verilmiş 2012-ci il təvəllüdlü İddiaçı ev şəraitində 6-cı sinifdə (rus bölməsində) təhsil almasının təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-29-69/2- R-5955-4/2025 nömrəli cavab məktubu (məktub xx.xx.2025-ci il tarixdə poçt xidməti tərəfindən təqdim olunmuşdur) ilə ərizənin təmin olunmasından imtina olunmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası barədə təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2 nömrəli psixoloji-tibbi-pedaqoji komissiyadan alınan məlumata əsasən bildiririk ki, valideyn Qanuni nümayəndə müvafiq sənədləri komissiyaya təqdim etsə də, övladı İddiaçı psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsinə aparmamışdır. 219 nömrəli evdə təhsil məktəbinin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq digər məktəbə yeni qərarın verilməsi üçün adı qeyd olunan məktəbin şagirdlərinin valideynləri müvafiq sənədlərlə və şagirdin özü ilə birgə yenidən ərazi üzrə fəaliyyət göstərən psixolojitibbi-pedaqoji komissiyaya yaxınlaşmalıdırlar. Şagird İddiaçı ərazi üzrə fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən müayinə olunduqdan sonra, müayinə nəticəsi və yaşayış yeri nəzərə alınaraq şagird barəsində müvafiq qərar veriləcəkdir. İddiaçının qanuni nümayəndəsi (atası) ərizə ilə (Elektron Məhkəmə informasiya sistemi vasitəsilə) məhkəməyə müraciət edərək övladı xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş təhsil almaq hüququnun təmin edilməsi və onun ev şəraitində 6- cı sinifdə (rus bölməsində) təhsil alması öhdəliyinin cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizənin araşdırılmasına zərurət qalmadığına görə iddia ərizənin baxılmamış saxlanmasını və 2-1(112)-18094/2025 saylı inzibati mübahisəyə dair işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar