Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1814/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əzizbəyov rayon X5 icraiyyə komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1990-cı il tarixli, 19 nömrəli qərarı ilə İddiaçı (bundan sonra iddiaçı) Binə qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək, ona ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********85 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Bundan başqa, təqdim edilmiş sənədlərdə hüquq sahibi kimi digər fiziki şəxsin adı qeyd olunduğu üçün həmin şəxsin özü yaxud etibarnamə üzrə nümayəndəsi müraciət etməlidir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından daxil olmuş Ə- 671-112 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 29 oktyabr 1990-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, X4-istehsaıat birliyində təmir emalatxanasında işləyən İddiaçı (bundan sonra İddiaçı) Binə qəsəbəsi ərazisində fərdi ev tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən daxil olmuş Ə-327-091 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 19/1806 saylı, xx.xx.1990-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanaraq və təsdiq edilərək iddiaçıya təqdim olunmuşdur. İddiaçının nümayəndəsi X3 21 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərzi İdarəsinə (bundan sonra Cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən və xəritədən çıxarışı ilə cizgisi göstərilən 600 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki sənədlər (pasport və plan ölçü) verilməsini xahiş etmişdir. Ərizə 23 may 2024-cü il tarixdə poçt vasitəsilə cavabdehə çatdırılsa da, həmin ərizəyə heç bir cavab verilməmişdir. İddiaçının nümayəndəsinin daha əvvəlllər də cavabdehə müraciətləri olmuş, həmin müraciətlərə cavab olaraq torpaq sahəsinin ayrılmasına dair qərarın arxiv sənədləri tələb olunmuşdur. 21 may 2024-cü il tarixdə göndərilmiş ərizədə müvafiq torpaq sahəsinin ayrılmasına dair qərarın arxiv sənədi təsdiq olunmaqla cavabdehə təqdim edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********85 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinə imtina cavabı vermişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının iddiaçıya ünvanlanmış xx.xx.2020ci il tarixli məktubu ilə Əzizbəyov rayon X5 icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 19 nömrəli qərarının təsdiq edilmiş surəti iddiaçıya göndərilmişdir. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilmiş surəti ona təqdim edilmişdir. Əzizbəyov rayon X5 icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 19 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilən kadastr məlumatlarına əsasən sözügedən sahə Donuzkökəltmə Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmin sahənin qeydiyyatı, həmçinin üst-üstə düşmə ilə bağlı bazada məlumat yoxdur. Sorğuya uyğun olaraq torpaq sahəsinə bitişik olan (qonşuluqda yerləşən) torpaq sahəsinin, müayinə aktının surəti və ortofoto görüntüsü təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iki torpaq sahəsi bir hasar daxilindədir. Ara sərhədi şərtidir. Üzərində həyət tikilisi mövcuddur. Faktiki sahəsi 741.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X1 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışhissəsində yerləşir. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpaq sahəsi ümumi hasar daxilində yerləşsə də, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış torpaq sahələri ilə üst-üstə düşmə halı aşkar edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə sorğusu əsasında təqdim edilmiş sənədlərin surətindən müəyyən edilir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsi ilə eyni hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış torpaq sahəsi üzərində vətəndaşın mülkiyyət hüququ qeydiyyata alınmış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya analoji hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh orqan eyni faktiki hallara malik şəxslərə mübasibətdə fərqli davranaraq bərabərlik və etimad hüququnun tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-1814/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1814/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver