Məhkəmə qərarları › İş №2-1(112)-1815/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1815/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1815/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində göstərilməklə “şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə şəxsiyyət vəsiqəsi verilməsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1989-cu il tarixdə Komi MSSR-in Sıktıvkar şəhərində doğulmuşdur. X1 Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması xahiş edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində icraata başlanılmış və nəticədə 27 sentyabr 2019-cu il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bundan sonra şəxsiyyət vəsiqəsi almaq üçün cavabdeh təşkilata - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişdir. Həmin İdarədən xx.xx.2023-cü il tarixdə 18/2-M-17547 saylı cavab məktubu verilmişdir. Cavab məktubunda aparılmış zəruri yoxlamaların nəticəsi barədə guya xidmətin məsul əməkdaşı tərəfindən ona məlumat verilməsi bildirilmişdir. Daha sonra məktubda qeyd edilir ki, sənədləşmə prosedurunda dəyişiklik olduğu halda ona məlumat veriləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan: İİ-EA seriyalı 509449 №-li xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (tərcümə) müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu ildə Sıtıvkar şəhəri, Komi MSSR-də doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1989-cu ilin aprel ayının 04-cü günündə 221 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X3, anası qismində isə X4 qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* №-li xx.xx.2019-cu il tarixli qərarından (surəti) müəyyən olunur ki, xx xxxxxx 1989-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Azərbyacan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-32366/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasında doğulmuş İddiaçı şəxsiyyət vəsiqəsi almaq barədə vəsatəti üzrə aparılmış araşdırma nəticəsində onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən hazırda şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi mümkün hesab edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-M-18547 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, şəxsiyyət vəsiqəsi almaq barədə vəsatəti üzrə aparılmış zəruri yoxlamaların nəticəsi barədə qəbulda olarkən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı tərəfindən məlumat verilmişdir. Sənədləşmə prosedurunda dəyişiklik olduğu təqdirdə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 1.2.-ci bəndində əsasən Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra ─ qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə almaq hüququna malikdir. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi hazırki iddiaya cavab verməli olan şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (hazırda iddiaçının qeydiyyata düşmək istədiyi ünvan üzrə Yasamal rayon Polis İdarəsi) müəyyən olunmuşdur ki, iddiaçı həmin orqana müraciət etdikdən sonra, müraciəti təmin olunmayacağı təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək, ona iddia ərizənizdə yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddiaya cavab verməli izibati orqanın (hazırki halda Yasamal Rayon Polis İdarəsi olmalıdır) dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçının nümayəndəsi tərəfindən buna etiraz olunmuş və etiaz onunla əsaslandırılmışdır ki, nə qədər ki, yuxarı orqan olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi onların bu tələbindən imtina etmişdir, ona görə də Yasamal Rayon Polis İdarəsi tərəfindən də müraciətindən imtina olunacağını düşündüyü üçün həmin idarəyə müraciət etməkdən imtina edir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport,Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində göstərilməklə “şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar