Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1813/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsinin bərpa edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi : İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə xx xxxxxxxx 2019-cu il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa olunması və ödənilməmiş pensiyanın tam olaraq ona ödənilməsinin təmin olunması ilə hüquqlarının bərpa olunması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən 31411- 88% görə ona ömürlük 563.11 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Bu barədə ona Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən xx xxxx 2016-cı il tarixdə, 015741 nömrəli vəsiqə də təqdim olunmuşdur. Tam qanuni əsaslarla təyin olunmuş pensiyanı almış. Lakin yaxın vaxtlarda həmin pensiyanın kəsildiyini bilmiş. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinə pensiyanın kəsildiyini bildirməklə səbəbini xəbər almış. Cavab olaraq X3 Fondunun Krasnodar dairəsi (Krasnodar şəhəri üzrə) nümayəndəlyiinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə ona əlilliyə görə pensiyanın təyin olunub- olunmadığına, həmçinin onun hansı hərbi komissarlıqdan hərbi xidmətə çağırıldığına, hərbi rütbəsinə dair göndərdiyi sorğu məktubunu təqdim etməklə pensiyanın kəsilməsinin səbəbi olaraq həmin sorğunu qeyd etmişlər. Bundan sonra aidiiyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi olaraq müraciət etmiş. Lakin müraciətinə xx xxx 2020-ci il tarixdə yazılmış cavab məktubu absurd xarakterli olaraq ona pensiyanın kəsilməsinin əsas səbəbi tam aydınlaşdırılmamışdır. Belə ki, məktubun sonunda məsələnin araşdırılması üçün aidiyyəti üzrə sorğu göndərildiyinə əsaslanmaqla kifayətlənmişlər. Bununla da qanuni tələbi təmin edilməmişdir. Buna görə də mübahisənin hüquq müstəvisində həllinə nail olmaq məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2010-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. İdarəyə təqdim etdilmiş sənədlərdən iddiaçının Rusiya Federasiyasının vətəndaşı olmağı məlum olduğundan ona, aşağıdakı səbəblərdən əmək pensiyası tam dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cıı maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır”. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsi”nin 318-2 maddəsinə əsasən “xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 etirazın əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən cavabdeh inzibati orqanın yerləşdiyi ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Bakı şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. xx.xx.2010-cu ildən yaşa (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin Rusiya Federasiyasının vətəndaşı olmasına dair imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-cı il təvəllüdlüdür, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon tərəfindən İddiaçı verilmiş № 015741 saylı, xx.xx.2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, iddiaçıya Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 20.14.1 maddəsinə əsasən 31411 -88% görə xx.xx.2010-cu il tarixdən ömürlük 563.11 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli № **********7 saylı İddiaçı ünvanlanmış pensiya ödənişinin dayandırılması haqqında bildirişdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən daxil olmuş xx xxxxxxxx 2010-cu il tarixli 61011 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20 14. 1-ci maddəsinə uyğun olaraq xx xxxxxxxx 2010-cu il tarixində idarə tərəfindən iddiaçıya yaşa görə (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmiş və x xxx 2010-cu il tarixindən hesablanmışdır. İdarəyə təqdim etdilmiş sənədlərə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşı olmağı ilə yanaşı Rusiya Federasiyasının vətəndaşı olduğu məlum olmuşdur. “Azərbaycan Respublikasının vətəndaşılığı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına məsubiyyətinə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının “Cinayət Məcəlləsi”nin 318-2-ci maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) bir ay müddətində yazılı məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Bundan başqa müraciətçiyə ikinci pensiyanın təyin olunması ilə bağlı X6 Fondunun Krasnodar diyarı üzrə bölməsinə edilmiş müraciətlə əlaqədar həmin qurum şəxsə ödənilən əmək pensiyasına dair məlumatlar əldə edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna x xxxxxxxx 2019-cu il tarixli 08-16752 nömrəli məktub ünvanlanmışdır. Qeyd edilənləri nəzərə alaraq şəxsə pensiya ödənişi xx xxxxxxxx 2019-cu il tarixindən dayandırılmaqla, məsələnin dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının pensiya işindən göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş xx.xx.2010-cu il tarixli Məlumat vərəqəsinə əsasən təminat xərcliyi nəzərə alınmaqla xx.xx.2010-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Həmin dövrdən fasiləsiz olaraq əmək pensiyası almış, xx xxxxxxxx 2019-cu il tarixdən əmək pensiyası dayandırılmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan pensiyanın dayandırılmasının yeganə səbəbi kimi iddiaçının həm də Rusiya Federasiyasının vətəndaşı olması ilə bağlı olduğunu bildirmişdır. Məhkəmə cavabdeh inzibati orqanın bu imtinasını əsassız hesab edir. Məhkəmə ilk öncə qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir.Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1 -ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud milli və beynəlxalq qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respulikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının əsas xüsusiyyəti insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi ilə bağlıdır. Sosial təminat dövlətin sosial funksiyası ilə birbaşa bağlıdır. Bu hüquq onu ifadə edir ki, özünü saxlamaq qabiliyyətindən məhrum olmuş, yaxud başqalarına nisbətən cəmiyyətdə daha çox sosial müdafiəyə ehtiyacı olan şəxsin öz yaşayışını təmin etmək üçün dövlətdən müəyyən məbləğ əldə etmək haqqı vardır. Bu zaman fərdə əvəzsiz olaraq müəyyən məbləğdə pul vəsaiti və digər güzəştlər edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. İş materialarından, şəxsin Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsindən göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, nə qədər ki, şəxs Azərbaycan Respublikasının vətəndaşıdır onun Konstitusiyada da öz əksini tapmış vətəndaşlıq hüquqları qorunub saxlanılmalıdır. Azərbaycan Respulikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyanın 53-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. İİ. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.İİİ. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında həmçinin, qeyd edir ki, ididaçıya X6 Fondunun Krasnodar diyarı üzrə bölməsi tərəfindən əmək pensiyasının təyin edilib-edilməməsi, təyin edildiyi təqdirdə təyinat tarixi və pensiya məbləği barədə məlumatların əldə edilməsi ilə bağlı sözügedən Fonda müraciət ünvanlanmasını və nəticəsi barədə məlumat verilməsi üçün DSMF Beynəlxalq Əlaqəlar və Kommunikasiya Şöbəsinə müraciət edilmişdir. Lakin həmin müraciətin Beynəlxalq Əlaqəlar və Kommunikasiya Şöbəsi tərəfindən X6 Fonduna göndərilib-göndərilməməsi barədə inzibati icraat materiallarını təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş X2 Vilayətinin Hərbi Komissarlığının Sosial təminatı mərkəzinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həmin tarixə X4 Nazirliyinin pensioneri kimi qeydiyyatda deyildir, X4 Nazirliyindən pensiya və digər ödənişləri əldə etmir. Göründüyü kimi, cavabdeh inzibati orqan yəni, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək səlahiyyətlərə malik olan DSMF iddiaçıya X6 Fondu tərəfindən əmək pensiyasının təyin edilib-edilməməsini dəqiqləşdirmədən şəxsin sosial təminat hüququnu məhdudlaşdırmışdır. Bu isə həm milli, həm də beynəlxalq hüquq normalarına ziddir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olaraq hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 1 saylı Protokolun 1-ci maddəsi aşağıdakı ümumi prinsiplərdən ibarətdir: (1) mülkiyyətdən dinc istifadə prinsipi; (2) sahiblikdən məhrumetməni əhatə edən və müəyyən şərtlərə tabe edən prinsipi; və (3) dövlətlərin ümumi maraqları təmin etmək məqsədilə zəruri hesab etdikləri qanunları qəbul etməklə mülkiyyətin istifadəsinə nəzarət etmək prinsipi (Jahn və digərləri Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 78). 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiòð və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). 1 saylı Protokolun 1-ci maddəsinin müddəaları sosial və əmək pensiyası təminatı sisteminə də tətbiq edilir (Andreyeva Latviyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 77). Əmək pensiyası ilə bağlı görülən tədbirlərin mütənasibliyi qiymətləndirilərkən şəxsin əmək pensiyası təminatı sistemindən əmək pensiyası almaq hüququnun mahiyyətinin pozulub-pozulmadığı nəzərdən keçirilir (Vieczorek Polşaya qarşı işi üzrə qərar, § 57). Bu hüquqi qiymətləndirmə hər işin konkret hallarından asılı olaraq dəyişir, lakin yaşayış səviyyəsinin son dərəcədə pisləşməsilə nəticələnən əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi əsas etibarilə mülkiyyət hüququnun pozulmasına, ağlabatan məhdudiyyətlərin tətbiq edilməsi isə pozulmamasına gətirib çıxarır (X1rşı işi üzrə qərar, §§ 43-44). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyası bərpa edilməli, ödənilməmiş pensiyanın tam ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyası bərpa edilsin, ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1813/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1813/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver