Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1820/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi" tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Subtropik sovxozu ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, texniki baxış keçirilən zaman fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu və fərdi yaşayış evinin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iyirmi ildən artıqdır ki istifadəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ******* nömrəli, xx.xx.2008-ci il tarixdən reyestr nömrəsi **********16 Abşeron rayon Ərazi İdarəsində qeydiyyat nömrəsi ********** keçmiş torpaq sahəsində tikdiyi, "xxxx" MMC tərəfindən layihələndirilmiş fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Abşeron rayonu, Maştağa subtropik sovxozu ünvanında yerləşən nömrəsiz evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi dörd nəfərdən ibarətdir. O və qızı X5, Naxçıvan MR, Şahbuz rayonu, Şada kəndində qeydiyyatdadırlar, həyat yoldaşı X3 və qızı X4 isə Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. O, ailəsi ilə birlikdə 2005-ci il tarixdən Abşeron rayonu, Maştağa suptropik sovxozu ünvanında tikdiyi nömrəsiz fərdi yaşayış evində yaşayır. 2005ci il tarixdə, o, Abşeron rayonu Maştağa subtropik sovxozundan 0.05 ha torpaq sahəsi almışdır. 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ******* nömrəli, xx.xx.2008-ci il tarixli **********16 reyestr nömrəsi ilə Abşeron rayon Ərazi İdarəsində Qeydiyyat nömrəsi ********** keçmişdir. xx.xx.2008-ci il tarixdə Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi 2002-ci ildən onun istifadəsində olmuşdur və həmin ildən özünə həmin torpaq sahəsində ev tikməyə başlamışdır. 2005-ci il tarixdə tikintini bitirmiş, ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüşlər. 2005-ci ildən yaşadığı ünvana qaz, işıq, kommunal xidmətlər çəkilmiş və vaxtında ödənişləri etmişdir. Bu barədə müvafiq çıxarışları vardır. Ona məxsus torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evinin layihəsini "xxxx" MMC sifariş etmişdir. "xxxx" MMC onun evini layihələndirmiş və ona 4 nüsxədən ibarət memarlıq-planlaşdırma bölməsini işləyərək təhvil vermişdir. O, həmin layihəyə əsasən inşa etdiyi evi özəlləşdirmək üçün çəkilmiş layihənin bir nüsxəsini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “Məlumatlandırma İcraatı” qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə təhvil vermişdir. Cavabdehin imtinası ilə razı deyil, belə ki torpaq sahəsinin planı və ölçüsü və çıxarış verilən zaman cavabdehin işçilərinin iştirakı ilə əraziyə baxış keçirilmiş və ondan sonra ona müvafiq sənədlər verilmişdir. Görünür ki, sonradan işlənən Kadastr çəkilişi əvvəlki çəkilişlə uyğunsuzluq yaratmışdır. Bu uyğunsuzluqlar onun həmin torpaq üzərindəki hüquqlarını məhdudlaşdıra bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad edərək göstərmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, texniki baxış keçirilən zaman fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsinin 0.05 ha olmasına baxmayaraq, faktiki sahənin 0.0994 ha artıq olduğu və fərdi yaşayış evinin həmin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Əlavə torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli, **********17 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - AN-İ №0119046 nömrəli, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 ona məxsus Abşeron rayon, Maştağa Subtropik sovxozunda 0,10 ha torpaq sahəsində yerləşən 128 saylı yaşayış evinin həyatyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. - MH seriyalı, ******* nömrəli Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisi ünvanda yerləşən sahəsi 0,05 ha torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2008ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. - xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. -İş materiallarından görünür ki, "xxxx" MMC 2022-ci ildə iddiaçının sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisi ünvanında yerləşən fərdi yaşayış evinin layihəsini tərtib etmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında bildirmişdir ki, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisi ünvanında yerləşən, sahəsi 124 kv.metr, hündürlüyü 3 metr, mərtəbəliliyi 1 olan fərdi yaşayış evi inşa etmişdir. İddiaçı hazırda həmin fərdi yaşayı evinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. İstinad olunan normalardan görünür ki, hündürlüyü 12 metrədək olan fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) və ya Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilməsindən asılı olmayaraq, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. Lakin işdən görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinə dair bu sənədlərdən hər hansı birini təqdim etməmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Maştağa Subtropik sovxozunda yerləşən fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 3 otaqlı olmaqla ü/s 110,3 kv.m, y/s 52,5 kv.m, k/s 57,8 kv.metrdən ibarətdir. Torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,05 ha, faktiki olaraq 0,1494 ha təşkil edir. Ərazi bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Fərdi yaşayış evi vətəndaşın mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa edilmişdir. Eyni zamanda işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 500,0 kv.m olsa da, faktiki sahə 1490,0 kv.m təşkil edir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu və fərdi yaşayış evinin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi keçmiş Maştağa-Subtropik Sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008- ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Göstərilən sahənin qeydiyyatı və ya üst-üstə düşməsi ilə bağlı məlumat aşkar edilmədi. Sözügedən sahə Dövlət mülkiyyətidir. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında sual qoyulmuşdur ki, İddiaçı inşa etdiyi fərdi yaşayış evinin İddiaçı mülkiyətində olan və xx.xx.2008-ci il tarixli AA 012926 nömrəli torpaq sahəsinin planı və ölçüsündə koordinatları müəyyən edilən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 500 kv.metr torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? Yerləşmirsə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi kimə (dövlət, bələdiyyə, fiziki və ya hüquqi şəxs) məxsus torpaq sahəsində yerləşir? İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 10/1770 nömrəli ekspert rəyindən görünür ki, ekspert suala cavab olaraq bildirmişdir ki, mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 500,0 kv.m olsa da, faktiki sahə 1490,0 kv.m təşkil edir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu və fərdi yaşayış evinin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi keçmiş Maştağa-Subtropik Sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008- ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Göstərilən sahənin qeydiyyatı və ya üst-üstə düşməsi ilə bağlı məlumat aşkar edilmədi. Sözügedən sahə Dövlət mülkiyyətidir. Göründüyü kimi, iddiaçının mülkiyyətində 0,05 ha torpaq sahəsi olsa da, faktiki istifadəsində 1490,0 kv.metr torpaq sahəsinin olması və iddiaçının hazırda hüququnun qeydə alınmasını xahiş etdiyi fərdi yaşayış evinin onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsində deyil, əlavə zəbt etdiyi 949 kv.metr torpaq sahəsində inşa edildiyi işin araşdırılan halları ilə tam sübuta yetirilir. Belə olan halda isə aydındır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində göstərilən sənədlərdən hər hansı birini təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb ediyi əmlaka münasibətdə bu sənədlərdən heç birini nə inzibati orqana, nə də məhkəməyə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda sadalananlardan məlum olduğu kimi, iddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. İş üzrə 50 (əlli) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1820/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1820/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver