Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18188/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı "Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən, 1951 saylı məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsindəki 2 otaqlı 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə iddiaçıya çıxarış verilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən, 1951 saylı məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsindəki 2 otaqlı 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə iddiaçıya çıxarış verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixində "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 1951 saylı məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsindəki 2 otaqlı 1 saylı mənzili satın almışdır. Müqavilə "xxxx" MTK-nın sədri X1 tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Mənzilə görə müəyyən edilmiş 110000 manatlıq ümumi məbləğin 71200 manatı nağd və bank köçürməsi ilə ödənilmiş, qalan 38800 manat isə iddiaçının mülkiyyətində olan Xəzər rayonu. Şağan qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin cavabdeh "xxxx" MTKya verilməsi ilə əvəzlənmişdir. xx.xx.2015-ci il tarixdə ona "xxxx" MTK tərəfindən mənzilin sahibi kimi arayış verilmiş və həmin tarixdən etibarən mənzilə faktiki sahiblik edir, orada yaşayır. 2023-cü ildə qeyd olunan əsaslarla Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 2(005)-3078/2023 saylı qətnamə ilə iddiası təmin olunmuş, mənzilə dair MTK-nın ümumi yığıncağından çıxarış mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışının və protokoldan çıxarışın ona təqdim olunması öhdəliyi cavabdeh ’’Euro Tikinti" MTK-nın üzərinə qoyulmuşdur. Qətnamə əsasında icra vərəqəsi ilə Nərimanov Rayon İcra Şöbəsinə müraciət etdikdə, xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən icra sənədinin icrası qeyri-mümkün hesab edilmişdir. Səbəb kimi cavabdeh MTK-nın faktiki olaraq hüquqi ünvanda fəaliyyət göstərməməsi və onun rəhbəri Sadıqov Nəsiminin 2019-cu ildən ölkəni tərk edərək geri qayıtmaması göstərilmişdir. İcra sənədinin icrası bu səbəblə dayandırılmış və sənəd məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edərək, mənzilə dair çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən cavab məktubu ilə bildirildi ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi onların iştirakı olmadan qəbul edildiyi və onların üzərinə öhdəlik qoyulmadığı üçün hüquqların dövlət qeydiyyatı mümkün deyil. Qeyd olunan bütün hüquqi və faktiki əsaslara görə, iddiaçı mübahisəli mənzilin qanuni alıcısı, faktiki sahibidir. Alqısatqı müqaviləsi, ödəniş sənədləri, arayışlar və digər sübutlarla onun bu mənzilin mülkiyyətçisi olduğu tam sübuta yetirilmişdir. Hazırda çıxarışın verilməsinə yalnız formal səbəblərdir. Sənədləri təqdim etməli olan cavabdehlərin fəaliyyət göstərməməyi buna mane olur. Bu vəziyyət onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktından göründüyü kimi, iddiaçının istifadə hüququnun qeydiyyata alınması müvafiq kirayə müqaviləsi əsasında aparılmışdır. Həmçinin, iddiaçının mübahisələndirilən əmlaka hüququnun 1996-cı ildən yarandığı da həmin məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilin faktiki ölçüsünün 91 kv.m olduğu müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərdiyindən, hazırkı iş üzrə əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdir. Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhərində yerləşən mənzil ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Оdur ki, məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İş materiallarında olan:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Bakı şəhəri, Nəirmanov rayonu, H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair İddiaçı adına çıxarışın alınması üçün "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı İddiaçı MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Nərimanov rayon icra şöbəsinin 19 mart 2025-ci il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” Qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-M-0607-8/2025 **********97 nömrəli məktubunda bildirilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 nömrəli mülki işi ilə bağlı idarə tərəf qismində cəlb edilməmiş və təqdim edilmiş xx.xx.2023-cü il tarixli qətnamə ilə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-59732/2025 nömrəli 11 dekabr 2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 105 ünvanında qeydiyyatdan keçmiş əmlaklara dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:
Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Maddə 112. Mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən:
3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. İşin faktiki hallarına əsasən iddiaçı istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciətinin cavabdeh tərəfindən icrasından imtina edilməsi, onun qanuni əsaslarla əldə etdiyi mənzil üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsindəaşagıdakı hallar müəyyən edilmişdir: - 07 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, "xxxx" MTK-nın sədri X1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 1951 saylı məhəllədə tikdiyi çoxmərtəbəli, iki girişli yaşayış binasından 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, 01 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə verir. İddiaçı müqavilə müəyyən edilmiş mənzilin dəyəri olan 110000 manat pulu “Euro Tikinti" MTK-ya ödəyir. - 19 nömrəli öhdəlikdən görünür ki, İddiaçı qalıq borcunun 106000 manat hissəsini alıcı, 6 ay müddətinə ödəməyi öz öhdəsinə götürür. - 07 noyabr 2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 4000 manat ödəniş edilmişdir. - 28.11.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6000 manat ödəniş edilmişdir. - 27.12.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50000 manat ödəniş edilmişdir. - "Euro Tikinti” MTK tərəfindən verilən xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 1951 saylı məhəllə 2-ci giriş, 3cü mərtəbə, 01 saylı mənzilin mülkiyyətçisidir və hazırda həmin mənzildə yaşayır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinin icrası mümkün olmasada, həmin qətnamə iddiaçının mübahisəli əmlaklara dair hüquqlarının mövcudluğunu təsdiq edir və iddiaçı tərəfindən hal-hazırda təqdim edə bilmədiyi Bakı şəhəri, Nəirmanov rayonu, H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışını əvəz edir. Göründüyü kimi mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, qeyriyaşayış sahəsi ilə bağlı hüquqa iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçı tərəfindən mənzilin pay haqqı tam ödənilmiş və bu hal iş materiallarında olan sənədlər ilə təsdiq edilir. Yuxarıda göstərilmiş qanunvericiliyin müddəalarına əsasən, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında binasında, pay haqqı tam ödənildikdə, mənzil sahəsinə mülkiyyət hüququ əldə edilir. İddiaçının mənzil üzərində mülkiyyət hüququ yaranmasına və bunu təsdiq edən sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli sahə üzərində ilkin hüquq əldə etdiyi, lakin qazandığı hüququ dövlət qeydiyyatına almaması, onun həmin hüquqdan məhrum olmasına gətirib çıxarmır. İnzibati orqan tərəfindən şəxsin müraciətindən imtinası onların hüquqi əsaslarına və müvafiq qanunvericiliyə uyğun olmalıdır. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:
52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən, 1951 saylı məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsindəki 2 otaqlı 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə iddiaçıya çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən, 1951 saylı məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsindəki 2 otaqlı 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə iddiaçıya çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova