Məhkəmə qərarları › İş №2-1(112)-1814/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1814/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1814/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı N71-ci ildə İsmayıllı rayonunda doğulmuşdur, İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N89 – N91-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçmişdir. Erməni işğalçıları torpaqlarımızı hücum edərək zəbt edən zaman hərbi xidmətə yararlı kimi 8 iyun N92-ci il tarixdə İsmayıllı RİH tərəfindən hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın uğrunda döyüşən müvafiq hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. 31 avqust N92-ci il tarixdə yaralandığından, hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissədən tərxis olunmuşdur. N92 – N93-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Qarabağda) gedən döyüşlərdə iştirak etmişdir. Lakin ona bu günədək müharibə veteranı adı verilməmişdir. Ona müharibə veteranı adının verilmısi üçün AR Müdafiə Nazirliyi Mərkəzi Arxivinə müraciət etmişdir. Mərkəzi Arxivdən 30 noyabr 2016-cı il tarixli 6 iyul 20N-cu il tarixli rəsmi cavab məktublarında göstərilir ki, müvafiq hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmadığı üçün onun xidməti barədə araşdırma aparılması mümkünsüzdür. Onun döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığından, məsələ öz müsbət həllini tapmır. Onun qeyd olunan dövrdə döyüşlərdə iştirakı İsmayıllı Rayon Hərbi Komissarlığı (Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən hərbi xidmətə çağırılması barədə 13 yanvar 2017-ci il tarixli rəsmi məktub və onunla faktiki döyüşlərdə iştirak etmiş döyüş yoldaşları təsdiq edə bilərlər. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələr tərəfindən verilmiş arayışlar, orden və medallar ilə təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında verilir. Onun (iddiaçının) respublikamızın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakını sənədlər və onunla birlikdə döyüşdə olmuş və hazırda veteran olan şahidlər təsdiq edə bilərlər. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 8 iyun N92-ci il tarixdən N93-cü ilədək onun iştirakı faktdır. Lakin bu barədə AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən 10 may 2018-ci il tarixli və 6 iyul 20N-cu il tarixlərdə müvafiq hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri MN Mərkəzi Arxivinə daxil olmadığı üçün tələbi təmin edilməmişdir. Bu fakt isə, başqa qaydada müəyyən edilə bilməz. Faktın məhkəmə qaydasında təsdiqi onun üçün veteranlar üçün nəzərdə tutulan güzəşt hüquqi nəticəsi yaradır. Göstərilənlərə əsaslanaraq, İPM-in 2, 8, 33, 45 – 47, 73-cü maddələrini rəhbər tutaraq, ona (iddiaçıya) döyüşlərdə iştirakını nəzərə alaraq, müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin məhkəməyə ünvanlanmış 14 noyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - X1 iddiası əsassızdır və İPM-in 35.1-ci maddəsinə uyğun olmadığından, mümkün sayıla bilməz. İddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. AR Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin 11ci yarlmbəndinə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normasının mənasından göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırıldığı hallarda iddia mümkün sayılır. Qeyd olunanları nəzərə alaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş edilir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsində göstərilənləri təsdilədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. AR Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi, mövcud qanunvericilik müharibə veteranı vəsiqəsinin və adının verilməsi səlahiyyətlərini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə aid etmişdir. Nəzərə alınmalıdır ki, işin faktiki hallarına əsasən hazırkı iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı məhkəmədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırkı iddianı qaldırmamışdan əvvəl həmin quruma müraciət etməmişdir. Onun müraciətinin məzmunu fərqli olmuşdur. Odur ki, məhkəmənin qənaətinə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar