Məhkəmə qərarları › İş №2-1(112)-1811/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1811/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1811/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Yasamal Bələdiyyəsinə qarşı qərarın, inzibati aktın ləğv edilməsi, vergi borcunun silinməsinə dair iddiasına dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayonu Yasamal Bələdiyyəsinə qarşı Yasamal Bələdiyyəsinin 10.02.2020-ci il tarixli, 17/02 saylı qərarının, 10.01.2020-ci il tarixli, 11/01 saylı inzibati aktının ləğv edilməsi və hesablanmış 397.95 manat vergi borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Bələdiyyəsi tərəfidnən 10.02.2020-ci il tarixli, 17/02 saylı qərarla müvafiq icra və probasiya şöbəsinə müraciət edilərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 –də olan yaşayış sahəsinə görə hesablanmış əmlak vergisi, tətbiq edilmiş maliyyə sanksiyası və cərimənin məcburi qaydada tutularaq Yasamal Bələdiyyəsinin bank hesabına ödənilməsi müəyyən edilmişdir. Qeyd edilən qərarda əmlak vergisi üzrə 53.37 manat, ötən dövlər üzrə (2017; 2018; 2019-cu illər) 160.11 manat, faiz borcu üzrə 58.44 manat, Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanskiyası olmaqla, ümumilikdə 37.95 manat vergi borcu olduğu bildirilmişdir. 10.02.2020-ci il tarixli, 17/02 saylı qərarda Yasamal Bələdiyyəsinin qəbul etdiyi 10.01.2020-ci il tarixli, 11/01 saylı inzibati aktla, həmçinin 16.12.2019-cu il tarixli, **********2 saylı tədiyyə bildirişi, 05.02.2020-ci il tarixli, **********2 saylı tədiyyə bildirişi və 24.01.2020-ci il tarixli tələbnamə ilə ona müraciət olunduğu, lakin, tərəfindən əmlak vergisi üzrə vergi borcunun ödənilməsinin həyata keçirilmədiyi bildirilmişdir. Qərarda qeyd edilən inzibati akt və digər sənədlər ona təqdim olunmamışdır. Vergi borcu barədə məlumatı isə İcra və Probasiya Şöbəsinə müraciəti əsasında 06.08.2020-ci il tarixdə təqdim edilən 10.02.2020-ci il tarixli, 17/02 saylı qərar əsasında əldə etmişdir. Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 5.0.3-cü maddəsinin göstərişinə əsasən vergi məbləğinin tutulma formalarından biri bildiriş üzrədir (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Yuxarıda qeyd edilən maddənin də, tələbindən məlum olduğu kimi, bələdiyyə vergisi üzrə vergi ödəyicisi tərəfindən vergi borcunun ödənilməsi bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında həyata keçirilir. Lakin, yuxarıda da, qeyd etdiyi kimi, ona əmlak vergisinin hesablanması ilə bağlı hər hansı tədiyə bildirişi daxil olmamışdır. Vergi Məcəlləsinin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidir. Həmin Məcəllənin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək ödənilir. Qeyd edilən maddələrin tələblərinə əsasən fiziki şəxsin cari il üzrə əmlak vergisi ilə bağlı bələdiyyələr tərəfindən 1 avqust tarixinədək bildiriş göndərilir və fiziki şəxs həmin vergini bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15dək ödəyir. 10.02.2020-ci il tarixli, 17/02 saylı qərarda əmlak vergisi üzrə 53.37 manat borc olduğu qeyd edilsə də, borcun aid olduğ vergi dövrü göstərilməmişdir. Lakin, daha sonra ötən dövrlərin vergi borclarında 2017-ci, 2018-ci və 2019-cu illərin borcları qeyd edildiyindən əmlak vergisi üzrə 53.37 manat borc məbləğinin 2020-ci ilə aid olduğu müəyyən edilir. Halbuki, yuxarıda qeyd edilən maddələrin tələbindən də, aydın olduğu kimi, mübahisələndirlən qərar qəbul edilərkən 2020-ci il üzrə əmlak vergisinin ödənilməsi dövrü çatmamışdır. Belə ki, qərar 10 fevral 2020-ci il tarixdə qəbul edildiyi halda, əmlak vergisinin ödənilməsi müddəti 15 avqust və 15 noyabr 2020-ci il tarixə müəyyən edilmişdir. Başqa sözlə, Yasamal Bələdiyyəsi ödənilmə müddəti çatmamış vergi borcunu fiziki şəxsdən tələb etməklə vergi qanunvericiliyinin pozuntusu ilə müşaiyət edilən qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 57.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya fiziki şəxslərə münasibətdə tətbiq olunmalı olmadığı halda, Yasamal Bələdiyyəsi tərəfindən 100 manat maliyyə sanksiyası ona tətbiq olunmuş, bu da qanunvericiliyin tələbinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Yuxarıda da, qeyd edildiyi kimi, mübahisələndirilən qərarda əmlak vergisinin dövrü göstərilməmiş və Yasamal Bələdiyyəsi tərəfindən həmçinin inzibati aktın həll etdiyi məsələlərin dəqiqliyi ilə bağlı tələblərə əməl edilməyərək qanunsuz və əsassız inzibati akt qəbul olunmuşdur. Qeyd edilənlər mübahisələndirilən qərarların qanunvericiliyin pozuntusu ilə müşaiyət olunduğunu və hüquqi əsasa malik olmadığını bir mənalı şəkildə təsdiq edir. Vergi Məcəlləsinin 32.2-ci maddəsinə əsasən yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 33.9-cu maddəsinə əsasən yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçotu bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır. Cavabdehlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, Yasamal rayon, H.Zərdabi prospekti ev 74, mənzil 20-də yaşayan və Nəsimi rayonu, Bül- Bül prospekti ev 68B, mənzil 32-də qeydiyyatda olan İddiaçı məxsus 151.30 kv.m. (mənzil) yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1 maddəsinin tələblərinə uyğun olaraq hər il əmlak vergisi hesablanmaqla mülkiyyətçinin ünvanına göndərilsə də, İddiaçı əmlak vergisi ödəməkdən boyun qaçırmış və hər dəfə ünvana göndərilmiş bildiriş, xəbərdarlıq, son xəbərdarlıqla olan ünvana məktub göndərilsə də əmlak sahibi vergi öhdəliyini yerinə yetirməmişdir. Bununla bağlı İcra İcraatı qaydasında 10.01.2020-ci il tarixdə 11/01 saylı İnzibati Aktın qəbul edilərək ünvana göndərilmiş, 24.01.2020-ci il tarixdə Tələbnamə və 10.02.2020-ci il tarixdə Qərar qəbul edilərək Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçının əmlak vergisini ödəməkdən yayındığı halda həmin Qərar və İnzibati Aktdan narazı qalaraq məhkəməyə müraciət etməsi qanunaziddir. İddiaçı ünvanına əmlak vergi ödənişi ilə bağlı 06.10.2020-ci il 935 saylı təkrar məktub göndərilmiş və Vergi Məcəlləsinin 65.1 -ci maddəsinə əsasən 5(beş) gün müddətində fiziki şəxsin əmlak vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqedilmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndini və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu rəhbər tutaraq müvafiq sanksiya tədbirlərinin tədbiq ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, İddiaçı xüsusi mülkiyyətindəki əmlakına ödəyəcəyi əmlak vergisindən müxtəlif bəhanələrlə yayınmış., qəsdən, bilərəkdən uzadaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasında Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşisinin alınması üçün görülən tədbirlərə dair Ali Məhkəmənin müəyyən tarixlərdə məlumatına əsasən Bakı şəhərində məhkəmələrin fəaliyyəti işlərə baxılmasına dair dayandırılsa da, lakin vergi ödənişləri bankdan, poçtdan və hökumət ödəniş portalından (gpp.az)həyata keçirilsə də, eyni zamanda İddiaçı YVÖK 13011F5F0G52 (yerli vergi ödəyicisinin kodu) təqdim edilsə də, bugünə kimi ödəniş olunmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və Yasamal Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 10 yanvar 2021-ci il tarixli, 11/01 saylıl inzibati akta əsasən Yasamal rayonu, H.ünvan 2-də olan yaşayış sahəsinin xüsusi mülkiyyətçisi İddiaçıdır. Ona məxsus 151.30 kv.m əmlak sahəsi olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 200.1-ci maddələrinə əsasən yerli əmlak vergisinə cəlb edilməsi ilə bağlı həmin əmlak sahəsinə ümumilikdə 397.95 manat (üç yüz doxsan yeddi manat doxsan beş qəpik) məbləğində hesablanmış 16.12.2019-cu il tarixli, **********1 saylı tədiyyə bildirişləri verilməsinə baxmayaraq və ötən illərə və cari ilə olan əmlak borcunu Bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayınır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 (beş) gün müddətində fiziki şəxs əmlak vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiy təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqləmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, müvafiq sanksiya tədbirləri tətbiq edilməsi qərara alınmışdır. Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli yaşayış sahəsi üzrə ümumilikdə 397 manat 95 qəpik məbləğində əmlak vergisinə dair 24.01.2020-ci il tarixli Tələbnamə tərtib olunmuşdur. Yasamal rayon Bələdiyyəsi İddiaçı 935 nömrəli, 06.10.2020-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklilər edilməsi haqqında” 20.06.2014-cü il tarixli, Azərbaycan Respublikası Qanununa əsasən 198.1.1, 200.1, 200.2-ci maddələrinə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7.1.1, 7.1.2, 7.1.11 və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 8.0.1, 8.0.2-ci maddələrinə əsasən, fiziki şəxslər mülkiyyətində və istifadəsində olan əmlaka və torpağa görə ildə bir dəfə yerli bələdiyyəyə əmlak vergisi ödəməlidir. Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanındakı 151.30 kv.m olan yaşayış sahəsinə 2017, 2018, 2019 və 2020-ci ilin hesabına 397.95 manat hesablanmış əmlak vergi borcunu yerli (bələdiyyə) büdcəsinə ödəməlidir. Bununla əlaqədar olaraq, son dəfə rəsmi xəbərdarlıq etməklə ona 5 (beş) gün müddətində Yasamal Bələdiyyəsinə olan əmlaka dair vergi borcu ödənməlidir. Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli yaşayış sahəsi üzrə əmlak vergisinə dair 11.02.2021-ci il tarixli, **********0221 nömrəli tədiyyə bildirişi tərtib olunmuşdur. «Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün «İnzibati icraat haqqında» Qanunun 2, 7, 81.1, 81.5, 82.1, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə» Yasamal Bələdiyyəsinin sədri tərəfindən qəbul edilmiş 10.02.2020-ci il tarixli, 17/02 nömrəli Qərara əsasən, vergi ödəyicisi Vergi və Ödənişlər şöbəsinin vergi agenti tərəfindən dəfələrlə xəbərdarlıq və tədiyyə bildirişi verilsə də, könüllü əmlak vergisini ödəmək istəmədiyindən yaşayış sahəsinə və mənzilə (yaşayış) görə cəmi 397 manat 95 qəpik məbləğində borcun İddiaçı məcuri tutularaq Yasamal Bələdiyyəsinin bank hesabına ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin Yasamal Bələdiyyəsinin 10.02.2020-ci il tarixli, 17/02 saylı qərarını və 10.01.2020-ci il tarixli, 11/01 saylı inzibati aktını mübahisələndirərək, hesablanmış 397.95 manat vergi borcunun silinməsini tələb edir. İddiasını onunla əsaslandırır ki, Yasamal Bələdiyyəsi tərəfindən heç bir bildiriş, xəbərdarlıq və qərar rəsmi olaraq ona və yaşadığı ünvana verilməmiş, eləcə də, sözügedən qərar və inzibati aktdan, 2020-ci il üzrə əmlak vergisinin ödənilməsi dövrü başa çatmadığı halda, mübahisəli vergi borcu məbləğinin 53.37 manat məbləğinin 2020-ci ilə aid olduğu müəyyən edilir. Məhkəmə iddianın əsaslı olması nəticəsinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Həmin Məcəllənin 5.0.3-cü maddəsinə vergi məbləğlərinin tutulma formalarından biri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) vergitutmadır. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yenidən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və nəqliyyat vasitələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 81.1-ci maddəsinə görə inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur Eyni Qanunun 82.3-cü maddəsinə görə tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Sadalanan normalardan göründüyü kimi bələdiyyə vergilərin hesablanması barədə inzibati aktın məcburi icrasını qanunla müəyyən edilmiş hərəkət ardıcıllığına riayət etməklə təmin edə bilər. İşin hallarından müəyyən olunur ki, Yasamal Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2017, 2018, 2019 və 2020-ci illər üzrə 16.12.2019-cu il tarixə cəmi 397 manat, 95 qəpik vergi borcunun olması müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya vergi borcu barəsində 16.12.2019-cu il tarixli tədiyyə bildirişi göndərilmişdir. İddiaçı tərəfindən vergi borcu ödənilmədiyi əsas götürülərək onun barəsində 10.01.2021-ci il tarixdə vergi borcunun 5 gün ərzində ödənilməsi barədə inzibati akt qəbul edilmişdir. Bundan sonra 24.01.2020-ci il tarixdə tələbnamə tərtib edilərək vergi borcunun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Yasamal İcra və Probasiya Şöbəsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan cavabdehin etirazına Bələdiyyənin iddiaçıya vergi borcunun ödənilməsi ilə bağlı tələbnamə, inzibati akt əlavə edilsə də, həmin sənədlərin iddiaçıya təqdim edilməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Bundan əlavə 16.12.2019-cu il tarixli tədiyyə bildirişi ümumiyyətlə iş materiallarına əlavə edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bələdiyyə vergi borcunun ödənilməsi barədə inzibati aktın məcburi icrasınadək qanunla nəzərdə tutulmuş qaydalara riayət etməmişdir. Belə olan halda, cavabdehin 10.02.2020-ci il tarixli qərarı qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir. Məhkəmə eləcə də, iş üzrə mübahisəli, 11/01 saylı, 10 yanvar 2020-ci il tarixli aktın qanuniliyi ilə bağlı qeyd edir ki, cavabdeh həmin qərarda 16.12.2019-cu il tarixli, **********1 saylı tədiyyə bildirişinə istinad etsə də, həmin tədiyyə bildirişinin nə özü, nə də ki, iddiaçıya təqdim edilməsi barədə sübut məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilə bilməmişdir. Sözügedən halda, həmin inzibati aktın əsassız qəbul edilməsinə dəlalət edir. Bundan başqa, məhkəmə mübahisəli vergi borcu məbləğinin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, cari il üçün bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməli, verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək vergi ödəyiciləri tərəfindən ödənilməlidir. Lakin, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya 16.12.2019-cu ilə ümumilikdə 397 manat, 95 qəpik məbləğində vergi borcunun hesablanması göstərilsə də, həmin vergi borcunun 53 manat, 37 qəpik hissəsi, 16.12.2019cu il tarixdə, 2020-ci il üzrə hesablanmışdır. Halbuki, həmin dövrdə 2020-ci il üzrə əmlak vergisinin ödənilməsi dövrü çatmamışdır. Sözügedən faktlar isə cavabdeh tərəfindən vergi borcunun əsassız hesablanmasına dəlalət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 10.02.2020-ci il tarixli, 17/02 saylı qərarı, 10.01.2020-ci il tarixli, 11/01 saylı inzibati aktı ləğv edilsin və hesablanmış 397.95 manat vergi borcu silinsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar