Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1819/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair plan - cizginin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Binəqədi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 2189 nömrəli sərəncamı ilə ona ayrılmış 600,0 kv.metr torpaq sahəsinə dair plan cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 2189 nömrəli Sərəncamı ilə ona Binəqədi rayonu ərazisində 600,0 kv. metr torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, torpağın öz adına rəsmiləşdirilməsi məqsədilə Binəqədi RİH və DƏDRX-nə müraciət etmişdir. DƏDRX-nin xx.xx.2021-ci il tarixli cavab məktubunda Torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Binəqədi RİH-nin xx.xx.2022-ci il tarixli məktubu ilə isə bildirilmişdir ki, təqdim edilmiş cizginin arxiv arayışı olmadığından məsələnin müsbət həlli mümkün deyil. Bundan sonra sözügedən torpaq sahəsinin cizgisinin ona təqdim olunması məqsədilə Binəqədi RİH-nə müraciət etmişdir. Cavabdeh Binəqədi RİH-nin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Binəqədi RİH tərəfindən təqdim olunmuş 5-10/2-1848/2023 saylı xx.xx.2023-cü il tarixli iddiaya dair yazılı münasibətidə (etirazı) qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Binəqədi RİH-yə müraciət edərək, Binəqədi rayonu ərazisində istifadəsində olan torpaq sahəsinin cizgisinin tərtib və təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsinin cizgisinin arxiv arayışı və Binəqədi RİH Başçısının müvafiq qəsəbə (koordinat sistemli) 2 nüsxə cizgi müraciətə əlavə edilmədiyindən müraciətin müsbət həll olunması mümkün olmamışdır. Bu barədə vətəndaşa ətraflı cavab verilmişdir. Rayon icra hakimiyyəti vətəndaşa imtina etməmiş, qanunvericiliklə təqdim olunması zəruri olan sənədlərin təqdim olunmasından sonra məsələyə baxılacağı bildirilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin onun özünə aid edilməsini dəqiqləşdirmək mümkün olmadığı üçün torpaq sahəsinin cizgisinin arxiv arayışının təqdim olunmadan yerləşmə cizgisinin təkrar verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Eskizin arxiv arayışı olmadığı təqdirdə torpaq sahəsinin koordinatlarının müəyyən olunması qeyri mümkündür. Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 2189 saylı sərəncamına əsaslanaraq həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə ) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Həmin sərəncamın 1-ci bəndində qeyd olunmuşdur ki, Binəqədi rayon qəsəbələri ərazisində vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə, göstərilən ölçülərə və ünvanlara uyğun torpaq sahəsi ayrılsın. Nümayəndəlik tərəfindən eskiz əlavə olunmasa idi, torpaq sahəsinin ayrılması mümkün olmazdı. Binəqədi RİH xx.xx.2000-ci il tarixli 2189 saylı sərəncamı ilə 600 kv. metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, tərəfindən göstərilən torpaq sahəsi ilə ona ayrılmış torpaq sahəsinin üst-üstə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmadığından ərizənin icrasından imtina olunmuşdur. Tərəflərindən ona edilən müraciətdə də qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Həmin “Əsasnamə”yə əsasən rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cı maddəsinə əsasən, müvafiq, ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyət orqanlarının əsas vəzifələrindəndir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Yəni iddiaçıya ayrılmış torpaq sahəsinin plan-cizgisinin verilməsi öhdəliyi Binəqədi RİH-nin öhdəliyi deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən,torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). İddiaçının Binəqədi RİH-yə qarşı iddia irəli sürməsi əsassızdır. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı (nümayəndəsi X1) ünvanlanmış BA-05362-2021 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı barəsində Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 2189 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Məktubla təqdim olunmuş Binəqədi RİH Başçısının 2189 №-li, xx.xx.2000-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Binəqədii rayon qəsəbələri ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq 600 kv. metr torpaq sahəsi ayrılmasına dair sərəncam verilmişdir (Sərəncamın 1-ci bəndi). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********30 saylı, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə (surəti) qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, torpaq sahəsinin bir hissəsi qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Təqdim etdiyi yerləşmə cizgisi Binəqədi RİH-nin baş memarı tərəfindən təsdiqlənmişdir. Bundan başqa, göstərilən torpaq sahəsi Biləcəri-Binəqədi yolunun kənarında, yolun mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********22 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Sahənin qeydiyyatı barədə elektron bazada məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan Binəqədi RİH-nin: 02/13-11-11/N-15-091 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində istifadəsində olan torpaq sahəsinin cizgisinin təsdiq edilməsinə köməklik, göstərilməsi barədə Binəqədi RİH-yə ünvanlanmış müraciətinə baxılmışdır. Qeyd edilən məsələ ilə əlaqədar nəzərə çatdırırlar ki, sözügedən torpaq sahəsi yol və qəbiristanlığın mühafizə zonası ərazisində yerləşdiyindən və təqdim etdiyi cizginin arxiv arayışı olmadığından məsələnin müsbət həlli mümkün deyil. 10/2-N-29-091/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu ərazisində istifadəsinə ayrılmış torpaq sahəsinin cizgisinin tərtib və təsdiq edilməsinə köməklik göstərilməsi barədə Binəqədi RİH-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-10/1-N-30- 091/2023 saylı müraciətinə baxılmışdır. Qeyd edilən məsələ ilə əlaqədar sözügedən torpaq sahəsinin cizgisinin Arxiv arayışı müraciətə əlavə edilmədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Binəqədi RİH başçısının müvafiq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş dəqiqləşdirilmiş (koordinat sistemli) 2 nüsxə cizginin müraciətə əlavə edilmədiyi məlum olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). Həmin Məcəlləyə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Maddə 84.1). “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Əsasnamənin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. İş materiallarından müəyyən olunur ki, elektron kadastr məlumatlarına Binəqədi RİH Başçısının 2189 №-li, xx.xx.2000-ci il tarixli sərəncam ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Binəqədii rayon qəsəbələri ərazisində nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq ayrılmış 600 kv. metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Torpaq sahəsinin bir hissəsi qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Göstərilən torpaq sahəsi Biləcəri-Binəqədi yolunun kənarında, yolun mühafizə zonasında yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1819/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1819/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver