Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1810/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" barədə tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 95 saylı 600 kv.m olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tabeliyində olan 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adına Bakı şəhəri, qəsəbəsində yerləşən “95” saylı torpaq sahəsində 600 kv.m olan sahə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli bağçılıq üzvlük kitabçasına əsasən ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsi məqsədilə, iddiaçı xx.xx.2022-ci il tarixdə AR İN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlamış, lakin idarənin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, “Sahil" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmaması və həmin torpaq sahəsi digər torpaq sahələri ilə eyni hasar daxilində yerləşdiyindən torpağın qeydiyyatına imtina verilmişdir. Bundan əlavə məhkəmə iclaslarının birində cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzrə nümayəndəsi məhkəmədə çıxış edərək şifahi olraq bildirmişdir ki, İddiaçı atasının adı “Sahil” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvülük kitabçasında ’’Emin ” əvəzinə “Emil” adı yazılmışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli bağçılıq üzvlük kitabçasında İddiaçı atasının adında düzəliş edilərək ,”Emil" adını “Emin "adına dəyişdirilməsi və yaxud üzvülük kitabçasında texniki səhvin buraxıldığını, yəni faktiki olraq həmin sənədin İddiaçı verilməsini təsdiq edən arayışın təqdim edilməsi barədə müraciətlə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin, İcra Hakimiyyəti tərəfindən ərizəçinin müraciətinin icrası mümkün olmamış və xx.xx.2024-cü il tarixli məktubla aidiyyəti olmayan cavab verilmişdir. Üzvülük kitabçasında buraxılmış texniki səhvin düzəldilməsində zərurət hazırda həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydə alınması ilə bağlı Daşınmaz əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir, lakin sonuncu tərəfindən ərizəçinin müraciətinə imtina edilərək, müvafiq üzvülük kitabçasının verilməsi qeyd edilmişdir. Tələb olunan üzvülük kitabçası inzibati orqana təqdini edilmişdir. Lakin, həmin kitabça İddiaçı məxsus olduğu təqdirdə, istinad olunan kitabçada onun adı səhvən İddiaçı Emil oğlu kimi qeyd edilmişdir. Bakı İnzibatı məhkəməsinə təqdim olunmuş əmək kitabçası göründüyü kimi İddiaçı məxsus olmuşdur. Göstərilənlərə əsasən Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha “95” nömrəli bağ sahəsinin ərizəçi İddiaçı daimi istifadəsinə verilməsinə dair üzvülük kitabçasının ərizəçiyə məxsus olması barədə Bakı Şəhəri Nəsimi Rayon məhkəməsinə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “95" saylı torpaq sahəsində 600 kv.rn olan sahə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli bağçılıq üzvlük kitabçasının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Sənədlərə əlavə olaraq, xx.xx.2019-cu il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bələdiyyəsi bildirişinə əsasən fiziki şəxs Nümayəndə tərəfindən hər iki vergi növü olan torpaq 32,40 manat ,əmlak vergisi isə 50 manat ,ümumilikdə 82 manat olmaqla dövlət hesabına köçürülməsi barədə qəbz qoşulmuşdur. Məlumat üçün bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bütün imtina məktublarında bağçılıq sənədlərinin və protokollarının olmaması səbəbi gətirilməsinə baxmayaraq, bütün adı çəkilən torpaq sahələrinə dair bağçılıq sənədləri mövcuddur və həmçinin, 9/555 nömrəli, 15 may 1989-cu il tarixli təhvil-təslim aktına əsasən “Sahil" bağçılıqyoldaşlıq təsərrüfatının təsdiq edilmiş bölgü sxemi işin içinə əlavə edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 95 saylı 600 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sahəsi “95” saylı 600 kv.m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 95 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2022-ci il tarixli, **********21 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Sahil“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı oğlunun adı aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin faktiki ölçüsü 0.0620 ha olmaqla 96 və 97 saylı bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir. Ara sərhədlərinin bir hissəsi mişar daşı ilə hasarlanıb, digər hissəsi isə şərtidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Nümayəndə ünvanladığı **********21 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Sahil” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Nümayəndə ünvanladığı 3-52/2-A-105-164/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinin tələbinə əsasən sənəddə göstərilən adla şəxsin vəsiqəsində göstərilən adın üstüstə düşməməsi qeyd olunan sənədin hüquqmüəyyənedici sənəd olmasına dair əsasların təqdim ediləcəyi təqdirdə müraciətə aidiyyəti üzrə baxıla bilər. Cavabdeh tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin Şimali DRES ərazisindəki “Sahil” bağçılıq yoldaşlığının sxematik planı məhkəməyə təqdim olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2786/2024 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilməsi, Bakı şəhəri X4 İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha 95 nömrəli bağ sahəsinin ərizəçinin daimi istifadəsinə verilməsinə dair 05 dekabr 1995-ci il tarixli bağban üzvlük kitabçasının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi xx.xx.2024) əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Sahil” b/y-nın 97 saylı bağ sahəsi X3 xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi xx.xx.2024) əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Sahil” b/y-nın 96 saylı bağ sahəsi yeni qaydalarla: AZ1150, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan, 4-cü döngə, 13 A ünvanında yerləşən torpaq sahəsi Nümayəndə xüsusi mülkiyyətindədir. xx.xx.1995-ci il tarixli üzvlük kitabçasından görünür ki, xx.xx.1995-ci il tarixli, 01 tarixli protkol əsasında İddiaçı Emil oğlu “Sahil” b/y-na üzv qəbul edilmiş və ona Şüvəlan ərazisində sahəsi 600 kv.m olan 95 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı tərəfindən Şimali dras ərazisində yerləşən bağşılıq yoldaşlığa torpaq sahəsinin ayırılması barədə xx.xx.1989-cu il tarixli, 9/555 saylı akt və X1 sxematik planı təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********34 5-21-3-30/2-40937/2024 nömrəli məktubundan görünür ki, idarənin arxivində bölgü sxemi və iddiaçının adına “Sahil” bağçılıq yoldaşlığın nəzdində Şüvəlan bağ massivi ünvanında yerləşən 95 saylı bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Arxiv bağçılıq yoldaşlıq bölgü sxemi yoxdur. Qonşu bağların nömrə ardıcıllığına uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunan koordinatlarla göstərilən ərazinin bir hissəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənara düşür. Həmçinin ərazidə yerləşən tikilinin qeydiyyatı və digər fiziki şəxsin müraciəti barədə bazada məlumat yoxdur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktından görünür ki, Şüvəlan bağ massivi 95-saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki isə 0.0620 ha-dır. 20 kv.m artıqdır. Bağ sahəsi 96 və 97 saylı bağlarla ümumi hasar daxilində yerləşir, ara sərhədlərin bir hissəsi mişar daşı ilə hasarlanıb, digər hissəsi isə şərtidir. Bağ sahibləri qohumdurlar. Bağ sahəsində A-zirzəmili 1 mərtəbəli mansardlı bağ evi var. Nümayəndə tərəfindən təqdim olunmuş bağçılıq-yoldaşlığının bölgü sxeminin surəti ərizəyə əlavə olundu. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsindan: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1995-ci il tarixli üzvlük kitabçasından görünür ki, xx.xx.1995-ci il tarixli, 01 tarixli protkol əsasında İddiaçı Emil oğlu “Sahil” b/y-na üzv qəbul edilmiş və ona Şüvəlan ərazisində sahəsi 600 kv.m olan 95 nömrəli bağ sahəsi ayrılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş üzvlük kitabçasının olmasına baxmayaraq, “Sahil” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında iddiaçının adı olmamasına dair cavabdehin imtina dəlilini məhkəmə əsaslı hesab etmir. İddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair üzvlük kitabçası təqdim edilmişdir, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil . İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçı üzərinə düşən sübutetmə yükünü icra etmiş, yəni çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, arxiv qovluğuna əsasən bağçılıq-yoldaşlığın qovluğun, üzvlərinin siyahının natamam olması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh qurumun göstərilən torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, 96 və 97 saylı bağ sahələri ilə ümumi hasar daxilində yerləşməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto görüntüsündən də aydın olur ki, sözügedən torpaq sahəsinin bir hissəsi ayrıc aktı daxilində yerləşir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçının bağ sahəsi ilə eyni hasar daxilində yerləşən 96 və 97 saylı bağ sahələrinə dair eyni vəziyyətdə olan digər şəxslərin - X3 və Nümayəndə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində iddiaçı tərəfindən təqdim edilmiş analoji sənədlər əsasında birinci instansiya məhkəməsinin qərarı əsasında, inzibati orqan tərəfindən mübahisələndirilmədən (apellyasiya şikayəti verilmədən) qeydə alınmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bildirilən dəlillər iddiaçının hüquqlarının qeydiyyatından və çıxarışın tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 95 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verilməlidir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 95 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova