Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1814/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “ayrıca abonent kodunun verilməsi və qaz sayğacının quraşdırılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ayrıca abonent kodunun verilməsi və qaz sayğacının quraşdırılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 39 A saylı fərdi yaşayış evi üçün ona ayrıca abonent kodunun verilməsi və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1959-cu ildə doğulmuşdur. Hazırda Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 39 A saylı evdə yaşayır. Həmin ev fərdi yaşayış evidir. Həyətdə 7 ailə ayrı-ayrılıqda yaşayır. Onun ayrıca özünə məxsus su sayğacı, işıq sayğacı vardır. Lakin qaz sayğacı həyətdə bir ədəd quraşdırılmışdır. Bəzən onların ailəsi evdə olmur və yaxud qazdan az istifadə edirlər. Lakin hər ailə öz büdcəsinə görə qaz sərfiyyatı yandırır. Aylıq gələn borc onun işlətmədiyi qaz sərfıyyatına uyğun olmasa da belə məcburən o, borc yaranmasın deyə məcbur qalıb qaz borcunu ödəyir. O, qazdan az istfadə etməsinə baxmayaraq yaranan borc məbləği çox yüksək olur. Bu isə onun büdcəsinə uyğun gəlmir. Dəfələrlə qaz idarəsinə müraciət edərək, özü üçün ayrıca qaz sayğacının qoyulması və abonent kodunun verilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Qaz idarəsi rəsmi imtina verdikdən sonra məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Hesab edir ki, ona məxsus evə ayrıca qaz sayğacı qoyulmalıdır və ayrıca abonent kodu verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh İB tərəfindən məhkəməyə iddia ərizəsinə dair yazılı münasibət (etiraz) təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 449 №-li, xx.xx.2023-cü il tarixli arayışda İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi S.Hüseynov küçəsi 39 saylı evdə daimi pasport qeydiyyatında olduğu, ailə tərkibi qismində arvadı X1 (1962-ci il təvəllüdlü), oğlu –X3 (1986-cı il təvəllüdlü), qızı-X2 (1990-cı il təvəllüdlü), nəvəzi-X4 (2017-ci il təvəllüdlü), nəvəsi-X6 (2019-cu il təvəllüdlü) qeyd olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-10-2/2-230/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanı barəsində nümayəndəlikdə rəsmi məlumat mövcud deyil. Bu səbəbdən sözügedən ünvanda yerləşən daşınmaz əmlakın kimə məxsus olması, hazırda həmin evdə kimlərin və hansı əsaslarla yaşaması barədə məlumat vermək mümkün olmamışdır. Cavabdeh İB Təmir-Tikinti İdarəsinin 14-2-2-2/2-286/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, işçilər tərəfindən İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirildi. Baxış zamanı mənzilin birinci mərtəbəsində qaz sayağacının quraşdırıldığı və qazla təmin olduğu müəyyən edildi. Həmin mənzilin ikinci mərtəbəsinə əlavə qaz sayğacının quraşdırılması üçün müvafiq sənədlər (yaşayış sahəsinin bölünməsi barədə) olmadığı üçün qaz sayğacının quraşdırılması mümkün olmamışdır (bu barədə müvafiq akt tərtib olunmuşdur). Mülkiyyət sənədləri əsasında bir mənzilə yalnız bir ədəd qaz sayğacının quraşdırılmasına icazə verilir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********02 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi,39A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş 14- 2-2/3-11-4293/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh İB-yə daxil olmuş (xx.xx.2023-cü il tarixli, 14-2-2/1-A-xx/xx/2023- 194 nömrəli) ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması haqqında müraciətinə aidiyyəti üzrə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentində baxılmışdır. Bakı Regional Qaz İstismarı Departamentinin nəzdində yaradılmış Yeni qazlaşma işləri ilə əlaqədar işçi qrup tərəfindən qeyd olunan ünvana baxış keçirilmişdir, (koordinat: 40.428795_49.83411). Mülkiyyət sənədləri təqdim edilmədiyi üçün rəy və təkliflərin verilməsi mümkün olmadı. Tətbiq edilən hüquq. “Qaz təchizatı haqqında” Qanun Maddə 6. 6-cı hissə. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə13. 9-cu hissə. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1-ci bənd: Qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçının qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən şəxsdir, istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.2-ci bənd: Qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüququ şəxsdir, istehlakçı alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquq və ya fiziki şəxsdir. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2-ci bənd: Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 68. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh orqanın əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin birinci mərtəbəsində qaz sayağacının quraşdırıldığı və qazla təmin olduğu müəyyən edilmişdir. Həmin mənzilin ikinci mərtəbəsinə əlavə qaz sayğacının quraşdırılması üçün müvafiq sənədlər (yaşayış sahəsinin bölünməsi barədə) olmadığı üçün qaz sayğacının quraşdırılması mümkün olmamışdır (bu barədə müvafiq akt tərtib olunmuşdur). Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən qaz sayağacının quraşdırılması tələb olunan yaşayış sahəsinə hüquqlar Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1814/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1814/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver