Məhkəmə qərarları › İş №2-1(112)-1818/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1818/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1818/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə2, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X7) “çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən, atası X16 məxsus olan, ümumi ərazisi 0,12 ha olan 589 nömrəli torpaq sahəsinin atasının vəfatından sonra onun adına keçirilməsinə dair 05 mart 2023-cü il tarixli, 3221 nömrəli müqavilə və həmin müqaviləyə əsaslanan digər əməliyyatların ləğv edilməsi, bağ torpaq sahəsinin X16 məxsus olmasına dair sənədin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X3 adına verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X7 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan 2(001)-2898/2024 saylı mülki işlə əlaqədar məhkəməyə təqdim olunmuş sənədlərin içərisində olan dövlət reyestrindən verilmiş **********43 №-li, xx.xx.2020-ci il tarixli məktubda iddiaçının atasının adında olmuş və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddələrinin tələblərinə əsasən atası X13 mülkiyyəti sayılan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən, ümumi ərazisi 0,12 ha olan 589 №-li bağ torpaq sahəsinin atasının vəfatından sonra X2 adına keçdiyi və onunla 05 mart 2003-cü il tarixdə, 3221 №-li müqavilə bağlandığı və sonradan da sözügedən bağ sahəsinin 20 oktyabr 2011-ci il tarixdə X3 adına dövlət reyestrində qeydiyyata alındığı bildirilir. Bu barədə onun məlumatı olmadığı üçün atasının vəfatından sonra ondan qalmış mirasın kütləsinə aid olmalı olan bu bağ sahəsini vərəsə olaraq qəbul etməyi mümkün olmamışdır. Hesab edir ki, atasına məxsus olan bu bağ sahəsinin X2 adına keçirilməsinə dair bütün sənədlər ləğv edilməlidir və bağ sahəsinin atasının adına olmuş sənədi bərpa edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddia tələbində qeyd olunanlar İdarənin fəaliyyət istiqamətləri xaricindədir. İdarənin fəaliyyət istiqamətləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 2-ci maddəsi ilə müəyyən olunur. Həmçinin iddia tələbində mübahisələndirilən tələb (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddialara) iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən xüsusi icraat qaydasında mülki məhkəmə icraatında baxılır. ünvan 1 ünvanda yerləşən bağ evi və yerləşdiyi torpaq vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq X3 adına qeydiyyata alındıqdan sonra mülkiyyətçi ilə X11 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda sözügedən daşınmaz əmlak X8 mülkiyyətindədir. Üçüncü şəxs iddia ərizəsinə dair yazılı etirazda bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında xx.xx.1982-ci il tarixli, 3221 nömrəli müqavilə bağlanmışdır. İcarədarın və ailə üzvlərinin razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0,12 ha hissəsi X5 adına keçmiş və 589a nörməli bağ sahəsinə dair xx.xx.1992ci il tarixli, 24611 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 589a saylı bağ evi xx.xx.2002-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2011-ci il tarixdə sözügedən bağ evi və 0,12 ha torpaq sahəsi vahid əmlak kimi X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri notariat kontorunun xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589a saylı bağ evi X4 adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsi isə X13 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən X3 adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli, 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə X3 adına dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İddiaçı vərəsəlik hüququ haqqında heç bir sənədi yoxdur və olmayıb. İddiaçı və övladları heç vaxt həmin bağda qalmayıblar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri yazılı etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə, işdə olan sənədləri, iddia ərizəsinin və ona yazılı etirazın dəlillərini araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən, ümumi ərazisi 0,12 ha olan bağ sahəsi X16 icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair X6 və İstismarı Birliyi ilə X7 arasında xx.xx.2003-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən bağ sahəsi İradə Cabarovanın adına sənədləşdirilmiş və MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. İradə Cabarova həmin çıxarış əsasında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən bağ sahəsini X1. İddiaçı hazırda İradə Cabarovanın adına verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın ləğvini xahiş edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci ilci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi çıxarışın əsasında X6 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə, yəni mülki-hüquqi əqd dayanır. Belə olan halda iddiaçı həmin əqdi və onun yaratdığı hüquqi nəticə olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mülki qaydada mübahisələndirməlidir. X6 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin ləğv ediləcəyi və ya etibarsız sayılacağı halda, həmin müqavilə əsasında İradə Cabarovaya verilmiş çıxarış da ləğv edilmiş olacaqdır. Hazırkı iddia isə mümkün hesab edilərək mahiyyəti üzrə araşıdırıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar