Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1819/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı «tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi, tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1 noyabr 2023-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Onun həmin evə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir. Fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğundan, iddiaçı onun sökülərək yerində layihə əsasında yenidən fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında cavabdeh Binəqədi RİH-ə müraciət etmişdir. RİH-də müraciətə baxıılmış və onun göstərilən faktlar təsdiqini tapdığından, "xxxx" MMC tərəfindən işlənmiş inşası nəzərdə tutulan zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin layihəsi təsdiq olunaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən razılaşdırılmış, iddiaçıya bu barədə müvafiq icazə məktubu verilmişdir. İddiaçı fərdi yaşayış evini söküb, Binəqədi RİH tərəfindən təsdiq olunmuş layihə əsasında yeni evi tikməyə başlamışdır. Müəyyən həddə tikinti işləri aparıldıqdan bir müddət sonra Binəqədi RİH tərəfindən tikntinin apanlması dayandırılmışdır. Uzun zaman keçməsinə baxmayaraq iddiaçıya tikinti işlərini davam etdirməyə imkan verilmir. 19 May 2022-ci il tarixdə qeyd olunan layihə əsasında tikinti işləri davam etdirilən zaman Binəqədi RİH-in nümayəndələri və polis əməkdaşları gəlib qeyriqanuni olaraq tikintini dayandırmışlar. Tikilmiş beton daşıyıcı divarlar əraziyə gələnlər tərəfindən sökülüb dağıdılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı evi Binəqədi RİH ilə razılaşdırılmadan sonra sökmüşdür. Yeni tikinti işlərini də müəyyən qədər aparıb xərc qoymuşdur. Buna baxmayaraq, Binəqədi RİH hüququndan və səlahiyyətlərindən sui istifadə edərək aparılan tikintini qeyri-qanuni olaraq sökməklə və tikintini dayandırmaqla iddiaçıya külli miqdarda zərər vurmuşdur. Belə ki, aldığı evin dəyəri 2012-ci ildə 572.320 manat olmuşdur ki, həmin ev sökülmədən saxlanıldığı halda, hazırda onun dəyəri təxminən 2.000.000 manat olardı. Evin sökülməsi özlüyündə ona vurulmuş zərərdir, eyni zamanda iddiaçı tikinti işlərinə görə 170.000 manatdan artıq vəsait xərcləmişdi ki, həmin tikinti də cavabdeh tərəfindən qanunsuz olaraq sökülməklə yararsız vəziyyətə salınmışdır. Cavabdeh Binəqədi RİH=in ümumilikdə iddiaçıya vurmuş olduğu zərər 2.170.000 manatdan artıqdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qeyri-qanuni hesab olunmalı, ona vurulan zərər cavabdeh tərəfindən ödənilməli və tikinti işlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması cavabdehə həvalə olunmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. İddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Binəqədi RİH-ə müraciət etmiş və həmin tikinti ilə bağlı tələb olunan bütün qanuni işləri həyata keçirmişdir. Ona bundan sonra tikintiyə icazə sənədi də verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İddiaçıya qanunda göstrərilmiş formada hər ahnsı bir irad bildirilmədən, rəsmi olaraq hər hansı bir etiraz məktubu daxil olmadan qəflətən apardığı tikinti cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 3.1.3-cü maddəsinə əsasən yerli icra hakimiyyəti müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayışın qorunmasını təmin etməlidir. Əsasnamənin və qanunların tələbinə zidd olaraq cavabdeh mənim hüquqlarımı pozur və mənə külli miqdarda zərər vurur. Göstərilənlərə əsaslanaraq, cavabdeh Binəqədi RİH-nin hərəkətlərinin qeyri-qanuni hesab olunması, iddiaçıya vurulan 2.170.000 manat maddi ziyanın cavabdehdən tutulub ödənilməsi, tikinti işlərinin apanlmasına qoyulan məhdudiyyətin aradan qaldırılması və tikinti işlərinin aparılmasına yaradılmış məhdudiyyətin cavabdehə qadağan olunmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 12 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı ŞİH və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində (adi cəlbetmə qaydasında) cəlb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 4.2-1-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair məlumatlar Reyestrə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmişdir. Dövlət şəhərsalma nəzarəti çərçivəsində monitorinq həyata keçirilmiş və monitorinq nəticəsində ünvan 2 ünvanında 790 kv.m sahədə təyinatı məlum olmayan tikinti işlərinin aparılması müşahidə olunmuşdur. Hesab olunur ki, iddia əsassızdır. Göstərilənlərə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı şəhəri Binəqədi RİH-in və Bakı ŞİH-in iddia ilə bağlı yazılı münasibətləri məhkəməyə daxil olmamışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və Bakı şəhəri Binəqədi RİH-in və Bakı ŞİH-in işə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin 25 iyun 2023-cü il tarixli qərardadı ilə həmin qurumlar inzibati məhkəmə icraatına onların üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməklə cavabdeh kimi cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehlərin nümayəndələri gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların (həmin cavabdehlərin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin qərardadı ilə iddia “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsində və cavabdeh Bakı ŞİH-ə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi RİH-ə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı «tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 75.13-cü maddəsinə əsasən tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İş materiallarından görünür ki, 1 noyabr 2012-ci il tarixdə satıcı X1 ilə alıcı İddiaçı arasında ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair notarial qaydada alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə ilə satıcı sözügedən evi müvafiq haqq müqabilində alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2013-cü il tarixdə qeydiyyat alınmış və bu barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarından görünür ki, 27 noyabr 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi RİH-in İddiaçı ünvanlanmış məktubunda aşağıdakılar bildirilmişdir: Fərdi yaşayış evinin istismara yararsız olması ilə əlaqədar sökülərək təqdim olunmuş layihə əsasında yenidən tikintisinə dair məlumatlandırma icraatı barədə Binəqədi RİH-ə daxil olmuş müraciətə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar təqdim edilmiş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən 28 noyabr 2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin yerləşdiyi 1.042 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 12 dekabr 2012-ci il tarixdə A seriyalı 423493 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İstismara yararsız olması səbəbindən sökülərək yerində yenidən inşası nəzərdə tutulmuş zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən işlənilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır: Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalıdır. Tikinti işləri aparılan sahədə mühəndisi-kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsi sifarişçinin öz vəsaiti hesabına həyata keçirilməlidir. Tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş prinsiplərinə riayət edilməlidir. Qeyd etmək lazımdır ki, mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparıldığı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddıalarına əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir. İş materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin layihəsi Bakı şəhəri Binəqədi RİH tərəfindən 10 yanvar 2014-cü il tarixdə “Razılaşdırılmışdır” ştampı ilə (nömrə B286) təsdiqlənmişdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan müvafiq fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tikintiyə icazə ləbini istisna etmiş və sadələşdirilmiş icraat növü – məlumatlandırma icraatı müəyyən etmişdir. Hazırkı işin hallarına görə İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək yerindən məlumatlandırma icraatı üzrə müvafiq layihəyə uyğun yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı aidiyyəti səlahiyyətli qurum olan cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi RİH-ə müraciət etmiş və həmin orqan həmin layihəyə dair hər hansı irad bildirməmiş, hətta layihəni təsdiqləməklə onunla razılaşmasını nümayiş etdirmişdir. Lakin bundan sonra iddiaçı fərdi yaşayış evinin tikintisinə başlayarkən, cavabdeh Bakı şəhəri Binəqədi RİH tərəfindən ona həmin işlərin həyata keçirilməsinə maneələr yaradılmışdır. İddiaçı hazırda cavabdeh Bakı şəhəri Binəqədi RİH-in hərəkətlərini mübahisələndirir. Cavabdeh Bakı şəhəri Binəqədi RİH hazırkı iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim etmədiyindən, habelə məhkəmə icraatında nümayəndəsinin iştirakını təqdim etmədiyindən, məhkəmə belə halı iddiaçının onun hərəkətləri ilə bağlı bildirdiklərinin təkzib olunmaması kimi qəbul edir. Bu isə belə nəticə yaradır ki, İddiaçı ilə cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi RİH arasında inzibati mübahisə mövcuddur. Digər cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə gəldikdə isə, iddiaya qarşı yazılı etirazda göstərilənlər nəzərə alınaraq belə qənaət yaranır ki, cavabdeh etirazında məsələ ilə bağlı iradə ifadə etməklə iddiaçının müvafiq tikinti işləri aparmasına qarşıdır və onun faktiki hərəkətləri birbaşa rəsmi sənədlərlə təsdiqini tapmasa da, etirazdakı mövqe məsələyə mənfi münasibəti əks etdirən dəlildir. Etirazda cavabdehin iddiaçıya məxsus tikili ilə bağlı monitorinq keçirməsini etiraf etməsi və məsələyə qiymət verilməsi, tikinti işlərinin həyata keçirilməsi üzrə onun müdaxiləsini və mövqeyini ehtiva edir. Odur ki, iddiaçı ilə ikinci cavabdeh arasındakı inzibati mübahisə də mahiyyəti üzrə qiymətləndirilməlidir. Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin hazırkı işdə birgə cavabdehlər qismində iştirakı İPM-in 30-cu maddəsinin müddəaları ilə uzlaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 5-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Beləliklə iddiaçının hüququna hər iki cavabdehin aşkar müdaxiləsi mövcuddur və bu səbəbdən də məhkəmə iddia hər iki cavabdehə qarşı iddianı mümkün sayır. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkmə aşağıdakı qanunvericilk normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə görə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: ( 92.1.1) tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; (92.1.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; (92.1.3) bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; (92.1.4) tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. Həmin Məcəllənin 92.2-ci maddəsinə əsasən bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. Həmin Məcəllənin 92.3-cü maddısinə görə sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 92.4-cü maddəsinə görə tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: (92.4.1) tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; ( 92.4.2) tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; (92.4.3) bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; (92.4.4) bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; (92.4.5) bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4cü bəndi ilə müəyyən edilmişdir ki: - (4.7) həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 80.6-cı maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. - (4.7-1) həmin Məcəllənin 75.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir; - (4.10) həmin Məcəllənin 80.5-ci maddəsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 4.2-1-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdirilir. Məhkəmə vurğulayır ki, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı qanuni istifadəsində sayılır (torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyat alınmasa belə). Odur ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi üçün müvafiq müraciətinə müsbət cavab verildiyindən, yəni layihə ona irad bildirilmədən (razılaşdırılmaqla) səlahiyyətli qurum kimi hazırkı cavabdeh Bakı şəhəti Binəqədi RİH tərəfindən təsdiqləndiyindən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən iddiaçı fərdi yaşayış evinin tikintinə başlamaqda haqlı olmuşdur. Müvafiq müddət bitdiyi gündən 3 iş günü ərzində apardığı tikintinin layihəsinin reyestrə (Şəhərsalma və Arxitektira Komitəsinə) təqdim edilməməsi isə, iddiaçının iradəsindən aslı olan hal deyil və məlumatlandırma icraatını aparan orqanın məsuliyyət dairəsinə düşür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını, eləcə də Şəhərsalma və Arxitektura Komitəsini (və ya onun tabeliyindəki qurumu) müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə bu sahədə səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Beləliklə qeyd olunanları əsasən belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında tikinti işləri aparmasına cavabdehlər Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdaxiləsi qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 13, 17-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hazırkı cavabdehlər “həmiştirakçı” olaraq mübahisə predmeti baxımından hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən inzibati orqanlar kimi çıxış edirlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin hərəkətləri qanunsuz sayılmalı, cavabdehlərin İddiaçı ünvan 5 ünvanında tikinti işləri aparmasına məhdudiyyəti aradan qaldırılmalı və bu hərəkətlər cavabdehlərə qadağan olunmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdehlər Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvan 5 ünvanında tikinti işləri aparmasına müdaxiləsi qanunsuz sayılsın. Cavabdehlər Bakı şəhəri Binəqədi RİH-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvan 5 ünvanında tikinti işləri aparmasına məhdudiyyəti aradan qaldırılsın və bu hərəkətlər cavabdehlərə qadağan olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1819/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1819/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver