Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-182/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X5 işə cəlb edilməklə “torpağa dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X5 işə cəlb edilməklə “torpağa dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən “1392” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən "1392" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsə)********** saylı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarədə aşkar edilmədiyindən və Şüvəlan bağ massivində 1392 saylı torpaq sahəsinə dair digər şəxsin adına idarənin arxivində müqavilə mövcud olduğundan və həmçinin, torpaq sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyindən huquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edirlər ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. Hüquqlarının dövlət qeydiyyatına alınması onların hüququları olduğu halda sözügedən orqan onlara aid olan hüquqların həyata keçirməsini məhdudlaşdırmışdır. İlk öncə qeyd olunmalıdır ki, inzibati orqan müvafiq inzibati akt qəbul edərkən sozügedən qanunvericilik aktının 15-ci maddəsinə istinad etmişdir. Lakin, inzibati orqan konkret həmin maddənin müvafiq bəndini ("hüquqların dövlət qeydiyyatına alınmasından imtinanı" əks etdirən müvafiq bəndi) qeyd etməmişdir. Bu hal da, "İnzibati icraat" haqqında qanunun 61-ci maddəsi ilə ziddiyyət təşkil edir (həmin maddədə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir). Bu səbəbdən qəbul edilmiş sözügedən inzibati akt "İnzibati icraat" haqqında qanunun 67.1-ci maddəsinə əsasən qanunsuzdur(inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır) və ləğv olunmalıdır.
3. Məhkəmənin 2-1(112)-6957/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə X5 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2022-ci il tarixli **********15 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin Şüvəlan bağ massivində 1392 saylı torpaq sahəsinə dair digər şəxsin adına idarənin arxivində müqavilə mövcuddur. Bundan əlavə torpaq sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.
8. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, N-149-112 nömrəli arxiv arayışına əsasən, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 nömrəli sərəncamı ilə İddiaçı 51 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır.
9. Bakı şəhər İcra Hakimiyyətinin Aparatının X1 və X4 bağlar sahəsindəki 51 saylı kooperativ tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 nömrəli sərəncamına əsasən İddiaçı sahəsi 0.12 ha təşkil edən 1392 nömrəli bağ sahəsi ayrılması barədə order verilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-12562/2023 **********62 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 120 nömrəli sərənamı ilə 51 nömrəli BTK nəzdində Şüvəlan ərazisində yerləşən 1392 (0.12 hektar) saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına order nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq 51 nömrəli BTK üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısının (siyahı tam deyil), Xəzər rayonu, Şüvəlan bağ massivi, 1392 bağ nömrə ilə X3 adına mövcud olan sənədlərin təsdiq edilmiş surətləri və sxematik xəritədən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 6 aprel 2023-cü il tarixli, 3-48-2F/2-02206/2023 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhər İH-in arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri, o cümlədn, xx.xx.1992-ci il tarixli, 120 saylı sərəncam Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bununla əlaqədar, Bakı şəhər İH-nin arxivinə müraciət edilməsi tövsiyə edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-18947/2023 **********47 nömrəli məktubla bildirilmişdir ki, arxiv qovluğunda saxlanılan siyahı tam deyildir və 51 nömrəli BTK-nın bağ sahələrinin yerləşmə sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin hazırda istinad edilən məlumat bazasında İddiaçı adına Şüvəlan bağ massivi, 1392 saylı bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1992-ci il tarixli 120 nömrəli sərəncam siyahısında İddiaçı adı göstərilmiş (BTК-51 Şüvəlan bağ massivi), lakin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq 51 nömrəli BTK-ya aid arxiv qovluğunda mövcud olan sənədlərin və inzibati icraat materiallarının təsdiq edilmiş surətləri və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir.
13. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-xx-xx/4160/2024 **********60 nömrəli məktubla mütəxəssis rəyi təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyi ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1205 ha təşkil edir (üzərində tikili yoxdur). Torpaq sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarlarla ayrılıb, cənub tərəfdən isə mişar daşı ilə hasarlanıb (darvaza yoxdur, giriş sərbəstdir). Göstərilən sahənin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Əlavə olaraq bildirilir ki, X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin Şüvəlan bağ massivində 1392 saylı torpaq sahəsinə dair digər şəxsin adına idarənin arxivində müqavilə mövcuddur.
14. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən “Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 nömrəli sərəncamından çıxarışa dair” 3-52/2-1845/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv arayışı təqdim edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/10184/2024 nömrəli məktubla təqdim edilmiş ekspert rəyinə əsasən tədqiqatın nəticəsi ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1205 ha təşkil edir (üzərində tikili yoxdur). Torpaq sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarlarla ayrılıb, cənub tərəfdən isə mişar daşı ilə hasarlanıb (darvaza yoxdur, giriş sərbəstdir). Göstərilən sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Əlavə olaraq bildirilir ki, X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin Şüvəlan bağ massivində 1392 saylı torpaq sahəsinə dair digər şəxsin adına idarənin arxivində müqavilə mövcuddur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. İşin hallarından göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 nömrəli sərəncamına əsasən İddiaçı 51 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyətinin Aparatının X1 və X4 bağlar sahəsindəki 51 saylı kooperativ tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 nömrəli sərəncamına əsasən İddiaçı sahəsi 0.12 ha təşkil edən 1392 nömrəli bağ sahəsi ayrılması barədə order verilmişdir. İddiaçı sözügedən bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncam mübahisələndirilməsə də, orderin arxiv nüsxəsi İdarənin arxivində aşkarlanmadığından order mübahisələndirilmişdir.
27. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, orderin arxiv nüsxəsi İdarənin arxivində mövcud olmasa da, həmin orderin əsli iddiaçıda mövcuddur və və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi (mötəbərlilik prezumpsiyası) baxımından həmin order məhkəmə tərəfindən mötəbər qiymətləndirilir.
28. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə istinad edilməklə imtina edilmişdir.
29. Məhkəmə cavabdehin imtinasının dəlillərinə münasibətdə qeyd edir ki, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının məsuliyyət sferası ilə əhatə oluna bilməz. Belə ki, cavabdeh tərəfindən İdarənin arxivində olan mübahisəli bağ sahəsinə dair təqdim edilmiş sənədlərə, iddiaçı tərəfindən təqdim edilmiş sərənlərə və eləcə də, məhkəmənin öz təşəbbüsü ilə sorğu əsasında müxtəlif qurumlardan əldə etdiyi məlumatlara əsasən iddiaçıya bağ sahəsinin ayrılması barədə sərəncamın və orderin mötəbər olmasını bir daha təsdiq edilmişdir.
30. Məhkəmə eləcə də, Şüvəlan bağ massivində 1392 saylı torpaq sahəsinə dair digər şəxsin adına İdarənin arxivində müqavilənin mövcud olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərindən göründüyü kimi, iddiaçının iddia etdiyi bağ sahəsinin digər fiziki şəxslər üst-üstə düşməsi halı mövcud deyildir. Belə olan təqdirdə, sadəcə olaraq bağ sahələrinin nömrələrinin təkrarlanması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz və bu uyğunsuzluq da, cavabdeh tərəfindən aradan qaldırılmışdır.
31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-cü il tarixli, 10/10184 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən “1392” bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva