Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1812/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “57” saylı 500 (beş yüz) kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “57” saylı torpaq sahəsi “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1996-cı il tarixli 272 nömrəli protokoluna əsasən iddiaçıya 500 (beş yüz) kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinə Çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu ilə çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, “Azərelektroterm” bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Qeyd edilən əsaslara görə, iddiaçı hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “57” saylı torpaq sahəsinə çıxarışın verilməsindən imtina edilməsinə dair 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız və qanunsuz hesab edilməli və onun adına çıxarışın verilməsi cavabdehə həvalə edilməlidir. “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1996-cı il tarixli 272 nömrəli protokoluna əsasən iddiaçıya 500 (beş yüz) kv.m torpaq sahəsi ayrılmışdır və adı siyahıda var. Bağçılıq-yoldaşlıq təsərrüfatına üzv qəbul edilməsilə bağlı ona müvafiq kitabça da verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “57” saylı 500(beş yüz) kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan əlavə torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 500 m2, faktiki sahəsi isə 486 m2- dir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********90 saylı cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -“Azərelektroterm” Bağçılıq Cəmiyyəti İdarəsi tərəfindən verilmiş bağçının üzvlük kitabçasından görünür ki, iddiaçı bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1996-cı il tarixli, 272 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, sahənin ünvanı Hövsan Bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 57 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. -“Azərelektroterm” bağçılıq-yoldaşlığının idarə heyəti iclasının xx.xx.1996-cı il tarixli, 272 nömrəli prokolundan çıxarışın surətindən görünür ki, İddiaçı bağçılıq yoldaşlığa üzv qəbul edilmişdir. İddiaçıya 57 nömrəli bağ sahəsi bütün tikililəri ilə birlikdə ayrılmışdır. Müvafiq sorğu əsasında cavabdeh tərəfindən “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının arxiv əsaslarında olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı səhəri X1 İcraiyyə Komitəsi tərəfindən 2 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə “Azərelektroterm” İB-nə Hövsan qəsəbəsində bağçılıq yoldaşlığı təşkil etmək üçün 290 nəfər üzv üçün nəzərdə tutulmuş torpaq (bağ) sahəsi ayrılmışdır. Eyni qurumun 07 iyul 1986-cı il tarixli 11/756 nömrəli Qərarı ilə “Azərelektroterm” İB-yə bağçılıqyoldaşlığın daha 7 üzvü üçün Hövsan qəsəbəsi ərazisində torpaq (bağ) sahəsi ayrılmışdır. -“Azərelektroterm” İB-nin administrasiyası ilə həmin qurumun həmkarlar komitəsinin birgə iclasının 22 və 28 nömrəli 13 sentyabr 1985-ci il tarixli protokolları ilə bağçılıqyoldaşlıq üzvlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda İddiaçı adı yoxdur. -“Azərelektroterm” bağçılıq-yoldaşlıq Cəmiyyətinin bölgü sxemindən görünür ki, iddiaçının iddia etdiyi 57 saylı bağ sahəsi sxemdə mövcuddur. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı səhəri X1 İcraiyyə Komitəsi tərəfindən 12 oktyabr 1985-ci il tarixli 16/358 saylı qərarı ilə Hövsan qəsəbəsi ərazisində bağçılıq yoldaşlığı təşkil etmək üçün “Azərelektroterm” İB-yə torpaq sahəsi ayrılmışdır. İddiaçı “Azərelektroterm” bağçılıq yoldaşlığının idarə heyətinin iclasının xx.xx.1996-cı il tarixli protokoluna əsasən bağçılıq yoldaşlığa üzv qəbul edilərək ona 500 kv.metr sahəsi olan 57 nömrəli bağ sahəsi ayrılmış və bu barədə eyni tarixli bağçının üzvlük kitabçası verilmişdir. Protokoldan çıxarış və bağçının üzvlük kitabçası iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2.1-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. İddiaçı “Azərelektroterm” İB-nin bağçılıq yoldaşlığına üzv qəbul olunması və həmin bağçılıq ərazisindən ona 57 nömrəli bağ sahəsinin ayrılmasına dair idarə heyətinin protokolundan çıxarışı və üzvlük kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən qeyd olunan protokolun və üzvlük kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının Hövsan qəsəbəsində yerləşən 57 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Məhkəmə cavabdehin imtina dəlillərini əsaslı saymayaraq qeyd edir ki, İdarənin arxivində olan siyahı “Azərelektroterm” bağçılıq yoldaşlığına 1985-ci il tarixdə qəbul edilmiş şəxslərin siyahısıdır. Həmin siyahıda iddiaçının adının olmaması təbii haldır, çünki iş materialları ilə də iddiaçının xx.xx.1996-cı il tarixli iclas protokoluna əsasən bağçılıq yoldaşlığa üzv qəbul edilməsi müəyyən olunmuşdur. Bu baxımdan, sözügedən bağçılıqyoldaşlığa sonrakı illərdə üzvlüyə qəbul edilmiş şəxslərin siyahısının cavabdehin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun ziyanına şərh edilə bilməz. Qeyd olunan bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin bağ sahəsinə digər şəxsin müraciəti qeydə alınmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 57 saylı, 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən “57” saylı, 500 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1812/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1812/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver