Məhkəmə qərarları › İş №2-1(112)-1814/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1814/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1814/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxslər "xxxx" X1-Bank Kredit Təşkilatı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının onun barəsində tətbiq olunması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" X1-Bank Kredit Təşkilatına müraciət etmişdir.

2. "xxxx" X1-Bank Kredit Təşkilatı 2020/999/1302 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş Qaydalar əsasında bank olmayan kredit təşkilatlarının (BOKT) müştərilərinə kompensasiya verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunur və kompensasiya Azərpoçt tərəfindən ödənilir. Beləliklə, qeyd olunan prosesdə iddiaçıya müvafiq kompensasiya düşüb-düşmədiyinin müəyyən edilməsində və ona ödənilməsində bank olmayan kredit təşkilatı olaraq "xxxx" X1-Bank Kredit Təşkilatının hər hansı hüququ və funksiyası müəyyən edilməmişdir. Həmçinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. "xxxx" X1-Bank Kredit Təşkilatında iddiaçının qalıq borcuna kompensasiya hesablanmamış və restrukturizasiya şamil edilməmişdir. İddiaçının Təşkilata **********7768 hesabı üzrə 7923.7 ABŞ dolları borcu mövcuddur.

3. Azərbaycan Respublikası Mərkəzi Bankı 26-04212-2020 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Qeyd olunan Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsi yaradılmışdır. İddiaçının problemli krediti ilə bağlı müraciəti göstərilən elektron səhifədə qeydiyyatdan keçirilmişdir. Müraciət ilə bağlı qəbul edilmiş qərarlarla tanış olmaq üçün ak.cbar.az elektron səhifəsinə daxil olması tövsiyə edilmişdir.

4. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" X1-Bank Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QBKT ilə iddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli **********4922 saylı kredit müqaviləsi üzrə vaxtı keçmiş borcun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli problemli kreditlərin həlinə dair Fərmanına əsasən restrukturizasiya edilməsi, faizin, cərimənin silinməsi və iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankının və Finca Azərbaycan QBKT-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" X1-Bank Kredit Təşkilatının cavabdeh qismində iştirakına xitam verilməsini, iddianın dəyişdirilərək Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən ona kompensasiya hesablanaraq adının ödəniş ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi və bu barədə məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin tərəfindən iddia dəyişdirilməsi qəbul edilmişdir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1814/2022 saylı qərardadı ilə "xxxx" X1-Bank Kredit Təşkilatı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 11 sentyabr 2014-cü il tarixli **********4922 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz olmaqla 24 ay müddətinə "xxxx" QBKT-dan kredit götürmüş, aybaay ödəniş etmişdir. 2015-ci ildə inflyasiya nəticəsində iddiaçının kredit ödənişlərində müəyyən gecikmələr olmuş, bundan sonra Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iştirakı olmadan İmişli Rayon Məhkəməsi qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. 2019-cu il fevralın 28də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalanmışdır, Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan problemli kreditləri hər bir bank üzrə restrukturizasiya olunmalıdır. İddiaçı qeyd olunan fərmanın onun barəsində tətbiq olunması ilə bağlı dəfələrlə Finca Kredit Təşkilatına və Milli Banka müraciət etsə də, nəticəsi olmamışdır.

8. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" QBKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə aparılmaqla öhdəliyin tam icra edilməsi barədə məlumatlar daxil edilmişdir. Qeyd edilməlidir ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Məlumat bazalarında xx.xx.2019-cu il tarixə sözügedən kredit müqaviləsi üzrə iddiaçının vaxtı keçmiş kredit borcu ilə bağlı məlumatların olmaması səbəbindən kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iş materiallarında olan "xxxx" X1-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Təşkilatı tərəfindən biznes məqsədlər və həyat şəraitinin yaxşılaşdırılması üçün İddiaçıya 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir.

13. "xxxx" X1-Bank Kredit Təşkilatı tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 2020/999/1001 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təşkilatla İddiaçı arasında 11 sentyabr 2014-cü il tarixində 24 faizlə 24 ay müddətinə 10.000 ABŞ dolları (on min dollar) məbləğində kreditin verilməsilə bağlı müqavilə bağlanmışdır. İddiaçı həmin kredit müqaviləsi üzrə devalvasiya günlərinə, yəni 21 fevral 2015-ci il tarixinə 8297 ABŞ dolları məbləğində əsas, 21 dekabr 2015-ci il tarixinə 6378.46 ABŞ dolları məbləğində əsas, hazırki tarixə, yəni 30 avqust 2021-ci il tarixinə 7622.74 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Həmçinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş Qaydalar əsasında bank olmayan kredit təşkilatlarının (BOKT) müştərilərinə kompensasiya verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunur və kompensasiya Azərpoçt tərəfindən ödənilir. Beləliklə, qeyd olunan prosesdə, yəni müvafiq kompensasiyanın düşüb-düşmədiyinin müəyyən edilməsində və ödənilməsində bank olmayan kredit təşkilatı olaraq "xxxx" X1-Bank Kredit Təşkilatının hər hansı hüququ və funksiyası müəyyən edilməmişdir.

14. İşdən müəyyən olur ki, iddiaçı məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş, Palatanın Apellyasiya Komissiyasının 79 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

15. Məhkəmə qeyd edir ki, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman (bundan sonra – Fərman) qəbul edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanın 2-ci hissəsi ilə həmin Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Fərmanın 8-ci hissəsinə görə, fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; - vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın 3-cü hissəsi ilə: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməsi; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) tapşırılmışdır.

16. Tapşırığın icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması qaydasını tənzimləyən 3-cü hissəsinə əsasən: -3.1. Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. - 3.2. Kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;

2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;

2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Qaydaların 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Qaydaların 4.2-ci hissəsinə əsasən isə Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür.

17. İşdən görünür ki, iddiaçının bağladığı kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, müqavilə 2015-ci il fevralın 21-nə kimi bağlanmış kredit müqaviləsi olmuş, kredit borcunun məbləği isə 10 000 ABŞ dolları olmuşdur. Belə olan halda müəyyən olunur ki, iddiaçının ona kompensasiya hesablanması barədə hazırkı tələbi əsaslıdır.

18. Cavabdeh xx.xx.2022-ci il tarixli, 01.16-2-2022-662 nömrəli məktubu ilə məhkəmə sorğusuna cavab olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "Finca Azərbaycan” QBKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə aparılmaqla öhdəliyin tam icra edilməsi barədə məlumatlar daxil edildiyindən vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda "xxxx" QBKT MMC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 10.000 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 8297,00 ABŞ dolları, ikinci devalvasiya gününə isə (xx.xx.2015-ci il tarixə) 6378,46 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Beləliklə, qeyd edilən sənədlər üzrə məlumatlara əsasən "xxxx" QBKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 5901,32 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Kredit borcunun restrukturizasiyasına gəlincə isə qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır.

19. Göründüyü kimi, cavabdeh iddiaçıya kompensasiya hesablanmasına etiraz etməmiş, iddiaçıya ilkin olaraq imtina verilməsini isə Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "Finca Azərbaycan” QBKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə aparılmaqla öhdəliyin tam icra edilməsi barədə məlumatlar daxil edilməməsi ilə əsaslandırmışdır.

20. Məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" X1-Bank Kredit Təşkilatına kredit borcunun tam ödənilməməsi, bu borcun hələ də qalması işin halları ilə tam müəyyən olunur. Belə ki, işdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(106)-1668/2019 saylı qətnaməsindən görünür ki, "xxxx" X1-Bank Kredit Təşkilatı İddiaçı və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ödənilməmiş 7622,74 ABŞ dolları əsas borc, 300,96 ABŞ dolları faiz borcu olmaqla cəmi 7923,70 ABŞ dolları borcun cavabdehlərdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, iddiaçı kredit təşkilatına olan borcunu 2015-ci ildə tam ödəməmiş, 2017-ci ildə təşkilat həmin borcun ödənilməsi üçün məhkəməyə müraciət etmişdir.

21. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının adını kompensasiya ödəniləcək şəxslərin siyahısına daxil etməməsi əsaslı olmamışdır. Buna görə də iddia təmin olunmalıdır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən İddiaçı onunla "xxxx" X1-Bank Kredit Təşkilatı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən kompensasiya hesablanması, İddiaçı adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar