Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1823/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı “möhlət hüququnun dayandırılması və müddətli həqiqi hərbi xidmətə göndərilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nəsimi rayon çağırış komissiyasının 27.05.2019-cu il tarixli qərarının ləğv edilməsi və onun hərbi xidmətə çağırışa cəlb edilmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Nəsimi rayon çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən (təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) 30.06.2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Təhsil müddəti başa çatdıqdan sonra Nəsimi rayon çağırış komissiyasına dəfələrlə müraciət edərək müddətli hərbi xidmətə göndərilməyi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, ona 27.05.2019-cu il tarixli qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 1.9.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə 35 yaşı tamam olanadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Növbəti dəfə müraciət edərək həmin qərarın ləğv edilməsi və onun həqiqi hərbi xidmətə göndərilməyini xahiş etsə də bu dəfə də ona eyni məzmunlu cavab məktubu göndərilmişdir. Həmin məktubda, həmçinin qeyd olunmuşdur ki, möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığı üçün sizə ailə vəziyyətinizə görə möhlət verilməsinə əsas olan xüsusatlarda dəyişiklik baş verdiyi və qanunla müəyyən olunmuş qaydada möhlət hüququnuzu itirdiyiniz halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb oluna bilərsiniz. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassız hesab olunmalı, ona hərbi xidmətə çağırışdan möhlət verilməsiylə bağlı Nəsimi rayon çağırış komissiyasının 27.05.2019-cu il tarixli qərarı ləğv edilməli və onun hərbi xidmətə çağırışa cəlb edilmə öhdəliyi cavabdehə həvalə edilməlidir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 1.9.1-ci maddəsində deyilir ki, himayəsində başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir. X7 İ dərəcə əlil olsa da iddiaçının himayəsində deyil, anası X3 himayəsindədir və qulluğa görə ona müvafiq təqaüd də verilir. Onun həqiqi hərbi xidmətə cəlb olunmağına valideynləri (atası və anası) etiraz etməmiş, bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizələri cavabdeh təşkilata da təqdim etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-9134/2021 nömrəli, 12.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın 14.12.2021-ci il tarixli, 1641 nömrəli məktubunda bildirilmişdir ki, 1998-ci il təvəllüdlü İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin çağırış komissiyasının 27.05.2019-cu il tarixli qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Məhkəmənin 2-1(112)-9134/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-9134/2021 nömrəli, 19.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı “ona verilmiş möhlət hüququnun dayandırılması və müddətli həqiqi hərbi xidmətə çağırılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-1823/2022 nömrəli, 09.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı “ona verilmiş möhlətin dayandırılması və müddətli həqiqi hərbi xidmətə göndərilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin və eyni zamanda üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adından nümayəndə qimsində iştirak edən nümayəndə X9 məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, iddiaçıya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə 35 yaşı tamam olanadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Masallı rayonu, Hacıtəpə kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, 17.01.1969-cu il təvəllüdlü Masallı rayonunda doğulmuş X11 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 14236149 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 13.08.1978-ci il təvəllüdlü Masallı rayonu, Hacıtəpə kəndində doğulmuş X6 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X11 və X6 09.02.2022-ci il tarixli ərizədə xx.xx.1998-ci il təvəllüdlü oğulları - İddiaçı həqiqi hərbi xidmətə qəbul edilməsini xahiş etmiş, onun Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməsinə razı olduqlarını, heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin 06.09.2021-ci il tarixli, 1119 nömrəli məktubunda bildirilmişdir ki, 1998-ci il təvəllüdlü İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin çağırış komissiyasının 27.05.2019-cu il tarixli qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin kserosurətləri sizin ünvana göndərilir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - Quliyev X8 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə ünvanladığı 06.01.2021-ci il tarixli ərizədə onun həqiqi hərbi xidmətə qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməsinə hazır olduğunu bildirmişdir. - X11 və X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə ünvanladıqları 06.01.2021-ci il tarixli ərizədə 19.01.1978-ci il təvəllüdlü oğulları - İddiaçı həqiqi hərbi xidmətə qəbul edilməsini xahiş etmiş, onun Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməsinə razı olduqlarını, heç bir etirazlarının olmadıqlarını bildirmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 09.01.2012-ci il tarixdə verilmiş 089863 nömrəli vəsiqəyə əsasən X11 birinci qrup ömürlük əlildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin 22.05.2019-cu il tarixli, **********6 nömrəli arayışında qeyd olunmuşdur ki, X11 İ qrup əlilliyə görə pensiyaçıdır. Pensiya müddəti ömürlük, 01.03.2019-cu ildən ayda 160 manat məbləğində pensiya alır. - AZ-İ № 747827 nömrəli, 07.05.2006-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1998-ci ildə Masallı rayonu, Hacıtəpə kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.05.2006-cı ildə 26 nömrəsi ilə qeyd edilmişdir. X7, anası X4r. - Çağırışçıların (hərbi qulluqçuların) ailə vəziyyətinin yoxlanılması haqqında 27.05.2019-cu il tarixli akta əsasən İddiaçı ailəsi aşağıdakı tərkibdən ibarətdir: X11 (17.01.1969-cu il təvəllüdlü) - atası, yaşayış ünvanı - 3-cü Alatava küçəsi, ev 253, sağlamlığı, əlillik qrupu - birinci qrup ömürlük əlillik, vəzifə maaşı (təqaüdü) - 160 manat, X6 (13.08.1978-ci il təvəllüdlü) - anası, sağlamlığı, əlillik qrupu - sağlam. Çağırışçının (hərbi qulluqçunun) ailə vəziyyətini yoxlayan komissiyanın rəyi və təklifləri: çağırışçının atası İ (birinci) qrup ömürlük əlildir. Çağırışçı ailənin tək övladıdır. Ailənin onun maddi və mənəvi köməyinə ehtiyacı var. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müvafiq maddəsinə uyğun çağırışçıya həqiqi hərbi xidmətdən möhlət verilməsi məqsədəuyğundur. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə ünvanlanmış 21.01.2021-ci il tarixli, 386 nömrəli məktubda bildirilmişdir ki, 1998-ci il təvəllüdlü çağırışçı İddiaçı ailə vəziyyətinə görə verilmiş möhlət hüququnun ləğv edilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsinə baxılması barədə məktubunuza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, 1998-ci il təvəllüdlü çağırışçı İddiaçı Nəsimi rayon çağırış komissiyasının 27.05.2019-cu il tarixli qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə 27.05.2019-cu il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Bildirilir ki, möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığına görə İddiaçı ailə vəziyyətinə görə möhlət verilməsinə əsas verən xüsusatlarda dəyişiklik baş verdiyi və qanunla müəyyən olunmuş qaydada möhlət hüququnu itirdiyi halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilər. Əlavə olaraq bildirilir ki, qəbul edilmiş qərardan narazı olan vətəndaşlar barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə ərazi üzrə məhkəmə orqanlarına müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı məktubda bildirilmişdir ki, müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə köməklik göstərilməsi barədə müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, sizə Nəsimi rayon çağırış komissiyasının 27.05.2019-cu il tarixli qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinizə görə 35 yaşınız tamam olanadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Bildirilir ki, möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığı üçün sizə ailə vəziyyətinizə görə möhlət verilməsinə əsas verən xüsusatlarda dəyişiklik baş verdiyi və qanunla müəyyən olunmuş qaydada möhlət hüququnuzu itirdiyiniz halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə qismən əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il təvəllüdlü olmaqla ailənin tək övladıdır. İddiaçının X7 17.01.1969-cu il təvəllüdlü olmaqla İ qrup ömürlük əlildir. İddiaçının anası X6 13.08.1978-ci il təvəllüdlü olmaqla birinci qrup əlilliyi olan şəxsə qulluğa görə ona ömürlük müavinət ödənilir. İddiaçıya Nəsimi rayon çağırış komissiyasının sonuncu dəfə 27.05.2019-cu il tarixli qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana) əsasən 35 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. İddiaçı ona verilmiş möhlətin ləğv edilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi ilə bağlı müraciət etmiş, cavabdeh könüllü şəkildə möhlət hüququndan imtina edilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmadığından müraciətin təminindən imtina edilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək ona verilmiş möhlətin dayandırılmasını və müddətli həqiqi hərbi xidmətə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Məhkəmə iddiaçının tələbi üzrə aşağıdakı normalar əsasında qiymətləndirmə aparır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə görə hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -19.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: 19.1.1. başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana; 19.1.2. 3 və daha çox uşaq; 19.1.3. İ dərəcə əlilliyi olan arvad; 19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); 19.1.5. 18 yaşınadək və yaxud İ dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda. -19.2-ci maddəsinə əsasən çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər. Qeyd: Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur. Göstərilən normalardan müəyyən olunur ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ əsaslarından biri onların ailə vəziyyətlərinə görə verilmiş möhlətdir. Möhlətin verilməsinə əsas olmuş hal aradan qalxdığı halda çağırışçı müddətli həqiqi hərbi xidmətə cəlb edilə bilər. Hazırkı halda işin mübahisə olunmayan halı iddiaçıya İ dərəcə əlilliyi olan atanın və ailənin tək övladı olması səbəbindən 35 yaşınadək müddətli hərbi xidmətdən möhlət hüququnun verilməsidir. İş üzrə qiymətləndirilməli olan məsələ iddiaçının ona qanunla verilmiş möhlət hüququndan imtinasının mümkün olub-olmamasıdır, dolayısı ilə möhlətin dayandırılması və ya ləğv edilməsi imkanı yolveriləndirmi. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İİ hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Həmin Qanunun 3.4-cü maddəsinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər. Göründüyü kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmə ilk növbədə kişi cinsindən olan Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən olunmuş bir vəzifədir. Qanunvericilikdə müəyyən olunuş hallarda bu vəzifədən azad edilmə imkanları nəzərdə tutulmuşdur. Hərbi xidmətdən azad edilmə imkanı qanunda möhlət hüququ kimi ifadə olunur ki, bunun da əsaslarından biri çağırışçının ailə vəziyyətinə görə verilmiş xidmətdən azad etmədir. Ailə vəziyyətinə görə hərbi xidmətdən azad edilmə çağırışçının himayəsində olan şəxslərə, onun maddi və mənəvi yardımına ehtiyacı olan ailə üzvlərinə görə qanunvericiliyin tanıdığı güzəştdir. Beləliklə, bu nəticəyə gəlmək olur ki, müddətli həqiqi hərbi xidmət vəzifədirsə, möhlət imkanı isə bu vəzifədən azad etmədir. Dolayısı ilə həqiqi hərbi xidmətdən möhlət qanunvericiliklə nəzərdə tutulmuş “hüquqdur”. Möhlət hüququndan imtinanın əsasları qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da eyni zamanda möhlət hüququndan imtinanın qadağan edilməsi barədə imperativ norma da yoxdur. Lakin möhlət hüququndan imtina edilmənin mümkünlüyünü qiymətləndirərkən məhkəmə hesab edir ki, nəzərə alınmalı olan hallar sırasında hərbi xidmətin üstünlüyü də qiymətləndirilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 25-ci maddəsinə görə hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9 (Əmək hüququ), 10 (Pul təminatı və maddi təminat hüququ), 12 (Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ), 13 (Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ), 15 (Pensiya təminatı hüququ), 16 (Hərbi rütbə verilmək hüququ, mükafatlandırmaq hüququ), 20 (Müavinətlər və başqa güzəştlər almaq hüququ), 21 (Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ) və s. kimi hüquqlar və güzəştlər nəzərdə tutulmuşdur. Hərbi xidmətin üstünlüyü təkcə hərbi xidmət keçmiş hərbi qulluqçuya hərbi qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlarla məhdudlaşmır. Şəxsin həqiqi hərbi xidmət keçməsi ona sahəvi qanunvericiliklərdə də nəzərdə tutulmuş üstünlüklərdən yararlanmağa da əsas verir, bəzi hallarda isə müvafiq imkan bilavasitə həqiqi hərbi xidmət keçmə ilə birbaşa şərtləndirilir. Məsələn, “Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 11-ci bəndinə görə daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.12-ci maddəsinə görə qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar, habelə, bir qayda olaraq, yaşı otuzu keçmiş şəxslər fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. Qeyd edilməlidir ki, sadalanan sahəvi qanunvericilik aktları qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanları və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənləri istisna da etməmişdir. Başqa sözlə, müəyyən qanunla verilmiş imkanlardan istifadə etmədə həqiqi hərbi xidmət keçmənin mütləq şərt olduğu hallar mövcuddur və möhlət hüququ qanuni əsaslarla verilmiş olsa belə bu imkanlardan şəxsi məhrum edə bilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmənin qənaətinə görə müddətli həqiqi hərbi xidmət keçmə vəzifədirsə, bu hərbi xidmətdən azad etmə - möhlət isə hüquqdur. Bu mənada hesab olunur ki, hərbi xidmət keçmək vəzifəsindən azad edilmə mümkün olduğu kimi, bu vəzifədən azad edən imkandan - möhlət hüququndan imtina da mümkün olmalıdır. Nəzərə alınsa ki, möhlət hüququ qanunla şəxsə verilmiş güzəştdir və hərbi xidmət keçmə özü qanunla şəxsə vəzifədən savayı həm də bir sıra üstünlüklər, imkanlar tanıyır, belə olan halda müəyyən mənada (ən azından ailə vəziyyəti ilə bağlı) möhlət hüququndan istifadə edib-etməmək şəxsin iradəsinə bağlı qalmalıdır. Qanunla səlahiyyətli orqan çağırışçıya möhlət hüququndan dolayı hərbi xidmətdən azad etməlidir, lakin bu zaman çağırışçının möhlət hüququndan istifadə edib-etməməsində seçim imkanı onun özündə qalmalıdır. Hazırkı iş üzrə iddiaçıya ailə vəziyyətinə görə - başqa övladı olmayan İ dərəcə əlilliyi olan atası olduğuna görə hərbi xidmətdən möhlət hüququ verilmişdir. İddiaçının atası İ qrup əlil olmaqla təqaüd alır, eyni zamanda çağırışçının anası tərəfindən sonuncuya qulluq edildiyinə görə qulluq üçün müavinət verilir. İddiaçının valideynləri yeganə övladlarının Azərbaycan Respublikasının istənilən bölgəsində həqiqi hərbi xidmət keçməyinə razılıqlarını notarial qaydada verdikləri ərizə ilə, eləcə də məhkəmə iclasında verdiyi izahatla da təsdiq etmişlər. Məhkəmə möhlət hüququ tanınmış iddiaçının tələbini, eləcə də onun həqiqi hərbi xidmətə göndərilməsi barədə valideynlərinin bilavasitə razılıqlarını, qanunla ən azından ailə vəziyyətinə görə möhlət hüququndan istifadə edilməmənin qadağan edilmədiyini, əksinə bu möhlət hüququnun şəxsin həqiqi hərbi xidmət keçmənin üstünlüklərindən yararlanmaqdan məhrum etdiyini, hüquqdan imtinanın yolverilənliyini, vətəni müdafiənin vətəndaşın borcu olduğunu və bu borcun yerinə yetirilməsində iddiaçının istəyini nəzərə alaraq hesab edir ki, iddiaçıya verilmiş möhlət dayandırılması mümkün və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin (bundan sonra - Silahlı Qüvvələr və digər silahlı birləşmələr) sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0-cı bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.34. vətəndaşların hərbi xidmətə çağırışdan möhlət almasını və azad edilməsini sənədləşdirmək. İddia tələbinin ikinci hissəsi - müddətli həqiqi hərbi xidmətə göndərilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: -15.1-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Göründüyü kimi müddətli həqiqi hərbi xidmətə çağırılma zamanı çağırışçının hərbi xidmət keçməsinin mümkünlüyü həm də onun sağlamlıq vəziyyəti baxımından dəyərləndirmə tələb edir. Hətta bununla bağlı qanun sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi imkanını da nəzərdə tutmuşdur (Qanunun 18.1.2 və 20-ci maddələri). Başqa sözlə, çağırışçının tibbi müayinədən keçirilməsi, onun sağlamlıq vəziyyətinin həqiqi hərbi xidmətə uyğunluğunun yoxlanılması mütləq şərtdir və qanun şəxsin sağlamlıq vəziyyətinin hərbi xidmət keçməyə əsas verib-verməməsini müəyyən etməyi rayon çağırış komissiyasının bilavasitə vəzifəsi kimi müəyyən etmişdir. Hazırkı iş üzə iddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə 2019-cu ildə yoxlanılmış və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Lakin iddiaçının möhlət verildiyi tarixdən hazırkı tarixədək keçən müddət ərzində tibbi müayinədən keçmədiyi və bu müddət ərzində insan orqanizminin sağlamlıq vəziyyətinin dəyişkən olduğu nəzərə alındıqda hesab edilir ki, ailə vəziyyətinə görə möhlətin dayandırılması halı iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmədən, hərbi xidmətə yararlılığı müəyyən edilmədən birbaşa onun həqiqi hərbi xidmətə göndərilməsinə əsas vermir. Bu halın yoxlanılması isə inzibati orqanın ailə vəziyyətinə görə möhlət məhdudiyyəti aradan qaldırıldıqdan sonra yeni inzibati icraat çərçivəsində yoxlaya biləcəyi və qiymətləndirə biləcəyi məsələdir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). İnzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Odur ki, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ailə vəziyyətinə görə verilmiş müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin dayandırılması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müddətli həqiqi hərbi xidmətə göndərilmə ilə bağlı müraciətinə baxılması öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı ailə vəziyyətinə görə verilmiş müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin dayandırılması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı müddətli həqiqi hərbi xidmətə göndərilmə ilə bağlı müraciətinə baxılması öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1823/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1823/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver