Məhkəmə qərarları › İş №2-1(112)-18203/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18203/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18203/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ünvanlı sosial yardımın verilməsinə dair müraciətdən imtina edilməsinə dair xx.xx.2025ci il tarixli qərarın ləğv olunması və müraciət etdiyi tarixdən ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-3805/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması və müraciət etdiyi tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "30 iyul 2025-ci il tarixli imtina qərarının ləğv edilməsi və müraciət etdiyi tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra Sosial Yardım) təyin edilməsi ilə məqsədilə ilkin olaraq 11.10. 1.10.2024-cü il tarixli, **********3828-1 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə **********1118-1 nömrəli ərizə ilə müraciət etmiş lakin maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə icazə verilməməsi səbəbindən sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İddiaçının ilkin müraciəti ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş xx.xx.2025- ci il tarixli 2-1(116)-2262/2025 nömrəli qərarla cavabdehin üzərinə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulmuşdur. Hazırki mübahisə isə iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti ilə əlaqədar olmaqla qeyd edilən ayın 1-dən sosial yardımın təyin edilməsi ilə bağlıdır. Analoji mübahisə predmeti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(102)-1383/2024 nömrəli qərarında qeyd edilir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərini sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir (mart 2023-cü il - fevral 2024cü il tarixləri arasında). Yəni apellyasiya məhkəməsi iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının sonrakı müraciəti onun ilkin müraciəti ilə əhatə olunmuşdur. Belə ki, iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-2262/2025 nömrəli qərarı ilə təmin edilmiş dövrlərlə üst-üstə düşməsi onun eyni dövrlər təkrarən sosial yardım almasına gətirib çıxarmaqla iddiaçının subyektiv hüququnun olmamasını ehtiva edir. Həmçinin zəruri olaraq bildirilir ki, iddiaçı A. Qurbanovaya xx.xx.2025-ci il tarixindən 1 il müddətinə sosial yardım təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığının yoxlanılması qaydasında aparmamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "A. Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd olunanlardan da göründüyü kimi hazırki i iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35-ci maddəsini rəhbər tutaraq, iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Cavabdeh orqan tərəfindən təqdim edilən icraat materiallarından görünür ki: -xx.xx.2024-cü il tarixli “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə” Qərara əsasən ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2024 tarixli **********3828-1 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, "Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi" səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. -xx.xx.2025-ci il tarixli “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə” Qərara əsasən ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2024 tarixli **********1118-1 nömrəli müraciətə cavab olaraq bildirilir ki, "Maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə icazə verilmədi" səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. -xx.xx.2025-ci il tarixli “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə” Qərara əsasən ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2025 tarixli **********1004-1 nömrəli müraciətinizə cavab olaraq bildirilir ki, "Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi" səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. -xx.xx.2025-ci il tarixli “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə” Qərara əsasən ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2025 tarixli **********5233-1 nömrəli müraciətinizə cavab olaraq bildirilir ki, "Ailənin "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamaması." səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. -xx.xx.2025-ci il tarixli “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə” Qərara əsasən ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2025 tarixli **********4890-1 nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, "Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi" səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. -Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-2262/2025 nömrəli Qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması, xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi və 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yekun olaraq iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli “Ünvanlı dövlət Sosial Yardımın təyin olunması barədə” Qərara əsasən ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2025 tarixli **********7523-1 nömrəli müraciətinizə cavab olaraq bildirilir ki, sizin ailənizə xx.xx.2025 il tarixindən xx.xx.2026 tarixinədək aylıq 284.72 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Pul vəsaiti bankın Bakı Şəhəri Xəzər Rayonu rayon (şəhər) filialındakı şəxsi hesabınıza köçürüləcəkdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı ilk dəfə cavabdeh orqana xx.xx.2024-cü il tarixdə **********3828-1 nömrəli ərizə ilə müraciət edərək, ona ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmiş və “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. İddiaçı imtina qərarından narazı qalaraq, iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, "ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması, xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi və 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-2262/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh orqan üzərinə qoyulmuşdur. Sözügedən qərar qanuni qüvvəsini almış və cavabdeh orqan tərəfindən icra edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2025-ci il tarixli “Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə” Qərar qəbul edilmiş və ona uyğun olaraq iddiaçıya xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il aylıq 284.72 manat məbləğində ünvanlı dövlət sosial yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçı barəsində xx.xx.2024-cü il tarixdən 1 il müddətinə-xx.xx.2025-ci il tarixədək ünvanlı sosial yardım verilmiş, hazırda isə barəsində xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək qüvvədə olan üvanlı sosial yardım təyin edilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanununun -1.0.1-ci maddəsinə əsasən ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. -1.0.2-ci maddəsinə görə ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. -4.2.1-ci maddəsinə əsasən sosial yardımının əsasprinsiplərindən biri ünvanlılıq sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; -6.1-ci maddəsinə görə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı xx.xx.2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Məhkəmə qeyd edir, icraat materiallarından müəyyən olunur ki, iddiaçının hazırki iddia tələbində qeyd etdiyi xx.xx.2025-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-2262/2025 nömrəli qərarı əsasında cavabdeh orqan tərəfindən icra edilmişdir (xx.xx.2024-xx.xx.2025) və hazırda iddiaçıya xx.xx.2025-ci il tarixdən aylıq ünvanlı dövlət sosial yardımının ödənilməsi həyata keçirilir. Hazırda iddiaçıya təyin olunmuş ünvanlı dövlət sosial yardımı mövcud olduğu təqdirdə, yenidən təyinatına zərurət yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, iddiaçıya hazırda ödənilən ünvanlı dövlət sosial yardımı mövcuddur. Belə olan halda aydın olur ki, iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsinə qanuni əsas və hüquqi zərurət yoxdur. Bununla da hazırkı halda iddiaçı cavabdehin iddiaçının müraciətindən imtinası, hərəkət və ya hərəkətsizliyi ilə hüquq və qanunla qorunan mənafeləri pozduğunu əsaslandırmamışdır. Odur ki, cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar