Məhkəmə qərarları › İş №2-1(112)-1824/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1824/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1824/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 1 saylı Ərazi X2rşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 1 saylı Ərazi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 3912,95 manat məbləğində ziyanın cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, özünüməşğulluq proqramına cəlb olunmağına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, onu qeydiyyata almışlar və kursa cəlb etmişlər. Lakin sonra onun əmək pensiyası aldığını əsas gətirərək kənarlaşdırmışlar. Halbuki o, 14.11.2014-cü ildən pensiya alması barədə cavabdehə məlumat vermişdir. Özünüməşğulluğa cəlb olunduğu üçün bankdan kredit götürmüş, tanışından borc almış, tövlə və anbar tikmiş, sonradan kənarlaşdırıldığı üçün çəkdiyi xərclərlə əlaqədar ona 3912,95 manat maddi ziyan dəymişdir. Həmin ziyan cavabdehin təqsirindən dəymişdir. Ona görə də ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı tərəfindən edilən özünüməşğulluq barədə müraciətlər üzrə hüquqi tənzimlənmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”na əsasən aparılır. “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qanuna əsasən işsiz şəxs dedikdə - işi və qazancı olmayan, işə başlamağa hazır olub, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Qanunun 5.12.4-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında" və ya “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. İddiaçı 11.03.2019-cu il tarixində Cavabdehnə müraciət etmiş və özünüməşğulluq layihəsinə cəlb olunmaq istədiyini bildirmişdir. Müvafiq mərkəzləşdirilmiş elektron məlumat bazasına əsasən, İddiaçı 14.11.2014-cü il tarixdən 195 manat 93 qəpik məbləğində yaşa görə pensiya təyin edildiyi müəyyən edilmişdir. Vətəndaş 11.03.2019-cu il tarixində işaxtaran kimi qeydiyyata alınsa da, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.12.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyata alına bilmədiyindən özünüməşğulluğa cəlb edilməsi mümkünsüz hesab edilmişdir. Belə ki, “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını əhatə etdiyindən vətəndaşın özünüməşğulluğa cəlb edilməsi mümkünsüz hesab edilmişdir. İddiaçı ona dəymiş 3912,95 manatın ona ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən ona ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 29.10.2021-ci il tarixli məkttubda qeyd edilir: Sizin Özünüməşğulluq proqramına cəlb olunmağınıza köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciətinizə Nazirliyin tabeliyində X3 1 saylı Ərazi Məşğulluq filialında baxılmışdır. Məlumat üçün bildiririk ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qanuna əsasən işsiz şəxs dedikdə - işi və qazancı olmayan, işə başlamağa hazır olub, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Qanunun 5.12.4-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. 5.11-ci maddəsinə əsasən aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.2. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda. 5.12-ci maddəsinə əsasən aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir: 5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər. 24.11-ci maddəsinə əsasən özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası»nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. 3.1-ci bəndinə əsasən özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində X5 (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı özünüməşğulluq layihəsinə cəlb olunmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun yaşa görə əmək pensiyası aldığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçı işsiz kimi qeydiyyata alına bilməmiş və onun özünüməşğulluğa cəlb edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır; 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 3912,95 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar