Məhkəmə qərarları › İş №2-1(112)-1822/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1822/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1822/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçılar İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, X11, X5, 3-cü şəxs “xxxx” MTK-nın nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçılar İddiaçı, X9, X11, X6, X1 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər “xxxx” MTK və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (3-cü şəxs “xxxx” MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 161 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. X9, X11, X6 və X4 məhkəməyə ərizə təqdim edərək iddiaçılar kimi işə əlavə edilmələrini xahiş etmişdirlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (3-cü şəxslər “xxxx” MTK və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə X9, X11, X6 və X4 birgə iddiaçılar qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirirlər ki, hal hazırda yaşadığı və mülkiyyətçisi olduğu mənzilin xxxx MTK tərəfindən sökülməsinin ona hədə qorxu-ilə dövlət sifarişi (Pilot Layihə) əsasında deyil, Bakı Şəhər İcra Hakiminin xx.xx.2014-cü il tarixli 161 saylı sərəncamı ilə mövcud yaşayış və qeyri-yaşayış sahələrini sökərək, yerində yüksəkmərtəbəli yaşayış binaları tikmək üçün icarəyə verildiyi barədə məlumatı bir neçə gün bundan öncə qonşu binada aparılan qanunsuz söküntü işlərindən şikayət edən vətəndaşın xəbər saytlarına etdiyi şikayətin məzmunundan əldə etmişdir. Tikinti şirkətinin söküntü-tikinti işlərinin mövcud qanunvericiliyə uyğun aparmadığını, ona məxsus olan mənzilin dəyərini ödəməkdən imtina etməsini və hədə qorxu yolu ilə razılaşmağa məcbur etmək cəhdlərini, hecbir hüquqi sənəd olmadan mənzili qəzalı şəraitdə olması iddiasını bir vətəndaş olaraq haqqının tapdalanması kimi qiymətləndirərək, hüquqi dövlətin vətəndaşı olaraq mövcud qanunvericiliklə ona verilən hüquqlara əsaslanaraq mənzilinin söküntüsü ilə razılaşmır və Bakı Şəhər İcra Hakiminin xx.xx.2014-cü il tarixli 161 saylı sərəncamının aşağıda qeyd olunan əsaslara görə ləğv edilməli olduğunu bildirir. Sərəncam mənzil və şəhərsalma qanunvericiliyinin tələblərini nəzərə almadan çıxarılmış, şəhərin arxitektura normalarına ziddir, onun və ailə üzvlərinin konstitusion hüququ olan sağlamlıq və ətraf mühitdə yaşamaq, əmlak, mülkiyyət hüquqlarını pozur. Ərazidə çoxmərtəbəli binaların tikilişi havanın təbii axınının qarşısını alır, həyətə günəş işığının düşməsini məhdudlaşdırır, uşaqların oyun meydançalarını dağıdır və digər qonşuların sahibliyində olan əmlakların sökülməsi çoxsaylı şam ağaclarının məhv olmasına səbəb olur. Artıq "xxxx" MTK təqribən 50-60 il yaşı olan şam bağının bir hissəsini məhv etmişdir. Yaşadığı mənzilin yaxınlığında 6 ildir ki, davam edən söküntü tikinti işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7,8,9.1 və 10.1 maddələrini kobud şəkildə pozularaq edilir və son günlərədək dövlət sifarişi (Pilot Layihə) olması kimi səhv məlumatlandırılmağım Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 13cü maddəsinə ziddir. Məcəllənin 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı xxxx ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Mənzilimin tam yaxınlığında yerləşən binanın söküntüsü həyat və sağlamlığına təhlükə törədəcək tərzdə aparıldığı üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və söküntü işlərinə müvafiq icazələrinin olmaması səbəbindən işlər dayandırılmışdır. Dövlət qurumlarının gecə saatlarında nəzarət edə bilməyəcəyindən sui istifadə etmək fikri ilə söküntü işlərini məhz gecə saatlarında (00:00-05:00) aparmış lakin 102 Qaynar Xətt Xidmətinə çoxsaylı zəngləri nəticəsində dayandırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin kommersiya şirkətlərinə vətəndaşları incitməmək, həyat və sağlamlığını qoruyaraq mənzil və məişət şəraitlərinin yaxşılaşdırmaq, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aylıq hesabatında çıxışı zamanı məhəllələr arasında hündürmərtəbəli binaların tikintisinə yol verilməməsinə dair tapşırıq vermişdir. Belə ki, məhəllədə hava axınının dövriyyəsi, sakinlərin nəqliyyat vasitələrinin saxlaması üçün yerlərin, uşaq obyektləri və s. sökülərək yerlərində binaları tikməyi qadağan etmişdir. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sərəncam çıxarılarkən şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmuşdur. Sərəncam çıxarılarkən qanunvericilikdə nəzərdə tutulduğu kimi ona heç bir məlumat verilməmiş, onların konstitusion təhlükəsiz ətraf mühitdə yaşamaq və sağlamlıq hüquqları nəzərə alınmamış, çoxsaylı şam ağaclarının məhv olması nəzərə alınmamış, ərazidə küləyin kəsilməsi, günəş işığının məhəlləyə düşməməsi nəzərə alınmamış, binalar arasında məsafələr nəzərə alınmamış, çoxmərtəbəli binanın onların yaşayış binasının 15-25 metriyində olması yuxarıda göstərilənlərlə yanaşı həm də təhlükəsizlik və ekologoya normalarını da pozur. Belə ki, hər-hansı hadisə baş verəcəyi halda xilasedici nəqliyyat vasitələrinin və qurğuların məhəlləyə daxil olması mümkün olmayacaq. Sərəncam çıxarılarkən çoxmərtəbəli binanın sakinlərinin nəqliyyat vasitələrinin yerləşdirilməsi övladlarının onsuz da məhdud olan əylənmək və oynamaq sahələrinin əllərindən alınması ilə nəticələnəcəyini nəzərə almamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncam ekoloji tarazlığı pozur, əhalinin sağlamlığına mənfi təsir göstərir və onların Azərbaycan Respublikası Konstitusiyası ilə təminat altına alınmış sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozur. 3-cü şəxs “xxxx” MTK iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “xxxx” MTK Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə çoxmənzilli yaşayış binalarının tikintisini Bakı şəhərinin baş planına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 saylı qərarına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2014-cü il tarixli 161 saylı saylı sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 83 saylı xx xxxxxxx 2020-ci il tarixli icazəsinə, təsdiq olunmuş layihə smeta sənədlərinə uyğun olaraq aparır. Məqsəd Bakı şəhərini daha da gösəlləşdirməkdən, abadlaşdırmaqdan, ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binalarının sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsindən ibarətdir. Bakı Şəhərt İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 25 2532ci məhəllədə köhnə yaşayış və qeyri yaşayış sahələrinin sökülərək yerində çoxmənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi, vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “xxxx” MTK-ya tapşırılıb. “xxxx” MTK da söküntü işlərini sakinlərlə qarşılıqlı razılaşma əsasında aparır. Bu günə kimi qeyd olunan ərazidə, qəzalı vəziyyətdə olan binalar sökülərək, onların yerində müasir yaşayış tələblərinə cavab verən 4 çoxmənzilli yeni yaşayış binası tikilib, sakinlərin istifadəsinə verilib, qalan 2 bina isə tikilir. Həmin ərazidəki köhnə tikililərdə yaşamış sakinlərin çoxu artıq yeni tikilən mənzillərində yaşayırlar, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. İddiaçı yaşadığı, Bakı şəhəri Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən səkkiz mənzilli 7 saylı binadakı 2 saylı mənzil də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə “xxxx” MTK- ayrılmış torpaq sahəsində yerləşir. Bundan başqa iddiaçının Bəkir Çobanzadə küçəsi 7 ünvanda 35 kv.m. qanunsuz tikilisi də mövcuddur. 7 saylı yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır. Bir sıra dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirlyinin Tikintidə X8 Agentliyinin səlahiyyətli nümçayəndəsinin də tərtib etdiyi xx xxxxxx 2016-cı il tarixli akta əsasən 7 saylı yaşayış binasının istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binanın divarlarının bəzi hissələrində çatlar var, şəhərsalma və tikinti normalarına cavab vermir. “xxxx” MTK binanın əksər sakinləri ilə qəzalı vəziyyətdə olan evdən köçrülmələri, yeni tikiləcək binada daha böyük sahəsi olan, abad, təmirli mənzil tikintisi ilə bağlı müqavilələr bağlaması, yeni binada mənzilləri tikilib hazır olanadək onlara kirayə haqqının ödənilməsi ilə bağlı razılığa gəlinib. 7 saylı yaşayış binasının yerində bina tikinti aparılması nəzərdə tutulmayıb. Həmin binanın sakinləri hazırda həmin məhəllədə inşa olunan bina tikilib hazır olduqdan sonra yeni, təmirli, daha abad və daha geniş mənzillərinə köçürüləcək. Lakin iddiaçı əsassız varlanmaq niyyətinə düşüb. “xxxx” MTK iddiaçıya da 43,1 kv.m sahəsi olan ikiotaqlı mənzilinin əvəvzinə həmin ünvanda yeni tkilən binada 74,51 kiv.m. sahəsi olan ikiootaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. İddiaçı isə 43.1kv.m. sahəsi olan mənzilinin əvəzinə 74,51 kv.m və 64, 55 kv.m sahələri olan 2 ədəd ikiotaqlı mənzil tələb edir, qanunsuz hərəkətləri ilə tikinti işlərinin aparılmasına mane olur, “xxxx” MTK-nı şantaj edir. Nəticədə tikinti işləri yubanır. Bu da mənzil tikintisi üçün “xxxx” MTK ilə müqavilələr bağlamış çoxsaylı şəxslərin haqlı etiraz və narazılığına səbəb olub. “xxxx” MTK-da 200-dən artıq işçi çalışır, onların çoxu maddi cəhətdən təmin olunmayan ailə başçılarıdır. İddiaçının əsassız ərizəsi və qanunsuz diqtəsi əsasında İşlərin dayandırılması ilə həmin insanları əmək haqqı almaq imkanından məhrum edəcək və onların ailə üzvləri olan təxminən 1000 şəxsin maddi durumu ağırlaşacaq. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ərizəsində göstərir ki, guya söküntü və tikinti işləri qanunsuz aparılır, xxxx alınmayıb. Lakin söküntü və tikinti işləri qanuni əsaslarla aparılır. Əvvəla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 saylı qərarı mövcuddur. İkincisi binanın tikintisi təsdiq olunmuş layihə smeta sənədlərinə əsasən aparılır, tikinti üçün bütün zəruri icazələr və ekspertiza rəyləri alınıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx xxxxxxx 2020-ci il tarixdə obyektin tikintisinə 83 saylı icazə verib. 7 saylı binanın qəzalı vəziyyətdə olması barədə dövlət qurumlarının rəyi mövcuddur. Hazırkı durumda 7 saylı binada söküntü işləri aparılmayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ bəndinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəgləşdirmək üçün xüsusi tədbirlər görür.Göstərilənlərə əsasən iddiaçının iddia ərizəsinin və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar X11, X14 və İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. 3-cü şəxs “xxxx” MTK-nın nümayəndəsi və vəkili X7 iddia ərizəsinə dair verilmiş etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan, - “xxxx” MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx xxxx 2014-cü il tarixli, 06 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, Ə.Hacıyev, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində mövcud iki mərtəbəli yararsız vəziyyətdə olan binaların sökülərək, yerində yüksəkmərtəbəli binalarının tikintisinin layihələndirilməsi və inşası üçün sərəncam verilməsini xahiş etmişdir. -Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxx 2014-cü il tarixli 161 №li Sərəncamına əsasən «xxxx» Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən «xxxx» MTK tərəfindən həll edilməsi, həmçinin Sifarişçiyə aşağdakılar tapşırılmışdır: 2.1 Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2 Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3 Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4 Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6 Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi xxxx verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7 Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.

3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasını təmin etsin. Məhkəmə araşdırması zamanı Bakı şəhər İcra Hakimiyyətinin “xxxx” MTK barəsində verilmiş yaşayış binalarının layihələndirilməsi haqqında xx xxxxx 2014-cü il il tarixli 161 saylı sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhər İcra Hakimiyyətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “xxxx” MTK barəsində verilmiş yaşayış binalarının layihələndirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2014-cü il il tarixli 161 saylı sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surəti xx xxxxxxx 2020-ci il tarixli, 7- 3054/17 saylı məktubla məhkəməyə təqdim edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/86 saylı ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 161 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün razılaşdırılmış Bakı şəhəri, Nizami 2532-ci məhəllə, Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində 3.3715 ha torpaq sahəsinin cizgisi təsdiq olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsinin xx xxx 2019-cu il tarixli Sərəncamından Çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda xxxx verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə, Məhsəti Gəncəvi və İmadəddin Nəsimi küçələrinin kəsişməsində “xxxx” MTK-nın icarəsində olan torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binalarının tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 08 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilən 1 nömrəli Əlavəyə əsasən xx.xx.2020-ci il tarixli obyektin tikintisinə icazə verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, xx/xx-2214 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nizami 2532-ci məhəllə, Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində inşası nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarının (Baş plan üzrə blok 1 və 11) tikintisinə dair verilmiş xx.xx.2020-ci il tarixli 83 nömrəli “xxxx” sənədinin surəti MTK-ya təqdim edilmiş və Azərbaycan respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin 75.14-cü bəndində xxxxdə yəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 X2 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş 28740 saylı, xx xxxxxx 2020-ci il tarixli Rəydən görünür ki, “xxxx” MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış kompleksinin (bina 1 və 11) tikinti norma və qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı rəy verilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçılar Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxx 2014-cü i tarixli 161 nömrəli sərəncamını mübahisələndirirlər. Mübahisələndirilən sərəncamın məzmunundan görünür ki, bu sərəncam mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar tərəfindən mübahisələndirilən sərəncam xxxx ilə bağlı deyil, torpaq sahəsinin “xxxx” MTK-nın icarəsinə ayrılması, ilkin olaraq yalnız yaşayış binasının layihələndirmə üçün nəzərdə tutulmuşdur. Həmin sərəncamın icrası ilə bağlı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 saylı qərarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 83 saylı xx xxxxxxx 2020-ci il tarixli icazəsinə, o cümlədən təsdiq olunmuş layihə smeta sənədlərinə istinadən istismar müddətini başa çatmış, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binalarının sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi üçün qeyd olunan sərəncam əsasında Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 25 2532-ci məhəllədə köhnə yaşayış və qeyri yaşayış sahələrinin sökülərək sakinlərlə qarşılıqlı razılaşma əsasında qəzalı vəziyyətdə olan binalar sökülərək, onların yerində müasir yaşayış tələblərinə cavab verən 4 çoxmənzilli yeni yaşayış binası tikilmiş, sakinlərin istifadəsinə verilmişdir. Layihə üzrə digər iki binanın tikintisi aparılmaqdadır. “xxxx” MTK tərəfindən bu istiqamətdə işlər görülmüş və sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. İşdə olan sənədlərdən göründüyü kimi tikinti işləri aidiyyəti dövlət orqanlarının nəzarəti altında aparılmışdır və tikinti zamanı şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları çatışmazlıqların aradan qaldırılması istiqamətində addımlar atmışlar. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxx 2014-cü il tarixli, 161 saylı sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, sözügedən sərəncamın ləğv edilməsi üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-69-cu maddələrində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar