Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-182/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı paylı mülkiyyətində olan Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin evin qanunsuz olaraq sökülməsi nəticəsində ona dəymiş 42938 (qırx iki min doqquz yüz otuz səkkiz) maddi ziyanın cavabdeh Bakı Şəhər İcra Hakimiyətindən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsi 1/3 hissədə iddiaçının paylı mülkiyətindədir və həmin evə dair DƏDRX tərəfindən MH-0162956 seriyalı **********89-10301 reyestr nömrəli xx.xx.2009-cu il tarixli Çıxarış verilmişdir. Bakı Şəhər İcra Hakimiyəti tərəfindən ona məxsus mənzil sökülmüş və yerində park tikilmişdir.Bu barədə iddiaçının heç bir razılığı olmamış, hər hansı müqavilə bağlanılmamış və heç bir məhkəmə qərarı olmadan sökülmüşdür. İddiaçı qeyd etmişdir ki, həmin sökülmüş mənzil iddiaçının yeganə yaşayış yeri idi və hal hazırda kirayə evlərdə və ya qohumlarının evində qalır, yaşamağa ev yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə dəymiş zərərin ödənilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizənin xx.xx.2021-ci il tarixdə tərəfindən qəbul edilməsinə baxmayaraq heç bir cavab verilməmiş ona dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir müsbət addım atılmamışdır. Qeyd edilmişdir ki, evin digər paylı mülkiyyətçiləri bacıları X9 və X14 ilə Bakı Şəhəri Mənzil Kommunal Təsərüffatı Departamenti arasında 19 Noyabr 2021-ci il tarixli alqı satqı müqaviləsinə əsasən onlara məxsus paylar satılmış və hər iki bacısı 42938 manat məbləğində pul ödənilmişdir. Payların bərabər olduğunu nəzərə alaraq ona da ödənilməli olan məbləğ 42938 manatdır. Mənzilinin iddiaçının razılığı olmadan sökülməsi iddiaçının səhvi deyil. Ev sökülmədən əvvəl iddiaçı ilə razılıq əldə edilməli idi. İddiaçı hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona məxsus mənzil qanunsuz olaraq sökülmüşdür və ona görə də ona dəymiş maddi zərər ödənilməlidir.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* seriya nömrəli çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində istifadədə olan 0.0075 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 4 otaqlı, 61.1 kvm yaşayış, 35.8 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi paylı müliyət hüququ üzrə X3 – 1-ci mərtəbə, İddiaçı – 2-ci mərtəbədən 1/3 hissə, X7 – 2-ci mərtəbədən 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Notariat işində olan X14, X9 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmlak bölgüsü barədə müqavilədən görünür ki, həmin ünvanın onlara məxsus olan 57.9 kv.m-nin (2-ci mərtəbə) real bölgüsünü aşağıdakı kimi aparmışlar: X10 1/3 hissə - 19,3 kv.m; X6 1/3 hissə - 19,3 kv.m; İddiaçı 1/3 hissə - 19,3 kv.m.
5. xx.xx.2021-ci il tarixli AN - İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X9 və X14 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus hissəsini (19.3 kv.m) Alıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişlər və müqavilədə daşınmaz əmlakın satış qiyməti hər birinə məxsus hissə üçün 42938,00 manat müəyyən edilmişdir.
6. “Torpaq sürüşməsi təhlükəsi olan, Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 254 saylı sərəncamına əsasən ünvan 4 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə ayrılmış vəsaitdən 5801638,0 (Beş milyon səkkiz yüz bir min altı yüz otuz səkkiz) manatının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentimin təqdim etdiyi bank hesabına köçürülməsini təmin etməsi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 5 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin (qarajların) istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsini və ərazinin abadlaşdırılmasını təmin etməsi qərara alınmışdır.
7. Cavabdeh Başçısı xx.xx.2021-ci il tarixli 254 nömrəli sərəncama əsasən ünvan 6 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə, "xxxx" MMC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə ayrılmış vəsaitdən 5801638,0 (Beş milyon səkkiz yüz bir min altı yüz otuz səkkiz) manatını Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentiinin təqdim etdiyi bank hesabına köçürülməsini təmin edilməsi qərara alınmışdır.
8. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri 6 saylı notariat ofisinin "xxxx" ASC BAŞ ofisindəki depozit hesabina İddiaçı adına 42939 manat depozit vəsaiti köcürülmüşdür. Hal-hazırda "xxxx" ASC BAŞ ofisindəki depozit hesabında 42939 manat pul vəsaiti mövcuddur.
9. Məhkəmənin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə X4 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
10. Üçüncü şəxslər X4 və X5 eyni zamanda cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 7 ünvanında yerləşən mənzilin razılıqları alınmadan satılması və sökülməsi nəticəsində cavabdeh tərəfindən onlara vurulmuş zərərin əvəzi olaraq üçüncü şəxslərin hər birinin payından hər biri üçün ayrıayrılıqda 5000 manat olmaqla, ümumilikdə hər birinə 15000 manat məbləğində, cəmi olaraq ikisinə 30000 manat məbləğində kompensasiyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Üçüncü şəxslər iddialarını onunla əsaslandırmışlar ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə X1 və X2 Bakı şəhəri, ünvan 8 ünvanındakı mənzilə dair istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2010-cu il tarixli qərarı ilə üçüncü şəxslərin kassasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, X4 və X2 Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının itirilməsi barədə İddiaçı iddiasının təmin edilməsinə dair Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi ilə üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilərək, həmin mənzildən istifadə hüquqları olan şəxs kimi tanınıb Bakı şəhər Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qətnaməsinin qismən - X4 və X2 Bakı şəhəri, ünvan 8 ünvanına dair yaşayış hüquqlarının itirilməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları hissəsində ləğv edilməsi, İddiaçı üçüncü şəxslərə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2010-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə yekun qərar qəbul edilmişdir. Bir müddət öncə üçüncü şəxslərə məlum olmuşdur ki, qeydiyyatda olduqları Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair 16 noyabr 2021-ci il tarixində notarial qaydada İddiaçı, X9 və X14 arasında əmlak bölgüsü barədə müqavilə bağlanılmış, daha sonra isə Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 57.9 kv.m sahəyə malik olan paylı mülkiyyətlərin alqı-satqısı ******* nömrəli, AN-İ seriyalı, 19 noyabr 2021-ci il tarixli notarial qaydada tərtib edilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə satılmışdır. Üçüncü şəxslərin istifadə hüquqlarının mövcud olduğu bir mənzildən isə razılıq və ya məhkəmə qərarı olmadan qeydiyyatdan çıxarılmaları və istifadə hüquqlarının məhdudlaşdırılması qanunsuzdur. Mənzilə dair hər hansı özgəninkiləşdirilmə əməliyyatları həyata keçirirlərkən (alqı-satqı, bağışlama, ipoteka yüklü edilmə və sair) üçüncü şəxslərin razılığının alınması vacib olsa da, burada pozuntuya yol verilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
13. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(112)-5423/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X4 və X5) “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxslər X4 və X5 tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2- 1(103)-557/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8390/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 və X5 İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 3413/2023 nömrəli qərardadı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8390/2023 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadı ləğv edilmiş və üçüncü şəxslər X4 və X2 Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamışdır.
17. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
18. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
20. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq — bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.8. iddiaçı — bu Qanuna əsasən alınmanın təsirinə məruz qalan, kompensasiya iddiasında olan şəxs; 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
23. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 qərardadı ilə iddia mümkün sayılmamış və qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən də imzalanmış Əmlak bölgüsü barədə müqavilə ilə əmlakın real bölgüsü aparılmış və iddiaçıya məxsus olan hissə üçün müəyyən edilmiş vəsait Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. Lakin iddiaçı notariusa müraciət edərək həmin vəsaiti götürmür və həmin məbləğdə vəsaitin cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi, tərəflər arasında inzibati mübahisə mövcud deyildir. Ona görə də hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
24. Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-557/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
25. Məhkəmə qeyd edir ki, sözügedən fərdi yaşayış evinin ümumi sahəsi 57.9 kv.m təşkil edir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh orqan tərəfindən X9 və X10 qiyməti hər birinə məxsus hissə üçün ayrılıqda 42 938,00 manat ödənimişdir.
26. Beləliklə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət olması, həmin fərdi yaşayış evinin 1/3 hissənin (19,3 kv.m) İddiaçı məxsus olması iddiaçının həmin mənzilə dair mənzil hüquqlarının olması işin mübahisəsiz halıdır.
27. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli AN - İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcılar X9 və X14 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus hissəsini (19.3 kv.m) Alıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişlər və müqavilədə daşınmaz əmlakın satış qiyməti hər birinə məxsus hissə üçün 42938,00 manat müəyyən edilmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri X9 və X14 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılması və əmlakın dəyərinin yalnız onlara münasibətdə ödənilməsi həmin mənzilin digər (1/3 hissədə) mülkiyyətçisi olan (iddiaçı) İddiaçı münasibətdə fərqli rəftar olmaqla hüquq bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirməlidir.
29. Odur ki, sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri X9 və X14 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əmlakın dəyərinə mütənasib olaraq hər birinə 42 938,00 manat ödənildiyini nəzərə alınaraq iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməlidir.
30. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X8rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X15rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
32. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.
33. Odur ki, qeyd edilən kompensasiyanın icra hakimiyyətinin büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ödəməsi mümkündür və ya cavabdeh həmin kompensasiya məbləğini notariusun depozit hesabından geri tələb edərək iddiaçıya ödənilməsini təmin edə bilər.
34. Məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinə görə 42938 (qırx iki min doqquz yüz otuz səkkiz)) manat məbləğində kompensasiya Bakı şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənməlidir.
35. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə görə 42938 (qırx iki min doqquz yüz otuz səkkiz) manat məbləğində kompensasiya tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva