Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-181/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxslər X13 və X16) “iddiaçının övladlığa götürmək istəyən şəxs qismində uçotun bərpa edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçının övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə X13 və X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər.
3. Məhkəmənin qərardadı ilə iddiaçı ərizəsinə əsasən iddia tələbi “cavabdehin uçotdan imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi və uçotun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 14 may 2022-ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuş və ailə qurmuşlar. Hazırda onlar Aysel Adıgözəlovanın əvvəlki nikahdan olan övladı X11 ilə birgə yaşayırlar. Uşaq (Süleyman İbrahimli) iddiaçını atası kimi qəbul edir. İddiaçı uşağı övladlığa götürmək məqsədilə xx.xx.2022-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada uçota alınmaq üçün rəsmi ərizə ilə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Onun müraciəti qeydə alınmış və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsinə keçmişdir. Nazirliyin Sosial Xidmətlər Agentliyinin təklifi əsasında 2022-ci ilin dekabr ayının əvvəllərində iddiaçı və arvadı Aysel Adıgözəlova Bakı şəhəri Yasamal RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyaslna müraciət edərək, övladlığa götürülən uşağın atasının uzun illər ondan ayrı yaşaması, ona qayğı göstərməməsi, valideyn kimi vəzifələrini yerinə yetirməməsi ilə bağlı halları təsdiq edəcək rəsmi sənədin verilməsini xahiş etmişlər. RİH bununla bağlı müvafiq araşdırma apararaq, sonra cavab məktubu vermiş və iddiaçı tərəfindən həmin məktub rəsmi qaydada cavabdehə təqdim olunmuşdur. Cavabdeh sözügedən məktubu qəbul etmiş, 23 yanvar 2023-cü il tarixdə “online” qaydada şəxsi kabineti vasitəsilə iddiaçıya münasibətdə uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn– namizəd(lər)in müraciətindən imtina etmişdir. İddiaçı bununla əlaqədar Nazirliyin Sosial Xidmətlər Agentliyində qəbulda olmuş və imtinanın səbəbi ilə maraqlanmışdır. Ona şifahi şəkildə bildirilmişdir ki, övladlığa götürmə üçün uşağın bioloji atasının razılığı alınmalıdır. İddiaçı bu mövqe ilə razılaşmamış və şikayət etmişdir. Belə ki, müvafiq qanunvericilik müəyyən hallarda uşağın valideyninin, o cümlədən atasının razılığı olmadan da övladlığa götürməyə imkan verir. İddiaçı cavabdeh inzibati orqanın qanunsuz və əsassız imtinası ilə bağlı həmin orqanın özünə və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə şikayətlər ünvanlamışdır. Beləliklə, cavabdeh onun (iddiaçının) müraciətinə uyğun olaraq qanunla üzərinə düşən– övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi vəzifələrini yerinə yetirməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 123.2-ci maddəsi 6 aydan artıq uşağından ayrı yaşayan valideyinin razılığı olmadan da övladlığa götürməyə imkan verir. Hansı ki, iddiaçı bununla bağlı cavabdehə mötəbər sübut təqdim etmiş, lakin cavabdeh həmin sənədi şübhə altına almışdır. Göstərilənlərə və Ailə Məcəlləsinin 118, 123-cü maddələrinə əsaslanaraq, iddiaçının övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa ötürmənin uşağın mənafetinə uyğunluğuna dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
5. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 24 may 2023-cü il tarixli məktubunda bildirilir ki, iddaçı İddiaçı iddiası əsassızdır və təmin edilə bilməz. İddiaçı nikahda olduğu X5 birinci nikahdan olan övladı 25 iyul 2016-cı il təvəllüdlü X6 övladlığa götürmək üçün 30 noyabr 2022-ci il tarixdə Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə müraciət etmişdir. 1 dekabr 2022-ci il tarixdə vətəndaşın müraciətinə Süleyman İbrahimlinin bioloji atasının övladlığa götürmə ilə bağlı razılığı olmadığından, Nazirlik tərəfindən imtina verilmişdir. Ailə Məcəlləsinin 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. İddiaçı Ailə Məcəlləsinin 123.2-ci maddəsinə istinad edərək Süleyman İbrahimlinin bioloji atasının razılığı olmadan da övladlığa götürmənin icra edilə bilməsi mümkünlüyünü iddia etmişdir. Yasamal RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına sorğu verərək övladlığa götürmək istədikləri uşağın atasının ondan ayrı yaşaması, ona qayğı göstərməməsi ilə bağlı halları təsdiq edəcək sənəd təqdim etməyi xahiş etmişdir. Yasamal RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Nazirliyə ünvanlanan 27 dekabr 2022-ci il tarixli Ə-334- 099 nömrəli məktubda uşağın atasının ölkə hüdudlarını tərk etməsi səbəbindən uşağa qayğı göstərə bilmədiyi barədə məlumat verilmişdir. Hesab olunur ki, Ailə Məcəlləsinin 123.2-ci maddəsi nikah münasibətlərinin pozulmasından sonra uşağın ögey ata tərəfindən övladlığa götürülməsi hallarına deyil, məhz müəssisədə olan uşaqların valideynlərinin razılığı olmadan övladlığa götürülməsi hallarına şamil edilir. Belə ki, Ailə Məcəlləsinin 123.2-ci maddəsinə əsasən valideynlərin razılığı olmadan uşağın övladlığa götürülməsinin əsas şərtləri aşağıdakılardır: 1) valideynlərin 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamaması; 2) qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırması, uşağa valideynlik diqqəti və qayğısı göstərməməsi. Maddənin birinci şərtində “valideyn” sözü cəm şəklində verilməklə, hər iki valideynə münasibətdə şamil olunur. İddiaçı müraciət etdiyi övladlığa götürmə halında isə övladlığa götürülən uşaq Süleyman İbrahimli faktiki olaraq bioloji anasının himayəsindədir. Ailə Məcəlləsinin 123.2-ci maddəsində qeyd olunan ikinci şərtlə bağlı qeyd olunur ki, burada söhbət qəyyumluq və himayə orqanlarının məhz valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərinə münasibətdə xəbərdarlıq etməsindən getdiyinə görə, Süleyman İbrahimlinin övladlığa götürülməsi ilə bağlı hala şamil edilə bilməz. Belə ki, «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Qanunun 1-ci maddəsində “valideyn himayəsindən məhrum olmuş uşağ”ın anlayışı verilmişdir və həmin maddədə hər iki valideyninin faktiki himayəsindən məhrum olmuş uşaqdan söhbət gedir. İddiaçının müraciətində isə, övladlığa götürülməsi nəzərdə tutulan uşaq Süleyman İbrahimli nikah münasibətləri pozulduğuna görə bioloji anasının himayəsindədir və valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilə bilməz. Ailə Məcəlləsinin 123.2-ci maddəsində qeyd olunan ikinci şərtin məhz valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərinə münasibətdə şamil olunması ilə bağlı Nazirliyin arqumenti ondan ibarətdir ki, Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu maddədə qeyd olunan hallarda (valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda) valideyn himayəsindən məhrum olmuş uşaqların hüquq və mənafelərinin müdafiəsini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2020-ci il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi»nin 3.1.11-ci bəndinə əsasən uşaq evlərinin vəzifələrindən biri uşaqların övladlığa, bu Nümunəvi Nizamnamənin 1.13-cü bəndi nəzərə alınmaqla himayəyə və qəyyumluğa verilməsi üçün müvafiq olaraq Nazirlik (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), habelə qəyyumluq və himayə orqanları ilə əməkdaşlıq etməkdir. Bu maddədə qeyd olunan əməkdaşlıq məhz valideynləri tərəfindən ziyarət olunmayan, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, valideyin diqqət və qayğısından kənar qalan uşaqların övladlığa verilə bilməsi üçün bu barədə Nazirliyə və qəyyumluq və himayə orqanlarına məlumat verməkdən ibarətdir. Uşaq evləri, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün digər sosial xidmət müəssisələri orada məskunlaşan uşaqların valideynləri tərəfindən ziyarət olunubolunmaması, uşaqlara diqqət və qayğı göstərib-göstərməməsi barədə məlumata malik olduğundan qəyyumluq və himayə orqanları da məhz onların məlumatları əsasında Ailə Məcəlləsinin 123.2-ci maddəsinə əsasən uşaqların valideynlərinə xəbərdarlıq edə və buna uyğun olaraq da, 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamayan, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçıran, uşağa valideynlik diqqəti və qayğısı göstərməyən valideynlər haqqında əsaslandırıcı məktub təqdim edə bilər. Lakin Ailə Məcəlləsinin 123.2ci maddəsi ögey ata tərəfindən övladlığa götürmə hallarına şamil edilmədiyindən və bununla bağlı qəyyumluq və himayə orqanlarının xəbərdarlıq mexanizmi olmadığından, Yasamal RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Nazirliyə ünvanlanan 27 dekabr 2022-ci il tarixli Ə-334 099 nömrəli məktubda övladlığa götürülən uşaq Süleyman İbrahimlinin bioloji atasına xəbərdarlıq edilməsi, bu xəbərdarlığa baxmayaraq bioloji atanın uşağa diqqət və qayğı göstərməməsi barədə əsaslandırıcı məlumat təqdim edilə bilməmişdir. Hesab olunur ki, bioloji valideynlərdən birinin razılığı olmayan hallarda ögey ata (ana) tərəfindən uşağın övladlığa götürülməsi ilə bağlı məsələlər məhz Ailə Məcəlləsinin 64, 66 və 123.1-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüququndan məhrumetmənin əsasları verilmişdir. Belə ki, həmin maddəyə əsasən valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrində götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Ailə Məcəlləsinin 66.6-cı maddəsinə əsasən uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçdikdən sonra övladlığa götürülə bilər. Eyni zamanda, Ailə Məcəlləsinin 123.1-ci maddəsinə əsasən valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Bu da onu deməyə əsas verir ki, bir valideyninin himayəsində olan uşağın ögey atası (anası) tərəfindən övladlığa götürülməsi üçün ya uşağın digər valideyninin razılığı zəruridir, ya da Ailə Məcəlləsinin 123.1-ci maddəsində nəzərdə tutulduğu qaydada razılıq tələb olunmur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 5 oktyabr 2012-ci il tarixli qərarına əsasən övladlığa götürmə institutunun əsas məqsədi övladlığa götürülən uşağın normal fiziki və mənəvi inkişafını təmin etməkdir. Övladlığa götürmə zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə övladlığa götürməyə yalnız uşağın mənafeyi naminə yol verilir. Övladlığa götürmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli fiziki, psixi və mənəvi inkişafı üçün zəruri şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Ailə Məcəlləsinin 134.2-ci maddəsinə görə övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. Qeyd olunan normalardan göründüyü kimi, övladlığa götürmə övladlığa götürülənlə valideynləri və onların qohumları arasında hüquq münasibətlərinin ləğvinə səbəb olur, övladlığa götürülən uşaqlar və onların valideynləri və qohumları bütün şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrindən azad olunurlar. «Uşaqların övladlığa götürülməsi haqqında» avropa Konvensiyasının 10-cu maddəsinə əsasən övladlığa götürmə övladlığa götürülənə onu övladlığa götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir və bu hüquqlar və vəzifələr əmələ gəldiyi andan övladlığa götürülənlə onun anası və ya atası arasında, yaxud istənilən digər şəxs və ya təsisat arasında analoji hüquqlara və vəzifələrə xitam verilir. Ali Məhkəmənin Plenumunun «Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 29 oktyabr 2009-cu il tarixli 1 saylı qərarının 24-cü maddəsinə əsasən övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər. Nazirlik övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verərkən uşağın mənafeyini və hər bir halda onun ümdə maraqlarını rəhbər tutur. Sözügedən müddəaları və uşağın üstün mənafeyi prinsipi rəhbər tutularaq, atanın ölkə hüdudlarından kənarda olmasının və uşağın tərbiyəsində iştirak etməməsinin səbəbləri məlum olmadığından, onun razılığı və xəbəri olmadan uşağının övladlığa verilməsi, uşaqla bioloji atası arasında valideyn-uşaq hüquq və vəzifələrinə xitam verilməsi və bu cür övladlığa götürmə hallarında Ailə Məcəlləsinin 123.2-ci maddəsinə istinad edilməsi yuxarıda qeyd olunan səbəblərə görə məqsədəuyğun hesab edilmir. BMT-nin «Uşaq hüquqları haqqında» 1989-cu il 20 noyabr tarixli Konvensiyasının 21-ci maddəsinə əsasən övladlığa götürmə sistemini qəbul edən və ya onun mövcudluğuna icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk növbədə nəzərə alınmasını təmin edirlər. Habelə onlar təmin edirlər ki, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar icazə versinlər. Bu orqanlar tətbiq edilən qanuna və prosedurlara uyğun olaraq və işə aid bütün səhih məlumat əsasında uşağın valideynlər, qohumlar və qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürülməsinin mümkünlüyünü və əgər tələb olunarsa, əlaqədar şəxslərin zəruri ola biləcək məsləhətləşmə əsasında uşağı övladlığa götürməyə öz şüurlu razılığını verməsini müəyyən edirlər. Yuxarıda qeyd olunanları rəhbər tutaraq, övladlığa götürmə uşağın mənafeyinə və qanunun tələblərinə uyğun olmadığından Nazirlik tərəfindən iddiaçının övladlığa götürmə ilə bağlı müraciətinə imtina verilmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın rədd edilməsinə dair qərar çıxarılması xahiş olunur.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6944/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla övladlığa ötürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 1613/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6944/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
8. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 5-21/2-2006/2024 nömrəli məktubuna əlavə edilmiş AZ-İİİ seriyalı 826549 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X11 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. X4 anası X1 qeyd edilmişdir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş AZ-İ seriyalı 341258 nömrəli nikahın pozulması haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X16 və X13 arasında olan nikah ləğv edilmişdir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş AZ-İİ seriyalı 493608 nömrəli nikah haqqında şəhadətnamənin surətindən qeyd edilmişdir ki, İddiaçı ilə X13 arasında olan nikah xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Həmin məktuba qoşma olaraq əlavə edilmiş İddiaçı Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlamış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Əhmədov X10 rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün övladlığa götürülən Süleyman İbrahimlinin atası Nicat İbrahimlinin 4 ildən artıq müddətə bir yerdə yaşamamaları, habelə onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən uzun müddət boyun qaçırması, uşağa valideynlik diqqəti və qayğısı göstərməməsi barədə arayış verilməsini xahiş etmişdir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş Yasamal rayon məhkəməsinin 2(004)- 233/2023 nömrəli mülki işi ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-233/2023 nömrəli mülki işi ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında iddiaçı X7 cavabdeh X8 qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi araşdırılmışdır. Məhkəmədən daxil olmuş mülki işin içərisində olan materiallardan göründüyü kimi iddiaçının övladı X16 ilə cavabdeh arasında rəsmi nikah 09 sentyabr 2015ci il tarixdə bağlanmış, onların birgə nikahlarından övladları 25 iyul 2016-cı il təvəllüdlü X11 dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən 27 sentyabr 2019-cu il tarixdə valideynlərin nikahı pozulmuş, azyaşlı ananın yanında saxlanılmışdır. İddiaçının komissiyanın iclasına gələrək bildirdiklərinə görə oğlu Nicat 2015-ci ildə cavabdehlə ailə qurmuş, o, vaxtilə dövlət yol polisi inspektoru vəzifəsində xidmət etmiş, 2018-ci ilin aprel ayında daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, həmin ilin may ayında ölkə hüdudlarını tərk edərək daimi yaşamaq üçün xaricə getmiş, hazırda Hollandiyada yaşayır, Azərbaycan Respublikasına hazırda yeganə açıq olan hava yolu ilə gəlməsinə səhhəti imkan vermir, 2019-cu ilin sentyabr ayında onun cavabdehlə nikahı pozulmuş, birgə nikahdan doğulmuş övladı Süleyman məhkəmə tərəfindən ananın yanında saxlanılmışdır. İddiaçının sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq, keçmiş gəlini və onun yaxın qohumları qərəzli mövqe tutaraq baba və nənənin nəvə ilə ünsiyyətinə mane olurlar, şərait yaratmırlar, sonuncu dəfə uşağı ötən ilin sentyabr ayının 15-də, tədris ilinin başlanması ilə əlaqədar məktəbdə keçirilən tədbirdə qısa müddət ərzində görmüşlər, nəvələri onları tanımışdır, bu ünsiyyət istisna olmaqla, artıq 4 ildir uşağı görə bilmirlər, onun baba kimi özünə bağlılığının olmamasına dair psixoloji ekspertizanın rəyi ilə razı deyil, azyaşlının təlim-tərbiyəsində, fiziki və mənəvi inkişafında yaxından iştirak etmək, məhkəmə qətnaməsi əsasında onunla mütəmadi və sistemli ünsiyyətə nail olmaq istəyir. Cavabdehin komissiyanın iclasına gələrək bildirdiklərinə görə Azərbaycan Britaniya Kollecində həkim işləyir, keçmiş əri Nicatla nikahdan 1 oğlan övladı vardır, uşağın atası hələ nikahları pozulmamışdan əvvəl, 2018-ci ilin may ayında respublika hüdudlarını tərk etmiş, həmin vaxtdan ölkəyə gəlməmiş, 4 ildən çoxdur Azərbaycan Respublikasında olmadığı üçün azyaşlının tərbiyəsində iştirak etməmiş, uşağa valideynlik diqqəti və qayğısı göstərməmiş, onun aliment borcu yaranmışdır. Cavabdehin sözlərinə görə, keçmiş əri vaxtilə bir sıra qanunsuz hərəkətlərə yol verdiyi üçün ölkəyə qayıtmaq istəmir, onun səhhəti ilə bağlı heç bir problemi yoxdur, valideynləri də uzun müddət nəvələri ilə maraqlanmamışlar, yalnız 2022-ci ilin may ayında özü ikinci dəfə nikaha daxil olaraq Həmid adlı şəxslə yenidən ailə qurduqdan sonra qarşı tərəf uşaqla ünsiyyətlə bağlı tələblər irəli sürmüş, ötən ilin sentyabr ayının 15-də keçmiş ərinin valideynləri nəvələri ilə görüşmək üçün onun təhsil alacağı məktəbə gələrkən azyaşlı onları tanımamış, yad insan bildiyi bu şəxslərin kobud davranışları uşaqda psixoloji gərginlik yaratmış, hadisədən sonra oğlunda onlara qarşı qorxu hissi formalaşmışdır. Cavabdeh oğlunu övladlığa götürmək üçün hazırki ərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra orqanına müraciət etdiyini, uşağın onu öz doğma atası bildiyini, məhkəmə tərəfindən təyin olunmuş psixoloji ekspertizanın rəyinə əsasən övladının keçmiş qayınatası ilə bağlılığının müəyyən edilmədiyini, gələcəkdə uşağın psixoloji durumuna mənfi təsir göstərə biləcək amillərin qarşısını almaq məqsədilə iddiaçının azyaşlı ilə ünsiyyət qurmasını istəmədiyini vurğuladı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 may 2023-cü il tarixli, 11/125 saylı rəyinə əsasən 25 iyul 2016-cı il təvəllüdlü X11 artıq neçə müddətdir ki, anası X13 və atalığı İddiaçı himayəsində yaşamaqla mövcud həyat tərzinə adaptasiya olunmuş, onun təsəvvür və qavrayışında X14 “baba” obrazı kimi formalaşmamış, uşaqda ona qarşı “yadlaşma fenomeni”nin psixoloji təzahürləri müəyyən olunur. 25 iyul 2016-cı il təvəllüdlü X2 hazırda babası X9 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmur. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası gələcəkdə uşağın psixoloji durumu və mənafeləri naminə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 may 2023-cü il tarixli, 11/125 saylı rəyini, uşağın atalığı İddiaçı onu övladlığa götürmək üçün müvafiq icra orqanına müraciət etdiyini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçı X7 nəvəsi 25 iyul 2016-cı il təvəllüdlü X11 ilə ünsiyyətini mövcud vəziyyətdə məqsədəuyğun hesab etmir.
9. İşdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən övladlığa götürülmə barədə 22400031 nömrəli elektron cavab müraciətində qeyd edilmişdir ki, iddiaçıya övladlığa götürülmə barədə uçotdan imtina edilmişdir.
10. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının müavinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubunda bildirilmişdir ki, Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Hımayəçilik Komissiyasına vətəndaş İddiaçı müraciət edərək 14 05.2022-cı il tarixdən rəsmi nikahda olduğu arvadı X5 birinci nikahdan doğulan övladı xx.xx.2016-cı il təvəllüdlü X6 övladlığa götürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra orqanında uçota alındığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 123.2-ci maddəsinə əsasən “Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.” Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Hımayəçilik Komissiyası tərəfindən müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il təvəllüdlü X2 X4 2018-ci ilin may ayından respublika hüdudlarını tərk etmiş, həmin vaxtdan ölkəyə gəlməmiş, hazırda Hollandiyada yaşayır, 4 ildən çoxdur Azərbaycan Respublikasında olmadığı üçün azyaşlının tərbiyəsində iştirak etməmiş, uşağa valideynlik diqqəti və qayğısı göstərməmiş, aliment borcu yaranmışdır. Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 123.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 atasının razılığı olmadan övladlığa verilməsini azyaşlının üstün mənafeləri baxımından məqsədəuyğun hesab edir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. İddia tələbi cavabdehin uçotdan imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi və uçotun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 2022-ci ilin may ayında X13 ilə nikaha daxil olmuşdur. X13 əvvəllər X16 ilə nikahda olmuş və bu nikahdan onların 2016-cı il təvəllüdlü X17 adlı uşağı doğulmuşdur. Hazırda iddiaçı arvadı ilə birgə razılığa əsasən həmin uşağı (X6) övladlığa götürmək arzusundadırlar. Uşağın X4 bir neçə il bundan əvvəl ölkə hüdudlarından kənara getdiyindən və ölkəyə qayıtmadığından (onunla uşağın hər hansı formada əlaqəsi kəsilmişdir), onun bu məsələyə münasibəti müəyyənləşdirilməmişdir. İddiaçı özünün övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa ötürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsinə dair rəy verilməsi ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh uşağın atasının müvafiq razılığının olmamasını əsas gətirərək, məsələnin həllindən imtina etmişdir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. 117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. 117.3. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119cu maddəsinə uyğun olaraq həyata keçirilir. 119.1. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 119.4. Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur. 122.1. Valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. 123.1. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. 123.2. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.
19. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»nin: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır: 3.1.57-2. övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək; 3.1.57-4. övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
20. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi uşağın övladlığa götürülməsi üzrə icraat bir neçə mərhələdən ibarətdir. Uşağı övladlığa götürmək istəyən şəxsin müvafiq orqan (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən uçota götürülməsi və həmin qurumun övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verməsi, övladlığa götürmək istəyən şəxsin məhkəməyə təqdim etdiyi ərizəyə baxılmasının nəticələri (ərizənin təmin və ya rədd edilməsi barədə qətnamə çıxarılması).
21. Azərbaycan Respublikası Prezidentinin 946 nömrəli 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası»nın: 1.2 Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideyn-namizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideynnamizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, övladlığagötürmədən sonrakı monitorinqlərin aparılması, eləcə də övladlığagötürmənin ləğvinin tələb edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.12 Valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq altsistemə daxil edildiyi andan valideyn-namizəd uçota alınır. 2.16 Bu Qaydanın 2.12-ci bəndində nəzərdə tutulan notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn namizəd övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır.
22. Məhkəmə qeyd edir ki, valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə “e-sosial” internet portalında qeydiyyatdan keçməklə yaratdığı öz şəxsi kabineti vasitəsilə altsistemə daxil edildiyi andan valideyn-namizəd uçota alınır. Cavabdeh inzibati orqan iddiaçının uşağı övladlığa götürmək istəyən şəxs qismində uçota alınmasından imtinasını uşağın bioloji atasının razılığının olmaması ilə əsaslandırmışdır.
23. Məhkəmə hesab edir ki, iddiaçının uşağı övladlığa götürmək istəyən şəxs qismində uçota alınmasından imtina olunması əsaslı sayıla bilməz. Belə ki, Ailə Məcəlləsinin 123.2-ci maddəsinə əsasən valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. İddiaçının övladlığa götürmək istədiyi uşağın X4nun 6 aydan artıq uşaqla birlikdə yaşamaması, hər hansı formada əlaqə saxlamadan ölkə hüdudlarından kənarda olması valideynlik diqqəti və qayğısı göstərməməsi kimi qiymətləndirilməlidir və bu səbəbdən də X15 müvafiq razılığının alınmasına zərurət aradan qalxmış olur.
24. Bununla yanaşı qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubunda bildirilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X2 X4 2018ci ilin may ayından respublika hüdudlarını tərk etmiş, həmin vaxtdan ölkəyə gəlməmiş, hazırda Hollandiyada yaşayır, 4 ildən çoxdur ki, Azərbaycan Respublikasında olmadığı üçün azyaşlının tərbiyəsində iştirak etməmiş, uşağa valideynlik diqqəti və qayğısı göstərməmiş, aliment borcu yaranmışdır. Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 123.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.2016cı il təvəllüdlü X3 atasının razılığı olmadan övladlığa verilməsini azyaşlının üstün mənafeləri baxımından məqsədəuyğun hesab edir.
25. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi uşağın bioloji atasının razılığının alınmaması valideyn-namizədin uçota alınma məsələsindən imtina edilməsi üçün əsas deyil. Belə ki, uşağın bioloji atasının razılığının alınması məsələsi inzibati icraatın gedişatında qanunla nəzərdə tutulan digər araşdırılmalı məsələlərlə birlikdə araşdırılır.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdehin uçotdan imtina edilməsinə dair hərəkəti qanunsuz hesab edilsin və İddiaçı övladlığa götürmək istəyən şəxs qismində uçotunun bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva