Məhkəmə qərarları › İş №2-1(112)-1813/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1813/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1813/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə təyin edilmiş pensiya məbləğində nəzərə alınmayan sığorta stajı dövrlərinin nəzərə alınaraq və hər il üzrə tətbiq edilmiş indeksləşmə faizlərinin düzgün tətbiq edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanaraq hazırkı pensiya məbləğinə əlavə təyin olunması vəzifəsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona yaşa görə pensiyasının yenidən hesablanaraq pensiyanın artımla təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********36 saylı məktubla müraciətinə imtina verilmişdir. İmtina məktubunda xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 8 saylı Dəmir - X5nda öz hesabıma məzuniyyətdə olmağım, eləcə də xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək ünvan 1 ünvanın məlum olmadığı üçün həmin dövrlərin araşdırılması imkan xaricində olduğu səbəb ilə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir. İddiaçı 01 sentyabr 1973-cü ildən 28 dekabr 2006-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmalqa, 30 il 2 ay əmək stajına malikdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilata olmuş müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Lakin inzibati orqan yuxarıda qeyd olunan hallara qiymət verməmiş və vətəndaşın konstitusion hüququn pozaraq imtina məktubları göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 30 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı DBMZ-da, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Nəsimi rayonu 2 saylı TQİ-də işlədiyi dövrlərin sığorta stajına daxil edərək xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, həmin tarixli iclasda iddia tələbi dəqiqləşməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 21,04.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona verilən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı imtina məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd edilmiş fəaliyyət dövrlərinin araşdırılması nəticəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı 8 saylı X2nda öz hesabına məzuniyyətdə olmuşdur və xx.xx.2022-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi, müəssisənin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından mümkün hesab edilmir. “Əməkpensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluqundan çıxış etməklə, xx.xx.2021-ci il tarixdə Filiala yasa görə pensiyanın təyin edilməsini xahiş etmiş və ona 65 yasının tamam olduğu həmin tarixdən pensiya təyin edilmişdir. İşin mübahisələndirilən iki halı mövcuddur: 1) İddiaçı işlədiyi müəssisənin faktiki və arxiv sənədlərinin tapıimaması səbəbi ilə həmin illərin sığorta stajına daxil edilməməsi 2) İddiaçının əmək fəaliyyəti dövründə ödənişsiz məzuniyyətdə olduğu illərin sığorta stajına daxil edilməməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə <eçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1 -ci maddələrində qeyd olunur ki, 2006-cı yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan xx.xx.1973cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı X2nda. xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək oensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Əmək kitabçasında qeyd edilən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı X2nda və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi əmək fəaliyyəti dövrünün (12 il 10 ay 26 gün) araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Filialın xx.xx.2021-ci il tarixdə keçirdiyi monitorinq yoxlamanın nəticəsinə əsasən məlum olmuşdur ki, İddiaçı 8 saylı X2nda işlədiyi illərdə xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından araşdırılması mümkün olmamışdır. Belə ki, Filial tərəfindən keçirilmiş monitorinq yoxlama nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1997-xx.xx.2002-ci illər arasındaki dövr ərzində ümumilikdə 4 il 1 ay 25 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu ümumilikdə 4 il 1 ay 25 gün müddətini iş stajına daxil etmək mümkün deyil. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan ödənişsiz məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Göründüyü kimi məzuniyyət hüququ verən əmək stajına öz hesabına (ödənişsiz) məzuniyyətdə olduğu dövr daxil edilmir. Bu səbəbdən ödənişsiz məzuniyyətdə oldudu dövrlərin sosial sığorta stajına oaxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mübahisələndirilən sığorta stajına xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci tarixədək 8 saylı X2nda və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrlər daxil edilməklə, iddiaçının ümumi mübahisələndirilən stajı 6 il 11 ay 13 gün təşkil edir. Qeyd edilmiş qanunvericilik normaları və işin faktiki hallarına əsasən, İddiaçı mübahisələndirilən staj dövrlərinin onun iddia tələbinə əsasən ümumi iş stajına daxil edilərək pensiyasının yenidən hesablanmasının həyata keçirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1973-cü ildə birinci dərəcəli yığıcı-çilingər ixtisası ilə yığma sexinə qəbul edilib, xx.xx.1975-ci ildə işdən azad edilib, xx.xx.1975-ci ildə Bakıbaştikintinin 2 saylı Evtikmə Kombinatında 2-ci dərəcəli fəhlə ixtisası ilə Baş Korpusa qəbul edilib, xx.xx.1975-ci ildə Sovet Ordusuna hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilib, xx.xx.1977-ci ildə Bakıbaştikintinin 2 saylı Evtikmə Kombinatında 2-ci dərəcəli qəlibçi ixtisası ilə Baş korpusa qəbul edilib, xx.xx.1978-ci ildə 3-cü dərəcəli körpülü krançı ixtisasına keçirilib, xx.xx.1978-ci ildə 4-cü dərəcəli körpülü krançı ixtisasına bərpa edilib, xx.xx.1983-cü ildə Bakıbaştikintinin 2 saylı Evtikmə Kombinatı Bakıbaştikintinin X3 Tikinti Quraşdıma Birliyi adlandırılıb, xx.xx.1983-cü ildə Quraşdırma sahəsinə sex mexaniki vəzifəsinə keçirilib, xx.xx.1984-cü ildə Bakıbaştikintinin X3 Tikinti Quraşdıma Birliyi Bakıbaştikintinin Sənaye üsulla Evtikmə Birliyi adlandırılıb, xx.xx.1986cı ildə Bakıbaştikinti “Sosial-mədəni tikinti”-nin 11 saylı Trestinin 8-saylı X1 keçirilməsi ilə əlaqədar işdən azad edilib, xx.xx.1986-cı ildə Bakıbaştikinti SEİB-in 8 saylı DBM Zavodunda Bakıbaştikinti SEİB-in 2 saylı Evtikmə Kombinatından 2 saylı Betonqarışdırma Qovşağına kran təsərrüfatına xidmət mexaniki vəzifəsinə qəbul edilib, xx.xx.1986-cı ildə mexaniki sexin rəisi təyin edilib, xx.xx.1988-ci ildə zavodun baş mexaniki təyin edilib, xx.xx.1995-ci ildə zavod 8 saylı DBM “İcarə Müəssisəsi” adlandırılıb, xx.xx.2000-ci ildə Zavod Dövlət Əmlakı Nazirliyinin sərəncamına qəbul edilib, xx.xx.2001-ci ildə Zavod "xxxx" Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilib, xx.xx.2002-ci ildə işdən azad edilib, xx.xx.2002-ci ildə Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsində idarənin Baş mühəndisi vəzifəsinə təyin edilib, xx.xx.2004-cü ildə işdən azad edilib, xx.xx.2004-cü ildə "xxxx" MMC-də Layihə menecer vəzifəsinə təyin edilib, xx.xx.2006-cı ildə işdən azad edilib, xx.xx.2006-cı ildə Qazaxıstan Respublikası Astana ş.”Temir-Beton-A” MMC-də ”Temir-Beton-A” MMC nəzdində MBQ-na (Məhlul-Beton Qovşağı) direktor vəzifəsinə təyin edilib, xx.xx.2007-ci ildə işdən azad edilib, xx.xx.2008-ci ildə X7 ASCnin Tikinti Layihələrinin idarə edilməsi Departamentinə mühəndis vəzifəsinə qəbul edilib, xx.xx.2009-cu ildə işdən azad edilib, xx.xx.2009-cu ildə "xxxx" ASC “Sumqayıt YGEŞN” Nəqliyat Xidmətinə 9-cu dərəcəli mexanik vəzifəsinə qəbul edilib, xx.xx.2010-cu ildə həmin xidmətə nəqliyat vasitələrinin istismarı və təmiri üzrə aparıcı mühəndis vəzifəsinə keçirilib, xx.xx.2010-cu ildə işdən azad edilib, xx.xx.2011-ci ildə "xxxx" ASC “Sumqayıt YGEŞN”-nin İnzibati TŞ-nin nəqliyyat bölməsinə 3 ay sınaq müddəti ilə bölmə rəisi vəzifəsinə qəbul edilib, xx.xx.2016-cı ildə İnzibati Təsərrüfat şöbəsinə baş mexanik vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə Təsərrüfat şöbəsinəbaş mexanik vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilib, xx.xx.2018-ci ildə "xxxx" ASC İnsan Resursları və Xidməti Dpartamentinin Avtonəqliyat İdarəsinin Şimal regionu üzrə dispetçer vəzifəsiknə təyin edilib, xx.xx.2019-cu ildə işdən azad edilib, xx.xx.2019-cu ildə "xxxx" MMC-nin Avtonəqliyyat İdarəsinin Şimal regionu üzrə dispetçer vəzifəsinə təyin edilib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********968100 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci ildə d-441 nömrə ilə dövlət qeydiyyatına alınmış “8 nömrəli X2” Dövlət Müəssisəsi xx.xx.2000-ci ildə d-431 nömrə ilə dövlət qeydiyyatına alınmış “Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 8 saylı Dövlət X2”nun bazasında təsis edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********58 nömrəli 05 sentyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 399 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş 8 nömrəli X2nun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. İnzibati icraat materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə X6 və Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 06 dekabr 2021-ci il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı 1986-2002-ci illərdə Bakı Dəmir Beton zavodu ASC-də işləməsi faktının yerinə qarşılıqlı araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1986-cı ildə 8 saylı Dəmir X4 işə qəbul edilib (Əmr 46s nömrəli, xx.xx.1986-cı il), xx.xx.2002-ci ildə (Əmr 07k nömrəli, xx.xx.2002-ci il) öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı işlədiyi müddətdə xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 50 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı Dəmir Beton 8 ASC-də( keçmiş BBTİ-nin 8 saylı DBM zavodu) İddiaçı 1986-2002ci illər ərazində hesablanmış əmək haqqı cədvəlindən görünür ki, 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvar ayından-1997-ci ilin may ayınadək əmək haqları ödənilmişdir. 1997-ci ilin may ayından 1999-cu ilin may ayınadək əmək haqqı ödənişləri “0” qeyd edilmiş, 1999-cu ilin iyun, avqust, sentyabr, dekabr ayları üçün əmək haqqı hesablanmışdır. 2000-2002-ci ilədək əmək haqqı “0” hesablanmışdır. Bakı Dəmir-Beton zavodunun xx.xx.1986-cı il tarixli 77c nömrəli əmri ilə İddiaçı mexaniki sexin rəisi təyin edilib, xx.xx.1988-ci il tarixli 30s saylı Əmr ilə zavodun baş mexaniki təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13 nömrəli məktubunda qeyd olunmuşdur ki, ASC-nin sabiq işçisi İddiaçı müəssisədə işlədiyi 1986-2002-ci illər üzrə təqdim olunan əmək haqqı Arayışında görünür ki, 1998-ci, 2000-ci, 2001-ci, 2002-ci il dövr üzrə ona əmək haqqı hesablanmamış, 1999-cu ildə isə qismən əmək haqqı hesablanmışdır. Həmin məktub ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -8 saylı DBM “İcarə Müəssisəsi”nin 01 may 1997-ci il tarixli, 32k nömrəli Əmrinə əsasən Azərbaycan Respublikası “Məzuniyyətlər haqqında” Qanunun 33-cü maddəsini əsas tutaraq və istehsal zərurəti ilə əlaqədar olaraq müəssisədə iş dayandığına görə aşağıda adları göstərilən aparat işçiləri 01 may 1997-ci il tarixdən 18 noyabr 1997-ci il tarixə qədər müvəqqəti olaraq ödənişsiz məzuniyyətə buraxılsınlar: 18. İddiaçı. -8 saylı DBM “İcarə Müəssisəsi”nin 14 noyabr 1997-ci il tarixli, 74k nömrəli Əmrinə əsasən Azərbaycan Respublikası “Məzuniyyətlər haqqında” Qanunun 33-cü maddəsini əsas tutaraq və istehsal zərurəti ilə əlaqədar olaraq müəssisədə iş dayandığına görə aşağıda adları göstərilən aparat işçiləri 18 noyabr 1997-ci il tarixdən müvəqqəti olaraq ödənişsiz məzuniyyətə buraxılsınlar: 18. İddiaçı. -8 saylı DBM “İM”nın 01k saylı 04 fevral 1998-ci il tarixli Əmrində göstərilmişdir ki, müəssisənin baş mexaniki 14.04-93-94-cü ilin məzuniyyətinə buraxılır, məzuniyyət müddəti 30 təqvim günü, 9 təqvim günü əmək stajına görədir., cəmi 39 təqvi günü məzuniyyət verilir. Məzuniyyət xx.xx.1998-ci ildən başlanır, xx.xx.1998-ci ildə qurtarır. İşə xx.xx.1998-ci ildə çıxmalıdır. -8 saylı DBM “İM”nın 05k saylı 25 fevral 2000-ci il tarixli Əmrinə əsasən xx.xx.2000-ci il tarixdən müəssisənin aşağıda adları göstərilən işçiləri C5Y-Azəri firması ilə fərdi müqavilə bağlayıb işlədiklərinə görə 15 avqust 2000-ci il tarixinə qədər öz hesabına ödənişsiz məzuniyyətdə hesab edilsinlər: 5-ci sırada İddiaçı. -Bakı Dəmir Beton-8 ASC-nin 12K nömrəli 29 oktyabr 2001-ci il tarixli Əmrində qeyd olunmuşdur ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xx.xx.2001-ci il tarixli məktuba əsasən poçt vasitəsilə müraciət edən mühəndis texniki işçilər və qulluqçular ödənişsiz məzuniyyətdən geri çağrılsınlar: 11-ci sırada İddiaçı. İş materiallarına əlavə edilmiş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli **********2 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə pensiaysı yenidən hesablanmış, yenidən hesablanan pensiya məbləği 468,86 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********36 nömrəli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan . şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz illər (xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində iştirak etdiyiniz dövr ikiqat ölçüdə) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il sığorta stajı və 01.01 2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 41136,54 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 424,78 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bır dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq ındeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği 01.01,2022-ci il tarixindən 439,28 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 8 saylı X2nda öz hesabınıza məzuniyyətdə olmusunuz. Həmçinin əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək ünvan 1 ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması imkan xaricindədir. Qeyd olunanlara əsasən sözügedən dövrlərin sığorta stajınıza əlavə edıiməsı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyanızın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən işlədiyi illərin sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanılması tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyaçısıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun hərbi xidmət dörü, eləcə də əmək kitabçaısndakı əmək fəaliyyəti dövrlər daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 28 il 05 ay 27 gün, eləcə də xx.xx.2006-cı il tarixdən sonra torpladığı pensiya kapitalına uyğun olaraq yaşa görə əmək pensiyasının məbləği hesablanmışdır. İddiaçının əmək kitabçasında Bakı Dəmir Beton zavodunda işlədiyi dövlərdən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr cavabdeh tərəfindən sığorta stajına hesablanmamışdır. Beləliklə, hazırkı işin mübahisələndirilən halı iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün onun pensiya təyinatında sığorta stajına daxil edilibedilməməsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. -2.13-cü bəndinə əsasən müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir. Cavabdeh qeyd edilən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək dövrün sığorta stajına daxil edilməsindən imtinaya əsas kimi həmin dövrü üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçının öz hesabına məzuniyyətə çıxdığı vaxt qüvvədə olan (01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) “Məzuniyyətlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qanunun 29-cu maddəsinə görə qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Qanunun 30-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Sadalanan normalardan görünür ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanuna əsasən şəxsə verilən ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, həmin məzuniyyət dövrünün bir aydan artıq hissəsinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi nəzərdə tutulmuşdur. xx.xx.1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə ödənişsiz məzuniyyətlə bağlı fərqli müddəalar müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Göründüyü kimi, qanunverici xx.xx.1999-cu il tarixədək ödənişsiz məzuniyyətin müddətini tənzimləməsə də, sonradan həmin məzuniyyətin 6 aydan artıq olmamasını müəyyən etmişdir. Eyni zamanda yeni tənzimləmə ilə obyektiv səbəblər olduğu halda işin dayandırılması ilə əlaqədar olaraq işçi ödənişsiz məzuniyyətə göndərildikdə bu məzuniyyətin müddətinin əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmaması təsbit edilmişdir. İş üzrə əldə edilmiş mübahisələndirilən 1997-2002-ci illər arası dövr üzrə əmək haqqı cədvəlləri, əmrlərdən görünür ki, iddiaçıya 1997-ci ilin ilk 04 ayı üzrə, 1999-cu ilin 4 ayı üzrə əmək haqqı hesablanmışdır. 1998-ci il üzrə əmək haqqı hesablanmamışdır. Eyni zamanda müəyyən olunur ki, müəssisədə iş dayandığına görə iddiaçı 01 may 1997ci il tarixdən 18 noyabr 1997-ci il tarixə qədər-06 ay ərzində, 18 noyabr 1997-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılmış, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək isə əmək məzuniyyətində olmuşdur. Məhkəmə yuxarıda sadalanan normalara istinadən hesab edir ki, nə qədər ki, iddiaçıya 1997-2000-ci ilədək olan dövr üzrə müəyyən aylar üzrə əmək haqqı ödənilmiş, həmin dövr üzrə iddiaçının müəssisənin əmrləri ilə iş dayandığına görə ödənişsiz məzuniyyətə göndərilmiş, eləcə də həmin dövr hüquq münasibətlərini tənziməyən “Məzuniyyətlər haqqında” Qanun ödənişsiz məzuniyyətin müddətini tənzimləməmiş və bu müddətin iş stajına daxil edilməsini qadağan edən norma olmadığından mübahisələndirilən xx.xx.1997-xx.xx.2000-ci ilədək olan dövrün iddiaçının pensiya təyinatında sığorta stajına daxil edilməlidir. xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək olan dövrə gəldikdə isə müəyyən olunur ki, təqdim olunmuş əmək haqqı cədvəllərinə əsasən iddiaçıya həmin tarixlər arasında zavod tərəfindən əmək haqqı hesablanmamışdır. İşdən görünür ki, zavodun işçiləri, o cümlədən iddiaçı C5Y-Azəri firması ilə fərdi müqavilə bağlayıb işlədiyinə görə ona xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinə qədər öz hesabına ödənişsiz məzuniyyət verilmiş, bu boşdayanma olmamış, hərmin dövrdə iddiaçıya hər hansı bir əmək haqqı ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız qeyd edilən 6 ayı-xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinə qədər olan dövr ümumi iş stajına daxil edilə bilər. İddiaçının işləmədiyi yerdə qalan müddətin isə ümumi staja daxil edilməsi mümkünsüzdür (oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1823/2020, 2- 1(102)-1527/2021, 2-1(103)-1338/2022 saylı inzibati məhkəmə işlər). Beləliklə, xx.xx.1997-xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinədək olan dövr iddiaçının sosial sığorta stajına aid edilməklə yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının xx.xx.1997-xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən 15 avqust 2000ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1997-xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar