Məhkəmə qərarları › İş №2-1(112)-18151/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18151/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18151/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (3-cü şəxs: X3) qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə X3 (bundan sonra – üçüncü şəxs) hazırkı iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsilə əlaqədar əlilliyi müəyyən edilmiş səxslərin, şəhid ailələrinin, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisəsələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında 16 avqust 2021 -ci il tarixli 492S nömrəli Sərəncamına əsasən iddiaçının atasına 5 nəfər ailə tərkibində xx.xx.2021-ci il tarixli müvafiq "AKT" əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi 20 nömrəli binadan 21 nömrəli 3 otaqlı mənzil verilmişdir. Mənzilin tam təmirli, avadanlıqların, qurğuların və inventarların təchizatında nasazlığın və çatışmazlığın olmadığına görə həmin vaxtdan həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi, "Azərişıq", "Azəriqaz" təşkilatlarının yerli şöbələrinin 21 yanvar 2022-ci il tarixdə imzalanmış birgə müqavilələrinə əsasən müvafiq "KOD"-lara uyğun olaraq tərəfindən kommunal məişət xidmətlərinin ödənişləri mütəmadi olaraq həyata keçirilir. 2003-cü ildən pasport qeydiyyatında olduğu Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi 74 saylı evin 14 saylı mənzilindən X2 iddiası əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə pasport qeydiyyatından çıxarılmışdır, eyni zamanda, atası X3 da eyni vaxtda eyni qərarla pasport qeydiyyatından çıxarılmışdır. Hazırda iddiaçının şəxsiyyət vəsiqəsi etibarsızdır. İnzibati Məhkəmənin 2023-cü il tarixli Qərarı ilə onun atası həmin mənzilə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, YYK.T. Əsgərli küçəsi, bina 20, mənzil 21-ə pasport qeydiyyatına alınmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi 20 nömrəli binanın 21 nömrəli 3 otaqlı mənzilinə pasport qeydiyyatına alınmasına etiraz etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli akta və ona əlavəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamının icrası çərçivəsində Nazirlik tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, X8ndə 3 otaq üçüncü şəxsə təhvil verilmişdir. Həmin mənzil üçüncü şəxsə gözdən əlil olması səbəbinən 5 nəfər ailə tərkibinə (X3, İddiaçı, X4, X5, X6) uyğun olaraq verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5177/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanında ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanında xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd təqdim etməlidir. Əks təqdirdə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanına qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı üçüncü şəxsin oğludur. Üçüncü şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanında qeydiyyatdadır. Üçüncü şəxs iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmir. Qeyd edilməlidir ki, iş üzrə başqa şəxsin həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmasına baxmayaraq iddiaçının həmin ünvana qeydiyyata alınmasından cavabdehin imtinası inzibati icraat zamanı tətbiq edilən bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulmasına səbəb ola bilər. Belə ki, iddiaçı həmin ünvanda yaşayır və üçüncü şəxs iddiaçının qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8, Tural Əsgərli küçəsi, ev 20, mənzil 21 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar