Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1810/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxemin tərtib edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan 35,7 kv.m. mənzilin oğlu X4 ilə aralarında bölgü sxeminin tərtib edilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh ilkin sənədlərdə mənzilin 2 otaqdan ibarət vahid mənzil olaraq nəzərdə tutulduğunu əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan 35,7 kv.m. mənzilin oğlu X4 ilə aralarında bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12378/2023 saylı, 10 avqust 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan 35,7 kv.m. mənzilin oğlu X4 ilə aralarında bölgü sxeminin tərtib edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabddehin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, ilkin sənədlərdə mənzil 2 (iki) otaqdan ibarət vahid mənzil olaraq nəzərdə tutulduğundan bölgü sxeminin tərtib edilməsinin idarə tərəfindən mümkün olmaması barədə vətəndaşa xx.xx.2023-cü il tarixli, **********00 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan yaşayış binası Bakı Şəhər 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 114 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə düşür; Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Təbriz küçəsi, 100a saylı evin 40 saylı mənzili dövlət mənzil fonduna aid olmaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd edilən mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması haqqında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2009-cu il tarixli, 02/2 saylı sərəncamı vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10-308 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən sahələri 17.90 kv.metr olan yaşayış otağından sahəsi 17.80 kv.metr olan yaşayış otağına keçid üçün açılmış qapı bağlanmaqla və sahəsi 17.80 kv.metr olan yaşayış otağından ümumi dəhlizə qapı açılmaqla təcrid şəkildə bir-birindən ayrılmasının mümkün olduğu müəyyən olunmuşdur. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 35,7 kv.m. yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı hazırda həmin mənzilin bölünməklə 2 ayrıca mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. 24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. 24.4. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Maddə 25. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 25.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 25.3. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: ... 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; ... 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin bölünməsi üçün yuxarıda sadalanan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması” ilə bağlı tələblərinə riayət olunmalıdır. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, mübahisə pedmeti mənzilin sahəsi 17,90 kv.metr olan yaşayış otağından sahəsi 17,80 kv.metr olan yaşayış otağına keçid üçün açılmış qapı bağlanmaqla və sahəsi 17,80 kv.metr olan yaşayış otağından ümumi dəhlizə qapı açılmaqla mənzilin bölünməsi və otaqlarının təcrid şəkildə bir-birindən ayrılması mümkündür. Yuxarıda istinad olunan mənzil qanunvericilinyin tələblərinə əsasən, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması yaşayış sahəsinin yenidən planlaşdırılmasıdır. Yaşayış sahəsinin yenidən planlaşdırılması isə tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Hazırkı işdə “Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması” ilə bağlı qanunvericliyin yuxarıda sadalanan tələblərinə riayət olunması müəyyən edilmir. Bununla bağlı iddiaçı tərəfindən nə cavabdeh inzibati orqana, nə də məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçıların hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə eyni zamanda izah edir ki, iddiaçı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması ilə bağlı yuxarıda qeyd olunan qaydada müvafiq inzibati orqana daha sonra isə hazırkı cavabdehə müraciət edə bilər. Cavabdeh tərəfindən yenidən imtina olunarsa, yeni sübutlarla iddia qaldırmaq hüququ saxlanılır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1810/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1810/2024
11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver