Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1813/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “qərarların ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, market kimi fəaliyyət göstərilən obyektdə hesabatlar vaxtında verilsə də, vergi orqanı tərəfindən ona zəng edilmiş və həmin orqanın inzibati binasına gəlinməsi qeyd edilmişdir. Orada ona vergi yoxlaması keçiriləcəyi barədə məlumat verildi. Daha sonra isə vergi orqanının əməkdaşları obyektdə gələrək xronometraj metodu ilə yoxlamanın aparılması barədə qərar qəbul edildiyini bildirdilər. Yoxlama müddəti 18 noyabr-20 noyabr 2017-ci il tarixlərində olmalı olsa da 2 gün sonra yoxlamanın nəticəsi barədə akt hazırlandı və 2 gün sonra vergi borcu hesablandı. Lakin, həmin rəqəmlər həqiqəti əks etdirmir, belə ki market təzə olduğu üçün şəxslərin markete giriş və çıxışı çox olmuşdur. Sonradan isə, məhəllə marketinə maraq azaldıldığından dövriyyə düşmüşdür. Sonradan da, market bağlanılmışdır. Daha sonra vergi orqanına şikayət məktubları yazılsa da heç bir nəticə vermədi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əvəz edilməsini xahiş etmiş, ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmiş və cavabdeh əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək xronometraj metodu ilə müşahidənin aparılması haqqında 18 noyabr 2017-ci il tarixli, həmçinin vergilərin hesablanması haqqında 13 iyun 2018-ci il tarixli, 01 mart 2018-ci il tarixli, 5 mart 2018-ci il tarixli xronometrajın qərarına əsasən qəbul edilmiş qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, 2017-ci ilin dekabr ayı, 2018-ci ilin yanvar və mart ayları üzrə ƏDV bəyannamələri təqdim edilən zaman rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 32180,89 manat) müşahidələrin nəticələrindən az əks etdirildiyi, həmçinin təqdim edilmiş HQ seriyalı 193020 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəni məbləği, faktura məbləğindən böyük olduğu və vergi ödəyicisi tərəfindən HR seriyalı 759051 nömrəli vergi-hesab fakturası üzrə 11.59 manat ƏDV məbləği ödənilməmiş və bu vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar barəsində uyğunsuzluq məktubları göndərilmişdir. Lakin məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə müvafiq dövrlər üzrə 1031,31 manat, 695,88 manat və 966,53 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə qərarlar göndərilmişdir. Qeyd olunur ki, iddiaçının müraciəti əsasında onun araşdırmada iştirakı və sənədlərin təqdim edilməsi barədə məktub göndərilsə də iştirak edilməmiş, sənədlər də təqdim edilməmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən sonuncu xronometraj metodu ilə müşahidə keçirilməsindən sonra Baş İdarəyə yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələb irəli sürülməmişdir. Eyni zamanda xronometraj metodu ilə müşahidənin aparılması haqqında qərar qəbul etmək vergi orqanının hüququ olduğundan iddia həmin hissədə mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən hesab etmişdir ki, iddia xronometraj metodu ilə müşahidənin aparılması haqqında 18 noyabr 2017-ci il tarixli, **********8121 saylı qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Məhkəmə hazırda baxılan cavabdehin qəbul etdiyi digər qərarların ləğv edilməsinə dair iddia tələbləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddia həmin hissələrdə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə həmin iddiaların bir icraatda verilməsini İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinin tələbləri baxımından da mümkün hesab edir. Belə ki, adıçəkilən Maddədən görünür ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı halda da adıçəkilən iddia tələbləri eyni məhkəmə aiddir, eyni cavabdehə yönəlmişdir və əlaqəlidir. Əlaqə onunla bağlıdır ki, xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsində əldə edilmiş dövriyyə məlumatları əsasında məhz kameral yoxlamanın nəticəsində adıçəkilən vergilərin hesablanması barədə qərarlar qəbul edilmiş, adıçəkilən qərarların qəbuluna əsas olmuş azalma məhz xronometraj metodu ilə müşahidənin nəticəsində dövriyyə barədə məlumatlar əsasında müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, qərarların ləğv edilməsinə dair iddia mübahisələndirmə növündə iddia olduğundan müddətlə bağlı şərtin mümkünlük baxımından yoxlanılması zamanı da iddianın mümkün olduğu öz təsbitini tapmışdır. Belə ki, vergi orqanına sorğu ünvanlanaraq iddiaçı və cavabdeh arasında mövcuddursa elektron sənəd mübadiləsi haqqında müqavilənin, qərarların elektron imza ilə təsdiq edilməsi, elektron sənədin yoxlanılma imkanına malik xüsusiyyətlər daşıması barədə təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin qərarların elektron imza ilə təsdiq edilməsi, elektron sənədin yoxlanılma imkanına malik xüsusiyyətlər daşıması barədə təsdiqedici sənədlərin məhkəməyə təqdim edilə bilməmişdir. Belə ki, qərarların elektron imza ilə təsdiq edilmədiyi, elektron sənədin yoxlanılma imkanına malik xüsusiyyətlər daşıması barədə təsdiqedici sənədlərin mövcud olmadığı aşkar edilmişdir. Qeyd olunan hal isə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddətin ümumiyyətlə ötürülmədiyi qənaətini formalaşdırır. Bu zaman vergi ödəyicisi tərəfindən 06 avqust 2018-ci il tarixdə vergi borcunun silinməsi barədə vergi orqanına şikayət etməsi də 30 günlük müddətin başlanması kimi qiymətləndirilmir. Belə ki, qərarların rəsmi qaydada yuxarıda göstərilən şərtlər daxilində iddiaçıya təqdim edilməsi həyata keçirilməmiş, vergi ödəyicisi sadəcə olaraq onun borcunun olmasından məlumatlı olmuş, lakin vergi orqanının qərarları ona təqdim edilmədiyindən nə həmin qərarlardan inzibati şikayət verə bilmiş, nə də həmin qərarların ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-30/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin iddianın müddətin ötürülməsi ilə bağlı qərardadını ləğv edilməsi barədə nəticəyə gəlmiş və qərarında qeyd etmişdir ki, yuxarıda əksini tapmış hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-462/2021 saylı iş üzrə xx.xx.2021-ci il qərarında da qeyd etmişdir ki, iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Eləcə də Ali Məhkəmə 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020ci il tarixli qərarında da analoji mövqedən çıxış etmişdir. Qeyd olunan iddia tələblərinin mümkün hesab edilən hissədə mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, həmin iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. AR İPM-nin: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin tələbindən də göründüyü kimi mübahisələndirilən inzibati qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin maddənin tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarların düzgünlüyünü, yəni faktiki şərtlərin mövcud olub-olmadığını cavabdeh sübut etməlidir ki, cavabdehdə həmin halların mövcudluğu sübut etmişdir. Belə ki, Vergi Məcəlləsinin yoxlamanın həyata keçirildiyi vaxt da qüvvədə olmuş 50- 1.1-ci maddəsinə görə xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. İş materiallarından da göründüyü kimi vergi orqanı tərəfindən 18 noyabr 2017-ci il tarixdə xronometraj metodu ilə müşahidənin aparılması haqqında qərar qəbul edilmiş, 20 noyabr 2017-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidənin aparılması qərara alınmış, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Müşahidənin nəticəsində vergi orqanı tərəfindən 20 noyabr 2017-ci il tarixdə akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, obyektdə günlük satış dövriyyəsi 981,99 manat təşkil etmişdir. Qeyd olunur ki, həmin akt iddiaçının nümayəndəsi tərəfindən də imzalanmış və təqdim edilmişdir. Daha sonra 21 noyabr 2017-ci il tarixdə də akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, günlük satış dövriyyəsi 1081,23 manat təşkil etmişdir Akt nümayəndə tərəfindən imzalanmış və iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Növbəti akt isə 22 noyabr 2022-ci il tarixdə tərtib edilmiş, günlük dövriyyə 1051,76 manat təşkil etmiş və digər aktlarda olduğu kimi akt nümayəndə tərəfindən imzalanmış və iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən 15 iş günü müddətindən çox olmayaraq operativ vergi nəzarəti tədbiri başa çatdırılmış, hər hansı qanun pozuntusuna yol verilmədən akt tərtib edilmiş, günlük dövriyyə müəyyən edilmişdir. Daha sonra isə xronometraj müşahidənin nəticələrinə dair müəyyən edilmiş dövriyyə əsas götürülməklə kameral yoxlamalar əsasında iddiaçı barəsində vergilərin hesablanması haqqında 13 iyun 2018-ci il tarixli, 01 mart 2018-ci il tarixli, 5 mart 2018-ci il tarixli xronometrajın qərarına əsasən qəbul edilmiş qərarlar qəbul edilmişdir. Vergi orqanının 13 iyun 2018-ci il tarixli qərarından görünür ki, ƏDV bəyannaməsinin 305-ci sətrindəki C1 və C2 sütunlarının cəmi 25920.73 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 32180.89 manat) müşahidələrinin nəticələrindən 6260.16 manat az olması müəyyən edilmiş və həmin qərar əsasında vergi məbləği iddiaçıya hesablanmışdır. Eyni zamanda, vergi orqanının 01 mart 2018-ci il tarixli qərarı ilə ƏDV bəyannaməsinin 305-ci sətrindəki C1 və C2 sütunlarının cəmi 28652.38 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 32180.89 manat) müşahidələrinin nəticələrindən 3528.51 manat az olması müəyyən edilmiş və həmin qərar əsasında vergi məbləği iddiaçıya hesablanmışdır. Həmçinin, vergi orqanının 05 mart 2018-ci il tarixli qərarı ilə ƏDV bəyannaməsinin 305-ci sətrindəki C1 və C2 sütunlarının cəmi 26947.42 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 32180.89 manat) müşahidələrinin nəticələrindən 5233.47 manat az olması müəyyən edilmiş və həmin qərar əsasında vergi məbləği iddiaçıya hesablanmışdır. İddiaçı həmin hesablamanın qanuni olmaması barədə dəlillər irəli sürsə də, iş materiallarında olan sənədlərdən də müəyyən edilir ki, cavabdeh tərəfindən hər hansı maddi və prosessual pozuntuya yol verilmədən qərarlar qəbul edilmiş, əsaslı vergi hesablanmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi 2017-ci ilin dekabr ayı, 2018-ci ilin yanvar və mart ayları üzrə ƏDV bəyannamələri təqdim edilən zaman rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 32180,89 manat) müşahidələrin nəticələrindən az əks etdirilmiş, həmçinin təqdim edilmiş VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olduğu və vergi ödəyicisi tərəfindən HR seriyalı 759051 nömrəli vergihesab fakturası üzrə 11.59 manat ƏDV məbləği ödənilməmiş və bu vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar barəsində uyğunsuzluq məktubları cavabdeh tərəfindən göndərilsə də, məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, sənədlər təqdim edilmədiyinə görə müvafiq dövrlər üzrə 1031,31 manat, 695,88 manat və 966,53 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə qərarlar göndərilmişdir. Qeyd olunur ki, iş materiallarında olan 20 fevral 2018-ci il tarixli, 22 fevral 2018-ci il tarixli, və 18 may 2018-ci il tarixli zəruri sənədlərin tələb edilməsi haqqında məktublardan görünür ki, müvafiq sənədlərin təqdim edilməsi, inzibati icraatda iştirak etməsi barədə məktub təqdim edilmişdir. Lakin iddiaçı yoxlamada iştirak etməmiş, sənədlər də təqdim edilməmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən sonuncu xronometraj metodu ilə müşahidə keçirilməsindən sonra Baş İdarəyə yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələb irəli sürülməmişdir. Vergi orqanı da son xronometraj müşahidəsinin nəticələrinə uyğun olaraq müəyyən edilmiş dövriyyə əsasında kameral vergi yoxlamaları aparmış və buna uyğun olaraq vergi hesablanması barədə qərarlar qəbul edilmişdir. Vergi yoxlamalarının keçirildiyi vaxt qüvvədə olan AR VM-nin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən uyğunsuzluq məktubları iddiaçıya təqdim edilmiş, yuxarıda qeyd olunan müddəaların tələblərinə əsasən uyğunsuzluğun aradan qaldırılması ilə bağlı iddiaçı tərəfindən heç bir tədbir görülmədiyindən xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsində dövriyyəyə uyğun olaraq iddiaçıya kameral vergi yoxlamaları nəticəsində vergilərin hesablanması barədə qərarlar qəbul edilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi vergilərin hesablanması haqqında 13 iyun 2018-ci il tarixli,**********982200 saylı, 01 mart 2018-ci il tarixli **********162400 saylı, 5 mart 2018-ci il tarixli, **********838500 saylı qərarların ləğv edilməsinə dair iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1813/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1813/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver