Məhkəmə qərarları › İş №2-1(112)-1822/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1822/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1822/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının diplomu üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının diplomunun təsdiqlənməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 1992 – 1993-cü illərdə Mahaçqala şəhərində X8 Akademiyasının müalicə işi fakültəsini “ümumi cərrah” ixtisası üzrə bitirmişdir. 15 yanvar 2000-ci il tarixdən 12 iyul 2001-ci il tarixədək Müdafiə Nazirliyinin göndərişi ilə Bakı şəhəri Mərkəzi Hərbi Hospitalında Angioqrafiya kabinəsinin rəisi vəzifəsində işləmişdir. 12 may 2004-cü il tarixdən 21 yanvar 2008-ci il tarixədək Səhiyyə Nazirliyinin göndərişi ilə Bakı şəhəri 6 saylı Təcili və X4 Stansiyasında səyyar həkim kimi fəaliyyət göstərmişdir. 3 yanvar 2005-ci il tarixdən 28 fevral 2005-ci il tarixədək Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “X4” kursu üzrə tematik təkmilləşmə kursu keçmişdir. Sonradan ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar işləyə bilməmişdir. Hazırda iddiaçı işləmək üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmişdir. Nazirlik 8 fevral 2022-ci il tarixdə elektron poçt vasitəsilə X8 Akademiyasına sorğu göndərmişdir. Akademiya 1992 – 1993-cü illərin bazasının olmadığını bildirmiş və Dağıstan Respublikasının Səhiyyə Nazirliyinə müraciət olunmasını tövsiyə etmişdir. Lakin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Dağıstan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etsə də, heç bir cavab alınmamışdır. İddiaçı Səhiyyə Nazirliyinə müraciət etsə də, cavab alınmamışdlr. İddiaçı 6 aydır cavab gözləyir. Heç bir cavab alınmadığından, iddiaçı attestasiyadan keçə bilmir və işlə təmin olunmur. Göstərilənlərə əsaslanaraq, iddiaçının diplomunun doğruluğu haqda sərəncam verilməsi və diplomunun təsdiqlənməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, iddiaçı X1 İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X8 Universiteti tərəfindən verilmiş 17 nömrəli internatura vəsiqəsinin ölkə ərazisində təsdiqlənməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Dağıstan Respublikasının Səhiyyə Nazirliyinə 29 sentyabr 2022-ci il tarixdə ünvanlanmış məktuba cavab olaraq Dağıstan Respublika Səhiyyə Nazirliyin xx-xx/14361/22 nömrəli məktubda bildirilir ki İddiaçı X8 Universitetində internatura keçdiyinin təsdiqlənməsi barədə hər hansı məlumat mövcüd deyil. «Özəl Tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Ölkə ərazisində bu tip qanunsuz şəkildə diplom təqdim edilməsi halları tez-tez baş verir və məsələ ilə əlaqədar ərizəçilər məhkəməyə müraciət etsələr də, məhkəmələr inzibati orqanın diplomun təsdiqlənməsi ilə bağlı imtinasını tam olaraq əsaslı sayaraq qüvvədə saxlayır. Göstərilənlərə əsaslanaraq, iddiaçı X2 ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı Səhiyyə Nazirliyinin imtinasının qanuni hesab edilməsi və iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 5-ci abzasında göstərilir ki, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən «Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası»na əsasən «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ” barəsindəki 46-cı maddəsinin 5-ci abzasına uyğun olaraq Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan hər hansı bir şəxs xaricdə bitirdiyi dövlət qeydiyyatından keçmiş tibb və əczaçılıq təhsili müəssisəsinin diplomunu, yaxud onu əvəz edən sənədin, diploma əlavənin, diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və təkmilləşdirmə barədə, aldığı praktiki və elmi dərəcəsi barədə sənədlərin və bu təhsilini və iş fəaliyyətini dəqiqləşdirən digər sənədlərin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətini Səhiyyə Nazirliyinə təqdim edir. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən yüksək ixtisaslı elmi, elmi-pedaqoji kadrlar və praktiki təbabətin mütəxəssislərindən ibarət müvafiq Komissiya yaradılır. Komissiya Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Komissiya 1 ay müddətində təqdim olunan sənədlərə əsasən həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını araşdırır, lazım olan tədbirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və onun Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səs çoxluğu ilə qərar qəbul edir. Həmin qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir. Qeyd olunan arayış, tədris müəssisəsini bitirmək haqqında diplomun təqdim edilməsi şərtilə, hüquqi şəxslə (işə götürənlə) əmək müqaviləsinin bağlanmasına və ya müvafiq qaydada lisenziya alınmasına icazə verir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları respublika standartlarına uyğun olmayan şəxslərə onların təhsillərinin davam etdirilməsi və ya bilik səviyyələrinə müvafiq işlə təmin olunması haqqında arayış verilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üzrə icraatın aparılması səlahiyyətlərini hazırkı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə etmişdir. Hazırkı işin hallarına görə isə, iddiaçının müraciəti üzrə aparılan inzibati icraat şərçivəsində təqdim edilən sənədlər yetərli olmadığından, cavabdeh inzibati orqan onun təhsil aldığı ölkədə səlahiyyətli orqan kimi Dağıstan Respublikasının Səhiyyə Nazirliyinə müvafiq sorğu ilə müraciət etmiş, lakin həmin qurum sənədlərin aşkar olunmadığını əsas gətirərək, iddiaçının 1992 – 1993-cü illərdə X8 Universitetində təshiı aldığını təsdqləməmişdir. Nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları müvafiq şəhadətamənin verilməsini şəxsin keçdiyi tədris plan və proqramlarının respublikanın dövlət standartlarına uyğunluğunun, diplomun etibarlılığının və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının araşdırılması, habelə lazım olan təqdirdə bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması ilə şərtləndirir. Belə olan halda, aparılan inzibati icraatda iddiaçının Dağıstan Respublikasında adıçəkilən təhsil müəssisəsində təhsili üzrə tədris planı və proqramlarının təsdiqlənməsi və digər xüsusatların araşdırılması müsbət nəticə vermədiyindən, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin imtinası qanuna zidd qiymətləndilə bilməz. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə İPM-in 13 və 52-ci maddələrini rəhbər tutaraq, iddiaçının iddia ərizəsində tələbini «iddiaçının diplomunun təsdiqlənməsi» kimi göstərməsini formal xəta kimi qiymətləndirir və iddianı «iddiaçının diplomu üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilməsi» kimi qəbul edir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının diplomu üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14, 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «iddiaçının diplomu üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar